Məhkəmə qərarları › İş №e-2-2(113)-2412/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2412/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2412/2025 05.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mırzəxan oğluna qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mırzəxan oğluna qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada onun xeyrinə 12854,84 manat məbləğində əsas borcun, 1621,84 manat məbləğində faiz borcunun, 1133,21 manat məbləğində cərimə borcunun cəmi 15609,89 manat borcun və 139 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21,5% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu X3, X2 (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 428.4, 442, 445.2.1, 449.4, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə, AR Mülki Prosseual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qismən, əsas borc məbləğində borcu qəbul etdiyini, faiz və cərimə məbləği ilə razı olmadığını bildirmişdir. Yeni ödəniş qrafikinin açılması məqsədilə banka dəfələrlə müraciət etmiş, lakin bankın bununla razılaşmadığını qeyd etmişdir. Yeni ödəniş qrafiki əsasında yenidən ödənişlər etməyə başlayacağını bildirmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qismən, əsas borc məbləğində borcu qəbul etdiyini, faiz və cərimə məbləği ilə razı olmadığını bildirmişdir. Həmçinin aylıq gəlirinin 900-950 manat aralığında olması səbəbindən aylıq ödənişlərdə çətinlik çəkdiyini qeyd etmişdir. Hazırda maddi cəhətdən vəziyyətinin yaxşı olmadığı üçün borc məbləğini ödəyə bilmir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh2 (Müştəri) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank hesabı müqaviləsinə əsasən “Bank” “Müştəri”yə bank hesab(lar)ı açmağı açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesab üzrə əməliyyatların aparılmasına dair “Müştəri”nin sərəncamlarını yerinə yetirməyi, “Müştəri” isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 (Müştəri) və X3 (Zamin), X2 (Zamin) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) arasında bağlanmış xx.xx.2022-ci il tarixli İddiaçı ASC-nin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərinə əsasən Bank Müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə Banka faizlər (komisyon haqlar) ödəməyi və Girov qoyan və/və ya Zamin isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. Müqavilə çərçivəsində təqdim edilən hər bir Kredit məhsulu üzrə münasibətlərin predmeti bu Xidmət şərtlərinin xüsusi hissəsində və müvafiq Kredit sazişində qeyd edilir. Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam məbləğdə faktiki qaytarılan günədək Kredit sazişi ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Müqavilənin 7.4-cü bəndinə əsasən Müştəri müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi dərhal icra edir. Müqavilənin 7.4.4-cü bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, cərimə məbləği borcun tutulması üzrə məhkəmə xərcləri və Müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Müştəri ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Xidmət şərtlərinin xüsusi hissəsində ayrı-ayrı kredit məhsuluna aid olan və yalnız həmin məhsuldan istifadə edildiyi zaman tətbiqi nəzərdə tutulan xüsusi şərtlər əks etdirilir. Hər hansı kredit məhsuluna aid Kredit sazişi imzalandığı zaman Xidmət şərtlərinin ümumi hissəsi və Şərtlərin xüsusi hissəsinin müvafiq məhsula aid hissəsi tətbiq edilir. Şərtərin xüsusi hissəsində göstərilən şərtlə ümumi hissədə göstərilən şərt arasında uyğunsuzluq olduğu halda Şərtlərin xüsusi hissəsində göstərilən şərtlərə üstünlük verilir. Xidmət şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndinə əsasən Müqavilə üzrə gecikdirilmiş kreditə görə, Müştəri, hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0,50 manatdan/ABŞ dolları/Avrodan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 (doxsan) gün müddətində tətbiq edilir. Cavabdeh2 (Müştəri) və X3 (Zamin), X2 (Zamin) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № MK/68335/85/3 saylı kredit sazişindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 ümumi məbləği 30000 manat olan illik faiz dərəcəsi 21,5% (faktiki illik faiz dərəcəsi: 24.6%) olmaqla 36 ay müddətinə kredit verməyi öhdəsinə götürmüşdür. Cərimə xidmət şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndi üzrə 1% müəyyən olunmuşdur. Müqavilənin əlavə şərtlər bölməsində qeyd edilmişdir ki, xidmət şərtlərinin 7.1.9-cu bəndi aşağıdakı redaksiyada qəbul edilir: Müştəri Müqavilə üzrə ödənişlərini vaxtında və lazımınca icra etmədikdə Müştərinin və/və ya Zaminin sərəncamı olmadan birtərəfli qaydada müştərinin və/və ya zaminin Bankdakı hesab(lar)ından müvafiq həcmdə vəsait silir. Cavabdeh2 hesabdan çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə onun hesabına 30000 manat kredit köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 hesabına 12798,55 manat kredit ödənişi köçürmüşdür. xx.xx.2022-ci il tarixli kassa məxaic orderindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 14999 manat nağd kredit vermişdir. xx.xx.2024-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 12854,84 manat məbləğində əsas borcun, 1621,84 manat məbləğində faiz borcunun, 1133,21 manat məbləğində cərimə borcu vardır. xx.xx.2022-ci il tarixli, № MK/54562/90/25 saylı kredit sazişi üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 30000 manat olan illik faiz dərəcəsi 21,5% (faktiki illik faiz dərəcəsi: 24,6%) olmaqla 36 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 11 may 2022-ci il tarixdən 11 aprel 2025-ci il tarixinə qədər hər ayın 11-i (və ya 12, 13-ü olmaqla) 1137,97 manat, sonuncu ay 1154,16 manat ödəməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mırzəxan oğluna göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı kredit müqaviləsi birtərəfli qaydada ləğv etdiyini bildirərək kredit borcunun dərhal ödənilməsini cavabdehlərdən tələb etmiş, əks təqdirdə müvafiq məhkəməyə müraciət olunacağını bildirmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 139 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 4/2208/2025 saylı ekspert rəyinə əsasən, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli MK/68335/85/3 saylı kredit sazişinə əsasən Cavabdeh2 ekspertiza qarşısında qoyulmuş suallar üzrə pretenziyanın poçtla borcluya çatdırıldığı xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə yaranmış borcu əsas borcu 12765,14 manat, faiz borcu 1471,36 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Müraciətdə qoyulan məsələlərdən biri də kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı bir daha qeyd etməyi vacib hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.” Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh2 xx.xx.2022-ci il tarixli, № MK/68335/85/3 saylı kredit sazişi üzrə illik faiz dərəcəsi 21,5% (faktiki illik faiz dərəcəsi: 24.6%) olmaqla 36 ay müddətinə 30000 manat kredit vermişdir. Həmçinin Cavabdeh1 Mırzəxan oğlu zamin kimi xx.xx.2022-ci il tarixli “İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin” 7.1.9-cu bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 30000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməyərək kredit borcunun aylıq ödənişlərini ödəməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaya qarşı etiraz etməmişlər. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Çünki iddiaçı xx.xx.2024-cü il tarixə yaranmış 12854,84 manat əsas, 1621,84 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, pretenziyanın poçtla borcluya çatdırıldığı tarixə, yəni xx.xx.2024-cü il tarixə əsas borc 12765,14 manat, faiz borcu isə 1471,36 manat hesablanmışdır. İddiaçı pretenziyada müqavilənin birtərəfli qaydada ləğv edildiyini bildirərək borcun tam ödənilməsini tələb etdiyi üçün pretenziyanın cavabdehə çatdırıldığı tarixə hesablanmış əsas və faiz borcu nəzərə alınmalıdır. Belə ki, iddiaçı müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb edib müqavilədən birtərəfli qaydada imtina edərək öz iradə ifadəsini göstərmişdir. Belə olan halda isə xx.xx.2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə ləğv edildikdən sonra faiz hesablana bilməz, iddiaçı yalnız müqavilədən imtina etdiyi müddətədək, yəni xx.xx.2024cü il tarixədək hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Ekspert rəyində borcun silinməsi ardıcıllığı, aparılmış ödənişlər ətraflı şəkildə göstərilmiş, rəy kifayət qədər aydın, dəqiq və obyektiv tərtib edilmişdir. Buna görə də məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin Qərarını əsas götürüb faiz borcunun müqavilənin ləğvinə qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, əsas və faiz borcun məbləği ekspert rəyinə uyğun iddiaçının müqavilədən birtərəfli qaydada imtina etdiyi xx.xx.2024-cü il tarixinə hesablanmış məbləğdə müəyyən olunmalıdır. Bununla yanaşı iddiaçı 1133,21 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır və tərəflərin ödənişləri gecikdirməsi işin faktiki halları ilə müəyyən olunmuşdur. Buna görə də iddiaçı cərimə ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 638 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 12765,14 manat məbləğində əsas borc, 1471,36 manat məbləğində faiz borcu, 638 manat məbləğində cərimə borcu, ümumilikdə 14874,52 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 139 manat dövlət rüsumunun 134,62 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 2 manatı İddiaçı ASC-dən, 98 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mırzəxan oğlundan müştərək qaydada 12765,14 manat məbləğində əsas borc, 1471,36 manat məbləğində faiz borcu, 638 manat məbləğində cərimə borcu, ümumilikdə 14874 (on dörd min səkkiz yüz yetmiş dörd) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 134 (yüz otuz dörd) manat 62 (altmış iki) qəpiyinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 2 manatı İddiaçı ASC-dən, 98 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mırzəxan oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar