Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2403/2024 13.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 (bundan sonra – iddiaçılar) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Quba Rayon İstehsal-İstehlak Kooperativinin xeyrinə 18120 manat zərər məbləği və 370 manat dövlət rüsumunun, İddiaçı5 xeyrinə 37 968 manat, İddiaçı4 xeyrinə 37 968 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır, X6 "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin X4 baş mühəndisi vəzifəsində işləməklə vəzifəli şəxs olaraq "Azərişıq ASC-nin RETSİ-nin elektrik şəbəkələri əməkdaşlarının vəzifə təlimatı Rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatı"nın tələblərinə əsasən eletrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, hava xətlərinə baxış keçirilməsini və normal vəziyyətdə olmasını, texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək və vaxtında nasazlıq aktları tərtib etmək kimi vəzifələrin ona həvalə edilməsinə baxmayaraq texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasına əməl etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasızlıq edib 25 may 2001-ci il tarixli "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9-cu bəndinin, yəni yanğın təhlükəsizliyi təmin edilərkən yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsi, elektrik ötürücü xətlərin və xarici (çöl) elektrik naqillərinin yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların üzəri ilə çəkilməsinə icazə verilməməsi barədə, 20 fevral 1989-cu il tarixli "Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının” 5.7.1, 5.7.16, 5.7.19-cu bəndlərinin, yəni elektrik ötürmə hava xətlərini istismar edərkən onların etibarlı işinin təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətetmə aparılması, hava xətlərinin istismarında onlara vaxtaşırı və növbədənkənar baxışlar təşkil edilməsi, hava xəttinin bütün uzunluğu üzrə ildə 1 dəfədən az olmamaqla baxış keçirilməsi, bundan əlavə olaraq ildə 1 dəfədən az olmayaraq əsaslı təmirə aid olan bütün xətlər (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrinə seçmə baxışlar aparılması, baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlıqları istismar sənədlərində qeyd edərək onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya hava xəttinin əsaslı təmirində aradan qaldırılması barədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 №-li qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.5.14.6-cı bəndinin, yəni binaların və tikililərin üstündən bir qayda olaraq hava xəttinin keçməsinə icazə verilməməsi barədə tələblərini pozaraq Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Quba Rayon İstehsal-İstehlak Kooperativinə məxsus olmaqla İddiaçı5 və İddiaçı4 tərəfindən icarəyə götürülmüş 55 saylı mağazanın üzərindən çəkilmiş X4 balansında olan 6 kV-luq 11 saylı şəhər hava xəttinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə onun etibarlı işləməsini təmin etməyib işə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən 6 kV-luq 11 saylı şəhər hava xəttinin naqili 26 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində qırılaraq həmin mağazanın damının kənarına vurulmuş dəmir təbəqənin üzərinə düşmüş, bu zaman əmələ gəlmiş qapanmanın təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) mağazanın içərisində yanğının mənbəyi olan sol tərəfdə yerləşən yanar materialların üzərinə düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş vermiş yanğın zamanı 55 saylı mağaza və içərisində ərzaq məhsulları tamamilə yanmasına görə Quba Rayon İstehsal-İstehlak Kooperativinə 18120 manat məbləğində, İddiaçı5 və İddiaçı4 isə 75935 manat məbləğində ziyan dəymişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tikinti və texniki ekspertizasının 11 mart 2021-ci il tarixli, 10/131 saylı rəyindən görünür ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən İddiaçı5 tərəfindən icarəyə götürülmüş, ərzaq mağazasında baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18120,0 manat məbləğində müəyyən olunur. İş üzrə təyin edilib keçirilmiş 19 mart 2021-ci il tarixli, 9/531 saylı məhkəmə- əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, təqdim edilmiş məlumatda göstərilən malların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 75935,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclasında İddiaçı4 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yanğın baş vermiş qeyri-yaşayış sahəsi digər İddiaçı5 tərəfindən Quba Rayon İstehsal-İstehlak Kooperativindən icarəyə götürülmüş, lakin rəsmi icarə müqaviləsi olmamışdır, həmin sahə mağaza kimi işlədilmişdir. Həmin mağazada o, digər İddiaçı5 ilə şərik olaraq fəaliyyət göstərmişdir. Mağazada təxminən 75935 manat dəyərində daşınar əmlak olmuş, yanaraq tam yararsız hala düşmüşdür. Həmin malların alış sənədləri, qaimələri də onlarla birlikdə yanmışdır. Bu səbəbdən mallara dair hər hansı sənədi təqdim edə bilmirlər.
5. Əvvəlki məhkəmə iclasında iddiaçı Quba Rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Z.Bayramov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyri-yaşayış sahəsi tərəflərindən İddiaçı5 icarəyə verilmiş (icarə müqaviləsi yanğında məhv olduğu üçün təqdim edə bilmir), həmin mağazanı da İddiaçı5 digər İddiaçı4la şərik olaraq işlətmişdir. Mağazada ancaq ərzaq malları olmuş, mallar yanğın zamanı bütünlüklə məhv olmuşdur.
6. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Aslanov iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yanğın hadisəsinin baş verməsində cavabdehin hər hansı təqsiri yoxdur. Bundan əlavə, iddiaçılar tərəfindən onlara zərər dəyməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia əsassızdır.
7. İddiaçılar məhkəməyə ərizə ünvanlayıb sonuncu məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi iclasın təxirə salınmasını xahiş etsə də, gəlməməsinin səbəbinin üzrlü olmasına dair sübut təqdim etməmişdir.
8. Sonuncu məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin X4 baş mühəndisi vəzifəsində işləyən X6 Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmişdir.
11. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-1366/2024 nömrəli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə və kassasiya protesti üzrə dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 9/531 nömrəli rəyinə görə təqdim edilmiş məlumatda göstərilən malların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 75935,00 manat müəyyən olunmuşdur.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli, 10/131 nömrəli rəyinə görə Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən İddiaçı5 tərəfindən icarəyə götürülmüş, ərzaq mağazasında baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması təmirtikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18120,0 manat məbləğində müəyyən olunmuşdur.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı5 ünvanlanmış məktuba əsasən xx.xx.2021-ci il tarixində 2020-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci (mallar) sətrində hesabat dövrünün sonuna 75000,00 manat məbləğ əks etdirilmişdir.
15. Quba Rayon X1 Heyətinin xx.xx.2024-cü il tarixli, 10 nömrəli arayışına görə İddiaçı5 və İddiaçı4 Quba Rayon İstehsal-İstehlak Kooperativinin mülkiyyətində olan Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən mağazada xx.xx.2020 tarixindən xx.xx.2020-ci il tarixinə kimi əldə olunmuş razılığa əsasən qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Obyektdə xx.xx.2020-ci il tarixində elektrik hava xətlərində baş vermiş qəza nəticəsində mağaza yanmış və sahibkarlar fəaliyyətlərini dayandırmışlar.
16. Belə ki, iddia ərizəsi iki hissədən ibarətdir:
17. 1. İddiaçı Quba Rayon X2 xeyrinə 18120 manat zərərin ödənilməsi;
18. 2. İddiaçılar İddiaçı5 və İddiaçı4 hər birinin xeyrinə 37968 manat zərərin ödənilməsi.
19. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
23. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
24. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
25. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
26. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
27. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Quba Rayon İstehsal İstehlak Kooerativinə məxsus qeyri-yaşayış sahəsində xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yanğın hadisəsi baş vermiş, cavabdehin işçisi olan X6 həmin hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinmiş, onun barəsində olan ittihamedici hökm qanuni qüvvəyə minmişdir.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
32. Bundan əlavə, materiallara əlavə edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması təmirtikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18120,0 manat məbləğində müəyyən edilmişdir.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Quba Rayon X2 həmin zərərin cavabdehdən tələb edilməsi barədə iddiası əsaslıdır və təmin edilməlidir.
34. Məhkəmə iddiaçılar İddiaçı4 və İddiaçı5 iddiasını isə əsassız hesab edir.
35. Belə ki, iddia ərizəsində İddiaçı4 yanğın hadisəsi zamanı 37968 manat, İddiaçı5 37968 manat zərər dəyməsi göstərilmişdir.
36. İddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin əsaslılığına dair sübut qismində yalnız xx.xx.2021-ci il tarixli ekspert rəyi təqdim edilmişdir.
37. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir.
38. Belə ki, həmin rəyin təsviri hissəsində rəy verilərkən yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli məktubun və zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş malların siyahısının əsas götürüldüyü göstərilmişdir.
39. Belə ki, həmin siyahıda göstərilmiş malların alış sənədlərinin (alqı-satqı müqavilələri, qaimə, təhvil aktları, sığorta müqavilələri və sairə), habelə həmin malların həqiqətən yanğın baş verən zaman mağazada mövcud olması barədə sübutların təqdim edilməsi məhkəmə tərəfindən iddiaçılar İddiaçı4 və İddiaçı5 təklif edilsə də, həmin sənədlər məhkəməyə təqdim edilə bilməmiş, İddiaçı4 həmin mallara dair sənədlərin də yandığını bildirmişdir.
40. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İddiaçı5 ünvanlanmış məktubda isə onun tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannaməsinə əsasən hesabat dövrünün sonuna mal qalığının 75000 manat göstərildiyi bildirilmişdir.
41. İddiaçılar ümumiyyətlə məhkəməyə həmin malların sənədlərinin yandığı təqdirdə həmin siyahının hansı məlumatlar əsas götürülməklə tərtib edilməsi, malların adı və sayları, qiymətlərinin hansı qaydada müəyyən edilməsi barədə məlumat verə bilməmişlər.
42. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
45. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
46. Belə ki, iddiaçılar İddiaçı5 və İddiaçı4 cavabdehin təqsiri nəticəsində onlara maddi zərər vurulduğunu iddia etsələr də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, onlara ümumilikdə 75935 manat ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı5 və İddiaçı4 iddia tələbi əsassızdır və təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 144,36 manat dövlət rüsumu cavabdehə, qalan 224,64 manat dövlət rüsumu isə iddiaçılar İddiaçı5 və İddiaçı4 özlərinə aid edilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 18120 manat məbləğində pul, 144,36 manat dövlət rüsumu, ümumilikdə 18264,36 manat məbləğində pul tutularaq İddiaçı1nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 224,64 manat dövlət rüsumu iddiaçılar İddiaçı5 və İddiaçı4 özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova