Məhkəmə qərarları › İş №e-2-2(113)-2437/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2437/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2437/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 370522-CNS-45604 saylı kredit müqaviləsinə əsasən 4517,55 manat əsas borc, 352,94 manat faiz borcu və 221,56 manat cərimə olmaqla ümumilikdə 5092,05 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,92 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdeh xx.xx.2023-cü il tarixli 001 saylı bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri ilə tanış olub həmin şərtləri qəbul edərək, 30 may 2023-cü il tarixli 370522-CNS-45604 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə cavabdehə müraciət etmiş və ona illik 20 faiz hesablanması şərti ilə 18 ay müddətinə 5000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, iddiaçı isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. 2.2. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmişdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.26.3-cü bəndinə əsasən, müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizərazılaşmada göstərilən cərimə tətbiq edilir. 30 may 2023-cü il tarixli 370522-CNS-45604 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə hesablanır. 2.3. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 4517,55 manat məbləğində əsas borc, 352,94 manat məbləğində faiz borcu, 221,56 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə isə 5092,05 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 462.1, 472.1, 739.1 və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2437/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh krediti sahibkarlıq fəaliyyəti ilə bağlı götürdüyünü, hal-hazırda üç banka krediti olduğunu, lakin maddi vəziyyəti ilə bağlı ödənişləri həyata keçirə bilmədiyini qeyd etdi.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh göstərdi ki, borc məbləğinə etiraz etmir, lakin yenidən faiz məbləğinin hesablanmasına narazıdır.

9. İddiaçının nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 370522-CNS-45604 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması bağlanmış, iddiaçı 5000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 20%-lə (FİFD 20,73%) cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən 5000 manat məbləğində pul vəsaitinə (25 manat komissiya haqqı çıxılmaqla) mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

14. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 4517,55 manat əsas borc, 352,94 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş edir.

15. Cavabdeh kredit müqaviləsi üzrə borc məbləğini götürdüyünü, maddi vəziyyəti ilə bağlı ödəyə bilmədiyini bildirir, borc məbləğini mübahisələndirmir.

16. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

17. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

20. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

21. İş materiallarından görünür ki, iddiaçı 20 fevral 2024-cü il tarixli 655P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2024-cü il tarixə faiz və cərimə borcunu tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən qəbul edilmişdir.

22. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

23. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

24. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

25. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun qəbul edildiyi xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

26. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2024-cü il tarixə olan faiz borcunu tələb edir.

27. Məhkəməyə təqdim edilən xx.xx.2023 – xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 330 manat, xx.xx.2023-cü il tarixdə 327 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat olmaqla ümumilikdə 897 manat ödəniş edilmiş, həmin ödənişlərdən 482,45 manat əsas borca, 302,29 manat faiz borcuna, 103,54 manat cəriməyə silinmiş, qalan 8,72 manat komissiyaya çıxılmışdır.

28. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, xx.xx.2023-cü il tarixli 370522-CNS-45604 saylı kredit müqaviləsi üzrə əsas borc 4517,55 manat (5000 manat-ödənilən 482,45 manat), iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz borcu isə 352,94 manat təşkil edir.

29. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 370522-CNS- 45604 saylı kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla 4517,55 manat əsas borc, 352,94 manat faiz borcu kimi müəyyən edilməlidir.

30. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 370522-CNS- 45604 saylı kredit müqaviləsi üzrə 4517,55 manat əsas borc, 352,94 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

31. İddia ərizəsində iddiaçı 221,56 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

32. xx.xx.2023-cü il tarixli 370522-CNS-45604 saylı kredit müqaviləsinə əsasən, gecikdirilmiş borc üzrə cərimə hər tam və ya natamam 10 manat üçün 0,02 manat təşkil edir.

33. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

36. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada – poçt rabitəsi və X1 Sistemi vasitəsilə xəbərdarlıq olunmuş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən sonra hər hansı ödəniş həyata keçirilməmişdir.

37. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 221,56 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

38. İddiaçı eləcə də 70,92 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 70,92 manat dövlət rüsumu ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,92 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 may 2023-cü il tarixli 370522-CNS-45604 saylı kredit razılaşmasına əsasən 4517 (dörd min beş yüz on yeddi) manat 55 (əlli beş) qəpik əsas borc, 352 (üç yüz əlli iki) manat 94 (doxsan dörd) qəpik faiz borcu, 221 (iki yüz iyirmi bir) manat 56 (əlli altı) qəpik cərimə borcu olmaqla ümumilikdə 5092 (beş min doxsan iki) manat 05 (beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat 92 (doxsan iki) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar