Məhkəmə qərarları › İş №e-2-2(113)-243/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-243/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-243/2023 26.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 36583,80 manat pul məbləğinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 210 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, №20200703/ATL/003 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə elektron vergi hesab-faktura əsasında təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “xx.xx.2022 – xx.xx.2022 tarixləri aralıqlarında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı”na əsasən, cavabdehin iddiaçıya 36583,80 manat borcu yaranmışdır. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə satıcının hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Mallar təhvil verildiyi andan etibarən cavabdehin iddiaçı qarşısında borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, bu müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində satıcıya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək alıcı satıcıya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Müqavilə şərtlərini pozduğuna görə cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləği 36583,80 manatdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən müəyyən ödənişlərin etdiyini 21243,80 manat məbləğində borc qalmasına baxmayaraq, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 20200703/ATL/003 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (qiymət və şərtləri razılaşdırma protokolları, sifarişnamə, təklif, spesifikasiya, akt və sair) qeyd olunan əşyaların İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə satılmasından, Cavabdeh MMC tərəfindən isə bu müqavilə və əlavələr nəzərdə tutulmuş qaydada malların dəyərinin İddiaçı MMC-yə ödənilməsindən ibarətdir. xx.xx.2021-ci il tarixli EBBA seriyalı 425861 nömrəli 8028,72 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 637342 nömrəli 4042,11 manat, xx.xx.2021-ci il tarixli EBBB seriyalı 142901 nömrəli 665,52 manat və xx.xx.2021-ci il tarixli EBBD seriyalı 364194 nömrəli 28661,23 manat məbləğində elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh MMC 41397,58 manat məbləğində mal satmışdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022 və xx.xx.2022-ci il tarixli alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 36583,80 manat məbləğində borcu vardır. 26 yanvar 2023-cü il tarixli İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, 26 yanvar 2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 21243,80 manat məbləğində borcu qalmışdır. xx.xx.2022-ci il tarixli EBCG seriyalı 876982 nömrəli elektron qaimədən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 210 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC alınan mallara görə borcunun bir hissəsini İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində 36583,80 manat məbləğində vəsaitin ödənilməsini xahiş etsə də, məhkəmə baxışında və təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin faktiki borcu 21243,80 manatdır, lakin İddiaçı MMC iddia tələbinin azaldılması barədə ərizəni məhkəməyə təqdim etmədiyinə görə iddia tələbi qismən, yəni 21243,80 manat hissəsində təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 21243,80 manat məbləğində pul və 210 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 21243,80 manat məbləğində pul və 210 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar