Məhkəmə qərarları › İş №e-2-2(113)-2440/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2440/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2440/2023 29.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “AccessBank» QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı «müqavilənin ləğvi və borcun tutulması» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı “AccessBank» QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı «müqavilənin ləğvi və borcun tutulması» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “AccessBank» QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 022A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 26169,79 manat məbləğində kredit bоrcu, 11610,68 manat məbləğində faiz bоrcu və 7473,91 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 45254,38 manat məbləğində bоrcun və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.75% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əllimin) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 17330.21 manat ödəniş etmiş və оnun iddiaçıya 32669.79 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 366 gün üçün hesablanmış faiz borcu 8599.79 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 366 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 6325.62 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 oğlu zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 022A********** nömrəli kredit müqaviləsinə əsasən bank ümumi məbləği 50.000 manat olan borc pulu aylıq faiz dərəcəsi 1,75 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür.

8. Müqavilənin 4.2.3-cü bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur.

9. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 022G**********03 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

10. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 022G**********04 nömrəli zaminlik müqaviləsinə əsasən borcunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür. Borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

11. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 022G**********02 nömrəli zaminlik müqaviləsinə əsasən borcunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür. Borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

12. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 022A**********0 saylı xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə cavabdehin borcu - əsas məbləğ üzrə 26169,79 manat, faiz borcu 11610,68 manat, cərimə borcu 7473,91 manat, ümumilikdə 45254,38 manat təşkil edir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4540 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 022A**********0 saylı xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə cavabdehin xx.xx.2022-ci il tarixə borcu - əsas məbləğ üzrə 44822,78 manat, faiz borcu 3985,59 manat, ümumilikdə 49803,37 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 32699,79 manat, faiz borcu 8599,79 manat, ümumilikdə 41269,58 manat təşkil edir.

14. Məhkəmə ilk öncə, iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı hissəsinə münasibət bildirməyi zəruri hesab edir.

15. Belə ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 022A********** saylı kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə, bank bu müqaviləyə vaxtında əvvəl xitam vermək və qalan kredit məbləğini, bu müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir.

16. Materiallardan görünür ki, iddiaçı Cavabdeh3 xx.xx.2022-ci il tarixdə xəbərdarlıq ünvanlayaraq (i.v.38) borcun ödənilməsini, ödənilmədiyi təqdirdə müqaviləyə xitam verilməsi və borcun tutulması tələbi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcəyini bildirmişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 18.Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 19.Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən müqavilədən birtərəfli imtina etdiyindən iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 022A********** saylı kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv olunmuş hesab edilməlidir.

20. Məhkəmə iddia tələbini ikinci hissədə qismən əsaslı hesab edir, bununla bağlı aşağıdakıları qeyd edir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

30. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə müqavilənin 4.1.2-ci bəndinə əsasən vaxtından əvvəl xitam verildiyindən həmin tarixə olan borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, cavabdehlərdən tutularacaq faiz borcu isə ekspert rəyinə uyğun müəyyən edilməlidir.

31. Belə ki, məhkəmə icraatı dövründə əldə edilmiş ekspert rəyinə tərəflər etiraz etməmişlər.

32. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.3cü bəndinə əsasən hesablanmış 7473,91 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

34. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 1300 manat məbləğində müəyyən edilməlidir.

37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 022A********** saylı kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv olunmuş hesab edilməli, cavabehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 oğlundan müştərək qaydada 26169.79 manat əsas borc, 3985,59 manat faiz borcu, 1300 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 300 manat dövlət rüsumu cavabdehlərə, qalan 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

40. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 022A********** saylı kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv olunmuş hesab edilsin. Cavabehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 oğlundan müştərək qaydada 26169.79 manat əsas borc, 3985,59 manat faiz borcu, 1300 manat cərimə, ödənilmiş 300 manat mediasiya xərci, ümumilikdə 31755,38 (otuz bir min yeddi yüz əlli beş manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci İddiaçı QSC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar