Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2446/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 001/KM/801/5200670/010721 nömrəli kredit müqaviləsinə əsasən məsuliyyət daşıyan cavabdehdən əsas məbləğ üzrə 150,608.26 manat, faiz üzrə 10,060.71 manat, cərimə üzrə 3,516.74 manat olmaqla, ümumilikdə 164,185.71 manat pul vəsaitinin, həmçinin 400 manat həcmində mediasiya xərci və 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 001/KM/801/5200670/010721 nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 16 % dərəcəsi olmaqla 220000 manat məbləğində kredit verilmişdir. Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh 19 aprel 2022-ci il tarixli arayışa əsasən iddiaçıya olan borcunun məbləği əsas məbləğ üzrə 150,608.26 manat, faiz üzrə 10,060.71 manat, cərimə üzrə 3,516.74 manat olmaqla ümumilikdə 164,185.71 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Məhəmmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət edildikdən sonra da hazırkı müqavilə üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli 001/KM/801/5200670/010721 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 220000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətə və cari qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri BOKT-a ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 16 % olmaqla faiz ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 36 % olmaqla cərimə faizi ödəyir. Müqavilənin 2.8-ci bəndinə əsasən borcalan ödənişləri gecikmə ilə həyata keçirdikdə, ödənilmiş məbləğ ilk olaraq borcalanın ödəniş gününə mövcud olan cərimə və dəbbə pulunun ödənilməsinə, daha sonra faizin, qalan məbləğ isə əsas borcun ödənilməsinə yönəlir. Müqaviləyə 02 iyul 2021-ci il tarixli 01 nömrəli əlavə ödəniş cədvəlinə əsasən cavabdehin aylar üzrə ödəməli olduğu ödənişlərin sayı, günləri, əsas və faiz ödənişlərin məbləği, eləcə də aylıq ödənişlər əks olunmuşdur. İddiaçı tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli PCM-22/0027/1 saylı maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 001/KM/801/5200670/010721 nömrəli kredit müqaviləsi üzrə onun cavabdeh qarşısında xx.xx.2022-ci il tarixinə olan ümumi borcu əsas məbləğ üzrə 150608,26 manat, faiz məbləği üzrə 10060,71 manat, cərimə məbləği üzrə isə 3516,74 manat, cəmi 164185,71 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ***-*******-6 nömrəli hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-xx.xx.2022-ci il tarix aralığı üçün dövrün sonuna qalıq borcu 261,30 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ***-*******-11 nömrəli hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-xx.xx.2022-ci il tarix aralığı üçün dövrün sonuna qalıq borcu 5520,66 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ***-*******-9 nömrəli hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-xx.xx.2022-ci il tarix aralığı üçün dövrün sonuna qalıq borcu 12209,19 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ***-*******-8 nömrəli hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-xx.xx.2022-ci il tarix aralığı üçün dövrün sonuna qalıq borcu 111415,73 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ***-*******-5 nömrəli hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-xx.xx.2022-ci il tarix aralığı üçün dövrün sonuna qalıq borcu 39192,53 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ***-*******-1 nömrəli hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-xx.xx.2022-ci il tarix aralığı üçün dövrün sonuna qalıq borcu 301158,37 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 07 aprel 2022-ci il tarixli PCP-22/0011 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli 001/KM/801/5200670/010721 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan cəmi 162809,83 manat məbləğində borcun 5 təqvim günü ərzində ödənilməsini tələb etmiş, əks tıqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 3516,74 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyi, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya əsas borc üzrə 150,608.26 manat, faiz üzrə 10,060.71 manat, cərimə üzrə 3516.74 manat olmaqla, ümumilikdə 164,185.71 manat borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 aprel 2022-ci il tarixli MŞB/2-00515 nömrəli arayışa əsasən, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 400 manat mediasiya xərci və 55 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 150608.26 (bir yüz əlli min altı yüz səkkiz manat iyirmi altı qəpik) manat məbləğində əsas bоrc, 10060.71 (on min altmış manat yetmiş bir qəpik) manat məbləğində faiz bоrcu, 3516.74 (üç min beş yüz on altı manat yetmiş dörd qəpik) manat cərimə, cəmi 164185.71 (bir yüz altmış dörd min bir yüz səksən beş manat yetmiş bir qəpik) manat məbləğində pul və ödənilmiş 455 (dörd yüz əlli beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2446/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2446/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver