Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2364/2021 06.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 32 kv.m.-lik qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 19/453 nömrəli müqavilə üzrə 29.01.2021-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 3,120.17 (üç min bir yüz iyirmi manat on yeddi qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx) manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 3,150.57 (üç min bir yüz əlli manat əlli yeddi qəpik) manat məbləğinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 32 kv.m.-lik qeyri- yaşayış sahəsinin icarəyə verilməsi haqqında 30 sentyabr 2019-cu il tarixli, 19/453 nömrəli müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq 01 oktyabr 2019-cu il tarixindən başlayaraq İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarəyə Verilən Əmlak üçün ƏDV xaric 864.00 AZN (səkkiz yüz altmış dörd Azərbaycan manatı) aylıq icarə haqqı və ƏDV xaric 96.00 AZN (doxsan altı Azərbaycan manatı) məbləğində aylıq xidmət haqqı olmaqla, ümumilikdə ƏDV xaric 960.00 AZN (doqquz yüz altmış Azərbaycan manatı) haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə Müqaviləsinin 3.8-ci bəndinə əsasən ödənişlər hər cari ayın ilk 10 (on) günü ərzində həyata keçirilərək, İddiaçının bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh İcarəyə Verilən Əmlakda İcarə Müddəti ərzində istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil telefon danışıqları və internet xidmətləri), internet və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri vaxtlı-vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Bu səbəbdən İcarə Müqaviləsinin 8.5.2-ci və 8.5.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 31 yanvar 2020-ci il tarixində iddiaçının tələbi ilə xəbərdarlıq müddətini gözləmədən İcarə Müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İcarə Müqaviləsinin müvafiq olaraq 8.5.2-ci və 8.5.3-cü bəndlərinə əsasən iki ardıcıl müddət üçün İcarə Haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün iki aylıq İcarə Haqqı məbləğinə çatan məbləğdə İcarə Haqqının ödənilməsinin gecikdirilməsi İddiaçıya xəbərdarlıq müddətini gözləmədən İcarə Müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Beləliklə, İcarəyə Verilən Əmlakın icarəsi ilə əlaqədar ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilməməsi və Cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində Xitam tarixinə ümumilikdə ƏDV daxil 4,570.17 manat (dörd min beş yüz yetmiş manat, on yeddi qəpik) əsas borc məbləği yığılmışdır. İcarə Müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi tələbi barədə 31 yanvar 2020-ci il tarixli, FMG 01/20/026 nömrəli Xitam və pretenziya bildirişində də qeyd edildiyi kimi İcarə Müqaviləsinə xitam verilməsi qanunvericiliyə və İcarə Müqaviləsinin müvafiq şərtlərinə əsasən Cavabdehi Xitam tarixinədək İcarə Müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmir. Sözügedən xitam və pretenziya bildirişində müvafiq borc məbləğinin ödənişinin bildirişin verildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsini tələb edəcəyi bildirilmişdir. Lakin Cavabdeh tərəfindən sözügedən borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Borc məbləğinin məhkəməyə qədər könüllü olaraq ödənilməsini təmin etmək məqsədilə İddiaçı və Cavabdeh arasında İcarə Müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 03 mart 2020-ci il tarixli Razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci və 2-ci bəndlərinə əsasən İcarəyə Verilən Əmlakın icarəsi ilə əlaqədar Razılaşmanın imzalandığı tarixə yığılmış borc məbləğinin ƏDV daxil 4,570.20 (dörd min beş yüz yetmiş manatı, iyirmi qəpik) manat təşkil etdiyi və müvafiq borc məbləğinin ödənişinin Cavabdeh tərəfindən 2020-ci ilin mart ayından başlayaraq ardıcıl gələn hər ayın ilk on günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 761.70 AZN-dən (yeddi yüz altmış bir manatı, yetmiş qəpik) az olmayan həcmdə ödənilməklə, 2020-ci ilin avqust ayının sonunadək tam təmin edilməsi öhdəliyi təsbit edilmişdir. Razılaşmanın 4-cü bəndinə əsasən Cavabdeh borc məbləğinin müəyyən olunmuş qrafik üzrə tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi, İddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün Cavabdehə bütün güzəştlər edilmiş və uzunmüddətli olsa belə, hissə-hissə ödəməklə Cavabdehin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Qeyd olunan Razılaşmanın 5-ci bəndinə əsasən İddiaçı Razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Razılaşmanın 6-cı bəndinə əsasən borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və Cavabdehin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Cavabdeh İddiaçı qarşısında tam həcmdə məsuliyyət daşıyır. Razılaşmanın 7-ci bəndinə uyğun olaraq Cavabdeh bu Razılaşmadan irəli gələn öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı pretenziya irəli sürülməsi, bildiriş/xəbərdarlıq göndərilməsi, danışıqlar və digər üsullardan istifadə etmədən öhdəliyin yerinə yetirilməsini təmin etmək üçün birbaşa məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Cavabdeh tərəfindən 30.11.2020-ci il tarixində borcun ƏDV daxil 200.00 manat hissəsi, 13.01.2021-ci il tarixində borcun ƏDV daxil 390 manat və 300 ABŞ Dolları məbləğində hissəsi, 29.01.2021-ci il tarixində ƏDV daxil 350 manat hissəsi ödənilmişdir. Beləliklə, Razılaşma üzrə ümumi borc azalaraq, ƏDV daxil 3,120.17 manat təşkil etmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı qarşısında Razılaşmadan irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onları kobud şəkildə pozmuşdur. Razılaşma üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi və mövcud borcun ödənişinin təmin edilməsi haqqında Cavabdehə yenidən pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, vurulmuş bütün zərərin əvəzinin ödənilməsinin Cavabdehdən tələb ediləcəyi vurğulanmışdır. Lakin Cavabdeh sözügedən pretenziya məktubuna da məhəl qoymamış və Xitam tarixindən təqribən 1 il 3 aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənişi təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 32 kv.m.-lik qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 19/453 nömrəli müqavilə üzrə 29.01.2021-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 3,120.17 (üç min bir yüz iyirmi manat, on yeddi qəpik) manat məbləğində pul vəsaitinin, dəbbə pulu üzrə 1,568.20 (bir min beş yüz altmış səkkiz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 4,718.77 (dörd min yeddi yüz on səkkiz manat, yetmiş yeddi qəpik) manat məbləğinin Cavabdeh ‘'X2” MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin əsas borc hissəsini qəbul etdiyini bildirərək, iddia tələbinin cərimə məbləği hissəsində təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların qabacadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 13.12.2018-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. İddiaçı MMC (idarə edən) "xxxx" MMC (mülkiyyətçi) arasında bağlanan 27 dekabr 2017-ci il tarixli, REL-27/12/17-850 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilənin predmeti bolməsinə əsasən mülkiyyətçi siyahısı bu Müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edən icarəsinə və idarəetməsinə verir və idarə edənin obyektlərinin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir. İdarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. İddiaçı MMC (idarə edən) "xxxx" MMC (mülkiyyətçi) arasında bağlanan 27 dekabr 2017-ci il tarixli, REL-27/12/17-850 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə edilmiş 1.11 nömrəli Əlavədən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 14807,8 kv.m olan qeyri-yaşayış binası 20 il müddətinə "xxxx" MMC tərəfində idarə olunması üçün İddiaçı MMC-yə verilmişdir. İcarəyəverən İddiaçı MMC icarəçi Cavabdeh arasında bağlanmış 30 sentyabr 2019cu il tarixli, 19/453 nömrəli müqavilədən görünür ki, Müqaviləyə əsasən İcarəyə Verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 32 kv.m qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə Verilən Əmlak(lar)ı qəbul edib icarə haqqını Müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-bəndinə uyğun olaraq 01 oktyabr 2019-cu il tarixindən başlayaraq İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarəyə Verilən Əmlak üçün ƏDV xaric 864.00 (səkkiz yüz altmış dörd) manat aylıq icarə haqqı və ƏDV xaric 96.00 (doxsan altı) manat məbləğində aylıq xidmət haqqı olmaqla, ümumilikdə ƏDV xaric 960.00 (doqquz yüz altmış) manat haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Cavabdeh İcarəyə Verilən Əmlakda İcarə Müddəti ərzində istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil telefon danışıqları və internet xidmətləri), internet və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən ödənişlər hər cari ayın ilk 10 (on) günü ərzində həyata keçirilərək, İddiaçının bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC Cavabdeh arasında bağlanan 03 mart 2020-ci il tarixli “icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında razılaşmadan görünür ki, Razılaşmanın 1-ci və 2-ci bəndlərinə əsasən İcarəyə Verilən Əmlakın icarəsi ilə əlaqədar Razılaşmanın imzalandığı tarixə yığılmış borc məbləğinin ƏDV daxil 4,570.20 (dörd min beş yüz yetmiş manatı, iyirmi qəpik) manat təşkil etdiyi və müvafiq borc məbləğinin ödənişinin Cavabdeh tərəfindən 2020-ci ilin mart ayından başlayaraq ardıcıl gələn hər ayın ilk on günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 761.70 AZN-dən (yeddi yüz altmış bir manatı, yetmiş qəpik) az olmayan həcmdə ödənilməklə, 2020-ci ilin avqust ayının sonunadək tam təmin edilməsi öhdəliyi təsbit edilmişdir. Həmin razılaşmanın 4-cü bəndinə əsasən cavabdeh borc məbləğinin müəyyən olunmuş qrafik üzrə tam həcmdə ödənilməsini təmin etməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 31.01.2020-ci il tarixli FMG-01/20/026 nömrəli “xitam və Pretenziya bildirişindən görünür ki, tərəflər arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 19/453 icarə müqaviləsinə 31.01.2020-ci il tarixdə iddiaçı tərəfindən xitam veriləcəyi, habelə xitam tarixinə yığılmış 4570,17 manat əsas borc məbləğini 10 iş günü müddətində ödənilməsi bildirilmişdir. İddiaçı 21.12.2020-ci il tarixdə FMG01/12/490 nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək 5 iş günü ərzində icra haqqının ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.06.2021-ci il tarixli 4/832 saylı ekspert rəyində qeyd olunur ki, ekspertizaya təqdim olunmuş 30 sentyabr 2019-cu il tarixli, 19/453 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədə “İcrarəçi” qrafasındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının icarəyə verilməsi idarə edilməsini İddiaçı MMC tərəfindən icra edilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən qeyd olunan qeyri-yaşayış binası Cavabdeh icarəyə verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmişdir. Tərəflər arsında qeyd olunan müqavilənin xitam olunmasına dair müvafiq razılaşma bağlanmışdır. Qeyd olunan razılaşmanın müvafiq bəndinə əsasən Cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində qeyri-yaşayış sahəsindən istifadə etdiyi müddət və öhdəliklər üzrə bütün ödənişləri edəcəyinə dair razılıq əldə olunmuşdur. Qeyd olunan razılaşmanın 3-cü bəndinə əsasən Cavabdehnun icarə haqqı üzrə ümumi borcunun 4570,20 manat təşkil etməsini təsdiq etmişlər. İddiaçı qeyd olunan razılaşmanın şərtlərinə uyğun olaraq cavabdehə qalıq borc məbləğinin ödənilməsini 5 iş günü müddətində təmin edilməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi icarə haqqının cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş hesab faktura və tərəflər arasında bağlanmış razılaşma, habelə cavabdehin məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iddia tələbinin əsas borc hissəsində qəbul etdiyini bildirməsi iddia tələbinin qanuni olmasını təsdiq edir. Məhkəmə iddia tələbinin 1,568.20 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 1,568.20 manat cərimənin 156 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,4 manat pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdehdən iş üzrə kecirilmiş ekspertizanın xərci olaraq 127 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh ƏDV daxil 3,120.17 (üç min bir yüz iyirmi manat on yeddi qəpik) manat əsas borc və 156 (yüz əlli altı) manat cərimə məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ƏDV daxil 3,120.17 (üç min bir yüz iyirmi manat on yeddi qəpik) manat əsas borc və 156 (yüz əlli altı) manat cərimə məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu və bank komisyon haqqının əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 127 (yüz iyirmi yeddi) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2364/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2364/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver