Məhkəmə qərarları › İş №e-2-2(113)-247/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-247/2024

15.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-247/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dəymiş zərər, sığorta məbləğinin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hadisə zamanı İddiaçı MMC-nin mülkiyyətində olan 90-AS571 dövlət nömrə nişanlı “Volvo XC-90” avtomobilinə dəymiş zərərin ödənilməsi üçün "xxxx" ASC-nin yenidən düzgün qiymətləndirmə aparması və “Volvo Servis”in həmin “Volvo XC-90” avtomobili üçün təyin etdiyi 6428,99 manat sığorta ödənişinin "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə2 İddiaçı MMC-nin təsisçisi və direktorudur. İddiaçı MMC-nin mülkiyyətində olan “Volvo XC-90” avtomobili ilə qəza hadisəsi baş vermişdir. "xxxx" ASC, qəza hadisəsi ilə bağlı **-AS-*** dövlət nömrə nişanlı “Volvo XC-90” avtomobili üçün “İlkin qiymətləndirmə aktı” ilə ilkin olaraq 239 manat sığorta məbləği hesablamışdır. Belə ki, sığorta təşkilatı tərəfindən 90- AS-571 dövlət nömrə nişanlı “Volvo XC-90” avtomobili üçün “İlkin qiymətləndirmə aktı” ilə 239 manat sığorta məbləği hesablaması düzgün deyildir. Buna görə də İddiaçı MMC-nin təkrar müraciəti əsasında "xxxx" ASC-nin göndərişi ilə yenidən qiymətləndirmə həyata keçirilmiş və ikinci dəfə qiymətləndirmə zamanı qəza ilə dəymiş zərərin miqdarının 539 manat məbləğində olması müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 16 may 2023-cü tarixli məktubunda öz əksini tapmışdır. İstehsalı 2021-ci il olan, bir avropa markası “Volvo XC- 90” avtomobili üçün əlbəttə ki, bu həddən artıq aşağı sığorta məbləğidir. Ona görə də “Volvo XC-90” avtomobili üçün sığorta məbləği çıxarılması üçün "xxxx" ASC-nin göndərdiyi servis xidmətinin qiymətləndirilməsindən qətiyyən razı deyildir. Çünki bu avtomobil üçün ikinci dəfə hesablanmış olan 539 manat sığorta məbləği heç bir şəkildə iddiaçını qane etmir. “Volvo Servis”-in bu “Volvo XC-90” avtomobili üçün təyin etdiyi qiymət 6428,99 manatdır. Yuxarıda qeyd olunanları əsas götürərək, “Volvo XC90” markalı avtomobil üçün sığorta məbləğinə yenidən baxılması və dəymiş zərərə uyğun qiymətdə sığorta məbləğinin hesablanmasını tələb edir. Göründüyü kimi, "xxxx" ASC “Volvo Servis”in bu “Volvo XC-90” avtomobil üçün təyin etdiyi məbləğlə bağlı X1 heç baxmamış, dəqiq və düzgün araşdırma aparmamış, haqlı şikayəti ciddiyə alınmamış və iddiaçının avtomobilinə qətiyyən reallığa və fakta əsaslanmayan sığorta məbləği hesablanmışdır. İddiaçı da "xxxx" ASC-nin ümumi olaraq qiymətləndirdiyi heç bir reallığı özündə əks etdirməyən 539 manat sığorta məbləği ilə qətiyyən razılaşmadığı üçün haqqının və hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, hadisə zamanı İddiaçı MMC-nin mülkiyyətində olan 90-AS571 dövlət nömrə nişanlı “Volvo XC-90” markalı avtomobilə dəymiş zərərin ödənilməsi üçün “Volvo Servis”in həmin “Volvo XC-90” avtomobili üçün təyin etdiyi 6428,99 manat sığorta ödənişinin "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-1097 və “Sığorta haqqında” Qanunun 12.1,12.2, 16, 17.4, 20-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən, yəni 539 manat hissədə qəbul edirlər. İlk öncə bildirilir ki, sığorta hadisəsi baş verdikdən sonra avtomobil "xxxx" MMC-yə qiymətləndirilmə üçün göndərilmiş və dəymiş zərər cavabdeh tərəfindən ödənilməyə hazır olmuşdur. Lakin iddiaçı hazırda cavabdeh şirkətdən olduqca yüksək məbləğ tələb etməkdədir. Bu hal cavabdeh tərəfindən qəbul edilməzdir, çünki internet şəbəkəsinin hami üçün açıq olduğu dövrdə qeyd edilən faranın eBay internet saytından qiyməti 1300 ABŞ dolları məbləğindədir. Bundan başqa avtomobilə cavabdeh şirkətin ekspertləri tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin farası ümumiyyətlə dəyişilməmişdir. Ona görə də iddianın qismən, yəni 539 manat hissədə təmin edilməsini xahiş edir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, "xxxx" ASC-də ekspert kimi işləyir. İddiaçı tərəfin "xxxx" ASC-yə məbləğlə əlaqədar şikayəti olmuşdur və avtomobilə baxış keçirmək üçün işlədiyi sığorta şirkəti onu göndərmişdir. Avtomobilə baxış keçirən zaman müəyyən olunmuşdur ki, avtomobildə fara ümumiyyətlə dəyişilməmişdir. Sığorta hadisəsi baş verən faranın üzərində yaranmış cızıqlar cuzi olsa da, qalmaqdadır. Hətta faranın üzərində başqa cızıqlar da vardır. Bu kimi cızıqların olması ona dəlalət edir ki, fara yeni deyildir və dəyişilməmişdir.

9. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı MMC-yə məxsus olan **-AS-*** dövlət nömrə nişanlı “Volvo XC-90” markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icbari qaydada sığortalanmışdır.

10. "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, 2020-ci il istehsalı olan **-AS-*** dövlət nömrə nişanlı “Volvo XC-90” markalı avtomobilə dair işçilik daxil olmaqla təmir üçün xərclərin (ön buferin sökülüb yığılması, təmiri, rənglənməsi, ön sol nadkrelinkin rənglənməsi, sol faranın polirovkası) toplam qiyməti 239 manat məbləğində müəyyən edilmişdir.

11. "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, 2020-ci il istehsalı olan **-AS-*** dövlət nömrə nişanlı “Volvo XC-90” markalı avtomobilə dair ehtiyat hissələrinin (ön sol fara) və işçilik daxil olmaqla təmir üçün xərclərin (ön buferin sökülüb yığılması, təmiri, rənglənməsi, ön sol nadkrelinkin rənglənməsi) toplam qiyməti 539 manat məbləğində müəyyən edilmişdir.

12. "xxxx" ASC tərəfindən Qanuni nümayəndə2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/01-958 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Sprinter” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində, İddiaçı MMC-yə məxsus olan “Volvo XC-90” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər ilkin olaraq 239 (iki yüz otuz doqquz) manat məbləğində qiymətləndirilmişdir. Müraciətlə əlaqədar aparılmış təkrar qiymətləndirmə zamanı isə dəymiş zərər 539 (beş yüz altmış doqquz) manat məbləğində müəyyən edilmişdir. Zərərə görə çıxarılmış qiymətləndirmə nəticələri ilə razı olduğu təqdirdə sığorta ödənişinin həyata keçirilməsi mümkündür.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-9/9685/2023 saylı ekspert rəyində qeyd olunur ki, nəzəri hesablama yolu ilə, xx.xx.2023-cü il tarixli, "VOLVO Servisin" qüsur aktında olan məlumatlara əsasən 2020-ci il buraxılışlı, "Volvo XC-90" markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4521 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə xx.xx.2023-cü il tarixli "xxxx" ilkin qiymətləndirmə aktında olan məlumatlara əsasən 2020-ci il buraxılışlı, "Volvo XC-90" markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4520 manat müəyyən edilir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.3.1-ci maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər əmlaka dəyən zərərin məbləğinə daxildir. 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 22.1.5-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə və müddətdə sığorta ödənişini almaq sığortalının hüququdur. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

17. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixində baş vermiş hadisə nəticəsində İddiaçı MMCyə məxsus “Volvo XC-90” markalı, **-AS-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində qarşı tərəfin təqsirli olması təsdiqlənmişdir. Sığorta hadisəsinin baş verməsi, nəticədə iddiaçıya zərər dəyməsi, dəymiş zərərin əvəzi qismində ödənişin cavabdeh tərəfindən edilməli olması işin mübahisəsiz hallarıdır. İddiaçıya avtomobilə dəymiş zərərə görə ilkin olaraq ümumilikdə 239 manat, daha sonra 539 manat pul məbləği təklif edilmiş, lakin iddiaçı həmin məbləğlə razılaşmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən 2 ilkin qiymətləndirmə aktı tərtib olunmuş, ilk qiymətləndirmə aktında zərər dəymiş sol fara işçilik, təmir xərcləri (sol faranın "palirovkası") hissəsində göstərilsə də, sonrakı qiymətləndirmə aktında sol fara dəyişilməli olan ehtiyat hissələri qrafasında qeyd olunmuşdur. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə dəymiş zərərin məbləğinin, avtomobilin təmirbərpa xərclərinin təxminən 4520 manat təşkil etməsi müəyyən olunmuşdur.

18. Məhkəmə sığorta hadisəsinin baş verməsinin, hadisə nəticəsində iddiaçıya məxsus əmlaka zərər dəyməsini, həmin zərərin əvəzi qismində cavabdeh tərəfindən ödənişin edilməli olmasını və bütün bunların işin mübahisəsiz hallarını təşkil etməsini (mübahisə ödənilməli olan məbləğlə bağlı olmuşdur) nəzərə alaraq, iddia tələbinə münasibətdə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə qarşı iddianı irəli sürməkdə haqlı olmuşdur.

19. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-9/9685/2023 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 4520 (dörd min beş yüz iyirmi) manat sığorta ödənişi (ekspert rəyi ilə müəyyən edilən məbləğ) iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin olunmamalıdır.

20. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə dəymiş zərərin ödənilməsi üçün “Volvo Servis”in həmin “Volvo XC-90” avtomobili üçün təyin etdiyi məbləğin tutulması hissəsində iddianı əsassız sayaraq, hazırkı nəticəyə gələrkən məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-9/9685/2023 saylı ekspert rəyini əsas götürmüşdür. O cümlədən şahidin verdiyi ifadə də hazırkı nəticəyə gəlməmək üçün əsas ola bilməzdi.

21. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 70 (yetmiş) manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 30 (otuz) manat hissəsi isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4520 (dörd min beş yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 70 (yetmiş) manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 30 (otuz) manat hissəsi isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar