Məhkəmə qərarları › İş №e-2-2(113)-2432/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2432/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2432/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, pul tələbi, dəbbə pulu) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 oktyabr 2019-cu il tarixdə CSG 2019-025 nömrəli “daşınar əmlakın icarə müqaviləsi”üzrə cavabdehin İddiaçı MMC-yə ödəməli olduğu 91649 manat məbləğində qalıq borcun, gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə olaraq 22451 manat məbləğində pulun, mediasiya prosessi zamanı ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 114500 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 oktyabr 2019-cu il tarixdə CSG 2019-025 nömrəli “Daşınar Əmlakın İcarə Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC balansında olan (qanuni istifadəsində, mülkiyyətində) xx.xx.2019-cü il tarixli, CSG 2019-025 nömrəli müqaviləyə qoşulmuş, müqavilənin ayrılmaz hissəsi sayılan əlavədə göstərilən və müvafiq texnikişərtlərə cavab verən avadanlıqları (texnika və.s) müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Cavabdeh MMC-yə icarəyə verməyi, Cavabdeh MMC-də öz növbəsində həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfat fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadə etməyi və əvəzində İddiaçı MMC-yə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə cavabdeh icarəyə götürülmüş hər bir avadanlığın istifadəsinə görə İddiaçı MMC-yə bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh icarə haqqını, daşınma xərclərini Əlavə 1-də göstərilmiş ümumi məbləğin təqdim olunmuş hesab fakturasını aldığı tarixdən etibarən 30 təqvim günü ərzində iddiaçıya ödəməli idi, müqavilənin 3.4-cü bəndinə əsasən isə icarə haqqına müvafiq vergilər (ödəmə mənbəyindən vergi, ƏDV və digər) və dövlət rüsumları daxil deyil, həmin vergilər və dövlət rüsumları cavabdeh tərəfindən ödənilməli idi. Belə ki, sözügedən müqavilə üzrə cavabdeh "xxxx" MMC ümumilikdə İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərin qarşılığı olaraq ümumilikdə 97958,11 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC xx.xx.2023-cü il tarixli, CSG-AZİC- R-06-2023 nömrəli daşınar əmlakın icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam, vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmiş, işlərin İddiaçı MMC tərəfindən tam, vaxtında və keyfiyyətli şəkildə görülərək tamalanmasına dair işləri tamamlama aktların, hesabfakturaları və hesab fakturaların cavabdehə çatdırılmasını təsdiq edən poçt qəbzlər də hazırki ərizyə əlavə edilir. Buna baxmayaraq cavabdeh göstərilmiş xidmətlərin qarşılığı olaraq ödəməli olduğu 97958,11 manat məbləğində pul vəsaitinin 6308,34 manatını ödəsə də, bugünkü günə kimi ödəməli olduğu 91649,77 manat məbləğində qalıq borcunu ödəməmişdir. Cavabdehlə olan üzləşmə aktı da hazırki ərizəyə əlavə edilir. Eyni zamanda dəfələrlə cavabdehə borcunu ödəməyi bildirlsə də müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bu isə cavabdeh "xxxx" MMC-nin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığının bariz göstəricisidir. Cavabdehlə bağlanmış xx.xx.2019-cü il tarixli, CSG 2019-025 nömrəli müqavilənin “tərəflərin məsuliyyəti” hissəsinin 6.3-cü bəndinə əsasən “icarəçi” (yəni cavabdeh "xxxx" MMC) icarə haqqının ödənilməməsi və ya vaxtında ödənilməməsinə görə “icarəyə verənə” gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 08 sentyabr 2021-ci il tarixdən borcunu ödəməmişdir. Belə olduğu təqdirdə "xxxx" MMC müqavilə üzrə İddiaçı MMC-yə gecikdirilən hər bir həftə üçün, yəni gecikdirilmiş müddətə (gecikdirilmiş müddət 8 sentyabr 2021-ci il tarixdən pretenziya məktubunun cavabdehə göndərildiyi tarixədək hesablanmaqla) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə olaraq 22451 manat məbləğində pul ödəməlidir. Cavabdeh "xxxx" MMC-nin ödəməli olduğu pul vəsaitini vaxtında ödəməməsi çox böyük maddi zərər vurmuş, həmin məbləğ (gəlir) hesabına əlavə qazanca əldə etməyə maneə olmuşdur. Cavabdehlə bağlanmış müqavilənin müddəti həmin müqavilənin 9.3-cü bəndinə əsasən (müqavilənin 9.3-cü bəndi- “tərəflər” müqavilənin bitməsinə 10 gün qalmış onun ləğvini tələb etməzsə müqavilə əvvəlki müddətə uzadılmış hesab olunur) bir müddət uzadılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə yaranmış mübahisəni danışıqların aparılması yolu ilə həll etmək məqsədi ilə cavabdehə ilk əvvəl pretenziya məktubu ünvanlamış, daha sonra isə Mediasiya Təşkilatına müraciət olunmuşdur. Lakin cavabdehlə olan hazırki mübahisənin danışıqlar yolu ilə həllinə nail olunmamışdır. Daha əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Müşviq oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC “icarəyə verən” Cavabdeh MMC “icarəçi” olmaqla imzalanmış 23 oktyabr 2019-cu il tarixli, CSG 2019-025 saylı müqaviləyə əsasən icarəyə verən balansında olan bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi olan əlavədə göstərilən və müvafiq texniki şərtlərə cavab verən avadanlıqları müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə “icarəçi”nin icarəsinə verməyi, “icarəçi” isə həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfat fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadəsini və əvəzində “icarəyə verən”ə icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən icarə haqqının müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə, məbləğdə və qaydada ödəmək icarəçinin vəzifəsidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi icarə haqqını, daşınma xərclərini Əlavə 1-də göstərilmiş ümumi məbləğin təqdim olunmuş hesab fakturasını aldığı tarixdən etibarən 30 təqvim günü ərzində “icarəyə verən”in bank hesabına köçürülmə yolu ilə ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən “icarəçi” icarə haqqının ödənilməməsi və ya vaxtında ödənilməməsinə görə “icarəyə verənə” gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə ödəyir. 9.1-ci bəndinə əsasən müqavilə 23 oktyabr 2019-cu il tarixindən qüvvəyə minir və 23 oktyabr 2020-ci il tarixədək qüvvədə qalı. “icarəçi” müqavilə şərtini pozduğu halda “icarəyə verən” öz mülahizəsinə əsasən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 9.3-cü bəndə əsasən tərəflər müqavilənin bitməsinə 10 gün qalmış onun ləğvini tələb etməsə müqavilə əvvəlki müddətə uzadılmış hesab edilir. EBBL seriyalı, 374315 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 28728,34 manat məbləğində ayrı-ayrı texnikalar üzrə hesablanmış icarə haqqları İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC və Cavabdeh MMC-nin möhürləri ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 923 nömrəli tamamlama aktına əsasən cəmi 3672,54 manat, xx.xx.2021-ci il tarixli, 890 nömrəli tamamlama aktına əsasən cəmi 5872,80 manat, xx.xx.2021-ci il tarixli, 815 nömrəli tamamlama aktına əsasən cəmi 28728,34 manat, xx.xx.2021-ci il tarixli, 865 nömrəli tamamlama aktına əsasən cəmi 28824,77 manat, xx.xx.2021-ci il tarixli, 838 nömrəli tamamlama aktına əsasən cəmi 38179,45 manat, xx.xx.2022-ci il tarixli, 915 nömrəli tamamlama aktına əsasən cəmi 9725,98 manat məbləğində iş və xidmətlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tərtib edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 06 fevral 2022-ci il tarixli “invoys” sənədində “CSG 2021-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3672,55 manat, 07 dekabr 2021-ci il tarixli “invoys” sənədində “CSG 2021-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5872,8 manat, 08 sentyabr 2021-ci il tarixli “invoys” sənədində “CSG 2021-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22420 manat, 10 yanvar 2022-ci il tarixli “invoys” sənədində “CSG 2021-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 9725,98 manat cəmi ödənilməli olan məbləğ hesablanmışdır. İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktında cəmi borc 91649,77 manat qeyd edilmiş, lakin həmin akt Cavabdeh MMC tərəfindən imzalanmamış və möhürlənməmişdir. İddiaçı MMC və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə atkında qeyd olunan tarixə olan borc 9440 manat göstərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 91649,78 manat əsas borc, 22451,8 manat cərimə borcunun 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 206OPXO233540103 saylı, “A” formatlı, 2023.12.20 tarixli ödəniş tapşırığına əsasən 620 manat Bakı 6 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, həmin müqavilə üzrə tərəflər müxtəlif avadanlıqların kirayəyə verilməsini və bunun qarşılığında icarə haqqının ödənilməsini razılaşmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 23 oktyabr 2020-ci il tarixində başa çatdığı qeyd olunsa da, müqavilə münasibətləri sonrakı dövrdə də davam etmişdir. Hazırda iddiaçı həmin müqavilə üzrə yaranmış borcun və müqavilə üzrə hesablanmış cərimə məbləğinin cavabdehdən tutulmasını tələb etmişdir. İddia tələbinin birinci hissəsi 91649 manat məbləğində əsas borcun cavabdehdən tutulmasıdır. Bununla bağlı məhkəməmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin sübuta yetirilməsi ilə bağlı üzləşmə aktlarını, işi tamamlama aktlarını və “invoys” sənədlərini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbini 23 oktyabr 2019-cu il tarixli, CSG 2019-025 saylı müqavilə ilə əsaslandırsa da, məhkəməyə təqdim edilmiş “invoys” sənədlərində həmin sənədlərdə borcun “CSG 2021-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tərtib edildiyi məlum olur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “invoys” sənədi əsasında tərtib edilməyən işlərin tamamlanması aktları və hər iki tərəfin möhürü ilə təsdiq edilmiş üzləşmək aktına aid olan hissədə (xx.xx.2021-ci il tarixli, 865 nömrəli akt üzrə 28824,77 manat, xx.xx.2021-ci il tarixli, 838 nömrəli akt üzrə 38179,45 manat, xx.xx.2021-ci il tarixli hər iki tərəfin möhürü ilə təsdiq edilmiş üzləşmə aktı üzrə 9440 manat olmaqla cəmi 76444,22 manat) təmin edilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 22451 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 3000 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə, ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 23 oktyabr 2019-cu il tarixli CSG 2019-025 saylı icarə müqaviləsinə əsasən 76444,22 manat əsas borc, gecikdirilmiş məbləğə hesablanmış 3000 manat cərimə olmaqla cəmi 79444 (yetmiş doqquz min dörd yüz qırx dörd) manat 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar