Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-24/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh2 və Qanuni nümayəndə1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X7) qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh2 və Qanuni nümayəndə1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X7) qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13800,42 (on üç min səkkiz yüz manat qırx iki qəpik) manat əsas borc, 2756,48 (iki min yeddi yüz əlli altı manat qırx səkkiz qəpik) manat faiz borcu, 1275,53 (bir min iki yüz yetmiş beş manat əlli üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 17832,43 (on yeddi min səkkiz yüz otuz iki manat qırx üç qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03687LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda bank ilə borcalan arasında xx.xx.2021-ci il tarixli, DCS00307409-02 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 17 fevral 2021-ci il tarixli ZM-534/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 14525 (on dörd min beş yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. Bundan başqa, bank ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış DCS00307409-02 saylı kedit müqaviləsi üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Qanuni nümayəndə1 arasında xx.xx.2021-ci il tarixli, DGS**********68 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək, 479 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən borcu cəmi 17832,43 manat təşkil edir. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X4 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X5 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlərdən birgə qaydada DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13800,42 (on üç min səkkiz yüz manat qırx iki qəpik) manat əsas borc, 2802,48 (iki min səkkiz yüz iki manat qırx səkkiz qəpik) manat faiz borcu, 2284,97 (iki min iki yüz səksən dörd manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 18887,87 (on səkkiz min səkkiz yüz səksən yeddi manat səksən yeddi qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, OnGTC- 03687LE/2021 saylı Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.
9. X4 “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu Müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur.
10. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, DCS00307409- 02 saylı kredit müqaviləsi imzalanmış və kreditor borcalana Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 17 fevral 2021-ci il tarixli ZM-534/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 14525 (on dörd min beş yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir.
11. İddiaçı ASC ilə Qanuni nümayəndə1 arasında bağlanan xx.xx.2021-ci il tarixli, DGS**********68 saylı zaminlik müqaviləsinə əsasən zamin – Qanuni nümayəndə1 İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCS00307409-02 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
12. xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00213-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13800,42 manat əsas borc, 2756,48 manat faiz borcu, 1275,53 manat cərimə borcu olmaqla, cəmi borcu 17832,43 manat təşkil edir (gecikmə günün sayı – 479).
13. xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00299-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13800,42 manat əsas borc, 2802,48 manat faiz borcu, 2284,97 manat cərimə borcu olmaqla, cəmi borcu 18887,87 manat təşkil edir (gecikmə günün sayı – 570).
14. xx.xx.2024-cü il tarixli, PB/PBŞ-OUT-00342-2024 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13800,42 manat əsas borc, 2802,48 manat faiz borcu, 1318,91 manat cərimə borcu olmaqla, cəmi borcu 17921,81 manat təşkil edir (gecikmə günün sayı – 489).
15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6189 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 fevral 2021-ci il tarixli, DCS00307409-02 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərədək (suallarda göstərilən tarixlərə) banka olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13800,42 manat; faiz borcu üzrə 1749,75 manat; xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13800,42 manat; faiz borcu üzrə 1908,84 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 13800,42 manat; faiz borcu üzrə 2405,27 manat məbləğində müəyyən edilir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2621 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 fevral 2021-ci il tarixli, DCS00307409-02 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 MMC-nin (suallarda göstərilən tarixlərə) banka olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13800,42 manat; faiz borcu üzrə 1749,75 manat; xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13800,42 manat; faiz borcu üzrə 1749,75 manat, 5% borcu üzrə 159,09 manat; xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13800,42 manat; faiz borcu üzrə 1908,84 manat, 5% borcu üzrə 575,02 manat; xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13800,42 manat; faiz borcu üzrə 2483,86 manat, 5% borcu üzrə 274,09 manat məbləğində müəyyən edilir. Həmçinin rəydə qeyd edilmişdir ki, ekspert qarşısında qoyulan suallara uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 fevral 2021-ci il tarixli, DCS00307409-02 saylı kredit müqaviləsi üzrə borcalana hesablanmış faizlər müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanıldı.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/747 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən rəyin təqdim edilmiş iş materiallarında olan Cavabdeh2 MMC tərəfindən iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 fevral 2021-ci il tarixli, DCS00307409-02 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 MMC-nin (suallarda göstərilən tarixlərə) banka olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13811,33 manat; faiz borcu üzrə 2709,14 manat; xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13811,33 manat; faiz borcu üzrə 2760,63 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13811,33 manat; faiz borcu üzrə 2760,93 manat, 5% borcu üzrə 164,97 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 13811,33 manat; faiz borcu üzrə 2760,93 manat, 5% borcu üzrə 734,69 manat məbləğində müəyyən edilir. Həmçinin rəydə qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 19 fevral 2021-ci il tarixli, DCS00307409-02 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da iddiaçı bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cərimə borcu hesablanmadı. Həmçinin qeyd edilir ki, iş üzrə daha əvvəl verilmiş ekspert rəylərinin nəticəsi ilə hazırkı hesablama zamanı gəlinmiş nəticənin fərqli olmasının səbəbi, əvvəlki tədqiqatlarda aparılmış ödənişlərin bir müddət sonra “reverse” əməliyyatı ilə hesaba geri qaytarılmasının nəzərə alınmaması olmuşdur. Qeyd olunan xüsusatlara sonradan iddiaçı bank tərəfindən aydınlıq gətirildiyindən, hazırkı hesablama zamanı həmin hissə nəzərə alınmaqla tədqiqat aparıldı. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 379.1.6-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021ci il tarixli, OnGTC-03687LE/2021 saylı Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma, daha sonra İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, DCS00307409-02 saylı kredit müqaviləsi imzalanmış və borcalana Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 17 fevral 2021-ci il tarixli ZM-534/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 14525 (on dörd min beş yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə1 arasında xx.xx.2021-ci il tarixli, DGS**********68 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqailəyə əsasən zamin – Qanuni nümayəndə1 İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCS00307409-02 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zamin) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.
24. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya qaydasında həllinə cəhd edilmiş, lakin bu, mümkün olmadığından ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir.
25. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə1 birgə qaydada DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13800,42 manat əsas borc, 2802,48 manat faiz borcunun tutulması təşkil edir.
26. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və xx.xx.2025-ci il tarixli, 9/747 saylı ekspert rəyini (təkrar ekspertiza təyin olunmuş və həmin rəy verilmişdir), MPM-in 218.3-cü maddəsinin tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam (tələbə uyğun olaraq), faiz borcunun hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə1 birgə qaydada DCS00307409-02 saylı müqavilə üzrə 13800,42 manat (on üç min səkkiz yüz manat qırx iki qəpik) əsas borc, 2709,14 manat (iki min yeddi yüz doqquz manat on dörd qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. həmin qənətə gəlinərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe nəzərə alınmışdır. Belə ki, xx.xx.2025-ci il tarixli, 9/747 saylı ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət edərkən ilk maliyyə arayışında göstərilən tarix) faiz borcunun məbləği 2709,14 manat təşkil etmişdir.
27. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə1 birgə qaydada DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2284,97 manat cərimə borcunun tutulması təşkil edir.
28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Məhkəmə tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməli, cərimənin tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Eləcə də, iddiaçı ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
32. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 275 manat hissəsi cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə1 birgə qaydada, 25 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə1 birgə qaydada DCS00307409-02 saylı müqavilə üzrə 13800,42 manat (on üç min səkkiz yüz manat qırx iki qəpik) əsas borc, 2709,14 manat (iki min yeddi yüz doqquz manat on dörd qəpik) faiz borcu, 800 (səkkiz yüz) manat cərimə, ödənilmiş mediasiya xərci olaraq 200 (iki yüz) manat olmaqla, ümumilikdə 17509,56 manat (on yeddi min beş yüz doqquz manat əlli altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 275 manat hissəsi cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə1 birgə qaydada, 25 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova