Məhkəmə qərarları › İş №e-2-2(113)-2412/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2412/2020

17.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2412/2020 17.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxxxxx” Аçıq Səhmdаr Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxx” Аçıq Səhmdаr Cəmiyyətinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı hərracın yekunlarına dair protokolların və alqı-satqı müqavilələrinin iddiaçı tərəfindən sadələşmiş vergi ödənilmədən və həmin verginin ödənilməsi tələb edilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” Аçıq Səhmdаr Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsində yerləşən 64 saylı evin 76 saylı mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin İddiaçı ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3886/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən “xxxxxxxx” MMC-dən və X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə 127500 ABŞ dolları əsas, 41187,79 ABŞ dolları faiz, cəmi 168687,79 ABŞ dolları pul ödənilmiş 30 manat dövlət rüsumunun və 62 manat xidmət haqqının tutulması, tələbin ipoteka ilə yüklü edilmiş X2 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 82 A nömrəli evin 5 nömrəli mənzilinə və X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsində yerləşən 64 saylı evin 76 saylı mənzilinə yönəldilməsi, mənzillərin satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində ipoteka predmetlərindən çıxarılmaları qət edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli 01/2544 saylı məktub göndərərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3886/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə tutma obyekti olan X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsində yerləşən 64 saylı evin 76 saylı mənzili açıq hərracda satılmadığı üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 76500 manata alınmasını təklif etmişdir. Təklifin qəbul edilməsi barədə Hərrac Mərkəzinə xx.xx.2019-cu il tarixli, xx/xx- 3468 saylı məktubla müsbət cavab verilmiş, lakin hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi indiyə kimi Banka təqdim edilməmişdir. Hal-hazırda cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC əmlakın banka satılması üçün hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin imzalanmasından imtina edir. Cavabdeh tərəfindən Banka ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda sadələşdirilmiş vergi məbləği ödənildikdən sonra hərracın yekunlarına dair protokolun Banka təqdim ediləcəyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh indiyə qədər əmlakın açıq hərracda satılmasına dair yekun protokolu və alqı-satqı müqavilələrini Bankdan ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan imzalanmayacağını rəsmi olaraq bildirmiş və müvafiq sənədləşmələri həyata keçirməkdən qərəzli formada yayınır. Təbii ki, cavabdehin göstərilən mövqeyi “İddiaçı ASC üçün maddi itkilərə səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxxxx” Аçıq Səhmdаr Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2019-cu il tarixli, xx/xx-3468/2019 saylı məktubdan görünür ki, “xxxxxxxxxxxxxx” Аçıq Səhmdаr Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinə müraciət edərək, qeyd etmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli 01/2544 saylı məktub göndərərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3886/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə tutma obyekti olan X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsində yerləşən 64 saylı evin 76 saylı mənzili açıq hərracda satılmadığı üçün “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 76500 manata alınmasını təklif etmiş, qeyd edilənləri nəzərə alaraq, İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təklifini qəbul edir və Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsində yerləşən 64 saylı evin 76 saylı mənzilinin alınması ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişlər ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi ilə bağlı ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin daşınmaz əmlakı əldə edən şəxsdən tutulması müvafiq qanunvericiliklə nəzərdə tutulmamışdır. xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxxxx” Аçıq Səhmdаr Cəmiyyətinə müraciət edərək, qeyd etmişdir ki, onların şifahi sorğusu üzrə bildirirlər ki, Xətai rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsində yerləşən 64 saylı evin 76 saylı mənzilinin icra sənədi üzrə “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq bəndlərinə uyğun olaraq hərraclar keçirilmiş və “İpoteka Haqqında” Azərbaycan Respublikası qanunun 43.7 ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilməsi üçün tərəflərindən məktub göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında ”2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 150.1.13, 150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri yaşayış və torpaq sahələrinin hesablanmış sadələşdirilmiş vergisini protokol əldə etməzdən öncə ödəməlidir. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.13.1. vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak; 150.1.13.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər; 150.1.13.3. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər; 150.1.13.4. qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi. Göstərilən maddələrin məzmunundan göründüyü kimi ixtisaslaşdırılmış hərrac təşkilatları yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsi hərrac vasitəsilə həyata keçirildikdə (fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) belə təqdim etməyə görə Vergi Məcəlləsinin 218.4.3-cü maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergini ödəmə mənbəyində tutmalıdırlar. Digər tərəfdən Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə görə bu Məcəllənin 218.1ci maddəsinin müddəalarından asılı olmayaraq mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.3-1-ci maddəsinin bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyriyaşayış sahələri vergitutma obyektidir. Sadələşdirilmiş verginin mahiyyətini və tutulması əsaslarını müəyyən edən yuxarıda göstərilən müddəalara müqayisəli şəkildə nəzər saldıqda isə aydın olur ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret halda satıcı, sahənin mülkiyyətçisi) çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda “xxxxxxxxxxxxxx” ASC daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin ASC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə görə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə görə hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən hazırkı halda hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq və alqısatqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsində yerləşən 64 saylı evin 76 saylı mənzilə dair keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqısatqı müqaviləsinin iddiaçı “xxxxxxxxxxxxxx” ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsində yerləşən 64 saylı evin 76 saylı mənzilə dair keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin iddiaçı “xxxxxxxxxxxxxx” ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar