Məhkəmə qərarları › İş №e-2-2(113)-2359/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2359/2022

02.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2359/2022 02.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı (MMC) “Azərbaycan Müəllifləri” İctimai Birliyinə (İB) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 66664 manat məbləğində pul vəsaitinin “Azərbaycan Müəllifləri” İB-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Azərbaycan Müəllifləri” İB ilə İddiaçı MMC arasında 06 yanvar 2011-ci il tarixdə “Açıqlanmış əsərlərin sənaye üsulu ilə elektron və ya mexaniki yazılma şəklində xüsusi daşıyıcılara (mobil telefonlara) köçürülməsinə görə musiqili əsər müəlliflərinə və ya digər hüquq sahiblərinə qonorar ödənilməsi (qeyrimüsətsna hüquqların verilməsi) haqqında” Lisenziya Müqaviləsi imzalanmışdır. Həmin müqavilənin qüvvəyə mindiyi tarixdən hazırkı tarixədək iddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə icra edilərək müvafiq qonorar məbləğləri cavabdehin hesabına köçürülmüşdür. Lakin müğənni və ifaçılara müəllif qonorarının ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ünvanlanmış 12 oktyabr 2021-ci il tarixli məktuba verilmiş 26 noyabr 2021-ci il tarixli, PHŞ/2-2-2021-547 nömrəli cavab məktubu ilə cavabdehin Əqli Mülkiyyət Agentliyində akkreditasiyadan keçmədiyi bildirilmişdir. Həmin tarixdə məlum olmuşdur ki, cavabdeh qeyd edilən ödənişləri əsassız və qanunsuz olaraq əldə etmiş, nəticədə iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. Belə ki, hazırda müəlliflərə ödənilməli olan vəsaitlər cavabdehin qanunsuz olaraq sərəncamında olduğundan həmin vəsaitlərin aidiyyəti üzrə ödənilməsini təmin edə bilmirik. Belə ki, “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 11bis (2) və 13(1) maddələri “məcburi lisenziya”ların tətbiq olunması haqqında hüquqi bazanın yaradılmasına, yəni müəllifin icazəsi olmadan, lakin qonorar ödəməklə əsərin istifadəsinin həyata keçirilməsinə imkan yaratmışdır. Həmin məcburi addım cəmiyyətin mədəni dəyərlərə yiyələnməsi maraqlarını təmin etmək məqsədi ilə dövlət tərəfindən atılır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda kollektiv idarəetmənin cəmiyyətlər (təşkilatlar) səviyyəsində aparılması mümkün hesab edilir (41-ci maddə). Qanunvericiliyin tələblərinə uyğun olaraq bu təşkilatlar müvafiq qaydada yaradılandan sonra Əqli Mülkiyyət Agentliyində yeni sahə subyekti kimi qeydiyyata alınmalı və onların fəaliyyətinə nəzarət edilməlidir. Qeyd edilən nəzarət forması isə müvafiq olaraq akkreditasiyanın keçirilməsi yolu ilə icra edilir. Dolayı yolla akkreditasiyadan keçməmiş subyektlərin qeyd edilən idarəetməni həyata keçirməsi qanunsuzdur və cavabdeh tərəfindən əvvəlcədən məlum olduğu halda, bilə-bilə qəsdən qeyri-qanuni ödənişlər alınmışdır. Nəticədə, son 3 ildə cavabdehə 66664 manat məbləğində vəsait nağdsız qaydada köçürmə yolu ilə ödənilmişdir. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən ictimai birliklər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na əsasən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçməlidirlər. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, müəllif haqlarının ödənilməməsi ilə bağlı təmsil etdiyi hüquqi şəxsə şikayətlər daxil olduqdan sonra Əqli Mülkiyyət Agentliyinə müraciət edilmiş və məlum olmuşdur ki, “Azərbaycan Müəllifləri” İB akreditasiyadan keçməmişdir və iddiaçıdan aldığı ödənişlər qeyri – qanunidir. Buna görə də Əqli Mülkiyyət Agentliyinin məktubuna əsasən 2022-ci ildən agentlikdə qeydiyyatdan keçmiş “Müəllif hüquqları uğrunda” İB ilə yeni müqavilə bağlanmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti müstəsna hüquqları istifadəçiyə vermək olmuşdur. Müəlliflərə ödənilən hər ödənişə dair bəyannamələr mövcuddur. Hər ay üçün qarşılıqlı hesablaşma aktı imzalanmış, həmin dövrlərdə İddiaçı MMC buna etiraz etməmiişdir. Akreditasiya olmuş, daha sonra müddəti bitmişdir, lakin “Azərbaycan Müəllifləri” İB-nin beynəlxalq mandatı olduğu üçün akreditasiyadan yenidən keçməyə ehtiyac olmamışdır. “Azərbaycan Müəllifləri” İB-nə ödənilən bütün vəsaitlər müəlliflərə köçürülmüşdür. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 15 iyul 2022-ci il tarixli məktubda qeyd etmişdir ki, agentlik müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda edən təşkilatların fəaliyyətinin daha yaxşı qurulması və onların səmərəli işləməsi üçün öz səlahiyyətləri çərçivəsində həmişə belə təşkilatların fəaliyyətinə dəstək vermiş, qarşılaşdıqları problemlərin həllinə köməklik göstərmişdir. Çünki bu təşkilatların fəaliyyətinin əsas məqsədi müəlliflər üçün qonorar yığılmasından ibarətdir. Bununla əlaqədar ölkədə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi sahəsində fəaliyyət göstərən ictimai birliklərin, o cümlədən “Azərbaycan Müəllifləri” İB-nin fəaliyyətinin daha yaxşı qurulması və işinin səmərəsinin artırılması üçün onlara həmişə müvafiq köməklik göstərilmişdir. Xüsusən istifadəçi təşkilatlara əsərlərdən istifadə ilə bağlı birliklə lisenziya müqaviləsi bağlamaq barədə çoxsaylı xəbərdarlıq məktubları göndərilmiş, həmin birliyin rəhbərliyi ilə vaxtaşırı görüşlər keçirilmiş, qaldırdığı problemlər müzakirə edilmiş və həllində Agentliyin səlahiyyətləri çərçivəsində köməklik göstərilmiş, keçirdiyi tədbirlərin təşkilində birliyə dəstək verilmişdir. Göstərilən dəstəyə baxmayaraq, son illər birlik öz fəaliyyətində qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, Qeyri-hökumət təşkilatının gəlirinin məbləği və strukturu, habelə onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri” sayılmır. Deməli, kollektiv idarəetmə təşkilatlarının, o cümlədən birliyin fəaliyyəti, xüsusən onun fəaliyyətinin əsas istiqaməti olan qonorarların yığılması və hüquq sahiblərinə çatdırılması ilə bağlı məsələlər həmin birliyin üzvləri və cəmiyyət üçün şəffaf olmalıdır. Bununla yanaşı, ‘Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumuna aşağıdakı məlumatları təqdim etməlidir: nizamnamədə dəyişikliklərə, qonorarın məbləğinə və ayırmalara dair qərarlar haqqında; təşkilatın eyni sahədə fəaliyyət göstərən xarici təşkilatlar da daxil olmaqla, bağladığı müqavilələr haqqında; illik balans, illik hesabat və fəaliyyətinin audit yoxlanması haqqında; bu təşkilatları təmsil etmək səlahiyyəti verilmiş şəxslər haqqında; təşkilatın fəaliyyətinin bu Qanuna, başqa qanunvericilik aktlarına, həmçinin nizamnaməsinə uyğunluğunu yoxlamaq uçün vacib olan digər sənədlər. 3-cü bənddə qeyd olunan tələblər birlik tərəfindən yerinə yetirilməmiş, onun fəaliyyətində ilk növbədə şəffaflıq prinsipinə əməl edilməmişdir. Xüsusən birlik son illər əsərlərdən istifadəyə görə yığılmış qonorarın məbləği və həmin qonorar məbləğindən ayırmalar, həmçinin hüquq sahiblərinə, o cümlədən xarici ölkələrin hüquq sahiblərinə çatdırılmış qonorar məbləğləri barədə məlumatları Agentliyə təqdim etməmişdir. Eyni zamanda Agentliyin dəstəyi və köməyi ilə Birinci Avropa oyunlarının Təşkilat Komitəsi və İctimai Birlik arasında bağlanmış müqavilə əsasında İctimai Birliyə köçürülmüş 80 min manat qonorarın müəlliflərə və digər hüquq sahiblərinə çatdırılması barədə də Agentliyə məlumat verilməmişdir. Bu barədə Birliyin rəsmi saytında da yerləşdirilməmişdir. Bu da həmin təşkilatın şəffaf işləmədiyini bır daha təsdiq edir. Birlik əvvəllər “X1 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi adı altında fəaliyyət göstərmişdir. Qanunun 40-cı maddəsinin həmin vaxt qüvvədə olan üçüncü hissəsinin tələbinə əsasən 2004-cü il 12 oktyabr tarixdən Müəllif Hüquqları Agentliyində uçota (qeydiyyata) alınmışdır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1134-VQD nömrəli Qanunu ilə həmin Qanunun 40-cı maddənin üçüncü və dördüncü hissələri ləğv edilmişdir. Bu səbəbdən də Birliyin fəaliyyət dairəsi yalnız X1 əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi üzrə müəyyənləşdirilmişdir. 30 dekabr 2008-ci il tarixdə birliyin Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən, “X1 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyinin adı dəyişdirilərək “Azərbaycan Müəllifləri” İctimai Birliyi adlandırılmış və onun əsas məqsədi kimi “müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsi” göstərilmişdir. Nizamnaməyə edilmiş dəyişiklikdən sonra “Azərbaycan Müəllifləri” İctimai Birliyi yeni adla Agentliyə müraciət etməli, fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı Agentlikdən icazə almalı idi. Lakin Birlik fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı Agentliyə məlumat verməmiş və Agentlikdə qeydiyyata (akkreditasiyaya) alınmadan fəaliyyətini davam etdirmişdir ki, bu da mövcud qanunvericiliyə ziddir. Bununla yanaşı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na əsasən, qeydiyyatın (akkreditasiyanın) məqsədi təşkilata onun nizamnaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyalar çərçivəsində müvafiq dairədə fəaliyyət səlahiyyətlərinin verilməsindən ibarətdir. Qeydiyyatdan (akkreditasiyadan) keçməmiş fəaliyyət göstərmək isə qanunvericiliyin tələblərinin pozulması deməkdir. Beləliklə, göstərilən Qaydaların müddəalarına uyğun olaraq birlik qeydiyyatdan (akkreditasiyadan) keçməli idi. Üstəlik, Qanunun 41-ci maddəsinin 3-cü hissəsinin normasına görə dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçilməsi məcburidir. Akkreditasiyadan keçmiş təşkilata verilən qeydiyyat haqqında şəhadətnamədə onun konkret fəaliyyət sahəsi (seqmenti) göstərilir və bununla həmin təşkilata konkret sahə(lər)də (məsələn, kütləvi ifa. surətçıxarma və s.) fəaliyyət səlahiyyətləri verilir. Qaydaların 1.5-ci bəndinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Agentlik tərəfindən 5 il müddətinə akkreditasiya olunur. Həmin Qaydaların 6.1-ci bəndi ilə müəyyən edilmiş normanın tələbinə uyğun olaraq, "Akkreditasiya müddəti uzadılmadıqda və ya təşkilat ləğv edildikdə, onun akkreditasıyası bitmiş hesab olunur”. Agentliyin çoxsaylı yazılı və şifahi müraciətlərinə baxmayaraq, birlik akkreditasiyadan keçməsi ilə bağlı müvafiq sənədləri bu günə qədər agentliyə təqdim etməmiş və Qanunla müəyyən edilmiş qaydada akkreditasiyadan keçməmişdir. Birliyin fəaliyyətində olan çatışmazlıqların aradan qaldırılması barədə dəfələrlə yazılı və şifahi formada onun rəhbərliyinə xəbərdarlıq edilmiş, hətta keçirilən rəsmi tədbirlərdə birliyin fəaliyyətində şəffaflıq prinsipinə əməl edilməməsi və yol verdikləri digər nöqsanlar onların nəzərinə çatdırılmış və həmin nöqsanların aradan qaldırılması tələb edilmişdir. Bununla yanaşı, Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətləri Konfederasiyasının (CİSAC) rəhbərliyi ilə Agentliyin rəhbərinin görüşü zamanı birliyin fəaliyyətində olan nöqsanlar barədə məlumat verilmişdir. Lakin birlik deyilənlərdən nəticə çıxarmamış və qanunsuz fəaliyyətini davam etdirmişdir. Hətta ayrıayrı müəlliflərin Birlik tərəfindən onlar üçün yığılmış qonorar barədə məlumat verilməsi ilə bağlı Agentliyə müraciətləri əsasında birliyə göndərdiyimiz sorğular da cavablandırılmamışdır. Son illərdə yoxlamalar dayandırıldığına görə, birlik faktiki olaraq Qanunun tələblərinə, o cümədən qeydiyyatdan (akkreditasiyadan) keçmədən nəzarətsiz fəaliyyət göstərmişdir. Nəticədə bu gün birlik tərəfindən yığılan qonorarın, o cümlədən müəlliflərə və digər hüquq sahiblərinə çatdırılmış qonorarın məbləği və qonorardan ayırmalara dair, həmçinin yığılmış qonorarın mənimsənilib-mənimsənilməməsi barədə Agentlikdə dəqiq məlumat yoxdur. Kollektiv idarəetmə təşkilatlarının fəaliyyəti ilə bağlı, xüsusən də gələcəkdə bu cür vəziyyətlərdə daha operativ və təsirli qərarların qəbul edilməsi məqsədi ilə Agentliyin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsində kollektiv İdarəetmə təşkilatlarının fəaliyyətinə münasibətdə bir sıra müddəalar nəzərdə tutulmuşdur. O cümlədən, Nizamnamənin 3.1 28-ci və 3.1 32-ci yarımbəndlərinə əsasən, Agentliyin əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatları qeydiyyatdan (akkreditasiyadan) keçirmək, onların fəaliyyətinə nəzarət etmək, həmçinin qanunla müəyyən edilmiş hallarda əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını (akkreditasiyasını) ləğv etmək funksiyaları vardır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 15 iyul 2022-ci il tarixli məktubda qeyd olunan xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, mübahisə “Müəllif hüquqları və əlaqələri hüquqlar haqqında qanun” və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Uçot və akkreditasiya tamamilə ayrı anlayışlardır. Cavabdeh yalnız akkreditasiyadan keçmiş kollektiv idarəetmə təşkilatı kimi fəaliyyət göstərməli olduğu halda Əqli Mülkiyyət Agentliyində sadəcə uçota alınmışdır. Cavabdeh tərəfindən akreditasiya ilə bağlı agentliyə heç bir müraciət edilməmişdir. Birliyin fəaliyyəti açıq olmalı idi, lakin onlara daxil olmuş qonorar məbləği barədə hesabat verilməmişdir. Akkredtiyasiyadan keçmə tələbinin məcburi olmasına dair qərar 2018-ci ildə qüvvəyə minmişdir. Cavabdehin CİSAC-da üzvlüyü olsa da, daha sonradan statusları aşağı salınmışdır. İş materiallarında olan: - “Açıqlanmış əsərlərin sənaye üsulu ilə elektron və ya mexaniki yazılma şəklində xüsusi daşıyıcılara (mobil telefonlara) köçürülməsinə görə musiqili əsər müəlliflərinə və ya digər hüquq sahiblərinə qonorar ödənilməsi (qeyri-müsətsna hüquqların verilməsi) haqqında” 06 yanvar 2011-ci il tarixli Lisenziya müqaviləsinə əsasən “Azərbaycan Müəllifləri” İB müəllif əsərlərinin əmlak hüquqlarının idarəçiliyi təşkilatı kimi həmin müqavilənin 3.1-ci bəndində göstərilmiş qeyri-müstəsna hüquqları müəyyən edilmiş müddətdə və ərazidə İddiaçı MMC-yə verməyi, sonuncu isə razılaşdırılmış qaydada və miqdarda qonorar ödəməyi öhdəsinə götürmüşdür. - “Azərbaycan Müəllifləri” İB-nin İddiaçı MMC-nin pretenziya məktubuna 06 yanvar 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2018-2021-ci illər ərzində İddiaçı MMC tərəfindən birliyə 66664 manat məbləğində vəsait ödənilmiş, həmin qonorarın 49995,78 manat məbləğində hissəsi müəlliflərə ödənilmiş, qalan 16665,26 manat məbləğində hissəsi isə ödəniləcəkdir. İddiaçı MMC iddianın faktiki əsası kimi “Azərbaycan Müəllifləri” İB-nin Əqli Mülkiyyət Agentliyində akkreditasiyadan keçmədiyinə görə onun tərəfindən aparılmış ödənişləri əsassız və qanunsuz olaraq əldə etməsinə, hüquqi əsası kimi Azərbaycan Respublikas Mülki Məcəlləsinin 16.1, 1091.2 və 1092.1-ci maddələrinə, həmçinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununa istinad etmişdir. Tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması, 06 yanvar 2011-ci il tarixli Lisenziya müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən “Azərbaycan Müəllifləri” İBnə 2018-2021-ci illər ərzində 66664 manat məbləğində pul vəsaitinin ödənilməsi işin faktiki halları ilə təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Azərbaycan Respublikas Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilikdə əsassız varlanmaya verilən anlayışdan da görünür ki, ilkin şərt olaraq qanuni əsas və müqavilə əsasının mövcud olmaması qeyd edilir. Lakin hazırkı mübahisə üzrə İddiaçı MMC tərəfindən “Azərbaycan Müəllifləri” İB-nə 2018-2021-ci illər ərzində 66664 manat məbləğində pul vəsaiti tərəflər arasında bağlanmış “Açıqlanmış əsərlərin sənaye üsulu ilə elektron və ya mexaniki yazılma şəklində xüsusi daşıyıcılara (mobil telefonlara) köçürülməsinə görə musiqili əsər müəlliflərinə və ya digər hüquq sahiblərinə qonorar ödənilməsi (qeyri-müsətsna hüquqların verilməsi) haqqında” 06 yanvar 2011-ci il tarixli Lisenziya müqaviləsinə əsasən ödənilmişdir. Əsassız varlanmanın qanunvericilikdə nəzərdə tutulan digər şərti isə “başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmə”də ifadə olunmasıdır. Lakin işin hallarından görünür ki, bu şərt də mövcud deyildir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş hesabat və vergi bəyannamələri ilə həmin vəsaitin bir hissəsinin müəlliflərə və ya onların vərəsələrinə ödənilməsi təsdiqini tapır. Hətta həmin vəsait müəlliflərə ödənilmədiyi təqdirdə belə, bu xüsusatı mübahisələndirmək, yəni, subyektiv hüquq iddiaçıya deyil, müəlliflərə və ya onların vərəsələrinə məxsusdur. Göründüyü kimi iddianın predmeti olan pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün əsas tərəflər arasında bağlanmış 06 yanvar 2011-ci il tarixli Lisenziya müqaviləsi olmuşdur, yəni, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsası əqdlə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan normanın məzmunundan da belə nəticəyə gəlinir ki, müqavilə münasibətləri olduğu təqdirdə əsassız varlanma mövcud ola bilməz. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İşin hallarından görünür ki, tərəflər mülki qanunvericiliyin prinsip və tələblərinə uyğun olaraq müqavilə bağlamış və bu müqavilə əsasında hüquq və vəzifələrinin həyata keçirmişlər. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən İddiaçı MMC verilən qeyri-müsətsna lisenziyaya (icazəyə) və əsərlərin istifadəsi üçün müəyyən etdiyi tariflərə uyğun olaraq abonentlərə verilən rinqton, rinqbəkton və digər köçürmə üsullarından əldə etdiyi məbləğdən 10% qonorar ödəyir. Həmçinin müqavilənin 7.1 və 7.2-ci bəndlərinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. Tərəflərdən biri müqavilənin qüvvədə olma müddətinin bitməsinə 30 gün qalana qədər onun pozulması və ya dəyişdirilməsi (səbəblər göstərilməklə) haqqında digərinə yazılı şəkildə müraciət etməzsə, müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq hər növbəti il üçün uzadılır. Müqavilənin məzmunundan və işin hallarından görünür ki, 2018-2021-ci illər ərzində ödənilmiş 66664 manat məbləğində pul vəsaiti müəlliflər əsərlərindən istifadə nəticəsində əldə olunmuş gəlirin 10%-ni təşkil edir. Yəni, İddiaçı MMC əldə etdiyi gəlirin 10%-ni müqavilə şərtlərinə uyğun olaraq “Azərbaycan Müəllifləri” İB-nə ödəmişdir. Həmçinin, müqavilənin bağlandığı 06 yanvar 2011-ci il tarixdən sonra tərəflərdən biri müqavilənin qüvvədə olma müddətinin bitməsinə 30 gün qalana qədər onun pozulması və ya dəyişdirilməsi haqqında digərinə yazılı şəkildə müraciət etməsi halı mövcud olmadığına görə tərəflərin hüquq və vəzifələri dəyişdirilmədən qalmışdır. Yəni, İddiaçı MMC-nin müqavilənin 7.2-ci bəndinə əsasən “Azərbaycan Müəllifləri” İB akreditasiyadan keçmədiyi və akreditasiadan keçmiş digər hüquqi şəxslə müqavilə bağladığını əsas gətirib müqavilənin pozulması ilə bağlı qarşı tərəfə müraciət etmək hüququ da olmuşdur. Tələbin digər hüquqi əsası kimi istinad edilən “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 11bis (2) (İttifaq ölkələrinin qanunvericiliyi əvvəlki bəndlə nəzərdə tutulan hüquqların həyata keçirilməsi şərtlərini müəyyənləşdirə bilər; bununla birlikdə, bu şərtlərin təsiri yalnız onu müəyyən etmiş dövlətin öz ərazisi ilə məhdudlaşdırılır. Bu şərtlər heç bir halda müəllifin nə qeyri-əmlak hüquqlarını, nə də müqavilə olmadığı halda səlahiyyətli orqan tərəfindən müəyyənləşdirilən müəllifin qanuni haqq almaq hüququnu məhdudlaşdıra bilməz) və 13(1) maddələri (İttifaq ölkələrinin hər biri musiqili əsərin müəllifinə və mətnin musiqi ilə birlikdə yazılmasına artıq icazə vermiş mətn müəllifinə verilən müstəsna hüquqa münasibətdə musiqili əsərin həmin mətnlə birlikdə (əgər varsa) səsli yazılmasına icazə verməklə bağlı qeyd-şərtlər müəyyənləşdirə bilər; bununla birlikdə, bu cür bütün qeyd-şərtlər yalnız onu əvvəlcədən müəyyən edən ölkələrdə tətbiq oluna bilər və heç bir halda həmin müəlliflərin müqavilə olmadıqda səlahiyyətli orqan tərəfindən müəyyənləşdirilən qanuni haqq almaq hüququnu məhdudlaşdıra bilməz.) hazırkı iddianın təmin olunması üçün əsas hesab oluna bilməz. Belə ki, həmin maddələr müəlliflərin qanuna haqq almaq hüququnun məhdudlaşdırılmasının qadağan edilməsini nəzərdə tutur. Yuxarıda qeyd olunduğu kimi əgər müəlliflərin qanuni haqq almaq hüququnun məhdudlaşdırılıbsa, bu barədə iddia qaldırmaq üçün subyektiv hüquq müəllifə və ya onun vərəsələrinə məxsusdur. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, 2018-2021-ci illər ərzində İddiaçı MMC tərəfindən “Azərbaycan Müəllifləri” İB-nə ödənilmiş 66664 manat məbləğində pul vəsaiti tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən ödənildiyinə və müqavilə üzrə cavabdehin üzərinə düşən hər hansı öhdəliyi yerinə yetirməməsi halı mövcud olmadığına görə həmin pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi üçün heç bir əsas mövcud deyildir və buna görə də iddia rədd olunmalı, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar