Məhkəmə qərarları › İş №e-2-2(113)-2404/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2404/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2404/2023 05.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 Əli oğlunun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Məmmədov İman İsman oğlunun iştirakları ilə, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Məmmədov İman İsman oğluna və Cavabdeh1 Əli oğluna qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Məmmədov İman İsman oğluna və Cavabdeh1 Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.842,35 ABŞ dolları əsas, 904,58 ABŞ dolları faiz, 4.970,91 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 529,47 ABŞ dolları faiz borcu olmaqla cəmi cəmi 10.247,31 ABŞ dolları məbləğində borcun və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Məmmədov İman İsman oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Məmmədov İman İsman oğlu arasında bağlanmış 15 sentyabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə əsas vəsaitinin artırılması məqsədi ilə 24 ay müddətinə illik 21,5 faiz olmaqla 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Məmmədov İman İsman oğluna kredit verilərkən Cavabdeh1 ilə bank arasında 370007300/ZM nömrəli 15 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 19 aprel 2017-ci il tarixdə 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 15.338,04 ABŞ dolları təşkil edir. Borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 11.092,5 ABŞ dolları əsas borc, 3.348,05 ABŞ dolları faiz borcu və 897,49 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə sazişə əsasən Cavabdeh1 zaminlik müqaviləsi bağlanılır. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması X4 İsman oğluna və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış əsas borcun, cərimə və faiz borcunun ödənilməsi tələbinə dair mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/10-00088 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borc alan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********357 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Məmmədov İman İsman oğlunun xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 10.247,31 ABŞ dolları təşkil edir. Bundan 3.842,35 ABŞ dolları əsas, 904,58 ABŞ dolları faiz, 4.970,91 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 529,47 ABŞ dolları faiz borcudur. xx.xx.2023-cü il tarixində Cavabdeh1 Əli oğlunun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə yazılı etiraz (iddia müddətinin tətbiqinə dair ərizə) təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbinin bütövlükdə və xüsusilə zaminə qarşı olan hissəsini əsassız hesab edirlər. 1. İddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. 1.1. Yazılı (yəni imzalı və möhürlü) iddia ərizəsi Əmanətlərin Sığortalanması Fondunun (“Ləğvedici”) Hüquq departamentinin direktoru X3 tərəfindən imzalanmışdır. Yəni Əmirov iddiaçının deyil, ləğvedicinin işçisidir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsində deyilir: “Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. “Bəli, Ləğvedicinin icraçı direktoru X2 iddiaçının qanuni təmsilçisi kimi göstərilmişdir. Lakin Əmirov İddiaçının deyil, Ləğvedicinin işçisidir. Buna görə də iş materiallarında olan və Ləğvedicinin icraçı direktoru X1 imzaladığı 20 dekabr 2022-ci il tarixli 01/10321 saylı əmr Əmirova ləğv prosesində olan bankların məhkəmələrdə təmsilçiliyinə dair hissədə etibarsızdır. Əmirov məhkəmələrdə yalnız Ləğvedicinin özünü təmsil edə bilər. Lakin hətta Ləğvedicinin özünü də Əmirov təqdim edilmiş əmr əsasında təmsil edə və iddia ərizəsini imzalaya bilməz. Etibarnamə təqdim edilməli idi. Beləliklə, iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalanıb. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda, geri qaytarılmalıdır. 1.2. Elektron iddia ərizəsini isə Nümayəndə1 imzalayıb (ümumiyyətlə, bu yanaşmanı özü əcaibdir: iki fərqli şəxs tərəfindən imzalanmış iddia ərizələri var!). Təqdim edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, o, iddiaçının məhkəmələrlə iş şöbəsinin müdiridir. Yəni iddiaçının işçisidir. Lakin ona etibarnaməni (21 iyul 2022-ci il tarixli) Ləğvedicinin problemli kreditlərlə iş idarəsinin rəisi Elnur Quliyev verib. Elnur Quliyevə isə bu “səlahiyyət” Ləğvedicinin icraçı direktorunun 10 sentyabar 2021-ci il tarixli əmri ilə verilmişdir. Əslində isə icraçı direktor birbaşa Nümayəndə1 etibarnamə verməli idi. Belə etmədiyi üçün sonuncuya Elnur Quliyev tərəfindən verilmiş etibarnamənin hüquqi qüvvəsi yoxdur, yəni o, etibarsızdır. Belə ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Məcəllənin 362.5-ci maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Ləğvedicinin 10 sentyabr 2021-ci il tarixli əmri etibarnamə deyil. Ən azı ona görə ki, üzərində möhür yoxdur. Digər tərəfdən isə Elnur Quliyev iddiaçının deyil, Ləğvedicinin işçisidir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsində deyilir: “Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.” Deməli, o, heç bir halda iddiaçını məhkəmədə təmsil edə bilməz. Deməli, ona etibarnamə də verilə bilməzdi (lap əmri etibarnamə hesab etsək belə). Beləliklə, özünə etibarnamə verilməmiş Elnur Quliyev təbii ki, başqasına (Nümayəndə1) da etibarnamə verə bilməzdi. Beləliklə, iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalanıb. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda, geri qaytarılmalıdır. 2. İddia müddəti ötmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kredit müqaviləsinə əsasən onun müddəti 19 fevral 2020-ci ilədək olmuşdur. Mediasiya üzrə təqdim edilmiş sənədlərdən görünür ki, həmin prosesə (Ləğvedicinin müraciəti) 22 fevral 2023-cü il tarixdə başlanılmışdır. Beləliklə də iddia müddəti buraxılmışdır. Buna görə də iddia tələbinə iddia müddəti tətbiq edilərək o rədd olunmalıdır. 3. Zaminlik müqaviləsinə xitam verilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndində də göstərilib ki, “Zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda” zaminliyə xitam verilir. İddia bu kəsici müddət bitəndən xeyli sonra irəli sürülüb. Buna görə də zaminliyə artıq xitam verilib. Qeyd edilənləri nəzərə alaraq, bu etirazın 1-ci bölməsində göstərilənlərə rəğmən işə baxıldığı təqdirdə, iddiaya dair bütövlükdə iddia müddətinin tətbiq edilməsini, zaminə münasibətdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Məmmədov İman İsman oğlu iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Əli oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etirazda (iddia müddətinin tətbiqinə dair ərizə) göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Məmmədov İman İsman oğlu iddia tələbini qəbul etməyərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" ASC (kreditor) ilə Məmmədov İman İsman oğlu (borc alan) arasında bağlanmış 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən kreditor borcalana illik 21,5 faiz ödəmək şərti ilə 24 ay müddətinə 14.000 ABŞ dolları məbləğində krediti borc alanın mülkiyyətinə verməyi və borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafikinə əsasən borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 43% dərəcəsi ilə, aylıq isə 3,58% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 6.1-ci bəndinə əsasən kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda verdiyi krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını borclandan tələb edə bilər: 6.1.1. Borcalan ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə; 6.1.2. Borcalan tərəfindən ödəniş qrafiki üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin 1 saylı əlavəsinə (ödəniş planına) əsasən Məmmədov İman İsman oğlu tərəfindən kredit müqaviləsi üzrə ödəniləcək əsas məbləğ 14.000 ABŞ dolları, faizin məbləği 3.349,86 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 17.349,86 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" ASC (kreditor), Məmmədov İman İsman oğlu (borc alan) və Cavabdeh1 Əli oğlu (zamin) arasında 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin və ya zaminlərin öz üzərinə götürməsidir. 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi "xxxx" ASC tərəfindən ayrıldığı vəsaitdir. 2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər illik 21,5 faiz ödəmək şərti ilə 24 ay müddətinə 14.000 ABŞ dolları məbləğində verilmiş kreditdir (kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik 43% dərəcəsi, aylıq isə 3,58% dərəcəsi cəriəmə faizi hesablanır) 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borclan ilə eyni həcmdə məsuliyyət daşıyır. 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülməyi halda zaminliyə xitam verilir. 5.1-ci bəndinə əsasən Bank borc alandan 21 fevral 2018-ci il tarixli, № 01 saylı müqavilə üzrə tələbinin ödənilməsi ilə bağlı ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələbi borc alan ilə birgə məsuliyyət daşıyan zaminə qarşı irəli sürür. Müqavilə zaminin, bank və borc alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsinin 1 saylı əlavəsinə əsasən Məmmədov İman İsman oğlu tərəfindən kredit müqaviləsi üzrə ödəniləcək əsas məbləğ 14.000 ABŞ dolları, faizin məbləği 3.351 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 17.352 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Əlavə 1 zaminin, bank və borc alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən müəyyən edilir ki, kredit olaraq hesaba ayrılmış 14.000 manat pul vəsaiti Məmmədov İman İsman oğlu tərəfindən nağdlaşdırmışdır. "xxxx" QSC (kreditor) ilə Məmmədov İman İsman oğlu (borc alan) arasında 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər saziş üzrə 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə dəyişikliklərin edilməsi haqqında aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Dəyişikliklərin məzmunu 1.1. Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: • Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit") 15.338,04 ABŞ dolları təşkil edir. • Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir. • Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 11.092,5 ABŞ dolları əsas borc, 3.348,05 ABŞ dolları faiz borcu və 897,49 ABŞ dolları cərimə borcu təşkil edir. • Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və 12(on iki) aydan sonra ilk 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə ilk 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. • Restrukturizasiya edilmiş kredit 12 ( on iki) aydan öncə tam bağlanarsa, ödənilmiş məbləğ 12 ( on iki) ayın yerdə qalan ayları üzrə bu Sazişə əlavə edilmiş ödəniş qrafikinə əsasən hesablanacaq faizlər həcmində dondurulmuş faizlərdən silinir və dondurulmuş faizlərin qalan hissəsi Kreditor tərəfindən güzəşt edilir. • Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-cı il tarixədək təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. 1.3. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş odənış tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 1.4. Borcalan Kreditora kreditin restrukturizasiyasmın rəsmiləşdirilməsi üçün (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərclər) bu Müqavilənin 0 (sıfır) % məbləğində komissiya haqqı ödəyir. 1.5. Bu Saziş imzalandığı tarixdən etibarən Müqavilənin ayrılmaz hissəsi olan odənış qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu Sazişə əlavə edilir. 1.6. Borcalan yuxarıdakı ödəniş qrafiki uzrə öhdəliklərinin icrası zamanı ilk 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, Kreditorun təşəbbüsü ilə X7 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X7 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış ********* saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Barıkın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir. 2.1. Bu əlavə saziş imzalandığı tarixdən qüvvəyə minir. 2.2. Bu saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. Əlavəyə əsasən Məmmədov İman İsman oğlu tərəfindən ödəniləcək əsas məbləğ 11.092,5 ABŞ dolları, faizin məbləği 1.307,22 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 12.399,72 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Əlavə bank və borc alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC (kreditor), Məmmədov İman İsman oğlu (borc alan) və Cavabdeh1 Əli oğlu (zamin) arasında 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər saziş üzrə 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsinə dəyişikliklərin edilməsi haqqında aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Dəyişikliklərin məzmunu 1.1. Borcalanın Kreditor qarşısındakı 15.338,04 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") təşkil edir. 1.1.1. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 11.092,5 ABS dolları əsas borc, 3.348,05 ABS dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 897,49 ABŞ dolları cərimə borcu təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarıxədəkdır. 1.3. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. 1.4. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 2.1. Bu əlavə saziş imzalandığı tarixdən qüvvəyə minir. 2.3. Bu saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. Saziş zaminin, bank və borc alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir. Məmmədov İman İsman oğlunun 37-70124244-40 nömrəli bank hesabından çıxarışdan müəyyən edilir ki, "xxxx" ASC ilə Məmmədov İman İsman oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu tarix xx.xx.2019-cu il olmaqla müxtəlif vaxtlarda həmin hesaba müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (maliyyə) arayışa əsasən Məmmədov İman İsman oğlunun "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 3.842,35 ABŞ dolları məbləğində əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 904,58 ABŞ dolları, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 4.970,91 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 529,47 ABŞ dolları olmaqla, cəmi 10.247,31 ABŞ dolları məbləğində kredit borcu vardır. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Məmmədov İman İsman oğluna və Cavabdeh1 Əli oğluna pretenziya məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İşin mübahisə edilməyən halları ilə təsdiq edilir ki, "xxxx" ASC ilə Məmmədov İman İsman oğlu arasında bağlanılmış 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Məmmədov İman İsman oğluna illik 21,5 faiz ödəmək şərti ilə 24 ay müddətinə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra "xxxx" ASC ilə Məmmədov İman İsman oğlu arasında bağlanılmış 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş bağlanmış və həmin sazişə əsasən tərəflər borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 15.338,04 ABŞ dollar olması (kredit öhdəliyinin qalığının tərkibini 11.092,5 ABŞ dolları əsas borc, 3.348,05 ABŞ dolları faiz borcu və 897,49 ABŞ dolları cərimə borcu təşkil edir) və Məmmədov İman İsman oğlunun restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-cı il tarixədək olması və restrukturizasiya edilmiş kredit üzrə borc alan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməsi, restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsinin 8 (səkkiz) faiz təşkil etməsi barədə razılaşmışlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nəzarət Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Hazırda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Məmmədov İman İsman oğlu ilə aralarında bağlanmış 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə hesablanmış 3.842,35 ABŞ dolları əsas, 904,58 ABŞ dolları faiz, 4.970,91 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 529,47 ABŞ dolları faiz borcunun, cəmi 10.247,31 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlər Məmmədov İman İsman oğlu və Cavabdeh1 Əli oğlundan tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh Məmmədov İman İsman oğlu 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Məmmədov İman İsman oğlundan həmin kredit müqaviləsi üzrə 3.842,35 ABŞ dolları məbləğində əsas və h 904,58 ABŞ dolları məbləğində faiz borcunun tutulmasına dair tələbi əsaslıdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kredit razılaşmaları üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Məmmədov İman İsman oğluna hesablanmış 4.970,91 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh Məmmədov İman İsman oğlunun ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsi tələbi də əsaslıdır. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçının xx.xx.2020-ci il tarixdən sonrakı müddət üçün müqavilə üzrə ödənilməsi tələb etdiyi faiz borcunun tutulması hissəsində də iddia əsaslıdır. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (kreditor) ilə Məmmədov İman İsman oğlu (borc alan) arasında bağlanmış 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 Əli oğlu (zamin) arasında 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə dəyişikliklərin edilməsi haqqında xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh1 Əli oğlu kredit alan Məmmədov İman İsman oğlunun 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi, o cümlədən kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişdən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Digər tərəfdən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla yanaşı tərəflər 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilməsi barədə razılığa gəlmişlər. Daha sonra xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişlə 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsinə dəyişiklik edilərək zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının xx.xx.2020-ci ilədək uzadılması razılaşdırılmışdır. Belə olan halda iddianın (o cümlədən iş üzrə zamin olan Cavabdeh1 Əli oğluna qarşı) xx.xx.2023-cü il tarixdə verildiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı (kreditor) zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtından 1 il ərzində, yəni xx.xx.2021-ci ilədək zaminə qarşı iddia irəli sürmədiyindən Cavabdeh1 Əli oğlunun zaminliyinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Odur ki, iddiaçı LPO "xxxx" ASC-nin iddiası zaminə (Cavabdeh1 Əli oğluna) münasibətdə rədd olunmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, işə məhkəmədə baxılarkən cavabdehlər Məmmədov İman İsman oğlu və Cavabdeh1 Əli oğlu tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2-ci, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırkı işin materiallarından isə müəyyən edilir ki, 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə (kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş nəzərə alınmaqla) öhdəliyin icra müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamışdır. Odur ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC hazırkı iddianı iddia müddətinin axımı başladığı vaxtdan 3 il 1 ay 25 gün müddət keçdikdən sonra – 13 aprel 2023-ci il tarixdə verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini (mediasiya üçün müddətin dayandırılmalı olduğu 30 günlük müddət də nəzərə alınsa belə) buraxmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif təqdim etsə də, təklifin həmin tarixdə cavabdehlərə göndərilməsini təsdiq edən qəbz (poçt və s.) məhkəməyə təqdim edilməmişdir, bununla yanaşı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışda mediasiyanın tətbiqi barədə təklifin tarixinin xx.xx.2022-ci il olduğu qeyd edilmiş, odur ki, mediasiya prosesinin tətbiqi barədə təklifin cavabdehlərə hansı tarixdə göndərilməsi iş materiallarına əsasən müəyyən edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, mediasiya barədə təklifin xx.xx.2023-cü il tarixdə göndərilməsi nəzərə alınsa belə iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, cavabdehlər iddiaçının xx.xx.2023-cü il tarixli mediasiya barədə təklifinə 10 gün ərzində cavab vermədiklərindən “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən təklifin göndərilməsindən 30 gün keçdikdən sonra mediasiya prosesinə xitam verilmiş, yəni mediasiya təklifinin göndərilməsi ilə bağlı iddia müddəti 30 gün müddətinə dayandırılmışdır. Daha sonra iddia müddətinin axımı mediasiyaya müraciət edilməsi barədə ərizənin mediasiya təşkilatına göndərilməsi(xx.xx.2023) ilə yenidən dayandırılmış və 20 gün sonra - xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışın iddiaçıya təqdim edilməsindən sonra yenidən davam etmişdir. Göründüyü kimi, iddia müddəti axımı mediasiya təklifinin göndərilməsindən mediasiya prosesinə xitam verilənədək olan müddətdə - 30 gün və mediasiya təşkilatına müraciət edilməsindən arayışın alınmasına qədər olan müddətdə 20 gün, cəmi 50 gün müddətinə dayandırılmışdır. Beləliklə, hazırkı iddia iddia müddətinin axımı başladığı vaxtdan 3 il 1 ay 25 gün müddət keçdikdən sonra qaldırıldığından iddia müddətinin axımının dayandırıldığı 50 gün nəzərə alınsa belə iddiaçı tərəfindən iddia müddətinin buraxılması açıq-aşkardır. Mülki Məcəllənin: 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə ddia müddətinin axımı dayandırılır. 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respubliaksının Qanunun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.7. Bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 24.7-ci maddəsinə görə b u Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. 32.1.4-cü maddəsinə əsasən tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə mediasiya prosesinə xitam verilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia iddia müddəti buraxılmaqla verildiyindən iddianın Məmmədov İman İsman oğluna qarşı olan hissəsinin də təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Məmmədov İman İsman oğluna və Cavabdeh1 Əli oğluna qarşı borcun tutulması barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Məmmədov İman İsman oğluna və Cavabdeh1 Əli oğluna qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar