Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-245/2023 19.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, əsas borc, faiz borcu, cərimə, müqavilənin ləğvi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşmasının ləğv edilməsi, adıçəkilən kredit razılaşması üzrə 12863,45 manat məbləğində əsas borc, 2472,88 manat faiz borcu və 4299,18 manat cərimə borcu olmaqla, ümumilikdə 19635,51 manat və mediasiya xərcinin əvəzi olaraq 200 manat pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli, 021L**********06 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən olunması razılaşdırılmışdır. Qeyd edilən uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli, 021R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Lakin Cavabdeh1 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Belə ki, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2136,55 manat ödəmiş, onun 12863,45 manat məbləğində kredit borcu qalmışdır. 2.2. Adıçəkilən kredit razılaşmasına uyğun оlaraq faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kredit razılaşması ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi) 206 gün üçün hesablanmış faiz borcu 2472,88 manat təşkil edir. Eyni zamanda krеdit razılaşmasına uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 206 gün üçün hеsablanmış cərimə 4299,18 manat təşkil edir. 2.3. Sözügedən uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 448.1, 465.2, 472, 501 və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, Cavabdeh1 kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, xx.xx.2021-ci il tarixdən heç bir ödəniş etməmişdir. Lakin bank cavabdehlərdən yalnız maliyyə arayışının verildiyi tarixə olan borcu tələb edirlər.
5. Məhkəmənin iclaslarında iştirak edən Cavabdeh1 bildirmişdir ki, bankdan pulu sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürmüş, pandemiya dövründə maddi vəziyyətində yaranan çətinliklərə görə borcu ödəyə bilməmişdir. Maddi vəziyyəti ilə əlaqədar dəfələrlə banka aylıq ödəniş məbləğlərinin azadılması barədə müraciət etsə də, iddiaçı qeyd olunan məbləği azaltmamışdır. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh1 qeyd etmişdir ki, cəmi 2-3 ay ödəniş etmiş, həmin ödənişlər də kredit müqaviləsi üzrə borcdan düzgün silinmişdir, lakin həmin məbləği hal-hazırda ödəməsi mümkün deyildir. Eyni zamanda borc məbləği ilə razı olduğunu bildirmiş, faiz borcunun azaldılmasını xahiş etmişdir.
6. Digər cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin sonuncular məhkəmənin iclaslarında iştirak etməmiş və gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit razılaşması üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı
10. İddiaçı kredit razılaşması üzrə 12863,45 manat əsas borc, 2472,88 manat faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbini irəli sürmüşdür.
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
13. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021L**********06 saylı uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana (Cavabdeh1) 100000.00 (bir yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kredltləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Adıçəkilən müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 31 may 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur.
14. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşmasının 1.1-ci bəndində göstərilmişdir ki, bank məbləği 15000.00 (on beş min manat) manat olan krediti aylıq faiz dərəcəsi 2 (iki) % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana (Cavabdeh1) verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.
15. İş materiallarında olan 021R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 01 fevral 2021-ci il, son ödəniş tarixi isə 03 yanvar 2023cü il olmaqla 15000 manat kredit məbləği və 4117,19 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
16. İş materiallarında olan 29 dekabr 2019-cu il tarixli, 021S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 021L**********06 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditlaşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
17. İş materiallarında olan 29 dekabr 2019-cu il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixli, 021L**********06 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditlaşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
18. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2020-ci il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 021L**********06 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditlaşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
19. İddiaçı tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə 021R********** saylı, xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh1 əsas borcu 12863,45 manat, faiz borcu 2472,88 manatdır.
20. Məhkəməyə təqdim edilən Cavabdeh1 İddiaçı QSC-dəki AZ47ACAB**********000058455 nömrəli hesabından xx.xx.2020-xx.xx.2022-ci il tarix aralığını əhatə edən çıxarışdan görünür ki, Cavabdeh1 əsas borc üzrə xx.xx.2021-ci il tarixdə 466 manat, xx.xx.2021-ci il tarixdə 524,70 manat, xx.xx.2021-ci il tarixdə 506,47 manat, xx.xx.2021-ci il tarixdə 507,94 manat, xx.xx.2021-ci il tarixdə 131,44 manat olmaqla, ümumilikdə 2136,55 manat və fazi borcu üzrə xx.xx.2021-ci il tarixdə 0.92 manat, xx.xx.2021-ci il tarixdə 329,08 manat, xx.xx.2021-ci il tarixdə 271,30 manat, xx.xx.2021-ci il tarixdə 36,42 manat, xx.xx.2021-ci il tarixdə 40,42 manat və 253,11 manat, xx.xx.2021-ci il tarixdə 247,64 manat, xx.xx.2021-ci il tarixdə 251,23 manat, xx.xx.2021-ci il tarixdə 4,91 manat, xx.xx.2021-ci il tarixdə 418,86 manat, xx.xx.2021-ci il tarixdə 268,56 manat, xx.xx.2021-ci il tarixdə 0,03 manat olmaqla, ümumilikdə 2122,48 manat ödəniş etmişdir.
21. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 021L**********06 saylı uzunmüddətli kredit müqaviləsi bağlanaraq sonuncuya kredit xətti açılmış, həmin müqavilə əsasında iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşması bağlanmış, sonuncuya aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit vеrilmiş, krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən əsas borc üzrə 2136,55 manat, faiz borcu üzrə isə 2472,88 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixə isə Cavabdeh1 12863,45 manat əsas borcu, 2472,88 manat faiz borcu mövcuddur.
22. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
26. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
27. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
28. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2019-cu il tarixli, 021L**********06 saylı uzunmüddətli kredit müqaviləsində və zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2020-ci il tarixli 021R********** saylı kredit razılaşması uzunmüddətli kredit müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 021R********** saylı kredit razılaşması üzrə digər Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.
29. Yuxarıda qeyd olunan Qərarda əks olunan hüquqi mövqeyə görə ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
30. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
31. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
32. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 12863,45 manat əsas borc və 2472,88 manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
35. İddia ərizəsində iddiaçı 4299,18 manat cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.
36. 021R********** saylı kredit razılaşmasının 4.2 və 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.
37. 021S**********02, 021S**********01 və 021S**********01 saylı zaminlik müqavilələrinin 3.1.2-ci bəndinə əsasən, Uzunmüddətli Kredit Müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq Kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zamin ödəyir.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
39. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
40. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
41. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, Cavabdeh1 məhkəməyə təqdim etdiyi izahat, o cümlədən onun borcu hissə-hissə ödəməyə hazır olması və kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 640 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
42. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 640 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
c) Kredit müqaviləsinin ləğvi tələbi ilə bağlı
43. İddiaçı həm də xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşmasının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
44. Məhkəmə müəyyən edir ki, 021R********** saylı kredit razılaşması 24 ay müddətinə xx.xx.2020-ci il tarixində bağlanmış və müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır.
45. Məhkəmə qeyd edir ki, qüvvədə olmayan müqavilə ləğv oluna bilməz. 021R********** saylı kredit razılaşmasının müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığından və hazırda qüvvədə olmadığından məhkəmə hesab edir ki, iddia tələbi kredit razılaşmasının ləğvi hissəsində təmin edilə bilməz.
d) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
46. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.
47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-5110 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 31 avqust 2022-ci il tarixində, 17:00-17:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehlər 7 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılmalarına rəğmən iştirak etməmiş, İddiaçı QSC-nin nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.
48. Məhkəməyə təqdim edilən 31 avqust 2022-ci il tarixli, FT22242CNP6G nörməli ödəniş tapşırığına əsasən, Bakı şəhəri 6 saylı mediasiya təşkilatına 200 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə İddiaçı QSC tərəfindən banka tapşırıq verilmişdir.
49. 021S**********02, 021S**********01 və 021S**********01 saylı zaminlik müqavilələrinin 3.1 və 3.1.3-cü bəndinə əsasən, Zamin aşağıdakı öhdəlikləri icra etməlidir: Borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Banka dəyən ziyanı, kreditin və faizlərin qaytarılması üzrə Bankın çəkdiyi məhkəmə xərclərini ödəmək (3.1.3).
50. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
51. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
52. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
53. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 31 may 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 30 dekabr 2020-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə 12863 (on iki min səkkiz yüz altmış üç) manat 45 (qırx beş) qəpik əsas borc, 2472 (iki min dörd yüz yetmiş iki) manat 88 (səksən səkkiz) qəpik faiz borcu, 640 (altı yüz qırx) manat cərimə borcu olmaqla, ümumilikdə 15976 (on beş min doqquz yüz yetmiş altı) manat 33 (otuz üç) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova