Məhkəmə qərarları › İş №e-2-2(113)-247/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-247/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-247/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC-yə (bundan sonra-cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 142.737,58 (bir yüz qırx iki min yeddi yüz otuz yeddi manat, 58 qəpik ) AZN borc olmaqla – 87.912,55 (səksən yeddi min doqquz yüz on iki manat 55 qəpik ) AZN əsas, 43.420.82 (qırx üç min dörd yüz iyirmi manat 82 qəpik) AZN faiz borcu, 11.404,21 (on bir min dörd yüz dörd manat 21 qəpik) gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%), iş üzrə ödənilmiş 433 (dörd yüz otuz üç) manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 06 iyun 2016-cı il tarixli 131/KTN nömrəli kredit müqaviləsinə əsasən cavabdehə “mal qaranın alınması” məqsədi ilə, 24 (iyirmi dörd) ay güzəşt müddəti olmaqla, 60 (altmış) ay müddətinə illik 7 (yeddi) faiz dərəcəsi ilə 200000 (iki yüz min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********972 saylı 08 fevral 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 10 yanvar 2024-cü il tarixə "xxxx" MMC-nin kredit üzrə cəmi borcu 142737,58 (bir yüz qırx iki min yeddi yüz otuz yeddi manat əlli səkkiz qəpik) AZN təşkil edir. Bundan 87912,55 (səksən yeddi min doqquz yüz on iki manat əlli beş qəpik) AZN əsas, 43420,82 (qırx üç min dörd yüz iyirmi manat səksən iki qəpik) AZN faiz borcu, 11404,21 (on bir min dörd yüz dörd manat iyirmi bir qəpik) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) təşkil edir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən cəmi 142.737,58 (bir yüz qırx iki min yeddi yüz otuz yeddi manat, 58 qəpik) manat borc olmaqla, 87.912,55 (səksən yeddi min doqquz yüz on iki manat, 55 qəpik) manat əsas, 43.420,82 (qırx üç min dörd yüz iyirmi manat, 82 qəpik) manat faiz borcu, 11.404,21 (on bir min dörd yüz dörd manat, 21 qəpik) manat Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəlməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 433 (dörd yüz otuz üç) manat dövlət rüsumunun və “ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə” ərizə üçün ödənilmiş ümumilikdə 87 (səksən yeddi) manat rüsumun Cavabdeh1 MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı mübahisədə iddiaçı “Muğanbank ASC” tərəfindən tələb edilən məbləğ kredit müqaviləsindən irəli gəlir. İddianın predmetindən müəyyən olunur ki: 1. İddia tələbi 06 iyun 2016-cı il tarixli 131/KTN nömrəli kredit müqaviləsi ilə bağlıdır. 2. Həmin kredit müqaviləsi 60 ay müddətinə bağlanmış və 06 iyun 2021-ci ilə qədər qüvvədə olmuşdur. 3. Cavabdeh1 MMC tərəfindən sonuncu ödəniş xx.xx.2020-ci il tarixində 5444 manat məbləğində olmuşdur. 4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciə etmişdir. Mülki Məcəllənin 372.1-ci madəsinə əsasən: Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.4. Tələblərin ayrıayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 745.4-cü maddəsinə əsasən: Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Göründüyü kimi iddiaçı 06 iyun 2016-cı il tarixli 131/KTN nömrəli kredit müqaviləsindən yaranan iddia tələbi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir ki, buda iddia müddətinin ötürülməsini təsdiqləyir, belə ki, sözügedən mübahisə üzrə iddia müddəti 1 il olmaqla 06 İyun 2022-ci il tarixində bitmişdir. Belə olan halda iddiaçı 06 iyun 2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini 3 il ötürmüşdür. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.İsmayılov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 131/KTN nömrəli kredit müqaviləsinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə illik 7% olmaqla, 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 200000 manat məbləğində kredit verilmişdir.

13. Müqavilənin 1.3-cü bəndinə görə borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada, krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Müqavilənin 3.1-ci bəndinə görə müqavilə üzrə verilmiş kreditin qaytarılması tərəflər arasında X1 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,2211558 ha torpaq sahəsi və Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,1065532 ha torpaq sahəsi ilə təmin olunur.

15. Müqavilənin 5.4-cü bəndinə görə gecikdirilmiş borc yarandıqda borcalan borcverənə gecikdirilmiş hər gün üçün icra edilməmiş öhdəliyin 0,25 % miqdarında dəbbə (penya) pulu ödəyir.

16. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, **********151 nömrəli arayışa görə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 131/KTN nömrəli kredit müqaviləsinə görə cavabdehin xx.xx.2024-cü il tarixinə 142737,58 manat borcu mövcuddur.

17. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 MMC (borcalan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 131/KTN-1 nömrəli ipoteka müqaviləsinə görə borcalan Cavabdeh1 MMC-nin bank qarşısında xx.xx.2016-cı il tarixli, 131/KTN nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmini məqsədilə Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/7372 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2016-cı il tarixli, 131/KTN nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 89001,72 manat, faiz borcu 7718,43 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 89001,72 manat, faiz borcu 7718,43 manat, illik 5% hesablanmış faiz borcu 11545,50 manat təşkil edir.

20. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, LP-017/2025 saylı rəydən görünür ki, ünvan 1i ünvanında yerləşən Cavabdeh2 məxsus torpaq sahəsinin hazırki bazar qiyməti 66000 (altmış altı min) manat, likvid qiyməti 60000 (altmış min) manat təşkil edir.

21. Məhkəmə tərəflərin nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

26. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

27. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

28. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

30. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

31. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

32. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

33. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2016-cı il tarixli, 131/KTN nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehə illik 7% olmaqla, 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh MMC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməyərək, kredit müqaviləsi üzrə ödəməli olduğu əsas və faiz borcunu tam şəkildə iddiaçıya ödəməmişdir.

34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh MMC-dən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehdən tutulacaq faiz borcunun məbləği xx.xx.2024-cü il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.

35. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 11404,21 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

37. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

38. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

39. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

40. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

41. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

42. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

44. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

45. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

46. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından Cavabdeh1 MMC-nin iddiaçıya xx.xx.2016-cı il tarixli, 131/KTN nömrəli krеdit müqaviləsi üzrə 87912,55 manat əsas borc, 7718,43 manat faiz borcu və 11404,21 manat (illik % 5 hesablanmaqla) faiz borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalıdır.

47. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə uyğun (60000 manat) müəyyən edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh MMC-dən xx.xx.2016-cı il tarixli, 131/KTN nömrəli krеdit müqaviləsi üzrə 87912,55 manat əsas borc, 7718,43 manat faiz borcu və 11404,21 manat (illik %5 hesablanmaqla) faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan torpaq sahəsinə - ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetinin mülkiyyətçisinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

49. Məhkəmə Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsassız hesab edir.

50. Belə ki, kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmış, müqavilə müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir.

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qanunla Mülki Məcəllənin 37-ci fəslinə dəyişiklik edilmiş, həmin dəyişikliklərin göstərilən Qanunun 2-ci maddəsinə əsasən dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minməsi təsbit edilmişdir.

52. Beləliklə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olduğundan cavabdeh MMC-nin hazırkı iş üzrə iddia müddətinin 3 il deyil, 1 il müəyyən edilməli olması barədə dəlili əsassızdır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 397,04 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 87 manat rüsum cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 35,96 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

55. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə qiymətləndirici ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 400 (100+300) manat təşkil edir.

56. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh1 MMC-dən 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, 300 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 87912,55 manat əsas borc, 7718,43 manat faiz borcu, illik 5 faizlə hesablanmış 11404,21 manat faiz borcu, 397,04 manat dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 87 manat rüsum, ümumilkdə 107519,23 (bir yüz yeddi min beş yüz on doqquz manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1065532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə - ilkin satış qiyməti 60000 (altmış min) manat olmaqla yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilkdə 107519,23 (bir yüz yeddi min beş yüz on doqquz manat iyirmi üç qəpik) manat məbləğində borc tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 35,96 (otuz beş manat doxsan altı qəpik) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. Cavabdeh1 MMC-dən aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 100 (bir yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar