Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2372/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən 43.497,55 manat müqavilə üzrə ödənişlər, 320 manat vəkilə ödənilən vəsait, 277 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə "xxxx" MMC arasında 03 noyabr 2023-cü il tarixdə SN-DF/128-23 nömrəli Malların (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi X2 Kompleksinin əsas korpusunun dam örtüyünün əsaslı təmir işlərinin satın alınması üçün İcraçının 398.062,47 manat məbləğində tender təklifini qəbul etmişdir. "xxxx" MMC tenderin qalibi olaraq podratçı təşkilat kimi işə başlamış və bütün işləri yerinə yetirdikdən sonra təhvil-təslim aktı və forma 2-lərlə işlər təhvil verilmişdir. Eyni zamanda, "xxxx" MMC tərəfindən elektron qaimələr vurulmuş və elektron qaimələr Nazirlik tərəfindən təsdiq edilmişdir. Lakin Gənclər və İdman Nazirliyi tərəfindən 43.497.55 manat vəsait bu günədək ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında 03 noyabr 2023cü il tarixli podrat müqaviləsi bağlanmışdır.
8. Qeyd edilmiş podrat müqaviləsinin qiymət razılaşma protokolundan görünür ki, görülməli olan işlərin ümumi dəyəri ƏDV daxil 398.062,5 manat təşkil edir.
9. Hazırda iddiaçı tərəf 374.709,6 manat dəyərində işlərin görüldüyünü, cavabdeh tərəfindən isə 331.212,05 manat ödəniş edildiyini və ödənilməmiş 43.497,55 manat borcunun qaldığını bildirir.
10. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə görülmüş (icra edilmiş) işlərin dəyəri müəyyən edilməlidir.
11. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktından görünür ki, ƏDV daxil 137.150,83 manat dəyərində işlər icra edilmişdir.
12. Qeyd edilmiş akt üzrə iddiaçı tərəfindən cavabdehə dəyəri 137.150,83 manat olan EBDV 121209 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmişdir.
13. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktından görünür ki, ƏDV daxil 103.229,94 manat dəyərində işlər icra edilmişdir.
14. Qeyd edilmiş akt üzrə iddiaçı tərəfindən cavabdehə dəyəri 103.229,94 manat olan EBDX 102512 saylı xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir.
15. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktından görünür ki, ƏDV daxil 117.764,24 manat dəyərində işlər icra edilmişdir.
16. Qeyd edilmiş akt üzrə iddiaçı tərəfindən cavabdehə dəyəri 117.764,24 manat olan MT2405 10707031 saylı xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir.
17. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktından görünür ki, ƏDV daxil 16.564,59 manat dəyərində işlər icra edilmişdir.
18. Göründüyü kimi, cavabdeh tərəfindən təhvil alınmış işlərin ümumi dəyəri 374.709,6 manat təşkil edir.
19. Həmçinin Məhkəmə qeyd edir ki, cavabdeh tərəf də, qeyd edilmiş dəyərdə işlərin görülməsini mübahisələndirməmişdir.
20. Cavabdeh tərəf ancaq müqavilənin 14-cü və 20-ci maddəsinə istinad edərək, işlərin xx.xx.2023-cü il tarixinədək icra edilməli olduğunu, iddiaçı tərəfin isə işləri gec icra etdiyindən 39.806,2 manat cərimə tətbiq edildiyini və həmçinin də, işlərdə müəyyən qüsurların olduğunu bildirir.
21. Məhkəmə cavabdehin işlərin gecikdirilməsi ilə bağlı cərimə məbləğinin tətbiq olunması barədə dəlilinə münasibətdə qeyd edir ki, ilk növbədə işlərin gecikdirilməsinin iddiaçının təqsiri üzündən baş verməsi iş materialları ilə sübuta yetirilmir.
22. Bundan başqa, Məhkəmə qeyd edir ki, podrat müqaviləsi və yaxud digər müqavilələr üzrə müqavilənin bəndinə istinad edərək, müqavilə tərəflərin özlərinin məhkəməyə müraciət etmədən cərimə tətbiq etməsi mülki dövriyyənin sabitliyi baxımından təhlükəli praktikadır. Belə ki, nəzərə alınmalıdır ki, müqavilənin cərimə məbləğinin tətbiqi ilə bağlı bəndə istinad edərək, tərəflər hətta görülmüş işlərin, verilmiş malların dəyərindən də, çox cərimə tətbiq edə bilərlər.
23. Ona görə də, mülki dövriyyənin sabitliyi və hüquqdan sui istifadənin qarşısını almaq baxımından tərəflər cərimə borcunun tətbiq olunması barədə əsasın olması qənaətindədirlərsə, bu cərimə borcunu Məhkəmə qaydasında tələb etməsi məqsədəmüvafiqdir.
24. Ona görə də, Məhkəmə cavabdehin görülmüş işlərin dəyərindən iddiaçıya 39.806,2 manat cərimə tətbiq etməsi dəlili əsassız hesab edir.
25. Bundan başqa Məhkəmə işlərdə müəyyən qüsurların olması ilə bağlı qeyd edir ki, yuxarıda adları qeyd edilmiş aktlar üzrə görülmüş işlər təhvil alınarkən, heç birində qüsurların olması barədə hər hansı bir qeyd yoxdur.
26. Ona görə də, Məhkəmə hesab edir ki, işlər qüsursuz icra edilmiş və cavabdehin də, görülmüş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.
27. Görülmüş işlərin dəyərinin 374.709,6 manat, ödənilmiş pulun isə 331.212,05 manat olmasını nəzərə alaraq Məhkəmə hesab edir ki, 43.497,55 (374.709,6-331.212,05) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Bundan başqa ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220,48 qəpik, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 43.497 (qırx üç min dörd yüz doxsan yeddi) manat 55 (əlli beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 (iki yüz iyirmi) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov