Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-243/2022 28.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Firmasının nümayəndəsi X2, İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firması Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərib edilmiş 05.07.202 l-ci il tarixli, SS 29/1640-01429-1 və SS 29/l640-01488 nömrəli aktların, həmçinin "Qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 30 iyul 2021-ci il tarixli aktların ləğv edilməsi və “Xudatərin-54" firmasına hesablanmış 17.105.73 (on yeddi min yüz beş manat yetmiş üç qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi X3, İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-243/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərardadı ilə iddianın Cavabdeh əməkdaşları tərəfindən tərib edilmiş 05.07.2021-ci il tarixli, SS 29/1640-01429-1 və SS 29/l640-01488 nömrəli aktların, həmçinin "Qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 30 iyul 2021-ci il tarixli aktların ləğv edilməsi hissəsinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Firmasına məxsus şadlıq evlərinə məxsus **********00192 saylı abonent kodu üzrə ünvana 05.07.2021-ci ildə baxış keçirilmiş və bu barədə akt, 05.07.2021-ci il və 30.07.2021-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin akt əsasında 30 iyul 2021-ci il tarixdə uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə tərtib edilmiş və 68.423 kub.m itirilmiş qaz hesablanmışdır. Qeyd olunan itirilmiş qazın dəyəri də 17.105,75 manat təşkil etdiyindən qeyd edilən göstəricilər 2021-ci ilin iyul ayı üçün abonent saldosuna işlənmişdir. İddiaçı tərəf sayğaca müdaxilə olmadığını, kənar xətt olmadığını, yoxlamanın qanunsuz olduğunu bildirərək iddianın rədd edilməsini xahiş edir. Cavabdeh tərəf sayğacın qüsurlu işlədiyini, yoxlama əsasında itirilmiş qazın dəyərinin hesablandığını bildirir. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, iddiaçıya hal-hazıra kimi qazdan istifadəyə görə 20.198,84 manat borc hesablanmışdır. İddiaçı tərəf də qeyd olunan borcdan 17.105,75 manat borcun qanunsuz olduğunu bildirərək onun silinməsini xahiş edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Ona görə də, iddia 17.105,75 manat borcun silinməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən **********00192 saylı abunə kodu üzrə 30.07.2021 tarixli akta əsasən hesablanmış 17.105,73 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-243/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-243/2022
28.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver