Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2360/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun əsaslılığı ilə bağlı sübutetmə vəzifəsi, reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, öhdəlikdən kənar icra və əsassız varlanma) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ödənilmiş 3244,12 manat məbləğində pulun geri qaytarılması və ödənilmiş 52,45 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı bir qayda olaraq mülki dövriyyədə kənd təsərrüfatı məhsullarının istehsalı, satışı üzrə fəaliyyət göstərir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə AMX-5351/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı hər ay istifadə etdiyi qazın həcminə görə ödənişləri vaxtlı-vaxtında cavabdehə ödəmişdir. 2.2. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçının elektron məhkəmə sistemindəki şəxsi kabinetinə 5453,49 manat borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərmişdir. İddiaçının nümayəndəsi cavabdehlə əlaqə saxlayaraq 5453,49 manat borcun 3244,12 manat hissəsinin necə yarandığını soruşmuş, cavabdeh isə bunun müqabilində iddiaçıya məxsus “G-160” markalı 75116755 saylı sənaye tipli qaz sayğacında xx.xx.2023-cü il tarixdə yoxlama apardıqlarını və yoxlama nəticəsində 14746 kub metr uçota alınmayan qaz həcminin müəyyən edildiyini və 3244,12 manat borcun da uçota alınmayan qazdan istifadə nəticəsində yarandığını bildirmişdir. İddiaçı uçota alınmayan qazdan istifadəni təsdiq edən sənədi cavabdehdən tələb etsə də, sonuncu bununla bağlı təsdiqedici sənədi iddiaçıya təqdim etməmişdir. 2.3. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixdə sənaye tipli qaz sayğaclarında uçota alınmayan qaz həcminin hesablanması haqqında sənədi iddiaçının əməkdaşına təqdim etmişdir. Həmin sənəddə iddiaçıya məxsus “G-160” markalı 75116755 saylı sənaye tipli qaz sayğacında 14746 kub metr uçota alınmayan qaz həcminin müəyyən edildiyi göstərilsə də, bunu təsdiq edən sənəd qeyd olunmamışdır. Qanunvericiliyə əsasən cavabdehin Metrologiya Departamenti tərəfindən sayğacların müayinəsi zamanı istehlakçının nümayəndəsinin iştirakı ilə 2 nüsxədə müayinə aktı tərtib etməli və aktın bir nüsxəsi də istehlakçının nümayəndəsinə verilməlidir. Lakin ortada heç bir müayinə aktı mövcud deyildir. Əgər müayinə aktı mövcuddursa, müayinə aktının tərtib olunmasında istehlakçının nümayəndəsinin iştirakı niyə təmin edilməmişdir? Həmçinin laboratoriyanın cavabdehə məxsus olması, sayğacların həmin laboratoriyada yoxlanılması və müayinə aktının cavabdeh tərəfindən tərtib olunması aktdakı rəyin qərəzli olma ehtimalını daha da gücləndirir. Belə olan halda müayinənin kənar laboratoriyalarda aparılması məqsədəuyğun hesab edilir. 2.4. Daha sonra cavabdeh iddiaçıya qazın verilməsini dayandırmışdır. İddiaçı cavabdehlə əlaqə saxlayaraq 5453,49 manat borcun 2209,37 manat hissəsini ödəyəcəyini və geri qalan 3244,12 manat hissəni qəbul etmədiyi üçün ödəməyəcəyini bildirmişdir. Cavabdeh isə borcun tam ödənilmədiyi təqdirdə iddiaçıya qazın verilməsinin bərpa edilməyəcəyini bildirmişdir. Qazın verilməsinin dayandırılması müəssisədə istehsalda çətinlik yaradacağı üçün iddiaçı məcburi olaraq borcun qəbul etmədiyi hissəsini də ödəmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2, 13-cü maddələrinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehin əməkdaşları xx.xx.2023-cü il tarixdə illik müayinənin keçirilməsi üçün iddiaçıya məxsus sayğacı çıxarmış, daha sonra geri qaytarmışlar. Cavabdeh tərəfindən faktura təqdim ediləndə məlum olmuşdur ki, akt əsasında uçota alınmayan təbii qaz üçün 3244,12 manat borc hesablanmışdır. Lakin borcun hesablanmasının əsasını təşkil edən hər hansı müayinə və laboratoriya aktı təqdim edilməmişdir. Bundan sonra, cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə pretenziya məktubu göndərərək iddiaçıdan borc məbləğinin ödənilməsini tələb etmiş, əks halda təbii qazın verilişinin dayandırılacağını bildirmişdir. İddiaçı da sahibkarlıq fəaliyyətinin dayanmaması üçün həmin borcu ödəmişdir. Lakin 3244,12 manat əsassız hesablanmışdır.
6. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Öhdəlikdən kənar ödənilmiş pul vəsaitinin tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli AMX-5351/20 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının istifadəsində olan “G-250” markalı 75106390 zavod nömrəli sayğac xx.xx.2023-cü il ******* tarixli aktla çıxarılmış, həmin tarixdə ******* nömrəli akt əsasında “G-160” markalı 75116755 nömrəli sayğac quraşdırılmışdır. Daha sonra cavabdeh tərəfindən iddiaçıya məxsus **********00143 nömrəli abonent saldosunun “qalıq və aktlar” sütununa 2023-cü ilin 2-ci ayı üçün 3244,12 manat borc daxil edilmişdir. Cavabdehin Tərtər Regional Qaz İstismar İdarəsinin Ağcabədi xidmət sahəsi tərəfindən iddiaçıya ünvanlanan sənaye tipli qaz sayğaclarında uçota alınmayan qaz həcminin hesablanması haqqında məlumata əsasən, “G-160” markalı 75116755 nömrəli sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 14746 m3 uçota alınmayan qazın həcmi müəyyən edilmişdir.
11. İddiaçı əsassız hesablanmış və ödənilmiş 3244,12 manat məbləğində pulun tutulmasını tələb edir.
12. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilən bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Hazırda mübahisələndirilən 3244,12 manat pulla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
18. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
19. İddiaçı tərəflər arasında müqavilə münasibətlərinin olduğunu, iddiaçıya məxsus abonent koduna müvafiq borcun yazıldığını təsdiq edən sübutları təqdim etsə də, cavabdeh qeyd edilən borc məbləğinin əsaslılığı barədə məhkəməyə hər hansı sübut (yoxlamanın nəticəsinə dair akt, müvafiq akt əsasında aparılmış hesablamaya dair sənəd və s.) təqdim etməmişdir. Digər tərəfdən, “abonent saldosu” özü-özlüyündə borcun əsaslı olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər.
20. Bundan başqa, cavabdeh iddiaçıya qeyri-müəyyən aktla 3244,12 manat məbləğində borc yazarkən və uçota alınmayan qaz sərfiyyatı müəyyən edərkən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət etməsini təsdiq edən sübutları da təqdim etməmişdir.
21. Halbuki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
22. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
23. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.
24. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
25. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
26. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
27. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
28. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
30. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
31. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalıdır.
32. Lakin hazırkı iş üzrə yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır (bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir). Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 2023-cü ilin 2-ci ayı üçün hesablanmış 3244,12 manat borc əsassızdır və hüquqi qüvvəsi yoxdur.
33. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqları və icra qeydlərindən görünür ki, 2209,37 manat və 3244,12 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür.
34. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 3244,12 manat məbləğində borcun hüquqi əsası olmadığından, lakin həmin vəsait artıq ödənildiyindən iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddəsi çıxış edəcəkdir.
35. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
36. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
37. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
38. Göründüyü kimi, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun tələb edilə bilər və əsassız varlanma zamanı isə qanuni əsas və ya müqavilə əsası mövcud olmur.
39. Həmin normaları işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdeh hüquqi qüvvəsi olmayan akta əsasən 3244,12 manat borc hesablamış, iddiaçı isə həmin borc məbləğini ödəmişdir. Halbuki borcun hesablanmasının qanuni əsası və ya müqavilə əsası mövcud olmamışdır. Başqa sözlə, cavabdeh həmin məbləğdə pulun ödənilməsi ilə əsassız varlanmışdır.
40. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB-dən 3244,12 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı eyni zamanda ödənilmiş 52,45 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 22,45 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
43. İddia ərizəsinə əlavə edilən ********** nömrəli mədaxil qəbzindən görünür ki, 30 məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Beləliklə, məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,45 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 3244 (üç min iki yüz qırx dörd) manat 12 (on iki) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52 (əlli iki) manat 45 (qırx beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova