Məhkəmə qərarları › İş №e-2-2(113)-239/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-239/2022

17.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-239/2022 17.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun əsassız hesab edilərək, ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz” İstehsalat Birliyindən qaz istifadəsinə görə əsassız olaraq hesablanmış 400 842,60 (dörd yüz min səkkiz yüz qırx iki manat altmış qəpik) məbləğin müəssisənin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, istixana komleksi (bundan sonra – təsərrüfat sahəsi) Bakı şəhəri, Xəzər rayonu, Zirə Tərəvəzçilik-Südçülük savxozunda yerləşən istixana kompleksində kənd təsərrüfatı məhsullarının yetişdirilməsini həyata keçirilir. Hazırki mübahisənin yaranma səbəbi götürülən qazın həcminin hesablanması ilə bağlıdır. Azəriqaz tərəfindən 2020-ci ilin noyabr, dekabr, 2021-ci ilin cari ilin yanvar, fevral və mart aylarında qazdan istifadəyə görə əvvəlki aylara nisbətən təqribən iki dəfəyə yaxın artıq məbləğin hesablanmasına dair müəssisəyə elektron qaimə təqdim edilmişdir: 2021-ci ilin yanvarı – 52,694 manat (əlli iki altı yüz doxsan dörd manat iyirmi dörd qəpik); 2021-ci ilin fevral ayında – 51.821,36 manat (əlli bir min səkkiz yüz iyirmi bir manat otuz altı qəpik); 2021-ci ilin mart ayında – 38 637,12 manat (otuz səkkiz min altı yüz otuz yeddi manat on iki qəpik). Qeyd edilməlidir ki, göstərilən aylar üzrə qazdan istifadəyə görə müvafiq olaraq ümumi olaraq 400 842,60 (dörd yüz min səkkiz yüz qırx iki manat altmış qəpik) Göründüyü kimi, qaz istifadəsi 1 m sahə üçün ortalama 0,8 manat olmuşdur. Məbləğin xeyli artıq hesablanması cari ilin yanvar, fevral və mart ayları üzrə sayğac göstəricilərinin düzgün olmamasına əsas yaradır, nəticədə bu aylar üzrə hesablanmış - ümumilikdə ümumi borc həqiqəti əks etdirmir. Kənd təsərrüfatı məhsullarının istehsalı və ixracatı üzrə ölkənin qabaqcıl şirkətlərindən biri olan bu müəssisə tərəfindən, əkilmiş məhsulların tələf olması riskinə görə, mübahisəli aylar üzrə əsassız hesablanmış qaz sərfiyyatına dair müəyyən edilmiş məbləğlər təqdim edilmiş elektron qaimələrə əsasən ödənilməkdədir. Sayğacın göstəricilərinin düzgün olmaması səbəbindən mövcud vəziyyətin araşdırılması məqsədilə bir neçə dəfə Azəriqaza müraciət edilmiş və ayrı-ayrı vaxtlarda) sayğaca mütəxəssislərin iştirakı ilə texniki baxış keçirilməmişdir və yoxlamalar keçirilsə idi külli miqdarda pul vəsaitinin əsassız olaraq alınması faktı ortaya çıxardı. İstixanalarda quraşdırılmış qazanların günlük metroloji göstəricilər nəzərə alınmaqla, texniki xarakteristikaları əsasında mütəxəssislər tərəfindən aparılmış ilkin araşdırmalar qaz sərfiyyatının cari ilin yanvar, fevral, mart ayları üçün toplam 400 842,60 (dörd yüz min səkkiz yüz qırx iki manat altmış qəpik) manat artıq hesablandığını göstərir. Mövcud vəziyyətin belə davam etməsi müəssisəni ağır maliyyə vəziyyəti ilə üz-üzə qoymaqla, digər şəxslər qarşısındakı öhdəliklərinin yerinə yetirməsində ciddi problemlər yaratmış və şirkəti ziyanla işləməyə vadar etmişdir. Beləliklə, müvafiq araşdırılmalar aparılmaqla Azəriqaza artıq ödənilmiş 400 842,60 (dörd yüz min səkkiz yüz qırx iki manat altmış qəpik) pul müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək qeyd etdi ki, iddiaçı tərəfindən mübahisələndirilən borclar istifadə etdiyi qaza uyğun hesablanmışdır. Məbləğ sərfiyyat əsasında hesablamışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: “Abonentin saldosu” çıxarışının surətindən məlum olur ki, **********00561 saylı abonent olan İddiaçı (istixana) 2020-ci il üzrə 183.958 manat cəmi sərfiyyat məbləği olmu, 67.000 manat ödəniş həyata keçirilmişdir. 04.12.2020-ci il tarixli ödəniş qəbzinin surətindən məlum olur ki, 400.000 manat **********00561 saylı abonent tərəfindən Cavabdeh İB-nə köçürülmüşdür. İddiaçı və Cavabdeh İB arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən 31 oktyabr 2020-ci il tarixinə əsas borc 147.129 manat, 31 may 2021-ci il tarixinə isə 400.482,60 manat borc olması qeyd olunmuş. Qeyd olunan aktlar Bakı Regional Satış Mərkəzinin rəisi Zamin Mehrəliyev, Baş mühasib Ərşad Mehdiyev, qazın balansı və satış şöbəsinin rəis müavini Emin Bədələob adlı şəxslər tərəfindən imzalanmış, İddiaçı tərəfindən imzalanmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi birbaşa olaraq sübutetmə yükü ilə bağlı olsa da iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində iddia tələbinin əsaslılığını istinad etdiyi hallar faktlara yox iddiaçının mülahizələrinə əsaslanır. Məhkəmə araşdırması zamanı iddia ərizəsində qeyd olunan qaz sərfiyyatı ilə bağlı əsassız hesablanan məbləğlər öz təsdiqini tapmamış, iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bu halda borcu əsassız hesab edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı ödənilmiş borcun əsassız hesab edilməsi və ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar