Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2433/2025 06.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin iyun ayı üzrə 1600 manat, iyul ayı üzrə 1600 manat və 2024-cü ilin aprel ayı üzrə 900 manat və iyun ayı üzrə 700 manat olmaqla, ümumilikdə 4800 manat məbləğində pulun Cavabdeh2, 1600 manat məbləğində zərərin əvəzinin Cavabdeh1 tutulması, vəkilə ödənilmiş 500 (beş yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 121 (bir yüz iyirmi bir) manat məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh2 İlham oğlu ilə xx.xx.2022-ci il tarixində bağlanılmış icarə müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə 6.400 manat məbləğində borc İddiaçı ASC-nin hesabına mədaxil edilməmişdir. Qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixlii kassa mədaxil orderində qeyd edilmiş 1.600 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən ASC-nin hesabına mədaxil edilmədiyindən hesab edir ki, həmin pul vəsaiti Cavabdeh1 tutulmalıdır. Bunu məhkəməyə təqdim etdikləri bank hesabından çıxarış da təsdiq edir. Ümumiyyətlə, 2021-ci ilin sonlarından sonra ASC-nin fiziki olaraq kassa aparatı mövcud olmamışdır. Buna görə də hesab edir ki, həmin hissədə birbaşa məsuliyyəti Cavabdeh1 daşıyır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi.
5. İş üzrə digər Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia şərti olaraq 2 hissədən yəni, 2022-ci ilin iyun ayı üzrə 1600 manat, iyul ayı üzrə 1600 manat və 2024-cü ilin aprel ayı üzrə 900 manat və iyun ayı üzrə 700 manat olmaqla, ümumilikdə 4800 manat məbləğində icarə haqqı borcunun Cavabdeh2 tələb edilməsi (1), Cavabdeh2 tərəfindən ödənilmiş ancaq, həmin zaman hüquqi şəxsin direktoru olmuş Cavabdeh1 tərəfindən iddiaçının hesabına mədaxil edilməyən 1.600 manat pulun Cavabdeh1 tələb edilməsindən (2) ibarətdir.
12. İş müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında xx.xx.2022-ci il tarixli, 17 saylı icarə müqaviləsi bağlanmışdır.
13. Qeyd edilmiş müqavilənin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1.600 (bir min altı yüz) manat məbləğində müəyyən olunmuşdur.
14. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması 13 iyun 2022-ci il tarixindən başlanılacaqdır və 2022ci ilin iyun ayı da daxil olmaqla, hər ayın 12-də axımı başlanan 5 (beş) təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nəğd qaydada və ya bank hesabına köçürməklə ödəyir.
15. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, Cavabdeh2 hal-hazırda da, qeyd edilən icarə sahəsindən istifadə etməklə, qeyd edilmiş ünvanda fəaliyyət göstərir.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 EBBY 453014 saylı, xx.xx.2022-ci il tarixli, 2022-ci ilin iyun ayının icarə haqqısı üzrə dəyəri 1.600 manat olan, EBCA 271924 saylı, xx.xx.2022-ci il tarixli, 2022-ci ilin iyul ayının icarə haqqısı üzrə dəyəri 1.600 manat olan, EBEB 339486 saylı, xx.xx.2024-ci il tarixli, 2024-cü ilin aprel ayının icarə haqqısı üzrə dəyəri 1.600 manat olan, EBED 762410 saylı, xx.xx.2024-cü il tarixli, 2024-ci ilin iyun ayının icarə haqqısı üzrə dəyəri 1.600 manat olan elektron qaimələr göndərilmişdir.
17. Bu qeyd edilmiş elektron qaimələr məhz mübahisəli aylara aiddir.
18. İddiaçı tərəf 2024-ci ilin aprel ayının icarə haqqından 700 manat ödənildiyi və 900 manat qaldığını, 2024-cü ilin iyun ayının icarə haqqından 900 manat ödənildiyini və 700 manat borcun qaldığını bildirir.
19. Göründüyü kimi, iddiaçının tələb etdiyi 4.800 manat məbləğində pul məhz bu qeyd edilmiş aylara aiddir.
20. Bundan başqa iddiaçı tərəf, cavabdehə göndərilmiş olan 2022-2024-cü illərə aid elektron qaimələri və qeyd edilmiş icarə haqqlarının ödənilməsi ilə bağlı bank hesabından çıxarışları və terminallardan ödəmə barədə qəbzləri işə əlavə etmişdir.
21. Məhkəmə iclasında Cavabdeh2 yuxarıda qeyd edilmiş 4 ay üzrə icarə haqqının ödənib-ödənilməməsi halı soruşulmuş, sonuncu da, ödədiyini bildirsə də, bu barədə hər hansı bir sənədi Məhkəməyə təqdim edə bilməmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, İddiaçı ASC-də kargüzar işlədiyini, Cavabdeh2 bəzi vaxtlar icarə haqqı götürdüyünü və götürdüyü pulu da, ancaq mühasib X1 verdiyini, sonradan o pulun taleyini bilmədiyini, cavabdehin ona vermiş olduğu icarə haqlarının hansı aylara aid olduğunu bilmədiyini bildirmişdir.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da, icarə haqqını əvvəllər X2 verdiyini, ödəmə terminalları vasitəsi ilə ödəniş etmədiyini, sonradan direktor dəyişdikdən sonra onlayn qaydada ödədiyini bildirmişdir.
24. Qeyd edilənlərdən Məhkəmə bu nəticəyə gəlir ki, ödənişlər əvvəllər iddiaçıya nağd qaydada edilmiş və bu pulların da, hüquqi şəxsin hesabına kimin tərəfindən mədaxil edilməsi məlum deyildir.
25. Göründüyü kimi Cavabdeh2 qeyd edilmiş mübahisəli 4 ay üzrə icarə haqqı borcunu ödədiyini bildirsə də, bu barədə hər hansı bir sənədi təqdim edə bilməmişdir.
26. Ona görə də, Məhkəmə hesab edir ki, icarə haqqı borcu üzrə 4.800 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməldir.
27. Bundan sonra Məhkəmə hesab edir ki, iddianın digər hissəsi yəni, Cavabdeh2 tərəfindən ödənilmiş ancaq, həmin zaman hüquqi şəxsin direktoru olmuş Cavabdeh1 tərəfindən iddiaçının hesabına mədaxil edilməyən 1.600 manat pulun Cavabdeh1 tələb edilməsinə qiymət verilməlidir.
28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən 2022-ci ilin avqust ayının icarə haqqısı üzrə 1.600 manat məbləğində pul İddiaçı ASC-yə ödənilmişdir.
29. İddiaçı tərəf bu pulun keçmiş direktor Cavabdeh1 tərəfindən götürüldüyünü və hüquqi şəxsin hesabına mədaxil edilmədiyini bildirir.
30. Məhkəmə qeyd edir ki, hazırkı hissədə iddia təmin edilə bilməz. Belə ki, qeyd edilmiş pulun məhz Cavabdeh1 tərəfindən götürülməsi (“mənimsənilməsi”) iş materiallarından öz təsdiqini tapmır.
31. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 da, götürmüş olduğu pulları mühasib X1 vermişdir.
32. Bundan başqa da, Məhkəmə qeyd edir ki, İddiaçı ASC, iri ticarət obyektinə sahib olan kommersiya hüquqi şəxsidir və o, kommersiya hüquqi şəxsi kimi, vergi orqanında qeydiyyatdan keçmişdir. Ona görə də, iddiaçının qeyd etmiş olduğu İddiaçı ASC-nin kassasının olmaması dəlili inandırıcı deyildir.
33. Belə ki, Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələri müəyyən edilmişdir
34. Həmin Məcəllənin 16.1.8-ci maddəsinə əsasən aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: 16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda); 16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; 16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti; 16.1.8.4. qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; 16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti;
35. Göründüyü kimi, Vergi Məcəlləsinin 16.1.8.1-16.1.8.6-cı maddələrində kassa aparatının məcburi olmadığı fəaliyyət növləri qeyd edilmişdir.
36. Ancaq hazırkı halda, yəni iddiaçının fəaliyyəti qeyd edilmiş maddələrdə əks olunmuş heç bir fəaliyyət növləri ilə üst-üstə düşmür. Yəni, iddiaçının fəaliyyət istiqaməti üzrə kassa aparatının qurulması məcburidir.
37. Bu baxımdan Məhkəmə bir daha qeyd edir ki, hazırkı icraat çərçivəsində hüquqi şəxsə mədaxil olunmuş pulların kim tərəfindən götürülməsini müəyyən etmək mümkün deyildir. İddiaçıya izah edilməlidir ki, bu cür halların olub-olmamasını müəyyən etmək üçün müvafiq istintaq orqanına müraciət edə bilər.
38. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 68 (altmış səkkiz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov