Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2351/2024 24.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 MMC nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 birgə qaydada K4572 saylı kredit müqaviləsinə əsasən 79250,62 manat əsas borc, 1876,78 manat faiz borcu, 21325,19 manat cərimə borcu olmaqla, cəmi 102452,59 manat məbləğində borcun, iddia ərzəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 393 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə GTC-453LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Eyni zamanda tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixdə GL4572 saylı kredit limiti imzalanmışdır, sonradan Kredit limiti çərçivəsində xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 200000 (iki yüz min) manat məbləğində dövryyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanılmış GL4572 saylı kredit Limiti üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z4407 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borc alan kredit üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri K4572 saylı kredit müqaviləsinə əsasən 79250,62 manat əsas borc, 1876,78 manat faiz borcu, 21325,19 manat cərimə borcu olmaqla, cəmi 102452,59 manat təşkil edir. İddiaçı iddia ərzəsinin məhkəməyə verilməsi üçün 393 manat məbləğində dövlət rüsumu ödəmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı tərəfindən kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində kredit müddəti bitdikdən sonra şamil olunan 29% cərimə faizinin hesablanması əsassızdır. Hazırki halda iddia tələbinin iddia ərizəsində qeyd olunan məbləğlərə uyğun olaraq qəbul etmir. Ekspert rəyinin nəzərə alınmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli, GTC- 453LE/2017 saylı ümumi şərtlər toplusunun, xx.xx.2021-ci il tarixli, GL4572 saylı kredit limitinin və xx.xx.2021-ci il tarixli K4572 saylı maliyyələşdirmə üçün ərizənin şərtlərinə əsasən cavabdehlərə xx.xx.2022-ci il tarixədək 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə müddətin qurtarmasına 1 il 3 ay (xx.xx.2024-cü il tarixdə) keçdikdən sonra məhkəmə iddia ilə müraciət edilmişdir. 2023-cü il mart ayında AR Mülki Məcəlləsində edilmiş dəyişikliklərə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Qanunvericilikdə edilmiş həmin dəyişiklik onun vəziyyətini yüngülləşdirən hal olduğu üçün AR Konstitusiyasının 71-ci maddəsinin Vlll bəndinə və 149-cu maddəsinin Vll bəndinə, eləcə də AR Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən geriyə tətbiq olunmalı, münasibətlərə 1 illik iddia müddəti tətbiq edilməlidir. Bu səbəbdən hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmədən iddiaçı "xxxx" ASCnin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 qarşı pul tələbi barədə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh1 MMC tərəfindən xx.xx.2017-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun GTC-453LE/2017 saylı razılaşmanın 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 02 iyun 2021-ci il tarixli GL4572 saylı Kredit Limiti Müqaviləsinin 1.1-1.5-ci bəndlərinə əsasən Kredit verən Kredit alana 10.000000 manat məbləğində illik 25 % faiz dərəcəsi ilə xx.xx.2031-ci il müddətinədək kredit limiti ayırmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Kredit alanla Kredit verənin uzunmüddətli əməkdaşlıq niyyətindən irəli gələrək, ümumi öhdəlik limitinin müəyyən edilməsi məqsədi ilə həmin limit üzrə ümumi şərtləri müəyyən etmişdir. Kredit verən bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər (müxtəlif maliyələşdirmə məhsulları: faktoring və əks faktorinq, overdraft, kredit xətti, birdəfəlik kredit, ticarətin maliyyələşdirilməsi (qarantiya, akkreditiv və s.) və s. öhdəliklər) üçün (bundan sonra ümumilikdə “Kredit”adlandırılacaq) Kredit alana 1.1 və 1.2. bəndlərində göstərilən məbləğ və valyutada göstərilən məbləğdə bərpa olunan kredit limiti ayırır. Müqavilənin 3.1.1-ci bəndin əsasən “Kredit alan” bu müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə zaminlik/girov/ipoteka müqavilələrinin bağlanması və zəruri olduqda onların müvafiq dövlət orqanında dövlət qeydiyyatına alınmasını təmin etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən Kredit alandan daxil olan pul vəsaiti ilkin olaraq xərclər, cərimə (penya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinə silinir. Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilə 1.2-ci bəndində göstərilən müddət və ya tərəflər müqavilə üzrə bütün öhdəlik tam icra edilənədək qüvvədədir. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 200000 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 14%, kredit müddəti bitdikdən sonra illik/gündəlik cərimə faiz dərəcəsi 29%, kreditin müddəti xx.xx.2022-ci il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z4407 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə müqavilənin 2.3. bəndinə göstərilən şəxs arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşsında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən 02 iyun 2021-ci il tarixli GL4572 saylı Kredit Limiti Müqaviləsində nəzərdə tutulmuş öhdəliklər zaminliklə təmin olunmuşdur. Müqavilənin 2.3cü bəndinə əsasən Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Kredit Xətti (Maksimal borclanma limiti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən Kredit Xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir. İddiaçı ASC-nin xx.xx.2023-ci il tarixli, PB-OUT-06535-2023 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən görünür ki, Cavabdeh1 MMC ilə imzalanmış xx.xx.2017-ci il tarixli GTC-453LE/2017 saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi Şərtlər Toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə ərizəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi 501 gün gecikmə yarandığı qeyd olunmuşdur və öhdəliyin icrası tələb olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli PB/PBL-OUT-00061-2024 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri K4572 saylı kredit müqaviləsinə əsasən 79250,62 manat əsas borc, 1876,78 manat faiz borcu, 21325,19 manat cərimə borcu olmaqla, cəmi 102452,59 manat və gecikdirilmiş günlərin sayı 501 gün qeyd olunmuşdur. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/4595 saylı rəyi ekspert rəyi ilə Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi) əsas borcu 77078,63 manat və faiz borcu 1438,80 manat, xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) olan əsas borcu 77078,63 manat və faiz borcu 10880,93 manat müəyyən edilmişdir. Bundan başqa qeyd edilir ki, iddia ərizəsində göstərilən xx.xx.2023-cü il (maliyyə arayışında göstərilən) tarixə cavabdehin faiz borcu (1876,78) ilə hazırkı tədqiqatla gəlinmiş nəticə üzrə faiz borcunun (10880,93) arasındakı fərqin iddiaçı bank tərəfindən hansısa tarixdə faiz üzrə borcun hesablanmasının dayandırılması və ya kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanması ola bilər. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 393 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739-cu maddəsinə əsasən (xx.xx.2023-cü il tarixdək olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 745.4-cu maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. xx.xx.2023-cü il tarixdə dərc edilmiş “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanununa əsasən Mülki Məcəllənin borc müqaviləsi adalanan 37-ci fəsli yeni redaksiyada verilmiş və həmin Qanunun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minməsi qeyd edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 02 iyun 2021-ci il tarixli GL4572 saylı Kredit Limiti Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 10.000000 manat məbləğində illik 25 % faiz dərəcəsi ilə xx.xx.2031-ci il müddətinədək kredit limiti ayrılmış, xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 14% olmaqla 200000 manat, kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z4407 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməklə, Mülki Məcəllədə edilmiş dəyişikliklərə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddətinin bir il olduğunu, bu səbəbdən iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsində qeyd olunanlara münasibətdə qeyd edir ki, hazırki tələblə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Belə ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 745.4-cü maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanununun qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixdən sonra yaranmış olan müqavilə münasibətlərinə şamil olunur. İddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri isə 02 iyun 2021-ci il tarixində yaranmışdır. Buna görə də tərəflər arasında müqavilə münasibətləri yaranarkən həmin norma qüvvədə olmadığından MPM-in 217.2-ci maddəsinə əsasən həmin normaya istinadən qətnamə çıxarıla bilməz. İşin hallarına məcmu şəkildə hüquqi qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasındakı müqaviləyə əsasən borc tələbi əsaslıdır. Bununla belə xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixə hesablanmış 79250,62 manat əsas borc, 1876,78 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc 77078,63 manat, faiz borcu isə 1438,80 manat hesablanmışdır. Məhkəmə ekspert rəyinində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək hesab edir ki, əsas borcun məbləği ekspert rəyini uyğun olaraq 77078,63 manat müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, ekspert rəyinə əsasən faiz borcu kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixinə hesablanmış 1438,80 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı eyni zamanda cavabdehlərdən xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizə üzrə 21325,19 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində və eyni zamanda zaminlik müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2021-ci il tarixli, K4572 saylı maliyyələşdirmə üçün ərizə 3853 manat müəyyən edilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 393 manat dövlət rüsumunun 337,11 manatının əvəzi iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 80 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 20 manat məbləğində hissəsi isə iddiaçı "xxxx" ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada K4572 saylı kredit müqaviləsinə əsasən 77078,63 manat əsas borc, 1438,80 manat faiz borcu, 3854 manat cərimə borcu olmaqla cəmi 82371 (səksən iki min üç yüz yetmiş bir) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 337 (üç yüz otuz yeddi) manat 11 (on bir) qəpiyinin əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 80 (səksən) manat məbləğində hissəsi Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada, 20 (iyirmi) manat məbləğində hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2351/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2351/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver