Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2435/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: vurulmuş ziyanın ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. BB344642 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal ili 2014-cü il olan 77FS660 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur.
2. Notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, etibar edən/təmsil edilən - İddiaçı etibar edilən "xxxx" MMC-yə həmin etibarnamə ilə ona məxsus olan AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BB344642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2014 olan Hyundai Elentra minik markalı 77FS660 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilib və xx.xx.2028-ci il saat 23:59-dək qüvvədədir.
3. "xxxx" MMC (icarəyə verən) ilə Cavabdeh (icarəyə götürən) arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus və ya ona müvəqqəti istifadəyə verilmiş buraxılış ili 2014 olan Hyundai Elentra markalı, sedan tipli, 77FS660 dövlət nömrə nişanlı tünd-boz rəngli nəqliyyat vasitəsini icarəyə götürənin icarə qiyməti hər gün üçün 60 manat olmaqla müvəqqəti istifadəsinə, icarəyə vermişdir.
4. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli (icarəyə verilən avtomobilin texniki vəziyyəti və təhvil-təslimi haqqında) aktdan görünür ki, Hyundai Elentra markalı 77FS660 dövlət nömrə nişanlı (tünd-boz rəngli) nəqliyyat vasitəsi saz vəziyyətdə İddiaçı tərəfindən müştəri - Cavabdeh təhvil verilmişdir. Akt İddiaçı və Cavabdeh tərəfindən imzalanmışdır.
5. Lerik rayonu Piran kəndində yaşayan X2 ərizəsində göstərmişdir ki, 25 avqust 2023-cu il tarixində işlətdiyi Lerik rayonu Piran kəndindəki avtomobil təmir sexinə tanımadığı sürücü idarə etdiyi Hyundai Elentra markalı 77FS660 dövlət nömrə nişanlı avtomobillə gəldi və sürücü avtomobilində nasazlıq olub baxmasını xahiş etmişdir. Maşını “yamaya” (çalaya) çıxartdı, baxanda mühərrikin altında yerləşən karterin zədələndiyini və zədə yerdən yağın çölə süzülməsini və mühərrikdə yağın olmamasını müəyyən etdi. Həmin vəziyyətdə avtomobilin sürülməsinin mümkün olmamasını və mühərrikin “tökülə biləcəyini” ona izah etdi, xahişi ilə karterin zədələnmiş, deşilmiş yerini təmziləyib, “kleylədi” (yapışdırdı), mühərrikə norma daxilində yağ tökdü, ondan sonra sürücü çıxıb getmişdir.
6. xx.xx.2023-cü il tarixli 022 nömrəli qaimə-fakturadan görünür ki, Hyundai Elentra markalı 77FS660 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində “karterin deşilməsi və yağın axması№ nasazlığını aradan qaldırlmaq üçün təmir xərci (ehtiyyat hissələrinin) dəyəri 3300 manat (əziyyət (usta) haqqı 350 manat) olmuşdur (2 il və ya 50.000 mil zəmanət verilmişdir) təşkil etmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə vurulmuş 3.300 manat məbləgində ziyanın, avtomobilin işləmədiyi 10 günə görə itirdiyi 600 manat gəlirin, avtomobili daşıyan evakuator sürücülərinə ödədiyi 120 manat, iddianı qaldırmağına görə ödədiyi 60 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. s
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə Cavabdeh icarə müqaviləsi əsasında "xxxx" MMC vasitəsi ilə mülkiyyətində olan, “Hyundai Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə sürmək üçün qəbul etmişdir. Müqavilə öhdəliyinə əsasən icarəyə götürdüyü avtomobili saz vəziyyətində qaytarmalıdır. Bu barədə ona yol vərəqəsi verilmişdir. 25.xx.xx.2023-cü il tarixdə Cavabdeh təxminən 19-20 radələrində zənп vuraraq avtomobilin istismara yararsız halda olmasına görə Bakı-Astara yolunun Salyan rayonu ərazisində saxladığnı bildirdi. Məlumatı eşidəndən sonra gecə ilə avtomobilin saxlanıldığı yerə getdi. Avtomobilin mühərrikinin tökülmüş və istismara yararsız vəziyyətdə olmasını gördü. Avtomobili evakuatora yükləyib Bakı şəhərində yerləşən avtomobil təmiri sexinə gətirdi. Usta maşına baxanda karterin deşilməsini və oradan yağın axması səbəbindən mühərrikin tökülməsini müəyyən etdi. Karterin deşilmiş yerini kleyləmişdi. Cavabdehdən vurduğu ziyanı ödəməsini tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirməklə öhdəliklərini yerinə yetirməkdən imtina etdi. Sonra da telefonla etdiyi zənglərə cavab vermədi. Naviqator aparatındakı görüntülərə baxanda avtomobilin Lerik rayonu Zəriküməco kəndindən Piran kəndinə qayıdarkən 2 saata kimi Piran kəndində saxlanıldığı göründü. Cavabdeh avtomobili Piran kəndində yol kənarında yerləşən avtomobil sexinə aparmış, avtomobilin mühərrikində yağın olmamasını, karterin deşilmiş yerindən yağın axmasına görə orada ustaya karterin deşildiyi yeri kley vasitəsi ilə izolyasiya etdirməklə mühərrikə yağ doldurmuşdur. Avtomobili Salyan rayonu ərazisinə kimi idarə etmiş və orada avtomobilin mühərriki tökmüşdür. Cavabdeh müqavilə şərtlərinə əməl etməməsi səbəbindən ona maddi ziyan vurulmuşdur. Avtomobili sıradan çıxmış hissələrini öz hesabına alaraq təmir etdirmişdir. Avtomobilin sıradan çıxmış ehtiyyat hissələri və vurulmuş ziyanın dəyəri aşağıdakılardan ibarətdir: Val dəyəri 1000 manat, yağ nasosu dəyri 350 manat, şatun 4 ədəd dəyəri 440 manat, porşen 4 ədəd dəyəri 260 manat, 4 ədəd kolsa dəyəri 140 manat, kladuşlar 9 ədəd dəyəri 180 manat, qiliz 4 ədəd dyəri 230 manat, qalovka təmiri 120 manat, yağ-filter 5 L dəyəri 110 manat, antifliz 3 L dəyəri 30 manat, motorun moykası dəyəri 30 manat, motor remeni 1 ədəd dəyəri 70 manat və usta haqqı 350 manat olmaqla, vurulmiş ziyanın ümumi məbləği 3300 manatdır. Ziyanın məbləgi və avtomobiln təmirdə olması müddət barədə fiziki şəxs tərəfindən verilmiş 022 saylı xx.xx.2023-cü il tarixli qaimə-faktura sənədi iddia ərizəsinə əlavə edilir. Avtomobil xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək təmirdə qaldığı 10 günə görə gündəlik 60 manat olmaqla 600 manat məbləğində qazancını itirmişdir. Avtomobili Salyan rayonundan evuakatorla Bakı şəhərinə daşınmasına görə 120 manat pul ödəmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2 və 21.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, maşını özü ustanın yanına aparıb təmir elətdirib. Təmirə görə pulu ustanın verdiyi qaimə-fakturaya əsasən ödəmişdir. Ustaya ümumi 3300 manat pul ödəmişdir. Ödənişi nağd şəkildə ödəmiş və bununla bağlı sənədi yoxdur. Avtomobil Cavabdeh verilərkən bununla bağlı akt tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. Detallar təmir sexində dəyişdirilib. Cavabdehin naviqasiya ilə getdiyi yerləri izləmişlər, avtomobili vurulduğu yerdə dayanması onlara şübhəli gəlib, zəng olunub, telefonu açmayıb. İki saatdan sonra təmir sexinə gedib, kley vurdurub. Bundan sonra, ona zəng edərək, maşın xarab olduğunu bildirmiş və onu gözləmədən çıxıb gedib.
12. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobil onların mülkiyyətindədir. Həmin avtomobil etibarnamə əsasında MMC-yə verilmişdir. Avtomobilə ziyan 25 avqust tarixində dəymişdir. Yol nəqliyyat hadisəsi baş verməmişdir, ziyan yol nəqliyyat hadisəsi nəticəsində dəyməmişdir. Dəymiş ziyan mütəxəssis rəyi ilə təsdiq edilir. Cavabdeh tərəfindən avtomobil yolun qırağında atılmışdır, iddiaçı həmin tarixdə ora gedib evakuator xidməti vasitəsilə avtomobili Bakıya gətirmişdir. Karterin deşilməsini və oradan yağın axması səbəbindən mühərrik tökülmüşdür. Avtomobil etibarnamə əsasında Rentacar şirkətinə verilmişdir. Rentacar şirkəti iddia qaldırmaq istəmədi. Ziyanın məhz Cavabdeh xərəkətləri nəticəsində vurulmasını təsdiq edən avtomobilə təmir xidməti göstərən usta X1 ərizəsidir və qaimə-fakturada avtomobilin sıradan çıxmış ehtiyat hissələri göstərilmişdir. Bu da maşına dəymiş ziyanı təsdiq edən sübutlardır.
13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblər barədə məlumat verməmişdir.
14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Maddi sübutların tədqiq edilməsi
15. Məhkəmə iclasında iş materiallarında olan foto-şəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Hyundai Elentra markalı 77FS660 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin evakuatora yükləndiyi görünür, eləcə də markası aydın olmayan avtomobil mühərriki əzilmiş, zədələnmiş vəziyyətdədir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
18. AR Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2014-cü il buraxılışlı Huindai Elantra markalı, 77FS660 dövlət nömrə avtomobil İddiaçı məxsusdur. xx.xx.2023cü il tarixdə İddiaçı tərəfindən "xxxx" MMC-nin adına həmin avtomobildən istifadə etmək səlahiyyəti verən etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC Cavabdeh ilə icarə müqaviləsi bağlayaraq mübahisəli avtomobili cavabdehə icarəyə vermişdir. Elə həmin tarixdə də sözügedən avtomobil akt əsasında saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.
22. Hazırda İddiaçı mübahisəli avtomobilin Cavabdeh istifadəsində olduğu dövrdə avtomobilin karterinin deşildiyini, nəticədə avtomobilin karterindən yağın axması nəticəsində mühərrikinin yararsız vəziyyətə düşməsini əsas göstərərək ona dəymiş real zərər və əldən çıxış fayda formasında maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir.
23. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsası ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbinə əsas kimi cavabdehin "xxxx" MMC ilə bağladığı icarə müqaviləsi əsasında avtomobili saz vəziyyətdə qaytarmaq öhdəliyini daşımasına istinad etmişdir. Halbuki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı sözügedən icarə müqaviləsinin tərəfi qismində çıxış etmədiyindən həmin müqaviləyə əsaslanaraq tələb irəli sürə bilməzdi.
24. Odur ki, hazırkı tələbin qanuni əsasını Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri çıxış edə bilərlər.
25. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, mülki qanunvericiliyin normalarını pozan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. Hazırkı halda cavabdeh tərəfindən hüquqazidd təqsirli əməl törədilməsi, eləcə də cavabdehin əməli ilə iddiaçıya məxsus avtomobilə dəymiş zərərin arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Belə ki, İddiaçı avtomobilinə dəymiş zərəri avtomobilin cavabdeh tərəfindən lazımi ehtiyatlılıq göstərilmədən sürülməsi nəticəsində avtomobilin alt hissəsinin daşa dəyməsi və avtomobilin karterinin deşilməsi ilə əlaqələndirsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilən Astara rayonu Piran kəndindəki təmir sexinin ustası tərəfindən yazılması ehtimal edilən izahat notarial qaydada təsdiq edilməmiş, eləcə də sözügedən şəxs məhkəmədə şahid qismində dindirilərək izahatını təsdiqləməmişdir. Odur ki, həmin izahatın həqiqiliyi məhkəmədə şübhə doğurduğundan mötəbər sübut kimi qiymətləndirilməsi istisna edilir.
26. Hazırkı halda iddiaçının mülkiyətində olan avtomobilə maddi zərərin Cavabdeh törətdiyi delikt nəticəsində vurulması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddia əsassız olmaqla rədd edilməlidir.
27. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva