Məhkəmə qərarları › İş №e-2-2(113)-2403/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2403/2022

18.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2403/2022 18.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “stansiya xidmətlərinə görə hesablanmış yığımın tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xxxx” MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 19871,67 manat (on doqquz min səkkiz yüz yetmiş bir manat altmış yeddi qəpik) və 200 (iki yüz) manat ödənilmiş dövlət rüsumu, cəmi 20071,67 manat (iyirmi min yetmiş bir manat altmış yeddi qəpik) məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Kürdəmir stansiyasında xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə kimi göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə Cavabdeh MMC-yə 19871,67 manat (on doqquz min səkkiz yüz yetmiş bir manat altmış yeddi qəpik) yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də "xxxx" QSC pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" QSC xxxx MMC-yə qarşı xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixə olan Kürdəmir stansiyasında göstərilmiş xidmətlərə dair elektron qəbzləri və ödəniş tapşırıqları sistemə əlavə edilmişdir. Bununla bağlı "xxxx" QSC-yə də məktub ünvanlanmışdır. Cavabdeh MMC-nin "xxxx" QSC-yə heç bir borcu qalmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri və eyni zamanda qismən ödənişlərin edildiyini təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixlərinə stansiya xidmətləri ilə bağlı və həmin xidmətlərə görə yığım hesablanmışdır. Belə ki, guya Kürdəmir stansiyasında göstərilmiş xidmətlərə (vaqonların dalan yoluna verilib götürülməsi, dalan yolundan istifadə, ADY-ə məxsus vaqonun (konteynerlərin) istifadəsi və s.) görə Cavabdeh MMC-yə 19871,67 manat (on doqquz min səkkiz yüz yetmiş bir altmış yeddi qəpik) yığım və 200 (iki yüz) manat ödənilmiş dövlət rüsumu olaraq, cəmi 20071,67 manat (iyirmi min yetmiş bir manat altmış yeddi qəpik) hesablanmışdır. Qeyd olunan tarixlərlə bağlı elektron kabinetə yüklədiyi sənədlərdən görünür ki, Cavabdeh MMC-nin "xxxx" QSCyə heç bir borcu yoxdur. xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş sənədlərdən görünür ki, xxxx MMC "xxxx" QSC-yə stansiya xidmətlərinə görə 18324,48 manat (on səkkiz min üç yüz iyirmi dörd manat qırx səkkiz qəpik) pul ödəmişdir. Onların göstərdiyi məbləğdə yaranan fərqlə bağlı bildirir ki, yaranan fərqlə bağlı yığım vərəqəsi və elektron qaimə təqdim etməmişlər. İddia tələbində olan dövrü əhatə edən xidmət haqqını zamanında ödəmiş və sübutları təqdim etmişlər. Odur ki, yuxarıda qeyd olunanlara əsasən "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı qaldırdığı iddianın rədd edilməsini xahiş edirlər. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 781643 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin noyabr ayı üçün ümumi məbləği 3696,89 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 303841 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dekabr ayı üçün ümumi məbləği 7673,54 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 548523 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin yanvar ayı üçün ümumi məbləği 10924,66 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 799658 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin fevral ayı üçün ümumi məbləği 7399,81 manat təşkil edir. - xx.xx.2021-xx.xx.2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışa əsasən göstərilən dövlər ərzində Cavabdeh yaranmış borc məbləği 19871,67 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, AZ0000219 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli, 548523 nömrəli hesaba əsasən 1666,47 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli, AZ0000242 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli, 548523 nömrəli hesaba əsasən 9258,19 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli, AZ0000223 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli, 799658 nömrəli hesaba əsasən 1128,79 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli, AZ0000248 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli, 799658 nömrəli hesaba əsasən 6271,03 manat məbləğində ödəniş edilmişdir. "xxxx" QSC Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edərək borc məbləğinin 10 gün müddətində ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər arasında stansiya xidmətlərinin göstərilməsi ilə bağlı yazılı formada müqavilə bağlanmasa da, bu xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında şifahi razılaşma olmuş, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri göstərilmişdir. Belə xidmətlərin göstərilməsini cavabdeh mübahisələndirməmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərin növləri və dəyəri ilə bağlı (ƏDV daxil) cavabdehə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən onların əsasında iddiaçının hesabına bank köçürmə yolu ilə ödənişlər edilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 19871,67 manat vəsaitin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı həmin tələblə bağlı məhkəməyə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayış təqdim etmişdir. İddia ərizəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə kimi olan dövr üzrə göstərilmiş xidmətlərə görə yaranmış borcun cavabdehdən tutulması xahiş olunsa da, həmin arayışda göstərilən borcun xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə etdiyi qeyd edilmişdir. Bu uyğunsuzluq iddiaçının nümayəndəsinin diqqətinə çatdırılsa da, nümayəndə maliyyə arayışında bir səhv olmadığını, lakin iddia ərizəsində göstərilən dövr ərzində yaranmış borc məbləğinin tutulmasını xahiş etdiklərini bildirmişdir. Cavabdeh qeyd olunan dövr, eləcə də digər dövrlər üzrə göstərilən xidmətlərə görə iddiaçıya borcunun olmadığını bildirmişdir. Təqdim olunmuş sübutlarla təsdiq olunur ki, qeyd olunan dövr üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı təqdim olunan elektron qaimələr üzrə 18324,48 manat məbləğində ödəniş edilmişdir. İddia tələbində qeyd olunan 19871,67 manat məbləğdən 1547,19 manat ödənilməmişdir. Cavabdeh tərəf qeyd olunan məbləğdə yaranan fərqlə bağlı bildirmişdir ki, həmin məbləğdə xidmət göstərilməmiş, yığım vərəqəsi və elektron qaimə təqdim edilməmişdir. Məhkəmə həmin məbləğlə bağlı qeyd edir ki, həmin dövr üzrə həmin məbləğdə xidmətlərin göstərildiyini, borcun mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMCnin iddia tələbində göstərilən tarixlər arasında göstərilmiş xidmətlərə görə iddiaçıya borcunun olması öz təsdiqini tapmadığından iddia rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar