Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2474/2024 27.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 12 oktyabr 2016-cı il tarixli, SKMF-00001-00/16A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 654761,84 manat, faizlərin məbləği 83923,06 manat, dəbbə borcu 32738,09 manat olmaqla, cəmi 771422,99 manat məbləğində borcun, 662 manat məbləğində dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsumun cavabdehdən "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında 12 oktyabr 2016-cı il tarixli, SKMF-00001-00/16A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" ASC ******* (bir milyon bir yüz min) manat məbləğində krediti Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 84 (səksən dörd) ay müddətinə, 42 (qırx iki) ay güzəşt müddəti nəzərə alınmaqla, illik 6 (altı) faizlə Cavabdeh2 MMC-nin mülkiyyətinə vermişdir. Kredit müqaviləsi təminatsız bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən kreditin təyinatı biznes məqsədi ilə olmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, gecikməyə səbəb olmuşdur. "xxxx" ASC Cavabdeh2 MMC ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü ildə keçirilmiş, "xxxx" ASC və Cavabdeh2 MMC-nin nümayəndələri sessiyada iştirak etmiş, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 5.1 və 7.3-cü bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 654761,84 manat, faizlərin məbləği 83923,06 manat, dəbbə borcu 32738,09 manat, xx.xx.2023-cü il tarixə ümumi borcu 771422,99 manat təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borc verənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borc verənə ödənilmiş olsun. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən borc verən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildidi ki, iddianı qismən qəbul edir, cərimə borcu hissəsində isə iddianın rədd olunmasını xahiş edir.
7. Borcverən "xxxx" ASC ilə borcalan qismində Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli, SKMF-00001-00/16A nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borcverən ******* (bir milyon bir yüz min) manat məbləğində krediti Sahibkarlığa Kömək Milli Fondu (bundan sonra SKMF) vəsaitləri hesabına illik 6 (altı) faizlə 84 (səksən dörd) ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədi (soya və qarğıdalı yetişdirilməsi) ilə istifadə etməyi və onu 42 (qırx iki) ay güzəşt müddəti daxil olmaqla 12 oktyabr 2023-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindən borcverənə qaytarılmasının dövriliyi mövcud müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən tərəflər arasında yazılı razılaşdırılmış 1 saylı Əlavədə təsbit olunmuş ödəniş cədvəlində müəyyən olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə tərəflər arasında girov (ipoteka) müqaviləsi bağlandıqdan, həmin müqavilə dövlət qeydiyyatına alındıqdan və girov (ipoteka) predmeti sığorta ödənişini almaq hüququnun borcverənə (fayda götürən) məxsus olması şərtilə tam və ya qismən sığorta olunduqdan sonra krediti borcalana vermək, kreditdən istifadəyə görə faizlərin hesablanmasının və tutulmasının düzgünlüyünə riayət etmək, Kreditin və kredit üzrə hesablanmış faizlərin uçotunu aparmaq, borcalanın tələbi ilə bu müqavilə üzrə öhdəliyin tam və ya qismən icrası barədə ona müvafiq sənəd təqdim etmək borc borcverənin vəzifələridir. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqaviləyə əsasən krediti yalnız məqsədli təyinatına uyğun istifadə etmək, kreditdən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-qanuni yolla əldə edilmiş gəlirin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməmək, krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müddətlərdə Borcverənǝ qaytarmaq, Kreditin verildiyi tarixdən 5 (beş) təqvim günü müddətində kreditin öz təyinatına uyğun istifadə edilməsini təsdiq edən müvafiq sənədi Borcverənə təqdim etmək, özündən asılı olmayan səbəblərə görə kreditdən onun verildiyi tarixdən 3(üç) təqvim günü müddətində məqsədli təyinatına uyğun istifadə edə bilmədikdə, dərhal bu barədə borcverəni xəbərdar etmək və aldığı krediti ona qaytarmaq, öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunu (cəriməni, penyanı) borcverənə ödəmək borcalanın vəzifələridir. Müqavilənin 5.4-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır.
8. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə banka olan əsas borc məbləği 654761,84 manat, ümumi faiz borcu 83923,06 manat, dəbbə borcu 32738,09 manat, cəmi borc 771422,99 manat təşkil edir.
9. "xxxx" ASC tərəfindən Cavabdeh2nə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borc məbləğinin qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3608 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 12 oktyabr 2016-cı il tarixli, SKMF- 00001-00/16A saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, ekspert qarşısında qoyulmuş sual üzrə cavabdeh "xxxx" MMC-nin müqavilə müddətinin sonuna (xx.xx.2023-cü il tarixǝ) olan əsas borcu 655213,50 manat, faiz borcu 81464,88 manat, xx.xx.2023-cü il tarixə (pretenziya məktubunda və maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 655213,50 manat, faiz borcu 83539,72 manat təşkil edir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
14. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" ASC ilə borcalan Cavabdeh2 MMC arasında xx.xx.2016-cı il tarixli, SKMF-00001-00/16A nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən ******* manat məbləğində krediti Sahibkarlığa Kömək Milli Fondu vəsaitləri hesabına illik 6 faizlə 84 ay müddətinə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 42 ay güzəşt müddəti daxil olmaqla 12 oktyabr 2023-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
15. İddia tələbinin bir hissəsini cavabdеhdən iddiaçı "xxxx" ASC-nin хеyrinə 654761,84 manat məbləğində krеdit bоrcu, 83923,06 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.
16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3608 saylı ekspert rəyini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən (ekspert rəyinə uyğun) təmin edilməli, Cavabdeh2ndən 654761,84 manat əsas borc, 81464,88 manat faiz borcu (müqavilə müddətinin sonuna olan məbləğ) iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
17. İddia tələbinin digər hissəsini cavabdеhdən 32738,09 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
18. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
19. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı, cavabdehdən 30000 manat məbləğində cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.
20. Eləcə də, iddiaçı 400 manat mediasiya xərci və 662 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
21. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 1054,27 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 99,30 manat (doxsan doqquz manat otuz qəpik) hissəsi Cavabdeh2ndən, 0,70 manat (yetmiş qəpik) hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2ndən xx.xx.2016-cı il tarixli, SKMF-00001-00/16A nömrəli kredit müqaviləsi üzrə 654761,84 manat (altı yüz əlli dörd min yeddi yüz altmış bir manat səksən dörd qəpik) əsas borc, 81464,88 manat (səksən bir min dörd yüz altmış dörd manat səksən səkkiz qəpik) faiz borcu, 30000 (otuz min) manat cərimə, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 1054,27 manat (min əlli dörd manat iyirmi yeddi qəpik) olmaqla, cəmi 767280,99 manat (yeddi yüz altmış yeddi min iki yüz səksən manat doxsan doqquz qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 99,30 manat (doxsan doqquz manat otuz qəpik) hissəsi Cavabdeh2ndən, 0,70 manat (yetmiş qəpik) hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova