Məhkəmə qərarları › İş №e-2-2(113)-2445/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2445/2024

30.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2445/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, podrat müqaviləsi üzrə avans ödənişinin hüquqi rejimi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 16000 manat əsas borcun və ödənilmiş 147 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. iddiaçı ilə cavabdeh arasında qazanxana işləri xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli MT/100723/001 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçının verdiyi sifarişlər əsasında cavabdeh işləri yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi və bu xidmət müqabilində iddiaçı xidmət göstərənə muzd ödəməyi öhdəsinə götürmüşdür. Qazanxana işlərinin görülməsinə dair müqavilədə və müqaviləyə əlavədə işlərin görülmə vaxtı, təhvil vaxtı, ödəniş və s. şərtlər öz əksini tapmışıdır. 2.2. Qazanxana işlərinin görülməsinə dair müqavilədə və müqaviləyə əlavəyə uyğun olararaq 16 000 manat ödəniş iddiaçı tərəfindən tam ödənilsə də, cavabdeh tərəfindən 6 aya yaxın müddətdir ki, işlər tam şəkildə görülmür, gətirdikləri müvafiq texnikalar istifadəyə yararsız halda olur. Dəfələrlə cavabdehə edilən yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, görülən işlərin qısa zamanda keyfiyyətli təhvili həyata keçirilməmişdir. Verilmiş pretenziyalara və əlaqə nömrələrinə edilən zənglərə də cavab verilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 443, 449 və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasların iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehlə xx.xx.2023-cü il tarixli MT/100723/001 nömrəli müqavilə bağlandıqdan sonra 16000 manat ödəniş edilmiş, lakin sonuncu tərəfindən heç bir iş görülməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək işlərin görülməsindən yayınmışdır. Daha sonra iddiaçıya məlum olmuşdur ki, müqavilənin predmetini təşkil edən işlərin görülməsi lisenziya tələb edilən fəaliyyətdir və cavabdeh belə bir lisenziyaya malik deyildir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iş materiallarında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iki müqavilə olsa da, cavabdehlə bütün münasibətlər xx.xx.2023-cü il tarixli müqavilə əsasında qurulmuş, ödənişlər həmin müqaviləyə əsasən edilmişdir. Bu səbəbdən də iddianın faktiki əsasını məhz xx.xx.2023cü il tarixli müqavilə təşkil edir.

7. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin ünvanına göndərilməklə, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (sifarişçi qismində) ilə cavabdeh (icraçı qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MT 100723/001 nömrəli xidmət müqaviləsinin predmetlə bağlı şərtlərindən (1-ci hissə) görünür ki, İcraçı, Sifarişçinin tapşırığına və onun təsdiq etdiyi və/və ya təqdim etdiyi layihə-smeta sənədlərinə uyğun olaraq “Qazanxananın Quraşdırılması” layihəsi çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən xidmətləri yerinə yetirməyi, başa çatdırmağı və Sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, Sifarişçi isə İcraçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür.

12. Adıçəkilən müqavilənin qiymət və ödəniş şərtləri ilə bağlı (2-ci hissə) müddəalarına əsasən, müqavilənin ümumi məbləği vergi daxil/xaric ilk mərhələ üçün 16000 AZN təşkil edir təşkil edir. Müqavilə hüquqi qüvvəyə mindikdən sonra Sifarişçi müqavilə məbləğinin 38%-ni avans şəklində İcraçıya ödəyir (2.1). Bu müqavilənin qiyməti işlərin icra müddətində tərəflər arasında tərtib olunmuş faktiki görülmüş işlərin aktı (Forma- 2, Forma-3) əsasında bank köçürmə yolu ilə ödəniləcək (2.2). Ödənilmiş avans məbləği, tərəflər arasında tərtib olunmuş faktiki görülmüş işlərin aktından (Forma-2, Forma-3) Sifarişçinin mülahizəsinə əsasən çıxılır (2.3). İcraçı cəlb etdiyi işçilərlə bağlı qanunvericilikdən irəli gələn öhdəliklərini tam və ya lazımınca yerinə yetirməyənə qədər Sifarişçi İcraçıya ödəniləcək məbləği (muzd) təsdiq etmir. Eyni zamanda Sifarişçinin hüququ var ki, bu müqavilə üzrə yerinə yetirilən iş ilə bağlı İcraçının cəlb etdiyi işçilərinə olan borcunu ödəsin və həmin məbləği İcraçıya çatacaq muzddan və/və ya qarantiyalardan tutsun (2.4). Sifarişçi İcraçı tərəfindən icra edilən və Sifarişçi tərəfindən qəbul edilməyən və ya qəbul edilməyəcəyi Sifarişçi tərəfindən müəyyənləşdirilən və ya təhlükə və zərər doğurması və ya doğuracağı məlum olan İşə müdaxilə edərək zəruri tədbirləri görmək, İşi düzəltmək, yenidən görmək və ya yenidən icra edilməsini tələb etmək hüququna malikdir. Sifarişçinin bu səbəbdən çəkəcəyi bütün xərclər İcraçı tərəfindən ödənilir, və/və ya Sifarişçi tərəfindən İcraçıya çatacaq muzddan və/və ya qarantiyalardan tutulur (2.5).

13. Həmin müqavilənin işlərin təhvil verilməsi ilə bağlı 5-hissəsinə əsasən, işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və Tərəflərin möhürləri ilə təsdiq edilən Yekun Təhvil-Təslim Aktına əsasən həyata keçirilir (5.1). Yekun Təhvil-Təslim Aktının imzalanmasına baxmayaraq təhvil alınmış İşlərdə sonradan yaranan və/və ya sonradan aşkarlanan qüsur və/və ya gizli qüsurlara və bunların gətirdiyi nəticələrə görə İcraçı həm Sifarişçi, həm də üçüncü şəxslər qarşısında tam məsuliyyət daşıyır və İcraçı belə qüsurları öz hesabına ən qısa vaxt və ya Sifarişçinin müəyyən etdiyi vaxt ərzində aradan qaldırmalıdır (5.2). Bu Müqaviləyə əsasən təhvil alınan İşlər üçün İcraçı tərəfindən təmin edilən qarantiya müddəti ən azı 2 il, lakin tətbiq olunan qanunvericilik və bu sahədə təcrübədən irəli gələn müddətdən aşağı olmayaraq müəyyən edilir. Bu müddət ərzində yarana biləcək qüsurların aradan qaldırılmasına görə tam maddi məsuliyyət daşıyır (5.3).

14. Sözügedən müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli “Qazanxananın Quraşdırılması” layihəsi çərçivəsində həyata keçiriləcək xidmətlərin siyahısı adlı əlavədən görünür ki, müqavilənin predmetini təşkil edən işlərin həcmi və dəyəri müvafiq olaraq qazanxana quraşdırılması işləri və 16000 manat təşkil edir.

15. Qeyd edilən müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli ödəniş və xüsusi şərtlər adlı əlavədən görünür ki, bütün İşlər Sifarişçi tərəfindən İcraçıya 5 gün ərzində İcraçı tərəfindən başa çatdırılmalı və Sifarişçiyə təhvil verilməlidir (4.3). İşin layihə sxemi 5 gün ərzində təqdim edilməlidir (4.4). Qazanxana mərkəzindən ofislərə xətlərinin çəkilməsi və boru xətlərin tam şəkildə izolyasiya olunması (işçilik və avadanlıq xərcləri daxil) İcraçı tərəfindən təmin edilməlidir (4.5). İşlərin tam keyfiyyətli görülməsinə və müasir standartlara uyğun təhsil verilməsində “İcraçı” məsuliyyət daşıyır (4.6). Təhvil-Təslim ekspert tərəfindən baxılaraq təhvil götürüləcək, rəy əsasında standart və keyfiyyətə uyğun gəlməyən işlər, materiallar İcraçı tərəfindən qısa müddətə aradan qaldırılmaqla təmin edilməlidir (4.7).

16. İş materiallarında olan ödəniş tapşırıqları və icra qeydlərindən görünür ki, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında “MUQ MT-100723-001 DD xx.xx.2023 AVANS” təyinatı ilə 6000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında “MUQ MT-100723-001 DD xx.xx.2023 EBDN 099909” təyinatı ilə 10000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür.

17. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 09 aprel 2024-cü il tarixli 3-21/2-Ə-22xx-xx/2024/3131 nömrəli məktubundan görünür ki, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri fəaliyyət növü üzrə Cavabdeh MMC-yə lisenziyanın verilməsinə dair məlumat reyestrdə qeydə alınmamışdır.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli MT 100723/001 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçının tapşırığına və onun təsdiq etdiyi və/və ya təqdim etdiyi layihə-smeta sənədlərinə uyğun olaraq “Qazanxananın Quraşdırılması” layihəsi çərçivəsində müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən xidmətləri yerinə yetirməyi, başa çatdırmağı və iddiaçıya tam hazır vəziyyətdə təhvil verməyi, iddiaçı isə cavabdehin gördüyü işin müqabilində müqavilədə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ümumilikdə 16000 manat ödəniş edilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə əlavə razılaşma bağlayaraq bütün işləri 5 gün ərzində başa çatdırmağı öz öhdəsinə götürmüşdür.

19. İddiaçı tərəflər arasında imzalanmış xidmət müqaviləsi üzrə avans olaraq ödənilmiş 16000 məbləğində pulun tutulmasını tələb edir.

20. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MT/100723/001 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsinin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhviltəslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.

22. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

23. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, “hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. Mülki Məcəllənin “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki Məcəllə avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır” (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il 04 iyun tarixli 1/2021 nömrəli Qərardadının 49-51-ci bəndləri).

24. Müqavilə tərəfləri öz aralarında razılaşa bilərlər ki, öhdəliyin icrasına görə qarşı tərəfin ödəməli olduğu haqq ya tam şəkildə öhdəlik icra olunduqdan sonra ödənilsin, yaxud da ödənişin bir hissəsi avans olaraq öhdəliyin icrasına başlananadək, qalan hissəsi isə icra prosesində və/və ya bilavasitə icranın sonunda ödənilsin.

25. Hüquq nəzəriyyəsində avans və beh bir-birindən fərqləndirilir. Həmin institutların hüquqi təbiətinə xas olan bu xüsusiyyətlər onların törətdiyi hüquqi nəticələri də birbirindən fərqləndirir.

26. Belə ki, Mülki Məcəllənin 491.1-ci maddəsindən də göründüyü kimi, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Mülki Məcəllənin 492-ci maddəsinə görə: 1) Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 2) Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

27. Göründüyü kimi, Mülki Məcəllə behin hansı hallarda geri qaytarıldığını, hansı hallarda geri qaytarılmadığını konkret müəyyən etmişdir. Bundan fərqli olaraq mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır.

28. Avans və behlə bağlı institutların fərqli səciyyə daşımasını Mülki Məcəllənin 491.3-cü maddəsinin məzmunundan da görmək mümkündür. Həmin normaya görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

29. Podrat müqaviləsi üzrə öhdəliklərin icrası ilə əlaqədar sifarişçinin podratçıya vermiş olduğu avansın, podratçının öhdəliyi yerinə yetirilmədikdə belə, sifarişçiyə qaytarılmasının mümkün olmaması barədə gəlinən qənaət isə faktiki olaraq avansın behlə eyniləşdirilməsi ilə nəticələnir. Ona görə də bu qənaət Mülki Məcəllənin istinad olunan normalarına ziddir.

30. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin podrat müqaviləsinə aid maddələrində podrat müqaviləsinin ləğv olunduğu halda avansın geri qaytarılmasını müəyyən edən normanın nəzərdə tutulmaması səbəbindən, iddianın təmin edilməməsi avansın yuxarıda qeyd edilən mahiyyətinə və Mülki Məcəllənin 759 və 760-cı maddələrinə ziddir.

31. Belə ki, baxılan işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən, müqavilənin ümumi məbləği vergi daxil/xaric ilk mərhələ üçün 16000 manat təşkil edir. Müqavilə hüquqi qüvvəyə mindikdən sonra Sifarişçi müqavilə məbləğinin 38%-ni avans şəklində İcraçıya ödəyir. Lakin tərəflər arasında qeyd edilən razılaşmadan fərqli olaraq 100% avans məbləği ödənilmişdir. İddiaçı tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması, müqavilənin qiymətinin ödənilməsi ilə bağlı sübutlar təqdim etsə də, cavabdeh tərəfindən müqavilə üzrə bu və ya digər işin görülməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Əksinə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmadan, cavabdehə işlərin görülməsi üçün daha 5 gün müddətin də verildiyi görünür.

32. Mülki Məcəllənin 759 və 760-cı maddələrin məzmunundan aydın olur ki, podrat müqaviləsi sifarişçinin və ya podratçının təşəbbüsü ilə ləğv (xitam) edildikdə, sifarişçi podratçıya yalnız yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

33. Həmin maddələrin məzmunundan göründüyü kimi, sifarişçi (hazırkı halda iddiaçı) yerinə yetirilməyən işə görə podratçıya (hazırkı halda cavabdehə) ödədiyi haqqı (hazırkı halda 16000 manat məbləğində avansı) tələb etməyə haqlıdır. Çünki podratçı (cavabdeh) müqavilə üzrə hər hansı bir iş görməmişdir.

34. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli MT/100723/001 nömrəli xidmət müqaviləsi üzrə 16000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

35. İddiaçı ödənilmiş 147 məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməldir.

38. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir.

40. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qiymətinə (16000 manat) uyğun dövlət rüsumu 138 manat təşkil edir.

41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Beləliklə, məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xidmət müqaviləsi üzrə 16000 (on altı min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar