Məhkəmə qərarları › İş №e-2-2(113)-2452/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2452/2021

22.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2452/2021 22.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbi və maneələrin aradan qaldırılması barədə ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin 01 yanvar 2017-ci il tarixli, HM400-000743 saylı xidmət müqaviləsinin şərtlərinin birtərəfli qaydada dəyişdirərək, hər kv.m sahə üçün 3,54 xidmət haqqı tələb etməsinin, ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 193,3 kv.m olan qeyri-yaşayış sahəsinə verilən istiliyin və isti su təminatının dayandırılmasının qanunsuz hesab edilməsi, onun tərəfindən 01 yanvar 2017-ci il tarixdən 2020-ci ilin may ayınadək əsassız olaraq əlavə 10,8 kv.m sahə üçün Cavabdeh MMC-yə ödənilmiş 1019,60 manat məbləğində pul vəsaitinin 10 iş günü müddətində ona ödənilməsi, qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməyə maneələrin və məhdudiyyətin yaradılmasının cavabdehə və nümayəndələrinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 193,3 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüququ dövlət tərəfindən onun adına 06 aprel 2017-ci il tarixdə, xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilərək, 176 nömrəli reyestr kitabının 16561 nömrəli vərəqində, **********8 reyestr nömrəsi ilə qeydiyyata alınıb. Qeyri-yaşayış sahəsinə verilən su və elektrik enerjisinin dəyəri iddiaçının adına dövlət tərəfindən quraşdırılmış müvafiq sayğaclara əsasən onun tərəfindən ödənilir. Qeyri-yaşayış sahəsinin, o cümlədən yerləşdiyi binanın qaz təminatı yoxdur. İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh MMC ilə 01 yanvar 2017-ci il tarixli, HM400-000743 saylı xidmət müqaviləsi bağlamışdır. Həmin müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 204,1 kv.m göstərilib. Sonradan 06 aprel 2017-ci il tarixdə çıxarış alan zamanı məlum olub ki, iddiaçıya məxsus qeyri yaşayış sahəsinin ümumi sahəsi 193,3 kv.m-dir. Ancaq cavabdeh isə müqavilədə sahəni 204,1 kv.m göstərməklə hər kv.m-ə görə 2,36 manat almış, daha sonra isə, müqavilənin 3.4 və 6.3-cü bəndinə zidd olaraq 2020-ci ilin iyul ayından hər kv.m üçün 3,54 manat tələb etmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq birtərəfli qaydada müqavilə qiymətini artırdığı üçün, buna etiraz edilmiş, artımın səbəbi və əsasları barədə məlumatlar tələb edilmişdir. Eyni zamanda cavabdehin bu cür müqavilə bağlamaq və mülkiyyətçilərdən xidmət haqqı tələb etməsini hansı hüquqla həyata keçirilməsinə aydınlıq gətirilməsi tələb edilsə də, hər hansı cavab verilməmişdir. Cavabdeh heç bir hüquqi əsası olmadan 04.02.2021-ci il tarixdə iddiaçıya yazılı şəkildə 6053,36 manat borcun ödənilməsi barədə məktub göndərmiş və 11 fevral 2021-ci il tarixdən istilik sistemini və isti su xəttini bağlamışdır. Hazırkı vəziyyətdə iddiaçı hesab edir ki, ən azı cavabdehinin bir tərəfli qaydada 01.01.2017-ci il tarixli HM400-000743 saylıxidmət müqaviləsinin şərtlərini birtərəfli qaydada dəyişmək, yəni hər kv.m sahəyə görə 3.54 haqq tələb etməsi və iddiaçıya məxsus sahənin ölçüsündən artıq 10,8 kv.m sahəyə görə əsasız haqq tələb edir. Cavabdehin birtərəfli qaydada müqavilə şərtlərini dəyişməyə və bunun əsasında hər hansı tələb irəli sürməsi qanunsuzdur və iddiaçının mülkiyyət hüququna müdaxilədir. Cavabdeh tərəfindən ödənişlər 01 yanvar 2017-ci il tarixdən 2020ci ilin may ayınadək ödənilmişdir. Ödənişin dayandırılmasına səbəb cavabdehin qanunsuz tələbi və onun mülkiyyətçilərdən bu cür xidmət haqqı yığmağa və bununla bağlı müqavilə bağlamaq hüququnun olmasına ciddi şübhələr yaranması olmuşdur. İddiaçı 01 yanvar 2017-ci il tarixdən 2020-ci ilin may ayınadək 40 təqvim ayı üzrə cavabdehə 204,1 kv.m sahəyə görə ödəniş etmişdir. Cavabdeh 40 təqvim ayı üzrə qanunsuz olaraq əlavə 10,8 kv.m sahəyə görə 1019,60 manat almışdır. Həmçinin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus qeyri – yaşayış sahəsinə göstərilmiş servis xidmətlərinə görə 25 avqust 2021-ci il tarixə yaranmış 9816,90 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xidmət göstərən - Cavabdeh MMC ilə müştəri - İddiaçı arasında ünvan 2 ünvanında yerləşən X1 Biznes mərkəzinin 1-ci blok, 3cü mərtəbəsindəki ümumi sahəsi 204,1 m2 olan 13 saylı qeyri-yaşayış sahəsinin saxlanması və normalara uyğun istismarı məqsədilə servis xidmətlərinin göstərilməsini nəzərdə tutan HM400-000743 saylı, 01 yanvar 2017-ci il tarixli Xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə qeyd olunmuş xidmətləri göstərməyi, “Müştəri” isə göstərilən xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflərinin razılığı ilə Müqavilənin 2 saylı əlavəsində isə müqavilə üzrə göstəriləcək xidmətlərə görə 1 m2 üçün aylıq 2,36 manat xidmət haqqı müəyyən olunmuşdur. Müqavilə imzalanan tarixdən 01.07.2020-ci il tarixə qədər müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərə görə hər ay 481,68 manat (204,1 m2x 2,36) hesabat aparılmış və müştəri tərəfindən 01.08.2019-cu il tarixədək mütəmadi olaraq vaxtında ödənişlər edilmişdir. Lakin həmin tarixdən başlayaraq müştəri tərəfindən xidmət haqqının ödənilməsində gecikdirilmələr olmuşdur. 01 iyul 2020-ci il tarixdən isə tərəflər arasında razılıq əldə olunmuş və həmin tarixdən etibarən xidmət haqqı 1 m2 üçün 3,54 manatla hesablanmağa başlanılmışdır. Həmin tarixdən sonra da müştəri aparılmış hesabatla razılaşmış və hissə-hissə bir neçə dəfə ödənişlər də etmişdir. Bütün bu hallar da təsdiq edir ki, xidmət haqqının artımı ilə əlaqədar tərəflər arasında razılıq olmuşdur. Daha sonra isə 23 oktyabr 2020-ci il tarixdə müştəri ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək qeyri-yaşayış sahəsinin dövlət reyestrindən çıxarışını təqdim etmiş və xidmət haqqının həmin çıxarış əsasında hesablanmasını xahiş etmişdir. Müştərinin xahişi nəzərə alınaraq 01.07.2020-ci il tarixdən etibarən ofisin sahəsi 193,3 m2 olmaqla hesabat aparılmışdır. Lakin İddiaçı yenə də 01 yanvar 2017-ci il tarixli xidmət müqaviləsinin şərtlərini yerinə yetirməmiş və müqavilə üzrə razılaşdırılmış xidmət haqqını tam ödəməmişdir. Nəticədə İddiaçı 01 avqust 2019-cu il tarixədən 25 avqust 2021-ci il tarixədək Cavabdeh MMC-yə 9816,90 manat xidmət haqqı borcu yaranmışdır. İddiaçının nümayəndəsi Vəkil1 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil1 ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, 01 iyul 2020-ci il tarixdən etibarən xidmət haqqı 1 kv.m üçün 3,54 manat hesablanmağa başladıqdan sonra İddiaçı tərəfindən ödənişlərin aparılması təsdiq edir ki, tərəflər arasında bununla bağlı razılaşma olmuşdur. 01 yanvar 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən ümumi sahə 204,1 kv.m göstərilmiş və hesabat tərəflərin azad şəkildə imzaladığı müqavilə şərtlərinə uyğun olaraq aparılmışdır. Reyestrdən çıxarış təqdim olunduqdan sonra isə müştərinin xahişi nəzərə alınaraq ofisin sahəsi 193,3 kv.m olmaqla hesabat aparılmışdır. Müqavilənin 2.1.4-cü bəndinə əsasən ödənişlərin müştəri tərəfindən gecikdirilməsi halında müqavilənin predmeti olan xidmətləri tam və ya qismən dayandırmaq xidmət göstərənin hüququdur. Xəbərdarlıq olunmasına baxmayaraq yaranmış borc ödənilmədiyinə görə qeyri – yaşayış sahəsinə verilən istilik və isti su təminatı dayandırılmışdır. İş materiallarında olan: - RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 193,3 kv.m təşkil edən qeyri – yaşayış sahəsi xüsusmi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. - 01 iyun 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, sifarişçi – "xxxx" MTK "xxxx" Plazanın - çoxmərtəbəli yaşayış binasının istismarı və idarə olunmasını Cavabdeh MMC tərəfindən həyata keçirilməsi ilə bağlı razılaşdırılmışdır. - 01 yanvar 2017-ci il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, xidmət göstərən - Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 204,1 m2 olan 13 saylı qeyri-yaşayış sahəsinin saxlanması və normalara uyğun istismarı məqsədilə xidmətləri göstərilməyi, müştəri İddiaçı isə göstərilən xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. - 01 yanvar 2017-ci il tarixli xidmət müqaviləsinə 2 saylı əlavənin surətindən görünür ki, aylıq xidmət haqqı hər kv.m üçün 2,36 manat müəyyən olunmuşdur. - Cavabdeh MMC tərəfindən tərtib olunmuş 25 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, ev 55 ünvanında İddiaçı məxsus 13 saylı ofisin həmin tarixə (avqust ayı üçün 50% hesablama daxil olmaqla) 9816,9 manat xidmət haqqı borcu mövcuddur, son ödəniş 06 oktyabr 2020-ci il tarixdə aparılmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməldir. Tərəflər arasında yaranmış mübahisənin əsasını xidmət haqqının artırılması təşkil etdiyindən məhkəmə hesab edir ki, ilkin olaraq bu hala qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin hallarından görünür ki, tərəflər arasında 01 yanvar 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən xidmət göstərən - Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 204,1 m2 olan 13 saylı qeyri-yaşayış sahəsinin saxlanması və normalara uyğun istismarı məqsədilə xidmətləri göstərilməyi, müştəri İddiaçı isə göstərilən xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüş, müqaviləyə 2 saylı əlavəyə əsasən aylıq xidmət haqqı hər kv.m üçün 2,36 manat müəyyən olunmuşdur. 01 iyul 2020-ci il tarixdən isə Cavabdeh MMC tərəfindən xidmət haqqı 1 m2 üçün 3,54 manatla hesablanmağa başlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 01 yanvar 2017-ci il tarixli xidmət müqaviləsinin 6.3-cü bəndində qeyd olunmuşdur ki, “Müqavilənin qüvvədə olma müddətdə onun şərtləri tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. Müqavilədə edilmiş bütün dəyişikliklər və əlavələr yazılı formada rəsmiləşdirildikdən və imzalandıqdan sonra qüvvəyə minir.” Göründüyü kimi, Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinə əsasən müəyyən olunmuş 2,36 manat xidmət haqqının 01 iyul 2020-ci il tarixdən birtərəfli qaydada dəyişdirilərək 1 m2 üçün 3,54 manat müəyyən olunması həm qanunvericiliyin tələblərinə, həm də müqavilə şərtlərinə ziddir və buna görə də iddiaların digər hissələrinə qiymət verilərkən aylıq xidmət haqqı hər kv.m üçün 2,36 manat hesablanmalıdır. İlkin iddianın digər əsasını isə təşkil edən hal ondan ibarətdir ki, qeyri – yaşayış sahəsinin ümumi sahəsi 193,3 kv.m olduğu halda hesablamalar 204,1 m2 sahəyə görə hesablanmışdır. Qeyri – yaşayış sahəsinin ümumi sahəsinin 193,3 kv.m olması reyestrdən çıxarışla təsdiqini tapır və bu xüsusat qarşılıqlı iddianın məzmununa əsasən cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur ki, reyestrdən çıxarış təqdim olunduqdan sonra iddiaçının xahişinə uyğun olaraq hesablamalar 193,3 kv.m sahəyə görə aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, borcun məbləği müəyyən olunarkən hesablama 193,3 kv.m sahəyə görə hər kv.m üçün 2,36 manat xidmət haqqı hesablanmaqla, yəni, hər ay üçün 456,19 manat müəyyən olunmalıdır. Cavabdeh MMC tərəfindən məhkəməyə “müştəri hesab kartı” təqdim olunmuşdur və həmin sənəddə olan göstəricilər 01 yanvar 2018-ci il tarixdən 15 avqust 2021-ci il tarixə kimi olan dövrü əhatə edir. 01 yanvar 2018-ci il tarixə kimi isə aylıq haqqının 481,68 manat olmaqla müştəri tərəfindən ödənilməsi mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusata işi mübahisələndirilməyən halı kimi qiymət verir. Belə olduğu təqdirdə isə müqavilənin bağlandığı 01 yanvar 2017-ci il tarixdən qarşılıqlı iddia üzrə borcun hesablandığı 15 avqust 2021-ci il tarixə kimi (53 ay 15 gün) İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməli olan məbləğ 24406,17 manat təşkil edir. İddiaçı tərəfindən 2017-ci il üçün (12x481,68) 5780,16 manat, “Müştəri hesab kartı”na əsasən 2018-ci ilin yanvar ayından 2021-ci ilin 15 avqust tarixinə qədər isə 13610,44 manat, ümumilikdə 19390,6 manat ödənilmişdir. Beləliklə müəyyən olunur ki, yaşayış sahəsinin ümumi sahəsi 193,3 kv.m və aylıq xidmət haqqı 456,19 manat olduğu təqdirdə İddiaçı Cavabdeh MMC-yə 24406,17 manat ödəməli olduğu halda 19390,6 manat ödəniş etmişdir və buna görə də ödənilməli olan borc məbləği 5015,57 manat (qeyri – yaşayış sahəsinin ümumi sahəsinə görə artıq aparılmış ödənişlər çıxılmaqla) təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin olunaraq 5015,57 manat məbləğində pul vəsaiti İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. İlkin iddianın qeyri-yaşayış sahəsinə verilən istiliyin və isti su təminatının dayandırılmasının qanunsuz hesab edilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndində “Müqavilə üzrə ödənişlərin müştəri tərəfindən gecikdirilməsi halında müqavilənin predmeti olan xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması” Cavabdeh MMC-nin hüququ kimi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi yaşayış sahəsinin ümumi sahəsi 193,3 kv.m və aylıq xidmət haqqı 456,19 manat olmaqla belə İddiaçı Cavabdeh MMC-yə 5015,57 manat məbləğində borcunun olması müəyyən olunur. Borcun olduğu təqdirdə isə müqavilənin predmeti olan xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması” Cavabdeh MMC-nin hüququ kimi müəyyən olunduğundan məhkəmə hesab edir ki, ilkin iddia həmin hissədə olunmamalıdır. Lakin ilkin iddianın “01 yanvar 2017-ci il tarixli, HM400-000743 saylı xidmət müqaviləsinin şərtlərinin birtərəfli qaydada dəyişdirərək, hər kv.m sahə üçün 3,54 manat xidmət haqqı tələb etməsinin qanunsuz hesab edilməsi” yuxarıda qeyd olunan əsaslara görə təmin olunmalıdır. İlkin iddianın “qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməyə maneələrin və məhdudiyyətin yaradılmasının cavabdehə və nümayəndələrinə qadağan edilməsi” hissəsi ilə bağlı məhkəmə onu qeyd edir ki, araşdırma zamanı Cavabdeh MMC tərəfindən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməyə maneələrin və məhdudiyyətin yaradılması halı müəyyən olunmadığından iddia həmin hissədə rədd olunmalıdır. İlkin və qarşılıqlı iddiaların qismən təmin olunmasını, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini və ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində tərəflərdən tutulacaq məbləğin 15 manat olması nəzərə alaraq məhkəmə hesab edir ki, həmin məbləğlər əvəzləşdirilmədir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi və maneələrin aradan qaldırılması barədə ilkin və Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiaları qismən təmin edilsin. Cavabdeh 01 yanvar 2017-ci il tarixli, HM400-000743 saylı xidmət müqaviləsinin şərtlərinin birtərəfli qaydada dəyişdirərək, hər kv.m sahə üçün 3,54 xidmət haqqı tələb etməsi qanunsuz hesab edilsin. Qeyri - yaşayış sahəsinin sahəsi 193,3 kv.m və hər kv.m sahə üçün 2,36 manat hesablanmaqla 15 avqust 2021-ci il tarixə kimi ödənilməmiş xidmət haqqı - 5015,57 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdehnə ödənilsin. İlkin və qarşılıqlı iddialar qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar