Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2409/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6 və Şəmkir Rayon İcra və Probasiya Şöbəsi) qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümyəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6 və Şəmkir Rayon İcra və Probasiya Şöbəsi) qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılmasına dair Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 275117/2021-12 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindənxx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş təklif olunan əmlakın əldə edilməsinə dair açıq hərracın yekunları barədə № 145/23 saylı Protokolunetibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-939/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən həmin iş üzrə cavabdeh X1 10.850 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün borclu X5 qeydiyyatı üzrə Şəmkir rayon İcravə Probasiya Şöbəsinə göndərilmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsi isə icra sənədinin icra olunması üçün X4 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilmiş və ilkin satıq qiyməti 60.000 manat dəyərində müəyyən edilərək icra sənədi üzrə hərracın keçirilməsi Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh MMC -yə göndərmişdir. İcra şöbəsində və hərracın elan etdiyi hərrac satışında borclu və Şəmkir rayon İcra şöbəsinin icra məmuru tərəfindən satılan obyektin şəkilləri göstərilmiş və yerində obyektə baxış keçirilimişdir. Tələbkar tərəfindən baxış keçiriləndən sonra tələbkar obyekti almaq və qalan ödənişi etməklə razılaşaraq hərraca qoşulmuşdur. Hərracın nəticəsi olaraq hərracı udan tərəf icra sənədi üzrə tələbkar olan İddiaçı MMC olmuşdur. Hərrac əmlakının da, tələbkara təklif olunan qiyməti 42.000 manat olmuşdur və həmin qiymətlə də, harrac bitərək tələbkara təklif olunan əmlakın əldə edilməsinə dair açıq hərracın yekunları barədə № 145/23 saylı Protokol tərtib edilərək imzalanmışdır. Hərrac bitəndən sonra hərrac nəticəsində əldə edilən və hərracın təşkili zamanı göstərilən obyekti hərrac qiymətini ödədikdən sonra artıq iddiaçı öz adına rəsmləşdirmək isdəyən zaman Əmlak komitəsinin nümayəndəsi müəyyən etdi və bildirdi ki, hərracda qeyd edilən və göstərilən əmlakla satılan qeyri yaşayış obyekti fərqli obyektlərdi. Sonradan müəyyən olundu və borclu olan X6 həqiqətəndə çıxarışı olan obyektin göstərdiyi obyektin sənədi olmamış və başqa şəxsin, yəni oğlunun istifadəsində olan obyektin olduğunu bildirdi. Sonradan isə borclu göstərilən və şəkillərlə hərrac mərkəzinə təqdim edilən qeyri-yaşayış sahəsinin də, onlara məxsus olduğunu bildirərək aldadaraq satmaq istədiyi obyektin yerinə bizim adımıza rəsmləşdirməyi öhdəsinə götürdü. Lakin bu günə kimi də, sənədləşməni yerinə yetirmədi. Hətta borclu icra şöbəsinə ərizə yazaraq həqiqətən də hərrac nəticəsində satılan qeyri-yaşayış sahəsinin iddiaçıya göstərilən qeyri-yaşayış sahəsi olmadığını və hərrac nəticəsi olaraq qalan pulu aldığını bildirmişdir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia ərizəsində göstərmişdir ki, cavabdeh olan borclu, sifarişçi olan İcra Şöbəsi və hətta hərrac mərkəzi belə satılan qeyri-yaşayış sahəsinin sənədinin şəkillərdə göstərilən qeyri-yaşayış sahəsi ilə uyğun olmadığını müəyyənləşdirmədən aldadaraq iddiaçıya satmaq qərarına gəlmişdirlər. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İlk öncə qeyd etməyi zəruri hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-939/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasan, Şəmkir rayon İcra Şöbəsinin 275117 /2021-12 saylı, 01,02.2023-cü il tarixli sifarişi üzrə, X4 məxsus, ünvan 3 ünvanında. 0,04370 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 36.50 kv.metr olan, bir otaqlı, bir mərtəbəli qeyri yaşayış binasının açıq hərracda satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. Sözügedən sifariş üzrə ilkin və təkrar hərraclar qanunvericiliyin tələblərinə uyğun olaraq təyin olunmuş, eləcə də hərracların keçirilməsi ilə bağlı elanlar kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (Portalında) dərc olunmuş və həmin elanlar hərrac təşkilatçısının rəsmi internet səhifəsində ( "E-herrac.com") yerləşdirilmişdir. Həmçinin hərracların təyin olunması barədə bildirişlər tərəfimizdən sifarişçi İcra Şöbəsinə, tələbkar "Nazim-1001” MMC-nə, borclu X4 göndərilmişdir. Hərraclar hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla əlaqədar olaraq tərəfimizdən hərracın baş tutmamasına dair 22/23 saylı, 11 aprel 2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur. Nəzərə çaldırılır ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qan ununun 53.3-cü maddəsinin tələbinə görə borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş Məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Odur ki, Şəmkir rayon İcıa Şöbəsinin 275117/2021-12 saylı, 01,02.2023-cü il tarixli sifarişi üzrə, Abbasov Eİman Allahverən oğluna məxsus. ünvan 4 ünvanında. 0.04370 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 36.50 kv.metr olan, bir otaqlı, bir mərtəbəli qeyri yaşayış binasının İcra Şöbəsi tərəfindən təklif olunması üçün sifariş İcra Şöbəsinə geri qaytarılmışdır. Daha sonra Şəmkir rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 145/23 saylı məktuba əsasən "İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 53.3-cü maddəsinin tələbinə əsasən tələbkara təklif olunan qiyməti 42.000 (qırx iki min) manata olmaqla, "xxxx" MMC-nə satılmış və hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 145/23 nömrəli protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, 145/23 nömrəli hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbərinin və direktor müavininin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qruntuna göndərilmişdir, (qeyd olunan xüsusatları təsdiq edən sənədlər və protokol əlavə edilir). Eyni zamanda qeyd edirik ki, satışa çıxarılan əmlaka tələbkarın baxış keçirməsi prosesində iştirak etməmişik, ümumiyyətlə hərrac təşkilatçısı olaraq bizim vəzifəmiz satışa çıxarılan əmlakın satışını təmin etməkdir. Həmin əmlaka yerində baxış keçirilməsi, foto şəkillərinin təqdim olunması və ya ümumiyyətlə sifariş olunan əmlakın ünvanı və s. digər məlumatların aydınlaşdırılması İcra Şöbəsi tərəfindən müəyyənləşdirilir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən hərrac sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki. həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2409/2024 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş və X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə 145/23 saylı protokolun etibarsız hesab edilməsi qət edilmişdir.
5. 09.08.2024-cü il tarixində cavabdeh "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsi və işə yenidən baxılmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2409/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2409/2024 saylı qiyabi qətnaməsi ləğv edilsin və kommersiya mübahisəsinə dair iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
7. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə 145/23 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı MMC-nin Cavabdehnə qarşı “Hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair kommersiya iş vardır. Həmin kommersiya işi üzrə məhkəmədən Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-939/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyriyaşayış binasının açıq hərracda satılmasına dair cavabdeh Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 275117/2021-12 saylı sifariş məktubu əsasında cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş təklif olunan əmlakın əldə edilməsinə dair açıq hərracın yekunları barədə № 145/23 saylı Protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə gedişatı dövründə müəyyən edilmişdir ki, mübahisələndirilən hərracın yekun protokolu üzrə sənədləşmə aparılmamışdır.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
10. Cavabdehə və iş üzrə müstəqil tələb irəli sürməyən digər 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
11. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin və iş üzrə müstəqil tələb irəli sürməyən digər 3-cü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
14. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 145/23 saylı protokoldan görünür ki, X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyri-yaşayış binasının dəyəri 42.000 manat olmaqla hərrac keçirilmiş və hərracın qalıbi İddiaçı MMC olmuşdur.
15. İddia ərizəsinin məzmunundan da, göründüyü kimi, iddiaçı tərəf hərrac vasitəsilə, ona göstərilən əmlakın deyil, başqa əmlakın satıldığını bildirir.
16. İşə əlavə edilmiş, Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş icra işinin materiallarında olan X3 etibarnamə üzrə nümayəndəsi X7 tərəfindən verilmiş ərizədən görünür ki, o, hərraca çıxarılan əmlakın başqa əmlak olduğunu bildirmiş və göstərilmiş əmlakın isə sənədləşmə işi aparıldıqdan sonra İddiaçı MMC ilə razılıq əsasında alqı-satqı müqaviləsi bağlanacağını bildirmişdir.
17. Bundan başqa təqdim edilmiş fotoşəkillərdən görünür ki, göstərilmiş olan obyekt işlək vəziyyətdə olan qeyri-yaşayış sahəsidir, hərracda satılan əmlak isə işlək olmayan dəmir darvazası olan qapalı bir sahədir.
18. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əqdin predmeti barəsində vacib əhəmiyyətli yanılma halı baş vermişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
22. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
23. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:
24. 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir;
25. 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;
26. 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
27. 347.3-ci maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.
28. 347.4-cü maddəsinə əsasən Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur.
29. 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir.
30. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
31. 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
32. 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
33. 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
34. 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.
35. 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.
36. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
38. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
39. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 145/23 saylı protokol etibarsız hesab edilsin. Dövlət rüsumunun əvəzi olaraq 100 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova