Məhkəmə qərarları › İş №e-2-2(113)-2422/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2422/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2422/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, borcun bağışlanması, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi üzrə 9543,22 manat əsas borc, 536,18 manat faiz borcu və 279,21 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 10358,61 manat məbləğində pulun və ödənilmiş 121,08 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 və zaminlər Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005L**********67 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə 300 000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 iddiaçı ilə xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində məbləğində kredit götürmüşdür. 2.2. Borcalan uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 20456,78 manat ödəmiş, onun 9543,22 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 132 gün üçün hesablanmış faiz borcu 536,18 manat təşkil edir. 2.3. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024cü il tarixə 132 gün üçün hеsablanmış cərimə 279,21 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. 2.4. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 467, 472.2-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahlar verdi və eyni zamanda göstərdi ki, iddia ərizəsi verildikdən sonra edilmiş ödənişlərin nəzərə alındığı maliyyə arayışı da məhkəməyə təqdim edilmişdir.

6. İddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025ci il tarixdə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

7. Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır və müqavilə əsasında 300 000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit xəttinin 30 000 manat məbləğində hissəsindən istifadə etmişdir. Kredit şəxsi istehlak üçün deyil, İdarə Heyətinin sədri vəzifəsində çalışdığı Azərbaycan Uşaq Fondunun “Ecliptica” layihəsinə dəstək məqsədi ilə götürülmüşdür. Bank tərəfindən kreditin Fondun adına rəsmiləşdirilməsindən imtina edildiyindən rəsmiləşdirilmə Cavabdeh1 adına edilmişdir. Hətta kredit rəsmiləşdirilməsi zamanı bankın əməkdaşları da layihə üzrə yaradılmış mərkəzdə olmuş və işlər ilə tanış olmuşdurlar. Bir müddət layihə uğurlu davam etsə də, sonradan layihə rəhbərinin işdən ayrılması səbəbindən fəaliyyəti dayanmışdır. Azərbaycan Uşaq Fondu bütün qeyri-hökumət təşkilatları kimi ianələr ilə maliyyə dəstəyi aldığından və hazırda büdcə ilə bağlı sıxıntılar mövcud olduğundan kreditin ödənişi həyata keçirilə bilməmişdir. Buna baxmayaraq, Cavabdeh1 krediti şəxsi vəsaiti hesabına ödəməyə davam etmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixində 1600 manat və xx.xx.2025-ci il tarixində 500 manat məbləğində ödəniş etmişdir. Cavabdeh1 16 dekabr 2024-cü il tarixindən etibarən sosial (analıq) məzuniyyətdədir və Fondda tutduğu vəzifədən başqa əlavə gəliri yoxdur. Qeyd edilənlərə əsasən, cavabdeh işə iştirakı olmadan baxılmasını, Azərbaycan Uşaq Fondunun uşaqların təhsili, sağlamlığı və sosial müdafiəsi sahəsində həyata keçirdiyi önəmli işlərin nəzərə alınmasını, Fonda dəstək olaraq kredit üzrə faiz və cərimələrin bağışlanaraq silinməsini və kredit üzrə əsas məbləğin ödənilməsinin əmək haqqına yönəldilməsini xahiş etmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyat ünvanlarına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmışdır. Lakin həmin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) və Cavabdeh2 və Cavabdeh3 (zamin qismində) arasında bağlanmış 15 mart 2023-cü il tarixli 005L**********7 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci hissəsinə əsasən, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır (2.1). Kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı – sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi; uzunmüddətli kredit xəttinin məbləği – 300 000 manat; kreditin maksimum müddəti 120 ay; kreditin son müddəti – kredit sazişində həmin kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 15 mart 2033-cü il; FİFD-in yuxarı həddi – 28 faiz; aylıq ödənişin yuxarı həddi – 50000 manat (2.2). Verilən hər bir kredit üzrə kredit məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti, məqsədi, FİFD, olduğu təqdirdə ödəniş planı və digər xüsusi şərtlər hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilir (2.3). Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir (2.5).

13. Adıçəkilən uzunmüddətli kredit və təminat müqaviləsinin 11-ci hissəsinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır (11.1). Kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini banka ödəyə bilmədikdə, zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxil olmaqla kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur (11.3).

14. İş materiallarında olan İddiaçı QSC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 30000 manat olan krediti illik faiz dərəcəsi 19% olmaqla 24 ay müddətinə kredit alana verir.

15. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmanın ödəniş planından görünür ki, ilk ödəniş 17 aprel 2023-cü il, son ödəniş tarixi isə 17 mart 2025-ci il olmaqla 30000 manat kredit məbləği və 6427,62 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

16. İş materiallarında olan Cavabdeh1 iddiaçıda olan AZ37ACAB******************** nömrəli hesabından çıxarışdan görünür ki, kredit məbləği (30000 manat) xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür.

17. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 əsas borcu 9543,22 manat, faiz borcu 536,18 manatdır.

18. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə xx.xx.2025-ci il tarixə Cavabdeh1 əsas borcu 9043,22 manat, faiz borcu 653,1 manatdır.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 arasında 15 mart 2023-cü il tarixli 005L**********7 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən uzunmüddətli kredit və təminat müqaviləsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 imza etməklə borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Cavabdeh1 kredit məbləğini təşkil edən 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

20. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 9543,22 manat əsas, 536,18 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir, lakin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışı ilə əsas borc məbləğinin 9043,22 manat təşkil etdiyini bildirir.

21. Cavabdeh1 məhkəməyə vəsatət ünvanlayaraq faiz və dəbbə pulunun bağışlanmasını, əsas borc məbləğini əmək haqqı hesabına ödəyəcəyini bildirmişdir.

22. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

23. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

24. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

27. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

28. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 X1 Sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu yollayaraq bütün əsas borc məbləğini tələb etmiş, başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir.

29. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

30. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

31. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

32. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdeh1 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və ərizənin cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda da iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir.

33. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

34. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, edilən ödənişlər müqavilənin şərtlərinə və ödəniş qrafikində razılaşdırılmış qaydaya uyğun silinmişdir.

35. Eyni zamanda Cavabdeh1 məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2025-ci il tarixdə 500 manat ödəniş edilmiş, həmin ödəniş əsas borca silinmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından da həmin ödəniş nəzərə alınmaqla əsas borc məbləğinin 9043,22 manat təşkil etdiyi aydın olur.

36. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 005R********** kredit razılaşması üzrə edilmiş ödənişlər nəzərə alınmaqla cavabdehin iddiaçıya 9043,22 manat əsas borc və 563,18 manat faiz borcu mövcuddur.

37. Cavabdeh1 borcun bağışlanılması ilə bağlı mövqeyinə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 27-ci fəslinin 4-cü paraqrafında öhdəliyə borcun bağışlanması ilə xitam verilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 546-cı maddəsinə əsasən, kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. Lakin borcun bağışlanması kreditorun borcluya iradəsini ifadə etməsi ilə həyata keçirilir. Hazırda isə iddiaçının belə bir iradə ifadəsi mövcud deyildir. Belə olan halda isə borcun bağışlanması mümkün deyildir.

38. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

39. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

40. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

41. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

42. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 005R********** kredit razılaşması üzrə 9043,22 manat əsas borc, 536,18 manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

43. İddia ərizəsində iddiaçı 279,21 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

44. 15 mart 2023-cü il tarixli 005L**********7 uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə görə, bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

45. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

46. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

47. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

48. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Həmçinin öhdəlik hissəvi icra edilməmişdir.

49. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 279,21 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

50. İddiaçı eləcə də 121,08 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

51. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 121,08 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

53. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

55. İş materialları ilə müəyyən olunur ki, müvafiq məbləğin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə xəbərdarlıq olunmuş, lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehlərdən tutulmalıdır.

56. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,08 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 005L**********67 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi üzrə 9043,22 manat əsas bоrc, 536,18 manat faiz bоrcu və 279,21 manat cərimə borcu olmaqla ümumilikdə 9858,61 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,08 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar