Məhkəmə qərarları › İş №e-2-2(113)-2366/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2366/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2366/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, prosessual maraq, müqavilənin birtərəfli ləğvi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 iyul 2023-cü il tarixli 352322-CNS-46686 saylı kredit müqaviləsi üzrə 4650,79 manat əsas borc, 487,27 manat faiz və 404,28 manat cərimə borcu olmaqla ümumilikdə 5542,34 manat məbləğində pulun və ödənilmiş 75,42 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması üçün illik 20 faiz hesablanması şərti ilə 24 ay müddətinə 7880 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin iddiaçıya ümumilikdə 5542,34 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verildiyindən (kreditin təyinatı: dövriyyə vəsaitlərinin artırılması) hazırkı kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1, 739.1-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2366/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2025-ci il, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərində ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri və olduğu yer üzrə ünvana göndərilməklə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir və sonuncu iclasda iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixində təsdiq edilmiş bank xidmətlərinin göstərilməsinə dair X1nin kreditlə bağlı 7-ci hissəsinin şərtlərindən görünür ki, kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov (ipoteka) predmeti barədə məlumatlar müvafiq Ərizə-Razılaşmada qeyd olunur (1-ci bənd). Faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən kredit hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz) təqvim günü, illik isə 360 (üç yüz altmiş) gün hesabı ilə gündəlik olaraq hesablanır (4-cü bənd). Müştəri Krediti və Kredit Faizini Ödəniş Cədvəlinə (Ərizə- Razılaşmaya müvafiq Əlavə) uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür (5-ci bənd). Birdəfəlik kredit üzrə ödənişin akseptsiz silinməsi, Müqavilədə müəyyən edilən tarixlərdə və bu Müqavilə üzrə öhdəliklərin yaranması anından, aşağıdakı ardıcıllıqla həyata keçirilir: İ - Məhkəmə xərcləri və Bankın digər məsrəfləri (mövcud olduğu halda), İİ - Bank komissiyaları, İİİ - Gecikdirilmiş əsas və faiz məbləğinə hesablanmış dəbbə pulu və cərimələr, İV - Gecikdirilmiş faizlər, V - Gecikdirilmiş əsas borc məbləği, Vİ - Faiz borc məbləği, Vİİ - Əsas borc məbləği (8-ci bənd). Əgər «Kredit alan»ın ötən ay üzrə hər-hansı bir ödənilməyən borcu yaranarsa, o zaman «Kredit alan»ın Cari hesabına mədaxil edilən vəsaitlərdən ilk növbədə ötən ay üzrə yaranmış borc bu fəslin 8-ci bəndində qeyd edilmiş qaydada tam silindikdən sonra, cari ayın ödənişlərinin silinməsi «Bank» tərəfindən həyata keçirilir (9-cu bənd).

12. Məhkəməyə təqdim edilən cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizərazılaşmasına əsasən, kreditin məbləği 7880 manat, kreditin müddəti 24 ay, illik faiz dərəcəsi 20 faiz, kreditin təyinatı dövriyyə vəsasitlərinin artırılması olaraq razılaşdırılmış, cavabdeh Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və aparılan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış olduğunu, ərizədə istifadə edilmiş anlayışların “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıdığını təsdiq etmişdir.

13. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, ilki ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olmaqla hər ay 401,34 manat (sonuncu ay 395,81 manat) ödəniş edilməsi və ümumilikdə 7880 manat əsas borc, 1746,63 manat faiz borcunun qaytarılması razılaşdırılmışdır.

14. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışın əsasən, xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc 4650,79 manat, faiz borcu 487,27 manat təşkil edir.

15. İddia ərizəsinə əlavə edilən cavabdehin İddiaçı ASC-də olan AZ73VTBA**********2322AZN001 nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 7880 manat məbləğində pul 39,4 manat komissiya haqqı tutulmaqla xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit üzrə cavabdehin hesabına köçürülmüşdür.

16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 7880 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan kredit məbləğini təşkil edən 7880 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

17. İddiaçı xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsi üzrə 4650,79 manat əsas borc, 487,27 manat faiz borcunun tutulmasını tələb edir.

18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

23. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

24. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

28. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

29. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

30. İş materiallarından görünür ki, iddiaçı 24 yanvar 2025-ci il tarixli 165P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2025-ci il tarixə faiz borcunu tələb etmiş, həmin məktub xx.xx.2025-ci il tarixdə sonuncuya poçt rabitəsi vasitəsi ilə çatdırılmışdır.

31. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

32. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

33. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

34. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2025-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

35. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2025-ci il tarixə olan faiz borcunu tələb edir.

36. Məhkəməyə təqdim edilən xx.xx.2023 – xx.xx.2025-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 0,65 manat olaraq edilmiş həmin ödəniş faiz borcuna silinmişdir.

37. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə əsas borc 4650,79 manat, faiz borcu 487,27 manat qalmışdır.

38. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsi üzrə əsas borc 4650,79 manat, iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz borcu isə edilmiş 0,65 manat ödəniş çıxılmaqla 486,62 manat təşkil edir.

39. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 352322-CNS- 46686 nömrəli kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla və edilən ödənişlər çıxılmaqla 4650,79 manat əsas borc, 486,62 manat faiz borcu kimi müəyyən edilməlidir.

40. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 352322-CNS- 46686 nömrəli kredit müqaviləsi üzrə 4650,79 manat əsas borc, 486,62 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

41. İddia ərizəsində iddiaçı 404,28 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

42. xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsinə əsasən gecikdirilmiş hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə ödənilməlidir.

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

44. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır.

46. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 404,28 manat məbləğində pulun müəyyən edilməsi ağlabatan və ədalətlidir və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

47. İddiaçı eləcə də 75,42 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

48. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 94,63 manat dövlət rüsumu ödənilmişdir.

49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırkı iddianın qiymətinə (5542,34 manat) uyğun ödənilməli dövlət rüsumu 75,42 manat təşkil edir.

52. Yuxarıda göstərilənlərə əsasən və iddianın təmin edilməyən hissəsinin məhkəmə icraatı zamanı edilmiş 0,65 manat ödənişlə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,42 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 saylı kredit müqaviləsinə əsasən 4650,79 manat əsas borc, 486,62 manat faiz borcu, 404,28 manat cərimə olmaqla ümumilikdə 5541,69 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,42 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar