Məhkəmə qərarları › İş №e-2-2(113)-2391/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2391/2022

03.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2391/2022 03.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh “X6 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdeh “X6 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 325865,46 manat borc, 616 manat ödənilmiş dövlət rüsumu, cəmi 326481.46 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının (ADY) Şabran və H.Z.Tağıyev Çeşidləmə stansiyalarında göstərilmiş xidmətlərə görə (“ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi) cavabdehə 325 865,46 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Hüseynbəyli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcla bağlı cavabdehə elektron qaimələr göndərilmiş, lakin elektron qaimələrə cavabdeh tərəfindən etiraz verildiyindən ləğv edimişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Səlimli iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında hər hansı bir müqavilə yoxdur, cavabdeh ümumiyyətlə Şabran və H.Z.Tağıyev Çeşidləmə stansiyalarından istifadə etməmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi sübutlar da əsassızdır. Belə ki, onlarda cavabdehin nümayəndəsinin imzaları mövcud deyildir. Bundan əlavə, hazırkı borcla bağlı iddiaçı tərəfindən onlara göndərilmiş elektron qaimələrə etiraz verilmiş, həmin elektron qaimələr ləğv edilmişdir. Sübutların tədqiqi: İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda stansiya xidmətləri ilə bağlı əməliyyatların aparılması zamanı xx.xx.2021-ci il tarixinə olan 234968,11 manat məbləğində borcun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6- 1840 saylı arayışa əsasən cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, iddiaçı iddia ərizəsində iddiaçının Şabran və H.Z.Tağıyev Çeşidləmə stansiyalarında göstərilmiş xidmətlərə görə (“ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi) cavabdehə 325 865,46 manat yığım hesablandığını göstərmiş, cavabdeh iddiaya etiraz edərək, iddiaçıya məxsus həmin stansiyalardan cavabdeh tərəfindən ümumiyyətlə istifadə edilmədiyini bildirmişdir. Belə olan vəziyyətdə xidmətlərin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehə müvafiq stansiya xidmətlərinin göstərilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız iddiaçı tərəfindən tərtib edilmiş arayış, yığım və yaddaş vərəqələri təqdim edilmiş, həmin sənədlərdə iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehə məxsus vaqonların yüklənməyə verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən yazılı sənədlər sübut hesab olunur. Hər hansı sənədin (kağızın) yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənədin aşağıdakı şərtlərə cavab verməsi tələb olunur, başqa sözlə yazılı sübutun həqiqiliyi prezumpsiyası aşağıdakılarla bağlıdır: - sənədin əsli olmalı; - sənəddə tarix olmalı; - sənəd onu tərtib edən və ya müvafiq şəxs tərəfindən imzalanmalı; - sənədə düzəliş edilməməli-qaralanmamalıdır. Sübut mübahisələndirildiyi halda həmin şərtlərdən hər hansı birinin olmaması həmin sübutun həqiqiliyini şübhə altına alır. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş yığım və yaddaş vərəqələrində onların kim tərəfindən hansı qaydada, hansı tarixlərdə tərtib edilməsi müəyyən edilmir, bundan əlavə həmin vərəqələr nə iddiaçı, nə də cavabdehin nümayəndəsi tərəfindən imzalanmamış, bundan əlavə həmin sənədlərin əsli deyil, surətləri Məhkəməyə təqdim edilmişdir. Beləliklə də, iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər iddiaçı tərəfindən cavabdehə müvafiq stansiya xidmətlərinin göstərilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan 325865,46 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında müqavilənin bağlandığını, xidmətlərin göstərilməsini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 616 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin cavabdeh “X6 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 616 (altı yüz on altı) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" QSC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar