Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2363/2021 01.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40562,41 manat məbləğində icarə haqqı üzrə borcun, 10721,23 manat məbləğində cərimə borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 51313,64 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC (İcarəyə verən/Kreditor) ilə “AGT Menecment, Məsləhət və Tikinti Xidmətləri” (İcarəçi/Borclu) arasında 01.06.2015ci il tarixində, Bakı şəhəri, Xətai rayonu, Babək plaza ünvanında yerləşən binanın, blok A 10-cu mərtəbəsində 2-3-4 nömrəli, 623,5 kvadrat metr sahədən ibarət ofisin icarəyə verilməsinə dair daşınmaz əmlakın icarəsi müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1 – ci maddəsinə əsasən aylıq icarə haqqı 8124 manat nəzərdə tutulmuşdur. Müqavilənin 3-cü maddəsinin tətbiqi baxımından icarəçi müqavilə üzrə ödəmələri natamam şəkildə həyata keçirmiş, nəticədə, onun icarəyə verənə 40562,41 manat məbləğində əsas borcu yaranmışdır. Bundan başqa, həmin müqavilənin 5.6-cı bəndində nəzərdə tutulmuşdur ki, icarə haqqının ödənilməsi 10 (on) gün gecikdirilərsə, hər bir sonrakı gün üçün aylıq icarə haqqının 0,01%-i dəyərində penya ödəyir. Aparılmış hesablamalara əsasən müəyyən edilmişdir ki, müqavilə üzrə ödəmələr müxtəlif tarixlərdə və müxtəlif müddətlərdə gecikdirilmiş, nəticədə, Cavabdeh MMC-nin "xxxx" MMC-yə 10721,23 manat məbləğində cərimə borcu yaranmışdır. Beləliklə, Cavabdeh MMC-nin cəmiyyətlərinə olan ümumi borc məbləği 51283,64 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı tələblərə əməl edilməsinə baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək qeyd olunan pul məbləğini bu günədək iddiaçıya ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və eyni zamanda məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələblərini 10721,23 manat məbləğində cərimı borcu hissəsində azaldaraq, tələbin ancaq əsas borc və dövlət rüsumunun tutulmasından ibarət olduğunu bildirərək, 40562,41 manat məbləğində icarə haqqı üzrə borcun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 da öz növbəsində məhkəməyə ərizə təqdim edərək, izahatında iddia tələbini əsas borc hissəsində qəbul etdiyini və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 40562,41 manat həcmində borcu olduğunu etiraf etmişdir. Məhkəmə tərəfindən Cavabdeh nümayəndəsi X2 etirafı qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdehndən 40562,41 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 40562,41 manat məbləğində icarə haqqı üzrə borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2363/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2363/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver