Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2444/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, dəbbə pulunun azaldılması, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (LPO İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 12 000 000 manat əsas, 5 548 151,24 manat faiz, 392 300,52 manat cərimə, əsas borca illik 5 faizlə hesablanmaqla 533 334,4 manat olmaqla ümumilikdə 18 473 786,16 manat məbləğində pulun və ödənilmiş 10026,89 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 31/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 500 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə iddiaçıya ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, kredit borcunun iddiaçıya qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavabdehin sözügedən kredit müqaviləsi üzrə iddiaçıya ödənilməmiş 12 000 000 əsas, 5 548 151,24 manat faiz, 392 300,52 manat cərimə, 533 334,40 manat illik 5% borc olmaqla ümumilikdə 18 473 786,16 manat məbləğində borcu vardır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 501-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə və X3 iddianın məzmununa uyğun izahlar verdilər və iddianının təmin edilməsini xahiş etdilər.
6. Cavabdeh yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqram ötürülməklə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddiaçı (borcverən qismində) ilə cavabdeh (borcalan qismində) arasında bağlanmış 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, müqavilənin predmeti milli valyuta ilə ifadə edilən pul vahididir (2.1). Borc verən Türkiyədə fəaliyyət göstərən şirkətin hüquqi şəxsə məxsus pay hissəsinin alınması məqsədilə Borc alana 12 500 000 AZN (on iki milyon beş yüz min manat) məbləğində kredit verməsini öhdəsinə götürür (2.2). Borcalan kreditləşmə obyektini qiymət dəyəri məbləğini tam sığortalanmasını öz üzərinə götürür (2.3). Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanaçaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür (2.4). Kredit vəsaitinin hərəkəti Borc verən tərəfdən Borc alan ücün açılan kredit hesabı ilə təmin edilir (5.1). Kredit vəsaitindən istifadə müddətinin axımı Borc alanın kredit hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır (5.3). Borc alana verilən kredit vəsaitindən istifadə müddəti bu müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş tarixdə bitir (5.4). Kredit vəsaitindən istifadə müddəti 02 iyul 2022-ci il tarixində 17-00 saatda bitir. Bu müddətin uzadılması barədə Tərəflər razılığa gəldikdə, belə razılıq bu Müqavilənin 21-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir (5.5). Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 8%-lə hesablanır (6.1). Kredit üzrə əsas borcun ödənişi isə güzəşt müddəti 24 (iyirmi dörd) ay bitdikdən sonra xx.xx.2022-ci il tarixinə qədər tam şəkildə ödənilir (Kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəli üzrə) (6.3). Faktiki illik faiz dərəcəsi (FİFD) - 8% (6.5). Bu Müqavilənin 5.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir (7.1). Kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin Borc verənin hesabına daxil olduğu tarix hesab olunur (7.2).
11. Həmin müqaviləyə 01 nömrəli əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, kreditin ilk ödəmə tarixi xx.xx.2016-cı il, son ödəmə tarixi xx.xx.2022-ci il, hər ay 299 875,11 manat (birinci ay 169 444 manat, sonrakı 7 ay 250 000 manat, sonuncu ay isə 299 875,2 manat) olmaqla ümumilikdə 12 500 000 manat əsas borc, 4 113 324,92 manat faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.
12. İş materiallarında olan cavabdehə məxsus AZ84ANAR**********0000000AZM nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə 12 000 000 manat kredit verilmiş, həmin məbləğ hesabdan nağd qaydada məxaric edilmişdir.
13. Məhkəməyə təqdim edilən 26 may 2023-cü il tarixli **********245 nömrəli maliyyə arayışına əsasən, 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsi üzrə 22 may 2023-cü il tarixə əsas borc 12 000 000 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 5 548 151,24 manat təşkil edir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2444/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3861 nömrəli məhkəməmühasibatlıq ekspertizası üzrə ekspert rəyindən görünür ki, 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 12 000 000 manat, faiz borcu 5 709 333,33 manat, xx.xx.2023-cü il tarixdə əsas borc 12 000 000 manat, faiz borcu 5 709 333,33 manat təşkil edir. Həmçinin ekspert rəyinə əsasən, müqavilə üzrə 12 500 000 manat məbləğində kreditin verilməsi razılaşdırılsa da, 12 000 000 manat kredit ayrılmışdır.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 12 500 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə hüquqi şəxsə məxsus pay hissəsinin alınması məqsədilə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini xx.xx.2022-ci tarixədək, illik 8% dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh krediti təşkil edən məbləğdən 12 000 000 manat pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya qaytarmamışdır.
16. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 12 000 000 manat əsas borc və 5 548 1514,24 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır
22. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
23. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
27. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
28. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
29. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdeh ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
30. xx.xx.2024-cü il tarixli 9/3861 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, 02 iyul 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan əsas borcu 12 000 000 manat, faiz borcu isə 5 709 333,33 manat təşkil edir.
31. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsi üzrə borc məbləği 12 *** **** manat əsas borc, 5 548 151,24 manat faiz borcu kimi müəyyən edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsi üzrə 12 000 000 manat əsas borc, 5 548 151,24 manat faiz borcu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
34. İddiaçı 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsi üzrə 22 may 2023cü il tarixə illik 5 faizlə hesablanmış 533 334,4 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
35. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).
36. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
37. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2022-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
38. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli 9/3861 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2023-cü il tarixə əsas borca illik 5 faizlə hesablanmış məbləğ 540 000 manat, hər günə düşən fazi məbləği 1666,67 manat təşkil edir.
39. Belə olan halda iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixə qanuni faiz məbləği 533 333,32 (540 000 manat – 4 gün*1666,67 manat) manat hissədə əsaslıdır.
40. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 533 333,32 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
c) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
41. İddia ərizəsində iddiaçı 392 300,52 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
42. 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0,02% miqdarından Borc verənə dəbbə pulu ödəməlidir.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
44. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
45. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
46. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəməyə qədər qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən 02 iyul 2016-cı il tarixli 31/1 nömrəli kredit müqaviləsi üzrə heç bir ödəniş edilməmişdir.
47. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 392 300,52 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
48. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 392 300,52 manat Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
49. İddiaçı eləcə də ödənilmiş 10026,89 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
50. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 9626,89 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
51. Həmçinin ********** nömrəli mədaxil qəbzi əsasında 400 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli 9/3861 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat təşkil edir.
53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
54. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
57. İş materialları ilə müəyyən olunur ki, kredit borcunun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin sonuncu mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
58. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10026,89 manat pul Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 12 000 000 manat əsas borc, 5 548 151,24 manat faiz borcu, 392 300,52 manat cərimə, əsas borca illik 5% hesablanmaqla 533 333,32 manat olmaqla ümumilikdə 18 473 785,08 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10026,89 manat pul Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova