Məhkəmə qərarları › İş №e-2-2(113)-2364/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2364/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2364/2022 11.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X1 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı (bundan sonra “Tac” Kredit İttifaqı) Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Mıhkəməsinə müraciət edərək, Cavabdeh 5.000 manat məbləğində olan əsas borc, 1.050 manat məbləğində faiz borcu, 2.100 manat məbləğində cərimə olmaqla, cəmi 8.150 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı X1 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Tac” Kredit İttifaqı ilə Cavabdeh (VÖEN **********2) arasında “160 SKMF-133” nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit alana 5000 manat krediti SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə vermişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kredit alan “Tac” Kredit İttifaqı qarşısında müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçiriləcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün bankın əməliyyat saatlarında kredit alanın cari hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənilməlidir. Kreditor tərəfindən müqavilə üzrə yaranmış borcun qaytarılması barədə borcluya bildiriş göndərilsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 5.000,0 manat əsas borc, 1.050,0 manat faiz borcu və 2.100,0 manat cərimə borcu vardır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı X1 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-519/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5000 manat (beş min) məbləğində əsas borc, 1.050 (min əlli) manat məbləğində faiz borcu, 2.100 (iki min yüz) manat məbləğində cərimə, cəmi 8.150 (səkkiz min yüz əlli) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-519/2020 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2364/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(113)-519/2020 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən borc məbləğləri düzgün hesablanmamış, şişirdilmişdir. Belə ki, sözügedən kredit müqaviləsi üzrə ilkin olaraq 500 manat, daha sonra xx.xx.2015-ci il tarixdə 25 manat, xx.xx.2015-ci il tarixdə 25 manat, xx.xx.2015-ci il tarixdə 25 manat, xx.xx.2015-ci il tarixdə 25 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2016-cı il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 50 manat və xx.xx.2020-ci il tarixdə 50 manat, cəmi 800 manat ödənişlər etmiş, bu ödənişləri sübut edən kassa mədaxil qəbzləri vardır. Həmçinin bundan əlavə 2017-ci ilin mart-avqust ayları ərzində 4 dəfə də 50 manat olmaqla, ümumilikdə 200 manat da ödənişlər etmişdir. Lakin iddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman bu ödənişləri nəzərə almamış, bu ödənişlər borc məbləğindən silinməmiş və silinmə olmadan faiz borcu və cərimə məbləği hesablanmışdır. Belə olan halda iddia edilən borc məbləğlərinin şişirdildiyi və qeyri-dəqiq hesablandığı aydın olur. Həmçinin onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı tərəfindən 2100 manat cərimə məbləğinin hesablanması ilə də razı deyil. Çünki cərimənin məbləği çox yüksəkdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəmə iclasında iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmədə verdiyi izahatında Cavabdeh iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: 15 aprel 2015-ci il tarixli, 160 SKMF-133 saylı “Tac” Kredit İttifaqı (kredit verən) ilə Cavabdeh (kredit alan) arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verən tərəfindən kredit alana həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə SKMFnin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit alan həmin müqavilə ilə aldığı krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.3-cü bəndinə görə kredit 15 aprel 2015-cü il tarixdən 15 aprel 2018-ci ilə qədər olan müddətə verilmişdir. 6.1-ci bəndinə görə həmin müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 15 aprel 2015-ci il tarixli, 103 saylı kassa məxaric orderi ilə müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqından 5.000 manat məbləğində vəsaiti almışdır. Ödəniş cədvəlindən görünür ki, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kredit məbləği və həmin məbləğə müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faizlər müqavilənin bağlandığı vaxtdan 18 ay ərzində hər ay 25 manat, növbəti 18 ay ərzində isə hər ay 277,78 manat məbləğində ödəniş edilməklə Cavabdeh tərəfindən “Tac” Kredit İttifaqına qaytarılmalı idi. 25 oktyabr 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh oğlunun “Tac” Kredit İttifaqı ilə bağladığı 15 aprel 2015-ci il tarixli, 160/SKMF-133 saylı kredit müqaviləsi üzrə tələb qaldırılan günə əsas kredit borcu 5.000 manat, faiz borcu 1.050,0 manat, cərimə 2.100 manat, borc üzrə tələbin məbləği cəmi 8.150 manat təşkil edir. “Tac” Kredit İttifaqı tərəfindən Cavabdeh ünvanlanmış 14 avqust 2017-ci il tarixli bildirişdən görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcunun bir ay ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş güzəştli kreditin qaytarılması üçün prokurorluğa və məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 19 yanvar 2015-ci il tarixli, CXS seriyalı, 384530 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına üzvlük payı üçün 500 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 02 fevral 2015-ci il tarixli, BÖO seriyalı, 746320 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına komisyon haqqı üçün 100 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 15 aprel 2015-ci il tarixli, CXS seriyalı, 384443 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına kreditin faiz ödənişi üçün 13,45 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 29 may 2015-ci il tarixli, BÖO seriyalı, 746543 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına kreditin faiz ödənişi üçün 25 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 25 iyun 2015-ci il tarixli, BÖO seriyalı, 746706 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına kreditin faiz ödənişi üçün 25 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 27 iyul 2015-ci il tarixli, CXS seriyalı, 269708 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına kreditin faiz ödənişi üçün 25 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 25 avqust 2015-ci il tarixli, CXS seriyalı, 269711 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına kreditin faiz ödənişi üçün 25 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 29 sentyabr 2015-ci il tarixli, BÖO seriyalı, 747041 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına kreditin faiz ödənişi üçün 50 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 25 yanvar 2016-cı il tarixli, BÖO seriyalı, 747610 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına kreditin faiz ödənişi üçün 50 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 30 noyabr 2019-cu il tarixli, FRB seriyalı, 155911 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına kredit ödənişi üçün 50 manat (20+30) məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 05 mart 2020-ci il tarixli, FRB seriyalı, 155962 nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqının hesabına kredit ödənişi üçün 50 manat (40+10) məbləğində ödəniş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Tac” Kredit İttifaqı ilə Cavabdeh arasında 15 aprel 2015-ci il tarixli, 160 SKMF-133 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı “Tac” Kredit İttifaqı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 5000 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh 15 aprel 2015-ci il tarixli, 160 SKMF-133 saylı kredit müqaviləsi üzrə “Tac” Kredit İttifaqı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin kredit ittifaqına borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı “Tac” Kredit İttifaqı kredit müqaviləsi üzrə yaranmış əsas borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddiaçının faiz borcunun tutulması tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitdiyi halda maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2019-cu il tarixə hesablanmış 1.050 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditorun yalnız kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, hazırkı halda 25 oktyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən kreditin verilməsi müddəti bitənədək olan dövr üçün cavabdehə hesablanmış faiz borcunun 600 manat təşkil etdiyini, maliyyə arayışının tərtib edildiyi dövrdən sonrakı dövrdə cavabdeh tərəfindən kredit borcundan ümumilikdə 100 manat məbləğində ödəniş edildiyini, eləcə də müqavilənin şərtlərinə əsasən əsas borcun ödənilməsinə 1 illik güzəşt müddəti müəyyən edilərək həmin müddət ərzində cavabdeh tərəfindən yalnız faiz borcunun ödənilməli olduğunu, buna görə də cavabdeh tərəfindən edilmiş ödənişin məhz fazi borcundan çıxılmalı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən müqavilə müddətinin bitdiyi tarixə hesablanmış 500 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. 19 yanvar 2015-ci il tarixli, CXS seriyalı, 384530 nömrəli qəbzə əsasən ödənilmiş 500 manat məbləğində ödənişin kredit borcu hesablanarkən nəzərə alınmaması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən mədaxil qəbzində ödənişin təyinatı kimi kredit borcunun ödənilməsi deyil, üzvlük haqqının ödənilməsi göstərilmişdir. Odur ki, həmin ödənişin kredit ödənişi kimi məhkəmə tərəfindən nəzərə alınması üçün əsaslar mövcud deyildir. Digər tərəfdən cavabdeh iddia ərizəsinə etirazda 2017-ci ilin mart-avqust ayları ərzində 4 dəfə 50 manat olmaqla, ümumilikdə 200 manat məbləğində ödənişlər etdiyini bildirsə də, göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, ididaçının istinad etdiyi göstərilən hal da kredit müqavilə üzrə borc məbləği müəyyən edilərkən məhkəmə tərəfindən nəzərə alınmır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 5000 manat məbləğində əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 2.100 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 250 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat məbləğində əsas borc, 500 manat məbləğində faiz borcu, 250 manat dəbbə pulu, cəmi 5750 manat məbləğində borc tutularaq iddiaçı X1 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat (beş min) məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində faiz borcu, 250 (iki yüz əlli) məbləğində dəbbə pulu, cəmi 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar