Məhkəmə qərarları › İş №e-2-2(113)-2437/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2437/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2437/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC -yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yük daşınması müqaviləsi) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən bugünə kimi ödənilməli olan lakin ödənilməmiş 12238 manat məbləğin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin təsisçisi Sadıqov X1 ərazisində tikinti işləri ilə məşğul olan bir şirkət kimi fəaliyyət göstərir. Tərəflər arasında şifahi olaraq razılıq olmuşdur. Belə ki, Cavabdeh MMC-nin təsisçisi özünə məxsus olan İnşaat şirkətində gələcəkdə rəsmi olaraq aralarında podrat müqaviləsinin olmasını qeyd edərək iddiaçının mülkiyyətində olan “SHACMAN” markalı maşınla gündəlik 211 manat olmaqla yük daşınmasına razılaşmışlar. Lakin ödəniş hissəsi isə gələcəkdə tərəflər arasında rəsmi podrat müqaviləsi imzalandıqdan sonra aktda qeyd olunmasını iddiaçıya bildirmişdir. İddiaçı isə öz növbəsində həmin şəxsə etimad edərək üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Aralarında olan xidmət isə 3 ay müddətində davam etmişdir. Həmin fəaliyyət 2024-cü ilin fevralayının 14-dən 2 ay müddətinə kimi davam etmişdir. İddiaçı cavabdehə dəfələrlə fiziki şəxs olaraq sahibkarlıq fəaliyyətinin olması və VÖEN hesabının olması barədə müraciət etsə də hazırda işlərin çox olmasını və yaxın bir zaman ərzində bu işlərin rəsmi qaydada olacağını ona bildirmişdir. Eyni zamanda həmin müddət ərzində,yəni xx.xx.2024-cü il tarixdən 58 gün ərzində gündəlik 211 manat olmaqdan hesablanmaqla “SHACMAN” markaılYük avtomobilim həmin şirkət üçün Kəlbəcər rayonu Yanşaq kəndi ərazisində hərbi obyektin tikintisində sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb edilərək fəaliyyət göstərmişdir. Daha sonra cavabdehin süni manəələr yaradaraq nə ödəniş etməsini, nə də ki onunla müqavilə bağlamayacağını anladığından özündən şikayət edəcəyini bildirmişdir. Müəyyən bir zaman fasiləsində sonra mənim sözlərimə məhəl qoymadığı üçün bu barədə öz şikayətimi bildirmişdir. İddiaçının şikayəti əsasında Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixində 3(005)-2014/2024 saylı qərarı ilə Cavabdeh MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20.000 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bu isə həmin iş materialında işçilərə qarşı Əmək müqaviləsi olmadan işlədilməsi ilə bağlı tərtib edilmişdir. Hazırda Cavabdeh MMC-nin iddiaçıya qarşı 12238 manat dəyərində borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Belə olduğu təqdirdə 26 dekabr 2024-cü il tarixdə pretenziya məktubu vasitəsi ilə cavabdehin vergi ödəyicisi kimi online asan imza vasitəsi ilə daxil olaraq rəsmi vergi saytı vasitəsi ilə qoşma və pretenziya məktubu göndərilmişdir. Hazırda pretenziya məktubunda göstərilən müddət başa çatdığı üçün 12238 manat üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 399.1, 752.1, 753.1, 385, 425, 449.1, 21.2, 1091, 1092-ci maddələrinə istinad olunmuşdur. İddiaçı daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 3000 manat məbləğin ödənildiyini və cavabehdən 9238 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, suallara cavab olaraq bildirmişdir ki, göstərilən xidmətlərə görə cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Sonda isə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbi üzrə 12238 manat borcdan xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 2000 manat ödəniş etdiyini bildirərərək 9238 manat borc məbləğini qəbul etmişdir. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar: İş materiallarında olan: 29 noyabr 2024-cü il tarixli Nümayəndə1 imzası ilə təsdiqlənən əl yazmada sonuncu Qasımov Polada 1 günü 211 manat olmaqla 81 gün üçün 17000 manat, İddiaçı 1 günü 211 manat olmaqla 58 gün üçün 12238 manat məbləğində pulu iyulun 10-da veriləcəyini qeyd etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 2014/2024 saylı qərarı ilə Cavabdeh MMC İddiaçı əmək müqaviləsi olmadan işlətdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən İddiaçı tərəfindən dövlət büdcəsinə 127,36 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq daşıyıcı kimi müvafiq inşaat materiallarını cavabdehin tapşırığı ilə daşıyaraq təhvil vermiş, lakin cavabdeh yük göndərən və yük alan olaraq müqavilə üzrə öhdəliyini yerinə yetirməyib daşınmış malların dəyərini ödəməmişdir. Bu fakt cavabdehin direktorunun əl yazması ilə də öz təsdiqini tapmış, həmçinin hazırlıq iclasında cavabdehin nümayəndəsi borcu qəbul etmişdir. Cavabdeh iddiaya qarşı etiraz etməmişdir. Buna görə də cavabdeh MM-in 850-ci maddəsinə əsasən müqavilə üzrə daşımanın dəyərini iddiaçıya ödəməyə borcludur, iddiaçının tələbi haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 9238 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 127,36 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9238 (doqquz min iki yüz otuz səkkiz) manat pul məbləğində pul vəsaiti və ödənilmiş 127 (yüz iyirmi yeddi) manat 36 (otuz altı) qəpik dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar