Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-242/2022 10.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və Cavabdeh1nə qarşı cavаbdеhlərdən iddiаçının хеyrinə ******* manat əsas, 153018,75 manat faiz olmaqla, cəmi 1923018,75 manat borcun və 30 manat məhkəmə xərclərinin tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavаbdеhlərdən iddiаçının хеyrinə ******* manat əsas, 153018,75 manat faiz olmaqla, cəmi 1923018,75 manat borcun və 30 manat məhkəmə xərclərinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında imzalanmış 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə illik 15% hesablanmaqla, 6 ay müddətinə qaytarılmaq şərti ilə, ******* manat məbləğində bərpa olunmayan kredit xətti müqaviləsi imzalanmışdır. Daha sonra tərəflər arasında imzalanmış 17.07.2017-ci il tarixli 01 saylı Əlavə Sazişlə kredit müqaviləsinin 1.7-ci bəndinə dəyişiklik edilərək kredit müqaviləsinin qüvvədə olma müddəti 6 ay, 12.01.2018-ci il tarixli 02 saylı Əlavə Sazişlə 6 ay, 17.07.2018-ci il tarixli 03 saylı Sazişlə 12 ay, 17.07.2019-cu il tarixli 04 saylı Sazişlə 12 ay, 16.07.2020-ci il tarixli 05 saylı Sazişlə 12 ay olmaqla ümumilikdə 48 ay müddətinə uzadılmışdır. Nəticədə kredit müqaviləsinin ümumi qüvvədə olma müddəti 54 ay təşkil etmişdir. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC, Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1 MMC arasında 20.06.2018-ci il tarixdə 08/17 saylı üçtərəfli Zaminlik müqaviləsi imzalanmışdır. “Bank”la cavabdeh arasında imzalanmış 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsinə edilmiş 17.07.2018-ci il tarixli 03 saylı Sazişə, 17.07.2019-cu il tarixli 04 saylı Sazişə, və 16.07.2020-ci il tarixli 05 saylı Sazişə müvafiq olaraq 20.06.2018-ci il tarixli 08/17 saylı Zaminlik müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilməsinə dair 17.07.2018-ci il tarixli 03 saylı Saziş, 17.07.2019-cu il tarixli 04 saylı Saziş, 16.07.2020-ci il tarixli 05 saylı Saziş imzalanaraq Zaminlik müqaviləsinin qüvvədə olma müddəti 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsinin qüvvədə olma müddətinə qədər uzadılmışdır. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin icra edilməsi lazımı qaydada həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsinin 5.1.6cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Tərəflər arasında imzalanmış 20.06.2018-ci il tarixli 08/17 saylı Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən “Bank”la “Borcalan” arasında bağlanmış 16.01.2017-ci il tarixli 08/17 saylı Kredit (Bərpa olunmayan Kredit Xətti) müqaviləsinə əsasən ******* manat məbləğində kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borcalan”ın öhdəliklərinin yerinə yetirilməməsinə görə “Bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. Tərəflər arasında imzalanmış 20.06.2018-ci il tarixli 08/17 saylı Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən “Borcalan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” “Borcalan” ilə birlikdə “Bank” qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə 11.06.2021-ci il tarixdə 02/831 saylı, “Zamin”ə isə 11.06.2021-ci il tarixdə 02/830 saylı xəbərdarlıq göndərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. Bundan sonra iddiaçı tərəfindən “Mediasiya haqqında” Qanununun tələblərinə əsasən Mediasiya Şurasına müraciət edilmiş, həmin Şura tərəfindən 25.08.2021-ci il tarixində həm “Vortləks Kompani Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialına, həmdə Cavabdeh1 MMC-yə mediasiyaya dəvət məktubu göndərilsə də, səlahiyyətli nümayəndələr mediasiyada iştirak etməmiş və nəticədə təyin edilmiş mediator tərəfindən 02.09.2021-ci il tarixli 00516 saylı ilkin mediasiya sessiyasına iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. 03.09.2021-ci il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 1923018,75 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən ******* manat əsas borcu, 153018,75 manat isə faiz borcunu ehtiva edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 6 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 1.770.000 manat məbləğində kredit verməyi, Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə kredit müqaviləsi üzrə əsas borcu və ona hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər. 17.07.2017-ci il tarixli 01 saylı, 12.01.2018-ci il tarixli 02 saylı, 17.07.2018-ci il tarixli 03 saylı, 17.07.2019-cu il tarixli 04 saylı, 16.07.2020-ci il tarixli 05 saylı Əlavə Sazişlərdən görünür ki, 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsinin müddəti ümumilikdə 48 ay müddətinə uzadılmışdır. 20.06.2018-ci il tarixdə 08/17 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə iddiaçı və cavabdehlər arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə birgə məsuliyyət daşımaqları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdələrinə götürmüşlər. 17.07.2018-ci il tarixli 03 saylı, 17.07.2019-cu il tarixli 04 saylı və 16.07.2020-ci il tarixli 05 saylı Sazişlərdən görünür ki, 20.06.2018-ci il tarixdə 08/17 saylı Zaminlik müqaviləsinin qüvvədə olma müddəti 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsinin qüvvədə olma müddətinə qədər uzadılmışdır. Bakı Kommersiya Məhkəməsinin 01.11.2021-ci il tarixli e-2-2(113)-4532/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsi (17.07.2017-ci il tarixli 01 saylı, 12.01.2018-ci il tarixli 02 saylı, 17.07.2018-ci il tarixli 03 saylı, 17.07.2019-cu il tarixli 04 saylı, 16.07.2020-ci il tarixli 05 saylı Əlavə Sazişlər nəzərə alınmaqla) üzrə bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əsas və faiz borcları üzrə borc qalığı nə qədər təşkil etməsi barədə sual qoyularaq, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.01.2022-ci il tarixli 9/8386 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 Şirkəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsi və əlavə saziş şərtləri əsas götürülməklə Cavabdeh2 Şirkətinin 03.09.2021-ci il tarixədək (iddia tələbinin tarixi) banka olan borcu 1.923.018,75 manat, o cümlədən əsas borc üzrə 1.770.000 manat, faiz borcu üzrə 153.018,75 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 6 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 1.770.000 manat məbləğində kredit verməyi, Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə kredit müqaviləsi üzrə əsas borcu və ona hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər. Eyni zamanda iddiaçı və cavabdehlər arasında 20.06.2018-ci il tarixdə 08/17 saylı Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə birgə məsuliyyət daşımaqları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdələrinə götürmüşlər. Cavabdehlərin iddiaçıya olan borcu 1.923.018,75 manat, o cümlədən əsas borc üzrə 1.770.000 manat, faiz borcu üzrə 153.018,75 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdehlər isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmiş 1.770.000 manat məbləğində əsas kredit məbləği borcu iş materialları ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 16.01.2017-ci il tarixli, 08/17 saylı Kredit müqaviləsinə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış 153.018,75 manat faiz borcu əsaslı olduğuna görə cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri cavabdehlərdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialından və Cavabdeh1ndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin хеyrinə ******* manat əsas, 153018,75 manat faiz olmaqla, cəmi 1923018,75 manat borc və 30 manat məhkəmə xərcləri tutulsun. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialından və Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-242/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-242/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver