Məhkəmə qərarları › İş №e-2-2(113)-2408/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2408/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2408/2024 26.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi üzrə icarə haqqı və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" MMC (Subicarəyə verən) və Cavabdeh MMC (Subicarəçi) arasında 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə ilə subicarəyə verən icarə müqaviləsi əsasında sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 953 kv/m olan qeyri-yaşayış binasının 933 kv/m olan hissəsini və 0.38291 ha torpaq sahəsinin 0.20 ha hissəsini subicarəçiyə öz fəaliyyətini həyata keçirmək məqsədi üçün subicarəyə verir və subicarəçi bu müqavilədə nəzərdə tutulmuş icarə haqqını subicarəyə verənə ödəyir. 2.2.3-cü bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş icarə haqqını subicarəyə verənə vaxtında və tam həcmdə ödəmək subicarəçinin vəzifəsidir. 3.1-ci bəndinə əsasən obyektin aylıq icarə haqqı 18.000 manat təşkil edir. İcarə haqqına ƏDV daxil deyil və ƏDV subicarəçi tərəfindən ödənilir. 3.2.-ci bəndinə əsasən icarə haqqı 3 ayda bir dəfə üç aylıq müddətin birinci ayında subicarəyə verən tərəfindən təqdim olunmuş elektron qaimə əsasında onun təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində nağdsız qaydada (bank köçürməsi yolu ilə) subicarəyə verənə ödənilməlidir. 4-cü bəndinə əsasən Müqavilə xx.xx.2022-ci il tarixdən etibarən qüvvəyə minir və müqavilə üzrə subicarənin müddəti bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 24 (iyirmi dörd) ay təşkil edir. 5.2.-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddətdə icarə haqqının ödənilməsi gecikərsə, subicarəçi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1%-i miqdarında dəbbə pulu ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. "xxxx" MMC (Subicarəyə verən) və Cavabdeh MMC (Subicarəçi) arasında bağlanılmış 15 sentyabr 2022-ci il tarixli, 01/22-1 saylı subicarə müqaviləsinə 1 saylı əlavəyə əsasən müqavilənin 3.2-ci bəndi yeni redaksiyada veirlmişdir. 3.2.Hər ay üçün icarə haqqı subicarəyə verən tərəfindən hər ay əvvəlcədən təqdim olunmuş elektron qaimə əsasında onun təqdim edildiyi tarixdən etibarən 5 iş günü ərzində nağdsız qaydada (bank köçürməsi yolu ilə) subicarəyə verənə ödənilir, eyni zamanda müqavilədə aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilmişdir. 3.4. Subicarəçinin müraciətinə və subicarəyə verənin razılığına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 3 aylıq müddət üçün aylıq icarə haqqı müqavilənin 3.1-ci bəndində göstərilmiş aylıq icarə haqqının 50%-ni, yəni ƏDV-siz 9000 manat təşkil edəcək. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən obyekt (qeyri-yaşayış binası və torpaq sahəsi) və əşyalar (laminat masa yığılma, ağ dolab, oval masa, divar mebeli yığılma, kondisioner gree, qara oturacaq, reseption masası, şüşə masa, masa, turniket boz, qazanxana və boz açar dolabı) "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə subicarəyə verilmişdir. Təhvil-təslim aktı tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. "xxxx" MMC tərəfindən 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi üzrə icarə haqqına görə ümumilikdə 127.440 manat (19.440 manat məbləğində ƏDV olmaqla) məbləğində EBDO 356198 saylı xx.xx.2023-cü il tarixli, EBDP 010113 saylı xx.xx.2023-cü il tarixli, EBDQ 516984 saylı xx.xx.2023-cü il tarixli, EBDT 819075 saylı xx.xx.2023-cü il tarixli, EBDV 765742 saylı xx.xx.2023-cü il tarixli, EBDX 286338 saylı xx.xx.2024-cü il tarixli, EBDY 928197 saylı xx.xx.2024-cü il tarixli elektron qaimələr elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

5. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə icarə haqqının ödənilməsi dair xx.xx.2024-cü il tarixli pretenziya ünvanlanmışdır, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. Məhkəmə iclasında iş materiallarında olan fləş karta baxış keçirilərkən foto şəkillərdən müəyyən edilmişdir ki, MSDİS Holding-ə məxsus binada bəzi otqlar əşyasızdır, bəzi otaqlarda isə müxtəlif məişət əşyaları (bir qismi sökülü vəziyyətdə) yığılmışdır, eyni zamanda ambarda karton qutular və əşyalar saxlanılmaqdadır. CD-diskdə və fleş kartda olan videoyazılarla müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə icarəçi tərəfindən icarə obyektində çəkiliş aparılmış, obyekt yeni təmir edilmiş vəziyyətdədir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi əsasında cavadehə təqdim edilmiş elektron qaimələr üzrə cəmi ƏDV ilə birlikdə 127.440 manat məbləğində icarə haqqının, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş elektron qaimələr üzrə ƏDV ilə birlikdə cəmi 98.235 manat məbləğində dəbbə pulunun, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 127.440 manat məbləğində icarə haqqı borcuna Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə müəyyən edilmiş 7,75 % bank uçot dərəcəsinə uyğun hesablanmış 9.876,60 manat məbləğində faizin, çəkilmiş xərclərin əvəzi olaraq 526 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 1020 manat məbləğində xidmət haqqının Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (subicarəyə verən) və Cavabdeh MMC (subicarəçi) arasında bağlanılmış 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli Subicarə müqaviləsi əsasında iddiaçı tərəfindən Cavabdeh MMC-nə təqdim edilmiş EBDO 356198 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 10620 manat, EBDP 010113 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 10620 manat, EBDQ 516984 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat, EBDT 819075 saylı, xx.xx.2023- cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat, EBDV 765742 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat, EBDX 286338 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat, EBDY 928197 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 (iyirmi bir min iki yüz qırx) manat, cəmi ƏDV ilə birlikdə127 440 (manat məbləğində icarə haqqı bu günədək "xxxx" MMC-yə ödənilməmişdir. Halbuki Subicarə müqaviləsinin 3.2.-ci bəndinə əsasən hər ay üçün icarə haqqı subicarəyə verən tərəfindən hər ay əvvəlcədən təqdim olunmuş elektron qaimə əsasında onun təqdim edildiyi tarixdən etibarən 5 iş günü ərzində nağdsız qaydada (bank köçürməsi yolu ilə) Subicarəyə verənə ödənilməlidir. Dəfələrlə tərəflərindən şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən icarə haqqı borclarının ödənilməsi gecikdirilir. İcarə haqqı borcunun ödənilməsi ilə bağlı xx.xx.2024-cü tarixdə tərəflərindən Cavabdeh MMC-nə sonuncu xəbərdarlıq, xx.xx.2024-cü il tarixdə isə pretenziya göndərilmişdir. Lakin, icarə haqqı borcunun ödənilməsi istiqamətində Cavabdeh MMC tərəfindən bu günədək heç bir addım atılmamışdır. Subicarə müqaviləsinin 7.1.-ci bəndinə əsasən bu müqavilənin yerinə yetirilməsi zamanı tərəflər arasında yaranmış mübahisələr birbaşa danışıqlar yolu ilə həll olunur. Həmin müqavilənin 7.2.-ci bəndinə əsasən danışıqlar nəticəsində tərərflər razılığa gəlmədikdə, mübahisə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll olunur. Odur ki, Subicarə müqaviləsi üzrə ƏDV ilə birlikdə 127.440 manat məbləğində icarə haqqı borcu məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı subicarə müqaviləsinin 5.2.-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddətdə icarə haqqının ödənilməsi gecikərsə, subicarəçi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1%-i miqdarında dəbbə pulu ödəyir. İcarə haqqları cavabdeh tərəfindən vaxtında ödənilmədiyi üçün subicarə müqaviləsinin 5.2.-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün 1% olmaqla EBDO 356198 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 10620 manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2023xx.xx.2024-cü il dövrü (171 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 18160,20 manat (10620 manat x 1% x 171 gün), EBDP 010113 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrəƏDV ilə birlikdə 10620 manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2023xx.xx.2024-cü il dövrü (152 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği16142,40 manat (10620 manat x 1% x 152 gün), EBDQ 516984 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat məbləğində icarə haqqıməbləğinə xx.xx.2023xx.xx.2024-cü il dövrü (97 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 20602,80 manat (21240 manat x 1% x 97 gün), EBDT 819075 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat məbləğində icarə haqqıməbləğinə xx.xx.2023xx.xx.2024-cü il dövrü (97 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 20602,80 manat (21240 manat x 1% x 97 gün), EBDV 765742 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 (iyirmi bir min iki yüz qırx) manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2024-xx.xx.2024-cü il dövrü (60 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği12744 manat (21240 manat x 1% x 60 gün), EBDX 286338 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə ƏDV ilə birlikdə 21240 manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2024-xx.xx.2024-cü il dövrü (34 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği 7221,60 manat (21240 manat x 1% x 34 gün), EBDY 928197 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrəƏDV ilə birlikdə 21240 manat məbləğində icarə haqqı məbləğinə xx.xx.2024-xx.xx.2024-cü il dövrü (13 gün) üzrə hesablanmış dəbbə pulunun məbləği2761,20 manat (21240 manat x 1% x 13 gün), cəmi dəbbə pulunun məbləği 98235 (doxsan səkkiz min iki yüz otuz beş) manat təşkil edir. Beləliklə, cavabdeh icarə haqlarının ödənilməsini gecikdirdiyinə görə icarə haqqı borcuna hesablanmış 98235 manat məbləğində dəbbə pulu da məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, cavabdeh icarə haqqı borcunu ödəməkdən boyun qaçırmaqla, borcun ödənilməsini gecikdirməklə ondan faydalandığına görə o, qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizlər də ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə müəyyən edilmiş bank uçot dərəcəsi 7,75 %-dir, həmin dərəcə ilə 127 440 manat məbləğində icarə haqqı borcuna hesablanmış faiz 9 876,60 manat (127440 manat x 7,75%) təşkil edir və həmin məbləğ də məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, pozulmuş hüquqlarının bərpa etmək üçün tərəflərindən çəkilmiş xərclərin əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, hüquqlarını bərpa etmək üçün tərəflərindən çəkilmiş xərclər olaraq məhəkəməyə ödənilmiş dövlət rüsumu 526 manat və vəkilə ödənilmiş xidmət haqqı 1020 manat təşkil edir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 448 və 449-cu maddələrinə istinad etmişdir.

10. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi əsasında cavabdehə təqdim edilmiş elektron qaimələr üzrə cəmi ƏDV ilə birlikdə 127.440 manat məbləğində icarə haqqının, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş elektron qaimələr üzrə ƏDV ilə birlikdə cəmi 188.717,40 manat məbləğində dəbbə pulunun, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 127.440 manat məbləğində icarə haqqı borcuna Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə müəyyən edilmiş 7,75 % bank uçot dərəcəsinə uyğun hesablanmış 9.876,60 manat məbləğində faizin, çəkilmiş xərclərin əvəzi olaraq 617 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 1020 manat məbləğində xidmət haqqının Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən, ƏDV xaric 54.000 manat hissədə qəbul etmiş, suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ilin noyabr ayından subicarəyə götürdükləri obyektdən istifadə etmirlər, mübahisə predmeti olan obyekti iddiaçıya təhvil veriblər, təhvil verməmişdən əvvəl iddiaçı obyektin icarədən əvvəlki vəziyyətə gətirilməsini tələb etdiyindən təhvil verilmə gecikmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 449.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. AR MPM-in: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

18. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC (Subicarəyə verən) və Cavabdeh MMC (Subicarəçi) arasında 01/22-1 saylı, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 953 kv/m olan qeyri-yaşayış binasının 933 kv/m olan hissəsi və 0.38291 ha torpaq sahəsinin 0.20 ha hissəsi Cavabdeh MMC-yə subicarəyə verilmişdir. Cavabdeh MMC xx.xx.2023-cü il tarixədək olan müddət üçün həmin müqavilə üzrə icarə haqqını iddiaçıya ödəmişdir.

21. Hazırda iddiaçı "xxxx" MMC xx.xx.2023-cü il – xx.xx.2023-cü il tarixləri arası dövr üçün icarə haqqının ödənilməsini Cavabdeh MMC-dən tələb edir.

22. İşin mübahisəli halı icarə obyektinin icarəyə verənə qaytarılması, yəni icarə münasibətlərinə faktiki xitam verilməsi tarixi ilə bağlıdır.

23. Həmin halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh icarə müqaviləsinə vaxtından əvvəl xitam vermək barədə niyyətini əvvəlcədən iddiaçıya bildirdiyini, icarə obyektini xx.xx.2023-cü il tarixdən tərk etdiyini, iddiaçının tələbi ilə obyekti icarədən əvvəlki vəziyyətə qaytardıqdan sonra iddiaçıya təhvil verdiyini və tərəflər arasında razılığa əsasən icarə haqqının xx.xx.2023-cü il tarixədək olan müddət üçün tutulmalı olduğunu iddia etsə də, iddia etirazına əsas kimi istinad etdiyi həmin halları təsdiq edən mötəbər sübutları (təhvil-təslim aktı, xəbərdarlıq məktubları və s.) məhkəməyə təqdim etməmişdir.

24. Cavabdeh tərəfindən təqdim edilmiş İnternet vergi İdarəsinin Obyekt siyahısından çıxarışa münasibətdə məhkəmə qeyd edir ki, həmin sənəd yalnız icarə obyektinin xx.xx.2023-cü il tarixdə cavabdehin vergi uçotundan çıxarıldığını sübuta yetirməklə, nə icarə müqaviləsinə həmin müqavilədə göstərilən qaydada vaxtından əvvəl xitam verilməsini, nə də ki, icarə obyektinin həmin tarixdə iddiaçıya qaytarılmasını sübuta yetirmir.

25. Məhkəmə iclasında tədqiq edilmiş videoyazılara münasibətdə isə qeyd edilməlidir ki, həmin videoyazılar cavabdehin etirazının əsası kimi istinad etdiyi faktiki halların əksinə olaraq cavabdehin xx.xx.2024-cü il tarixdə hələ də icarə sahəsində olması faktını təsdiq edir.

26. Odur ki, cavabdehin xx.xx.2024-cü il tarixədək olan müddət ərzində icarə sahəsini iddiaçıya təhvil verməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçı həmin tarixədək olan müddət üçün icarə haqqının ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

27. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 188.717,40 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

29. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə almaqla tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 6000 manat məbləğində müəyyən edilməlidir.

30. İddianın pul öhdəliklərinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur.

31. Hazırkı işdə isə iddiaçı tərəfindən cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödənilməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir.

32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 617 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

33. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 617 manat təşkil edir.

34. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 245 manat məbləğində manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

35. Bununla yanaşı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi olması barədə prosessual normanı nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 127.440 manat məbləğində icarə haqqı borcu, 6000 manat məbləğində dəbbə pulu, ümumilikdə 133.440 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 245 manat və vəkil xərclərinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar