Məhkəmə qərarları › İş №e-2-2(113)-247/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-247/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-247/2023 24.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması və borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, keyfiyyət, üzləşmə aktı, qrafik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması və borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ilkin iddiası

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə 1 000 000 manat, mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1632 manat olmaqla, ümumilikdə 1 002 032 manat pulun cavadehdən iddiaçının xeyrinə tutulması və iddiaçının Cavabdeh QSC-yə olan 678 023 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh QSC (həmin vaxt təşkilati-hüquqi forması MMC olmuşdur) arasında xx.xx.2020-ci il tarixində 07 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə gorə, Cavabdeh QSC müxtəlif adda gübrələri İddiaçı MMC-yə satmağı öz öhdəsinə götürmüşdür. Daha sonra məlum olmuşdur ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə verilmiş MAP FARGO, Fargo 18- 18-18, fargo 16-8-24, Humiks 40(25), fargo NPK-20-20-20+ME, Fully humix 40, Fargo MAP, NPK 15-30-15, fargo 20-20-20 adlı mallar keyfiyyətsiz (tam yararsız) olmuşdur. Ümumilikdə, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə 678 023 manat məbləğində keyfiyyətsiz mal verilmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə muraciət edilsə də, yaranmış problem həll edilməmişdir. İddiaçı MMC ilə əməkdaşlıq edən Cəmil Mirzəyevin sifarişi əsasında qeyd edilən gübrələrin bir qisminin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq laborator analizləri aparılmış və müəyyən edilmişdir ki, həqiqətən də qeyd edilən gübrələrin tərkibində əksiklik (uyğunsuzluq/çatışmazlıq) vardır. Cavabdeh QSC qeyd edilən gübrələrin idxalçısı və ölkə ərazisində tək rəsmi satıcısıdır. Buna görə də, hesab edirlər ki, baş vermiş hadisə şüurlu olaraq törədilib, yəni İddiaçı MMC aldadılaraq, onun külli miqdarda vəsaitinin mənimsənilməsi üçün keyfiyyətsiz mal satılmışdır. Lakin İddiaçı MMC buna baxmayaraq xoş niyyət göstərərək, xeyli müddətdir ki, problemi danışıqlar yolu ilə həll etməyə cəhd etmişdir. Cavabdeh şirkətə təklif edilmişdir ki, onlara qeyd edilən gübrələri satmış olan şirkətə qarşı birlikdə hərəkət olunsun. Cavabdeh bu təklifdən qəti imtina etmiş və buna görə də İddiaçı MMC-də, cavabdeh və ona qeyd edilən gübrələri tədarük edən firmanın (Bioland adlı şirkətin) əlbirliyi ilə hərəkət etdiyi fikri formalaşmışdır. Cavabdeh QSC-nin qeyd edilən hərəkəti, yəni bilərək keyfiyyətsiz gübrələri İddiaçı MMC-yə satması nəticəsində, iddiaçının kommersiya nufuzuna zərbə dəymiş, müştərilər tərəfindən həmin malların keyfiyyəti barədə iddiaçıya iradlar bildirilmişdir. Hesab edirlər ki, Cavabdeh QSC tərəfindən 1 000 000 manat məbləğində kompensasiya ödənilməsi iddiaçının kommersiya nüfuzuna vurulmuş ziyanın əvəzi ola bilər.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 587-ci maddəsi göstərilmişdir.

b) Cavabdeh QSC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiası

4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 07 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 045 341,99 manat borc məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1312,67 manat pulun cavabdehdən alınıb Cavabdeh QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə bağlandığı tarixdən etibarən qüvvəyə minmişdir. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək cavabdehi mallarla təchiz etmiş, cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, aralarında yaranmış etibardan sui-istifadə etmiş, təhvil-təslim aktlarını imzalamamış, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Eləcə də malın təqdim edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən malların dəyəri tam ödənilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən təqdim edilmiş mallara görə 1 145 341,99 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən borc etiraf edilsə də, indiyə qədər 100 000 manat ödənilmişdir. Qalan 1 045 341,99 manat borc isə halhazıradək ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmiş, cavabdehə ünvanlanmış pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. Pretenziya məktubundan uzun müddət keçməsinə baxmayaraq, bugünki günədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. İddia tələbinə əsasən 1312,67 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün 400 manat mediatorun bank hesabına ödənilmişdir. Ödənilməli dövlət rüsumu 912,67 manat (1312,67- 400=912,67) olmuşdur.

6. Qarşılıqlı iddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 567, 570, 425.1, 442-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdehlə aralarında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə sonuncu dəfə 2021-ci ilin payız ayında onlara mal təhvil verilmiş, təhvil verilmiş mallardan 678 023 manat dəyərində mal keyfiyyətsiz olmuşdur. 400 000 manat dəyərində malı isə mübahisələndirmirlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli üzləşmə aktını, xx.xx.2022-ci il tarixli ödəniş qrafikini X7 imzalayıb möhür vursa da, bunu qarşı tərəfin hədə-qorxusu ilə etmişdir. X2 hədə-qorxu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Qarşı tərəf onlar barəsində hüquq mühafizə orqanlarına şikayətlər etmiş, həmin şikayətlər araşdırılarkən Ömer Faruk hədə-qorxu faktını ifadəsində bildirmişdir. Eyni zamanda bildirmişdir ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli əlavə üzrə onlara mal verilməmiş, sonuncu dəfə 2021-ci ilin payız aylarında mal verilmişdir.

8. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, qarşı tərəfin malların keyfiyyəti ilə bağlı bildirdikləri, hazırkı iddia ilə məhkəməyə müraciət etməsi hüquq mühafizə orqanlarından və borcu ödəməkdən yayınmaq üçün atdığı addımlardır. Belə ki, İddiaçı MMC-nin direktoru X7 2022-ci ilin avqust ayında 3 dəfə şirkətə gəlmiş, danışıqlar aparılmış, nəticədə xx.xx.2022-ci il tarixdə üzləşmə aktı ilə borcun 1 145 341,99 manat olduğu təsdiqlənmiş, xx.xx.2022-ci il tarixdə Ömer Faruk iltizam imzalamış, xx.xx.2022-ci il tarixdə isə borcun hissə-hissə ödənilməsi ilə bağlı ödəniş qrafiki tərtib olunaraq təsdiqlənmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sonuncu dəfə 2021-ci ilin sentyabr ayında mal təhvil verilmiş, xx.xx.2022-ci il tarixli elektron qaimə əvvəlki dövrdə verilmiş mallara dair olmuşdur. xx.xx.2022-ci il tarixli iltizamda elektron qaimələrin tam göndərilməsi qeyd olunmuş, Ömər Faruk nağd qaydada ödəniş edə bilməyəcəyini bildirmiş, ona görə də qarşı tərəfə xx.xx.2022-ci il tarixdə elektron qaimə təqdim olunmuşdur. Ömer Faruk ona subsidiya ayrılacağını, borcun əhəmiyyətli hissəsini bu zaman ödəyəcəyini bildirmiş, bu səbəbdən ilk ödənişin məbləği daha çox göstərilmişdir. Ömer Faruk borcu ödəmədiyi üçün onlar hüquq mühafizə orqanlarına şikayətlər etmiş, bundan sonra 100 000 manat ödəniş edilmişdir. Üzləşmə aktı tərtib olunduqdan sonra ümümilikdə 110 000 manat ödəniş edilmişdir ki, bunun 10 000 manatı məhkəmə icraatının gedişində olmuşdur. Ona görə də, 1 035 341,99 manat pulun tutulmasını xahiş edirlər.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin mübahisəsiz halı ondan ibarətdir ki, satıcı Cavabdeh MMC (hazırda QSC) ilə alıcı İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə 07 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə satıcı hissə-hissə olmaqla alıcıya 2022-ci ilədək müxtəlif çeşiddə mallar təhvil vermişdir.

13. İş materiallarında olan Cavabdeh QSC və İddiaçı MMC-nin direktoru tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmiş üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə Cavabdeh QSC-yə olan qalıq borcu 1 145 341,99 manat təşkil edir.

14. İş materiallarında olan İddiaçı MMC-nin direktoru X7 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış iltizamdan görünür ki, X7 xx.xx.2022-ci il tarixə Cavabdeh QSC-yə 1 145 341 manat borcun qaldığını qeyd etmiş, borcu hissə-hissə olmaqla xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda görünür ki, elektron qaimələrin tamamının vurulacağı qeyd olunmuşdur.

15. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 07 nömrəli müqaviləyə 02 saylı əlavə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qrafikinə əsasən başlanğıc və sonuncu ödəniş tarixləri müvafiq olaraq xx.xx.2022 və xx.xx.2023-cü il tarixləri olmaqla 1 145 341,99 manat pulun hissə-hissə ödənilməsi razılaşdırılmışdır (Cavabdeh QSC və İddiaçı MMC-nin direktoru tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir).

16. İş materiallarında olan elektron qaimələrdən görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə 2020 və 2021-ci illərdə müxtəlif tarixlərdə elektron qaimələr təqdim olunmuşdur. Eyni zamanda görünür ki, xx.xx.2022-ci il tarixdə bir elektron qaimə təqdim olunmuşdur.

17. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün halları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə üzləşmə aktının tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı MMC-nin Cavabdeh QSC-yə 1 145 341,99 manat qalıq borcu olmuş, tərəflər borcun hissə-hissə olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməsini razılaşdırmışlar.

18. İlkin iddia üzrə iddiaçı 678 023 manat dəyərində malın keyfiyyətsiz olduğunu, qalan mallar üzrə borcu qəbul etdiyini bildirir və 678 023 manat borcun silinməsini, işgüzar nüfuzuna dəymiş ziyanın ödənilməsini xahiş edir.

19. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin aldığı malların dəyərini ödəməkdən yayındığını, üzləşmə aktı ilə təsdiq olunmuş borcdan cəmi 110 000 manat ödənildiyini bildirir və 1 035 341,99 manat (qarşılıqlı iddia tələbinin həcmi 1 045 341,99 manatdır) pulun tutulmasını xahiş edir.

20. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

21. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, İddiaçı MMC-nin borcun silinməsi tələbi, Cavabdeh QSC-nin borcun tutulması tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və tələblər məhz müqavilə hüququ institutu çərçivəsində qiymətləndirilməlidir. Belə olan halda, ilkin iddia üzrə borcun silinməsi tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 587-ci maddəsi çıxış edir.

22. Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını (587.1.1), əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını (587.1.2), əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (587.1.3) tələb etsin.

23. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (587.2.), lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (587.2.2).

24. Məhkəmə vurğulayır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

25. İddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılarkən mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalı və nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır ki, bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.

26. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

28. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərinə əsasən məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı subyektiv hüququnun pozulduğunu və bu pozuntunun məhz cavabdehin hərəkətləri və ya hərkətsizliyi nəticəsində əmələ gəldiyini sübutetmə vəzifəsi daşıyır.

30. Bundan başqa, Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

31. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə sübutetmə ilə bağlı müəyyən edilmiş qaydadan başqa, Mülki Məcəllə də əşyanın qüsurları üçün satıcının cavabdehlik daşıması üçün sübutetmə vəzifəsini alıcının üzərinə qoymuş və bu sübutetmə vəzifəsinə əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi aid edilmişdir. Lakin ilkin iddia üzrə iddiaçı cavabdehin alqı-satqı müqaviləsi üzrə keyfiyyətsiz mal verdiyini qeyd etsə də, həmin halları sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir.

32. Belə ki, ilkin iddia üzrə iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi sənədlərin bir çoxu (Cəmil Mirzəyev adlı şəxsin sifarişi əsasında alınmış xx.xx.2022-ci il tarixli gübrə nümunəsinin analiz nəticəsi, X3 tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildiriş, X1 verilmiş 411 000 manat dəyərində malların dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli akt, X3 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli yazılı xəbərdarlıq, X3 ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq razılaşması, Mahir Hacıyevin ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya və onunla bağlanmış xx.xx.2022-ci il tarixli barışıq razılaşması) üzləşmə aktının (xx.xx.2022) və ödəniş qrafikinin (xx.xx.2022) tərtib olunduğu tarixdən əvvəlki dövrə aid sənədlərdir və ilkin iddiaçı üzləşmə aktında mövcud borcunu təsdiqləməklə, ödəniş qrafikində isə həmin borcun ödənilməsi müddətlərini razılaşdırmaqla öz iradə ifadəsini bildirmişdir.

33. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qeyd olunan sənədin hədəqorxu ilə imzalandığını bildirsə də, həmin halları sübut edəcək mötəbər sübut təqdim edə bilməmiş, izahatında bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmədiklərini bildirmişdir. Məhkəmə qeyd olunan halları, eyni zamanda xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixləri olmaqla 3 dəfəyə üzləşmə aktının, iltizamın, ödəniş qrafikinin ilkin iddiaçı tərəfindən təsdiqləndiyini nəzərə aldıqda hesab edir ki, ilkin iddiaçının bu arqumenti əsassızdır.

34. İlkin iddia üzrə iddiaçı alınan ümumi malların dəyərini, keyfiyyətsiz olduğunu qeyd etdiyi malların nə vaxt alındığını məhkəməyə dəqiq bildirməmiş, bununla bağlı məhkəmənin suallarına cavab verə bilməmişdir. Gübrələrin 2020-ci ildən başlayaraq hissə-hissə alındığını, sonuncu dəfə alındığı vaxtdan 1 ildən çox müddət keçdiyini və ilkin iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət olunanadək malların keyfiyyəti ilə bağlı cavabdehə müraciət edildiyini təsdiqləyən hər hansı sənəd təqdim etmədiyini, əksinə malların təhvil verildiyi sonuncu tarixdən 1 ilə yaxın müddət keçdikdən sonra borcunu təsdiqlədiyini nəzərə aldıqda məhkəmə qeyd edir ki, ilkin iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsassızdır.

35. Bundan başqa, ilkin iddiaçı təqdim etdiyi sənədlərdə adları qeyd olunan şəxslərə mallar satmasını, həmin malların məhz Cavabdeh QSC tərəfindən iddiaçıya satılan mallar olmasını, malların keyfiyyətsiz olmasını, həmin mallardan istifadə olunması nəticəsində həmin şəxslərə ziyan dəyməsini və s. halları təsdiqləyəcək mötəbər sübut təqdim etməmiş, təqdim olunan sənədlərdə isə ziddiyyətlər olmuşdur (X3 ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda 411 000 manat dəyərində keyfiyyətsiz gübrənin həmin dəyərdə gübrə ilə dəyişdirildiyi qeyd olunsa da, həmin şəxslə xx.xx.2022-ci il tarixdə imzalanmış barışıq razılaşmasında şirkətin 411 000 manat dəyərində gübrə verməli olduğu qeyd olunmuşdur və s.).

36. İlkin iddiaçının sübut qismində Cavabdeh QSC tərəfindən “X5” Şirkətinə ünvanlanmış pretenziya məktubu və ona əlavə olunmuş sənədləri təqdim etmişdir. Həmin pretenziya məktubunda Cavabdeh QSC 173323,43 dollar dəyərində keyfiyyətsiz malların təqdim olunduğunu qeyd etmiş, bununla bağlı sənəd əlavə etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin təsdiqlədiyi üzləşmə aktına əsasən 318 147,01 manat dəyərində gübrə ilkin iddiaçı tərəfindən cavabdehə qaytarılmışdır ki, həmin məbləğ yuxarıda qeyd olunan pretenziya məktubunda göstərilən məbləğə yaxın məbləğ təşkil edir.

37. Məhkəmə qeyd edir ki, borcun silinməsinə dair ilkin iddia tələbinin hüquqi əsası kimi çıxış edən normaların dispozisiya şərtləri mövcud deyildir. Belə ki, ilkin iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona təqdim olunmuş gübrələrin keyfiyyətsiz olduğunu, bunun alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir.

38. Bundan başqa, Mülki Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.

39. Hazırkı iş üzrə Cavabdeh QSC ilkin iddiaçıdan keyfiyyətsiz olduğunu iddia etdiyi gübrələrin qaytarılmasını tələb etsə də, ilkin iddiaçı bu tələbi yerinə yetirməmişdir.

40. Prosessua qənaət prinsipini rəhbər tutaraq və sübutetmə vəzifəsi ilə bağlı yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə 1 000 000 manat tələbi ilə bağlı qeyd edir ki, ilkin iddiaçı qeyd olunan tələbi ona cavabdeh tərəfindən keyfiyyətsiz malların verilməsi ilə əlaqələndirmişdir ki, həmin tələbin əsasında duran hal, yəni keyfiyyətsiz malın verilməsi təqdim olunmuş sübutlarla öz təsdiqini tapmamış, ilkin iddiaçı kommersiya və biznes nüfuzuna vurulmuş ziyanın ödənilməsi tələbini formal mülahizələrlə əsaslandırmışdır. Buna görə də, məhkəmə hesab edir ki, ilkin iddia kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə pulun tutulması tələbi hissəsində əsassız olduğundan təmin edilməməlidir.

41. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi çıxış edir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

44. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

45. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

46. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə qeyd olunan normanın dispozisiya şərtləri mövcuddur.

47. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

50. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

51. Qarşılıqlı iddia üzrə iddiaçının hissə-hissə olmaqla cavabdehə malları təhvil verildiyini, tərəflərin xx.xx.2022-ci il tarixə 1 145 341,99 manat borcun olduğunu üzləşmə aktı ilə təsdiqlədiyini, həmin məbləğdən 110 000 manat ödənildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 1 035 341,99 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən əsaslıdır və ödənilməmiş 1 035 341,99 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

52. İlkin iddia üzrə İddiaçı MMC mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1632 manat pulun Cavabdeh QSCdən tutulmasını xahiş edir.

53. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1312,67 manat pulun cavabdeh İddiaçı MMC-dən tutulmasını xahiş edir.

54. İlkin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/5-03484 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022 tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh QSC iştirak etməmiş, İddiaçı MMC iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir.

55. İlkin iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsindən görünür ki, 1630,03 manat dövlət rüsumu ödənilmişdir.

56. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/10-00248 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023 tarixində keçirilmiş mediasiya sessiyasında tərəflər mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmiş, 400 manat məbləğində mediasiya xərcini Cavabdeh QSC ödəmişdir.

57. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş ********** nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh QSC tərəfindən 912,67 manat dövlət rüsumu ödənilmişdir.

58. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

59. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

60. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

61. Məhkəmə qeyd edir ki, bütün növ kommersiya mübahisələri üçün ilkin mediaisya sessiyasında iştirak zəruri olduğundan, ödənilmiş ilkin mediasiya haqqı da işə baxılması ilə əlaqədar olan məsrəf kimi məhkəmə xərci hesab olunmalıdır.

62. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Məhkəmə hesab edir ki, ilkin iddia təmin olunmadığından ilkin iddiaçının çəkdiyi məhkəmə xərcləri ona aid edilməlidir.

64. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

65. Qarşılıqlı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləğinin 1312,67 manat (1290 manat + ((45 341,99x0,05):100))) olduğunu, 400 manat mediasiya xərci ödənildiyindən qarşılıqlı iddia üzrə iddiaçının qeyd olunan hissədə dövlət rüsumu ödəməkdən azad olunduğunu, 912,67 manat dövlət rüsumunu ödədiyini, qarşılıqlı iddianın 1 035 341,99 manat pulun tutulması hissəsində təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, mediasiya posesinə çəkilmiş xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 907,67 manat (1290 manat + ((35 341,99x0,05):100))) pul İddiaçı MMC-dən tutularaq Cavabdeh QSC-yə ödənilməlidir.

V. Nəticə:

66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 1 035 341 (bir milyon otuz beş min üç yüz qırx bir) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 907 (doqquz yüz yeddi) manat 67 (altmış yeddi) qəpik məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar