Məhkəmə qərarları › İş №e-2-2(113)-2411/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2411/2022

18.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2411/2022 18.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil, cavabdehin vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı göstərilmiş stansiya xidmətlərinə görə borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2020-ci il tarixdən 02 fevral 2022-ci il tarixə qədər Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1670057,17 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1626 manat məbləğinin, ümumilikdə 1671683,17 manat məbləğinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 01 yanvar 2020-ci il tarixdən 02 fevral 2022-ci il tarixə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, "xxxx" QSC-nin Güzdək və Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilibgötürülməsi”, “dalan yolundan istifadə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə cavabdehə 1670057,17 manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə 12 noyabr 2020-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, iddia ərizəsi üzrə boşdayanma və saxlanma xərcləri tələb olunur. Tələb olunan məbləğlə bağlı cavabdehə elektron qaimələr və yığımlar göndərilmiş, "xxxx" MMC-nin isə bununla bağlı heç bir etirazı daxil olmamışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, iddianın əsasını yığım vərəqələri təşkil edir. Tərəflər arasında müqavilə münasibətləri o vaxt yaranır ki, vaqon stansiyaya daxil olduqdan sonra, onun dartılma xidməti və digər xidmətlər göstərilir. Bunlarda yığım vərəqələri əsasında rəsmiləşdirilir. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı tərəfindən mübahisəli vaqonların Cavabdeh MMC-nin istifadəsində olunması və stansiyalarda yerləşdirilməsi barədə heç bir sübut təqdim edilməmişdir. Cərimə tətbiq edilən vaqonlara dair sahiblik və istifadə hüququ “Azərkimya” İB-dədir. Cavabdeh MMC mülkiyyətində olan 40 ədəd vaqonu icarə hüququ ilə tam səlahiyyətlə “X6 Fze” Şirkətinə, “X6 Fze” şirkəti "xxxx" şirkətinə, "xxxx" şirkəti isə “Azərkimya” İB-nə icarəyə vermişdir. 2016-cı ilin aprel ayından 40 ədəd vaqon “Azərkimya” İB-nin sərəncam hüququ istisna olmaqla bütün səlahiyyətləri olmuş, 2016-cı il tarixindən bu günədək mülkiyyətçiyə iddiaçı tərəfindən vaqonların istismarı ilə əlaqədar nə pretenziya, nə cərimə tətbiq edilməmişdir. Hazırda da vaqonlar icarə müqavilsinə əsasən “Azərkimya” İB-nin istifadəsində və sərəncamındadır. Cavabdeh MMC-nin mülkyyətində olan vaqonları “Azərkimya” İB tərəfindən icarə hüququ ilə istifadəsində olan zaman heç kimin razılığını almadan 14 ədədi “Azərkimya” İB-nin öz təşəbbüsü ilə Güzdək yük stansiyasına, 11 ədədi isə Biləcəri stansiyasının çeşidləmə parkına yerləşdirilmişdir. Hazırki mübahisə ilə bağlı Cavabdeh MMC yalnız vaqonların mülkiyyətçisi qismində çıxış edir. İcarəyə verilmiş vaqonlar icarə müddətinin bitməsinə baxmayaraq geri qaytarılmamış, müxtəlif stansiyalarda istifadə olunmaqdadır. Cavabdeh tərəfindən isə yük göndərilməmiş, yük alınmamışdır. Cavabdeh MMC ilə Azərikimya İB arasında heç bir müqavilə bağlanmamışdır. Azərikimya İB ilə arasında bağlanmış müqavilənin müddəti 2016-cı ilin dekabr ayında bitsə də, tərəflər arasında mövcud razılaşmaya əsasən öhdəlik müqavilənin bitməsi ilə deyil, vaqonların icarədara təhvil verilməsi ilə xitam kimi müəyyənləşdirilmişdir. Həmçinin, 92 saylı sənədlərin tərtib olunmasına dair sənədlər, yol cədvəli, yol vərəqəsi, vaqonların hansı qaydada stansiyaya daxil edilməsinə dair sübutlar təqdim edilməmişdir. Həmçinin, boşdayanmaya görə 546000 manat məbləğində cərimənin hansı qaydada hesablanması, oxa düşə yükə görə pul məbləğinin hesablanması üçün də əsaslar olmalıdır. Cavabdeh MMC-nin vaqonların mülkiyyətçisi olması mübahisəsiz halıdır və iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud deyildir. Vaqonalar “SOCAR”ın Marketinq İdarəsinin istifadəsində olmuşdur. Buna görə də, vaqonlar cavabdehin mülkiyyəti olsa da, tələb olunan məbləğin cavabdehdən tələb edilməsinin hüquqi əsasına dair sübutlar təqdim edilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianın təmin edilməsinə etiraz etmədiyini bildirərək izahatında göstərdi ki, “Azərikimya İB” ilə Cavabdeh MMC arasında müqavilə münasibətləri olmamışdır. Vaqonlardan “SOCAR”ın Marketing İdarəsi tərəfindən istifadə edilmiş, həmin vaqonlarla mallar aparılıb-gətirilmiş, sifarişi də onlar vermişdir. Vaqonları çıxarmaq üçün də “SOCAR”ın Marketing İdarəsi bununla bağlı qərar verməlidir. İş materiallarında olan: 01 aprel 2016-cı il tarixli, AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nin surətindən görünür ki, icarədar – Cavabdeh MMC dəmir yol daşımaları üçün “Dəmiryol vaqonları” adlanacaq neft məhsulları üçün 40 ədəd dəmiryol sisternlərini təhvil verməyi, icarəçi – “X6 FZE” isə həmin məhsulları qəbul etməyi öhdəsinə götürmüş, dəmiryol vaqonlarının siyahısı təhvil-təslim aktında göstərilməsi qeyd olunmuşdur; 01 aprel 2016-cı il tarixli, AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nin surətindən görünür ki, icarədar – “X6 FZE” dəmir yol daşımaları üçün “Dəmiryol vaqonları” adlanacaq neft məhsulları üçün 40 ədəd dəmiryol sisternlərini təhvil verməyi, icarəçi – "xxxx" DMMC isə həmin məhsulları qəbul eməyi öhdəsinə götürmüş, dəmiryol vaqonlarının siyahısı təhvil-təslim aktında göstərilməsi qeyd olunmuşdur; “Azərikimya” İB-nin 15 avqust 2022-ci il tarixli məktubuna əsasən onunla "xxxx" şirkəti arasında hər hansı müqavilə bağlanmamışdır; Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin 12 avqust 2022-ci il tarixli məktubuna əsasən onunla "xxxx" şirkəti arasında hər hansı müqavilə bağlanmamışdır; 27 noyabr 2015-ci il tarixli, 09 nömrəli komissiya müqaviləsinə əsasən komisyonçu – “SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi komitent – SOCAR “Azərikimya” İBnin tapşırığı ilə öz adından, lakin Komitentin hesabına komitentin istehsal etdiyi və müqavilənin qoşmalarında göstərilmiş məhsulların ölkə xaricində və daxilində 3-cü şəxslərə satmağlı və bununla bağlı zəruri əməliyyatlar aparmağı, komitent isə komissyonçunun bilavasitə müqavilə ilə əlaqədar çəkdiyi bütün xərcləini və komisyon muzdunu müqaviləyə uyğun ödəməyi öhdəsinə götürür; - EBBP seriyalı, 707899 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 36580 manat, EBBR seriyalı, 221896 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 36580 manat, EBBS seriyalı, 998325 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 33040 manat, EBBO seriyalı, 421733 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 15576 manat, EBBN seriyalı, 668614 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 19824 manat, EBBM seriyalı, 597338 nömrəli, xx.xx.2021ci il tarixli elektron qaiməyə əsasən 16095,2 manat, EBBL seriyalı, 896704 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 20484,8 manat, EBBK seriyalı, 900804 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 35400 manat, EBBJ seriyalı, 432404 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 36580 manat, EBBG seriyalı, 434246 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 36580 manat, EBBF seriyalı, 011554 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 15576 manat, EBBE seriyalı, 549085 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 19824 manat, EBBD seriyalı, 368600 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 36580 manat, EBBP seriyalı, 711151 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 35400 manat dəyərində xidmətlər iddiaçı tərəfindən Cavabdeh MMC-yə göstərilmişdir; 01 yanvar 2020-ci il – 02 fevral 2022-ci illər ərzində Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışdan görünür ki, ümumilikdə cavabdehə 1670057,17 manat dəyərində xidmətlər göstərilmişdir; Forma FDU-92 arayışlarından görünür ki, Cavabdeh MMC-yə ümumilikdə 1138841,6 manat dəyərində xidmətlər göstərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, faktiki əsas olaraq cavabdehə 1670057,17 manat dəyərində stansiya xidmətlərinin göstərilməsinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə "xxxx" QSC ilə Cavabdeh MMC arasında hər hansı müqavilə münasibətlərinin olması, sonuncunun iddiaç qarşısında öz üzərinə hər hansı öhdəlik götürməsi barədə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti olan dövrdə stansiya xidmətlərinin göstərilməsini, həmin xidmətlərin nədən ibarət olmasını və həcmini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi FDU-92 formalı arayışların surətləri və debitor borclar barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməklə yanaşı xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir. Nəqliyyat Nazirliyi tərəfindən 28 yanvar 2008-ci il tarixdə təsdiq edilmiş №04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 4.1.1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, “Qeyri-ümumi istifadəli dəmir yollarının istismarı və xidməti qaydaları”nm 3-cü bəndinə müvafiq olaraq yükgöndərən, yükalan vaqonların (və ya konteynerlərin) götürülməyə hazır olması barədə daşıyıcıya bildiriş verir. Belə bildirişlərin verilməsi qaydası və onların forması Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq qeyri-ümumi istifadəli dəmir yollarının istismarı, vaqonların verilməsi və götürülməsinə dair müqavilələrlə müəyyən edilir. Eyni zamanda, Təlimatın 6 və 9 nömrəli əlavələri ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 Formalı arayışın, vaqonların verilməsi və götürülməsi cədvəlinin hazırlanması ilə bağlı QU-46 Formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. Lakin, iddiaçı tərəfidnən sübut qismində yuxarıda qeyd olunan sənədlər təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən "xxxx" MMC-yə elektron qaimələr göndərilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. İddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, elektron qaimələr üzrə xidmətlər göstərilmədiyi halda cavabdeh tərəfindən onların təsdiqlənməsindən imtina edilməli idi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələrə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Beləliklə, hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər təqdim olunmadığından həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehin iddia tələbinə etirazının əsasını sisternlərin 2016-cı ildən faktiki olaraq onun istifadəsində olmaması təşkil edir. Belə ki, ona məxsus 40 ədəd dəmiryol sisternlərinin 01 aprel 2016-cı il tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nə əsasən “X6 FZE” şikətinə, onun tərəfindən isə "xxxx" DMMC-yə icarəyə verilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəməyə verdiyi izahatından görünür ki, Cavabdeh MMC-yə məxsus sisternlərin bir qismi hazırda “Azərikimya” İstehsalat Birliyindədir. Belə ki, sonuncu ilə SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi arasında 27 noyabr 2015-ci il tarixli, 09 nömrəli komissiya müqaviləsi imzalanmışdır. Lakin, “Azərikimya” İstehsalat Birliyi və SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məktublarında məhkəmə sorğularına cavab olaraq, "xxxx" DMMC ilə çənvaqonların icarəsi ilə bağlı müqavilələrin mövcud olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddianın predmetini Cavabdeh MMC tərəfindən göstərilən xidmətlərə görə ödənişlərin təmin edilməsi təşkil etdiyindən tələb əmlakın mülkiyyətçisinə deyil, xidmətləri qəbul etmiş şəxsə qarşı yönəlməlidir. İşin hallarından göründüyü kimi "xxxx" MMC-yə məxsus 40 ədəd dəmiryol sisternləri 01 aprel 2016-cı il tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nə əsasən “X6 FZE” şikətinə icarəyə verilmiş, habelə, 01 aprel 2016-cı il tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi” ilə icarədar – “X6 FZE” şirkəti tərəfindən "xxxx" DMMC-yə icarəyə verilmişdir. Hər iki müqavilənin 9-cu bəndində qeyd olunmuşdur ki, müqavilə 1 aprel 2016-cı ildən qüvvəyə minir və 31 dekabr 2016-cı ilə qədər qüvvədə olacaq, lakin tərəflərin öz vəzifələrini tam yerinə yetirikdən sonra ləğv ediləcək. Buna görə də məhkəmə hesab edir ki, xidmətlərin göstərilməsi sübuta yetirildiyi təqdirdə həmin öhdəliklərin icrasının təmin edilməsi əmlakın həmin dövrdə faktiki istifadəçisi, yəni xidmətləri qəbul etdiyi şəxsə qarşı qaldırılmalı olduğu halda, mülkiyyətçiyə qarşı qaldırılmışdır. Beləliklə, məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək və işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, əsassız olduğuna görə iddia rədd edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı göstərilmiş stansiya xidmətlərinə görə borcun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar