Məhkəmə qərarları › İş №e-2-2(113)-2455/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2455/2022

29.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2455/2022 29.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı stansiya xidmətlərinə görə hesablanmış pulun tutulması tələbi barədə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixə kimi Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.858,92 (bir min səkkiz yüz əlli səkkiz manat 92 qəpik) manat və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu, cəmi 1 918,92 (bir min doqquz yüz on səkkiz manat 92 qəpik) manat Cavabdeh MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Xırdalan stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilibgötürülməsi”, “dalan yolundan istifadə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə Cavabdeh MMC-yə 1 858,92 (bir min səkkiz yüz əlli səkkiz manat 92 qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də "xxxx" QSC pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-xx.xx.2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə göstərilmiş Stansiya Xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışda qeyd olunur ki, Cavabdeh MMC-nin göstərilmiş müxtəlif xidmətlərə görə ümumilikdə 1 858,92 manat borcu yaranmışdır. EAAT seriyalı 161156 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 5430,19 manat, EAAU seriyalı 255995 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 907,87 manat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2019-xx.xx.2019 dövrlərini əhatə edən 157 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsində 5430.19 (beş min dörd yüz otuz manat on doqquz qəpik) manat, xx.xx.2019xx.xx.2019 dövrlərini əhatə edən 188 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsində 907.86 (doqquz yüz yeddi manat səksən altı qəpik) manat dəyərində xidmətin Cavabdeh MMC-yə göstərildiyi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 1188 (bir min yüz səksən səkkiz) manat və 213.84 (iki yüz on üç manat səksən dörd qəpik) manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, 1838.5 (min səkkiz yüz otuz səkkiz manat əlli qəpik) manat və 330.93 (üç yüz otuz üç manat doxsan üç qəpik) manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, 769.38 (yeddi yüz altmış doqquz manat otuz səkkiz qəpik) manat və 138.49 (yüz otuz səkkiz manat qırx doqquz qəpik) manat Cavabdeh MMC tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC-nin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə hər iki qaiməyə əsasən ümumilikdə 6338,05 (altı min üç yüz otuz səkkiz manat beş qəpik) manat borcu olmuş, yuxarıda qeyd edilən çıxarışlara əsasən isə cəmi 4479,14 (dörd min dörd yüz yetmiş doqquz manat on dörd qəpik) manat ödəniş etmişdir. Nəticə olaraq Cavabdeh MMC-nin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 1858,92 (min səkkiz yüz əlli səkkiz manat doxsan iki qəpik) manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.858,92 (bir min səkkiz yüz əlli səkkiz manat doxsan iki qəpik) manat və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu, cəmi 1.918,92 (bir min doqquz yüz on səkkiz manat 92 qəpik) manat tutularaq "xxxx" QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar