Məhkəmə qərarları › İş №e-2-2(113)-2475/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2475/2023

20.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2475/2023 20.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, hesabat, etiraf, işgüzar münasibət, konsessiya müqaviləsi, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi (arvadı) X2, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 63 867 manat pulun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmış, cəmiyyətin nizamnaməsi Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi tərəfindən ********** № ilə qeydiyyatdan keçmiş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olur. Cəmiyyət Bakı şəhərinin Zirə qəsəbəsində ayrıca təsərrüfatda göbələk məhsullarının istehsalı və satışı ilə məşğul olur, əldə etdiyi məhsulları ayrı-ayrı fiziki və hüquqi şəxslərə sifarişlər əsasında satır. Cavabdeh ilə uzun müddət tanışlığı olduğundan iddiaçı işlədiyi cəmiyyətin istesal etdiyi göbələk məhsullarını almaqda ona köməklik göstərmiş, aralarında olan razılaşmaya əsasən iddiaçı cəmiyyətdən öz adına götürdüyü məhsulları Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 22 ünvanında yerləşən anbarda cavabdehə nisyə verməyi, cavabdeh isə məhsulu satdıqdan sonra pulunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin pul ilə iddiaçı da cəmiyyətə olan borcunu bağlamalı idi. Bu qaydada cavabdehlə iş birliyi yaratmağa başlanmışdır. İlk vaxtlar cavabdeh götürdüyü malların pulunu razılaşdıqları vaxtda ödəməklə iddiaçının etibarını qazanmış, aralarında narazılıq və ya problemlər yaşanmamış, bu qayda ilə bir neçə il problemsiz işləmişlər. Cavabdeh hər dəfə mal götürür, əvvəkli borclarının bir hissəsini ödəyir, bir hissəsini ödəməyi növbəti alış-verişə saxlayırdı. Bununla da onun ödənilməmiş borcları yaranır və növbəti aylarda borcunun məbləği artmaqda davam edirdi. Lakin son illərdə cavabdeh iddiaçıdan aldığı malların pulunu ödəməkdə ləngimələrə yol vermiş, səbəbini soruşduqda, özünün müştərilərinə verdiyi malların pulunu vaxtında ala bilməməsi ilə izah etməyə çalışmışdır. İddiaçı da cavabdehə etibar etmiş və qalan borclarını da ödəyəcəyinə inanmışdır. Cavabdeh 2020-2022-ci illər üzrə iddiaçıya olan borclarını özü hesablayaraq telefon vasitəsi ilə sonuncuya göndərmiş, 2020-ci ilin dekabr ayına 38 019 manat borcu olmuş, sonradan borcların bir hissəsini ödəmiş, 2021-ci ilin dekabr ayına 17 295 manat və 2022ci ilin sentyabr ayına son hesablanmış 63 867 manat borcunun qalmasını yazılı surətdə etiraf etmişdir. İddiaçıya olan borclarını qaytarması üçün edilən heç bir cəhd nəticə verməmiş, cavabdeh əvvəlcə borcun qaytarılması üçün qısa vaxt istəmiş, lakin bəhanə gətirərək ödəməkdən yayındığından münasibətləri korlanmış və əlaqələri kəsilmişdir. Məsələ ilə bağlı Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, orada razılıq əldə olunmamış, məhkəmədən kənar həll mümükün olmadığından məsələ ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuş, mediasiya prosesi üçün nəzərdə tutulmuş 400 manat rüsum onun tərəfindən tam ödənilmişdir. Cavabdeh onun inamından, etibarından və humanistliyindən sui-istifadə etməklə 63 867 manat pulunu mənimsəmiş, qısa müddətdə qaytarmaq barədə üzərinə götürdüyü öhdəliyi könüllü icra etməmiş, hazırda isə bundan imtina etdiyi üçün məsələ məhkəmə qaydasında həll edilməli, həmin məbləğdə pul və ödənilmiş 400 manat məhkəmə qaydasında cavabdehdən alınaraq ona qaytarılmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 442, 448.1 və 448.2-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, iddiaçı "xxxx" MMC-nin işçisidir. İşçi olaraq böyük marketlər şəbəkəsinə MMC-nin adından göbələk verir. Eyni zamanda öz adından MMCdən göbələk alır və ayrı-ayrı şəxslərə satır. Bu malları MMC-dən öz adına aldığına görə, pulunu da özü verir. Cavabdehlə də bu əsasda mal-alqı satqısı olmuşdur. İddiaçı malı öz adına aldığı üçün cavabdehin dəyərini ödəmədiyi göbələklərin pulunu da artıq MMC-yə ödəmişdir. Cavabdeh aldığı mallara görə hesabatı hər ay özü tərtib edib “whatsapp” vasitəsilə iddiaçıya təqdim edib, iddiaçı da müvafiq qaydada yoxlayıb. xx.xx.2022-ci il tarixli hesabatı isə öz imzası ilə təsdiq edib. Bu hesabatdan sonra cavabdeh sonuncu xx.xx.2022-ci il olmaqla məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixə olan cədvəldə qeyd olunan məbləğdə mallar almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli hesabat tərtib olunduqdan sonra heç bir ödəniş etməmişdir. İddiaçı cavabdehin mal satdığı yerlərdən satılan mallara görə ödənilməli olan 1150 manat, 1200 manat, 6045 manat məbləğində pulları almış və həmin məbləğləri də cavabdehin borclarından silmişdir. xx.xx.2022-ci il tarixli hesabat tərtib olunan zaman 3000 manat cavabdehə güzəşt edilmişdir, lakin hazırda həmin məbləği də tələb edirlər.

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli hesabatı cavabdeh imzası ilə təsdiq etdiyi üçün iddia tələbi həmin hesabatdakı məbləğə uyğun qeyd olunmuşdur. İddia tələbini tam müdafiə edirlər.

6. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə 20 il alqı-satqı münasibətləri mövcud olmuş, müqavilə olmadan fəaliyyət göstərmişlər. İlk danışığı 20 il əvvəl şirkət rəhbəri ilə olmuş, rəhbərlik İddiaçı tərəfindən malların ona veriləcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı şirkətin ayırdığı 5% endirimi mənimsəmişdir. Malları qəsdən soyuducuda saxlamış, xarab vəziyyətdə ona verilmişdir və o, ziyanla işləmişdir. Beləliklə də bu borclar yığılmışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, xarab malları iddiaçıya qaytarmamışdır. Belə ki, malları qaytarmaq istədikdə iddiaçı qəbul etməmişdir. İddiaçı 20 il ərzində olan 5% endirimi hesablasın, daha sonra hesablaşsınlar. xx.xx.2022-ci il tarixə tərtib olunan hesabatdakı imza ona məxsusdur (xx.xx.2023-cü il tarixli hazırlıq iclası).

7. Bundan başqa Cavabdeh məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmalarında əks olunan hesabatlar onun tərəfindən tərtib olunub. Yazışmaları, hesabatları təsdiq edir. Əsas narazılığı 5% güzəşt məsələsi ilə bağlıdır. Pandemiyadan əvvəl şirkətin rəhbərliyi ilə görüşmüş, onlar bildirmişdir ki, şirkət pay mal verir. Bu məsələni iddiaçıya bildirmiş, yenə də güzəşt olunmamış, lakin işləməyə davam etmişdir. İddiaçı imkan verməmişdir ki, şirkətlə əməkdaşlıq etsin. O illərlə toplanmış 5% güzəşti tələb edir. xx.xx.2022-ci il tarixə tərtib olunan hesabatdakı 3000 manat da illərlə toplanmış güzəştlərə görə olan məbləğdir (xx.xx.2023 və xx.xx.2023-cü il tarixli hazırlıq iclasları).

8. Məhkəmənin baxış iclaslarında Cavabdeh izahatında bildirmişdir ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə mal almışdır. Məhkəmənin suallarına cavab olaraq təsdiq etmişdir ki, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə iddiaçının təqdim etdiyi hesabatda (iş materiallarının 70-ci səhifəsində olan xx.xx.2022-ci il tarixə olan hesabat) qeyd olunan dəyərdə malları almışdır. Lakin bütün borc məbləğini ödəmişdir. Oktyabr ayında özü hesabat təqdim etmiş, ödədiyi məbləğlər orada qeyd olunmuş, lakin münasibətlər pozulduğu üçün qeyd olunan hesabatı iddiaçıya təqdim edə bilməmişdir. Tərəflər arasında işgüzar münasibətlər şifahi olmuşdur, həmişə o, faktura tərtib etmiş, ödədiyi məbləği orada qeyd etmişdir. İddiaçının tələb etdiyi borc nağd qaydada tam ödənilmişdir. 30 manat “sklad” üçün pul həmişə tələb olunub, o da ödəyib.

9. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 izahatında bildirdi ki, onların cavabdehlə heç bir tanışlığı olmayıb. Bir neçə ay bundan əvvəl şəxs onlara məhsulların alınması üçün yaxınlaşmışdı. Şəxsən onun özünə də yaxınlaşmışdı. Ofisdən ona məlumat verilmişdir ki, satış nümayəndələri Natiq müəllimlə bu şəxsin problemləri var. Natiq müəllimlə öz aralarında nə olubsa, illər öncə olub. O da şəxsə bildirmişdir ki, sizin Natiq müəllimlə problemləriniz var və öz aralarında həll etsinlər, ona məhsul verə bilməzlər. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, malları İddiaçı onlardan alıbdır. İddiaçı işçi kimi bəzi şəbəkələrə malları MMC-nin adından satır. Bundan əlavə isə özü MMC-dən mallar alır və ayrı-ayrı şəxslərə satır. Aldığı malların dəyərini isə bir gün sonra, maksimum bir həftə sonra ödəyir. Onlar üçün maraqlı deyil, iddiaçı məhsulu kimə satır. Əsas odur ki, onlardan malı alır və pulunu ödəyir. MMC Cavabdeh məhsul satmamış, buna görə də sonuncunun MMC-yə hər hansı borcu olmamışdır. Cavabdehin qeyd etdiyi kimi hansısa güzəşt faizi yoxdur. Şirkətin özünün mal satdığı bəzi müştərilərə şirkət 1 böyük qutunun üzərində 1 ədəd əlavə pay kimi verir. Şirkət əsasən böyük şəbəkələrlə əməkdaşlıq edir, onlara da əlavə pay məhsul verilmir.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq Komfort-Salarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin təqdim edilən sübutlar və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında göbələyin şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı malları cavabdehə satmağı, cavabdeh isə müvafiq malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında işgüzar münasibətlər cavabdeh tərəfindən hər ay üzrə yekun hesabatın tərtib olunaraq iddiaçıya göndərilməsi, iddiaçı tərəfindən yoxlanılması əsasında qurulmuşdur. Həmçinin müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə hesabat (səhifə 42) tərtib edilərək cavabdehin imzası ilə təsdiq edilmişdir (məhkəmə iclasında cavabdeh bu faktı təsdiq etmişdir). Həmin hesabata əsasən iddiaçı tərəfindən cavabdehə 3000 manat pul güzəşt olunaraq bağışlandıqdan və 30 manat ödəniş çıxıldıqdan sonra cavabdeh tərəfindən ödənilməli olan qalıq borc məbləği 60 837,80 manat olmuşdur. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə 5888 manat dəyərində mal alınmış (həmin hal iddiaçının təqdim etdiyi, iş materiallarının 70-ci səhifəsində olan hesabatda göstərilən 5888 manat dəyərində malların alınması faktının cavabdeh tərəfindən təsdiqi əsasında müəyyən olunur), cavabdehin borcundan 8395 manat (1150+1200+6045) ödənilmişdir (iddiaçının təqdim etdiyi iş materiallarının 70-ci səhifəsində olan hesabatla təsdiq olunur).

13. İddiaçı tərəf alqı-satqı müqaviləsi üzrə verilmiş malların qalıq dəyəri kimi cavabdehin imzası ilə təsdiqlənən xx.xx.2022-ci il tarixə olan hesabat əsasında 63 837 manat pulun cavabdehdən tutulmasını tələb edir. Həmçinin bildirir ki, hesabat tərtib olunarkən güzəşt olunaraq bağışlanmış 3000 manat pulun hazırda tutulmasını tələb edir.

14. Cavabdeh tərəf bildirir ki, xx.xx.2022-ci il tarixdə hesabat təsdiq olunarkən 3000 manat güzəşt məbləğindən sonra 60837,80 manat borc qalmış, həmin hesabatdan sonra xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə 5888 manat dəyərində mal alınmış, lakin malların dəyəri nağd şəkildə tam ödənilmişdir. İddiaçı ilə münasibətləri yaxşı olmadığından yekun hesabatı iddiaçıya təqdim etməmişdir.

15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

16. Hazırkı iş üzrə cavabdeh malları aldığını etiraf edir, lakin malların dəyərinin tam ödənildiyini bildirir. İddiaçı isə xx.xx.2022-ci il tarixdə hesabat tərtib olunduqdan sonra cavabdehin malları satdığı satış yerlərindən 8395 manat pulu aldıqlarını və cavabdehin borcundan sildiklərini etiraf edir.

17. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.

18. Cavabdeh malların dəyərinin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim etmir. İddiaçı isə qeyd olunan halı qəbul etmir.

19. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

20. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

21. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).

22. Hazırkı iş üzrə cavabdehin etirazının əsası kimi istinad etdiyi hal iddiaçı tərəfindən satılan malların dəyərinin ödənilməsi təşkil edir. Sübutetmə yükü ilə bağlı qanunvericiliyin tələbi nəzərə alındıqda, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı, yəni aldığı malların dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh qeyd olunan halı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Cavabdehin özü tərəfindən tərtib olunan 2022-ci ilin oktyabr hesabatı isə birtərəfli tərtib olunmuş sənəd olmaqla mötəbər hesab edilə bilməz. İddiaçı da qeyd olunan hesabatı təsdiq etmir, borcun ödənildiyini qəbul etmir. Belə olan halda, məhkəmə hesab edir ki, malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehin mövqeyi əsassızdır və iddianın rədd olunması üçün əsas hesab oluna bilməz.

23. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh hazırlıq iclaslarında aldığı malların dəyərinin ödənilməsi ilə bağlı etiraz irəli sürməmiş, iddiaçı tərəfindən ona edilməli olan 5% güzəştin edilmədiyinə, bu güzəşt edildikdən sonra hesablaşmanın aparılmasının mümkün olduğuna istinad etmişdir. Məhkəmə vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinin tələblərinə əsasən qeyd edir ki, tərəflərin öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsi vicdanlılığın tələblərinə ziddir. Hazırkı halda cavabdeh hazırlıq iclaslarında borcu ödədiyinə istinad etməmiş, güzəştlə bağlı fikirlər səsləndirmiş, baxış iclasında isə borcu ödədiyini bildirmişdir.

24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir, lakin tələbi qismən əsaslıdır.

30. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə hesabat tərtib olunarkən 3000 manat borcu cavabdehə bağışlamaqla güzəşt etdiyini etiraf edir. Həmçinin məhkəməyə sübut qismində təqdim etdiyi xx.xx.2022-ci il tarixə olan hesabatda da qeyd olunan 3000 manat güzəşt məbləği nəzərə alınaraq hesabatın aparılmasının davam etdirildiyi görünür. Bundan başqa, xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, güzəşt olunduqdan sonra qalıq 60 867,80 manat borcdan 30 manat “sklad” üçün borc da ödəniş kimi çıxılmış, 60 837,80 manat borc qaldığı qeyd edilmişdir.

31. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

32. Həmin Məcəllənin 546-cı maddəsinə əsasən kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.

33. Beləliklə, iddiaçı cavabdehi 3000 manat borcun ödənilməsi hissəsində üzərinə düşən vəzifədən azad etməklə borcu bağışlamış, həmin hissədə cavabdehin öhdəliyinə xitam verilmişdir. Belə olan halda iddiaçı tərəfindən yenidən qeyd olunan öhdəliyə istinad olunması hüquqdan sui-istifadə olmaqla qəbul edilməzdir.

34. Cavabdehin hesabatlarda qeyd olunan “sklad” üçün 30 manat pulu həmişə ödədiyini etiraf etdiyini, xx.xx.2022-ci il tarixə 60 837,80 manat borcu qaldığını, xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə 5888 manat dəyərində mal aldığını, borcundan 8395 manat ödənildiyini nəzərə alan məhkəmə qeyd edir ki, iddia tələbi 58 360,80 manat (60 837,80 manat + 5888 manat + 30 manat = 66 755,80 manat - 8395 manat) pulun tutulması hissəsində əsaslıdır.

35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

36. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

39. Məhkəmə İddiaçı "xxxx" MMC-nin işçisi olması, malları ondan alması ilə bağlı onlar arasında yaranmış hüquq münasibəti və hazırkı işə təsiri ilə bağlı qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, alqı-satqı münasibətləri iddiaçı ilə cavabdeh arasında yaranmışdır. "xxxx" MMC-nin nümayəndəsi cavabdehin MMC-dən mal almadığını, buna görə də hər hansı borcunun yaranmadığını bildirmişdir. Həmçinin İddiaçı MMC-nin işçisi kimi müəyyən şirkətlərə malı MMC-nin adından verdiyini, eyni zamanda MMC-dən öz adından mal alıb ayrı-ayrı şəxslərə satdığını və alınan malların dəyərini ödədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, aldığı malların dəyərini ödəməyə görə məsuliyyəti İddiaçı daşımışdır.

40. Mülki Məcəllənin 800.1 və 800.2-ci maddəsinə əsasən konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almağı, bu malları öz adından və öz hesabına başqasına satmağı, bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmağı konsessioner öhdəsinə götürür. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.

41. Qeyd olunan normanın tələbinə əsasən məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında konsessiya müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı MMC-dən satın aldığı malları öz adından və öz hesabına cavabdehə satmışdır. Nəzərə alınsa ki, bəzi xidmət müqavilələri üzrə tapşıranla əmək müqaviləsi bağlamış şəxslərin (məsələn ticarət nümayəndəsi (agent) – MM 789.2.3) xidmət müqaviləsi üzrə tərəf olması istisna edilir, lakin konsessiya müqaviləsi üzrə belə bir məhdudiyyət nəzərdə tutulmamışdır, iddiaçının "xxxx" MMC-nin işçisi olması onunla "xxxx" MMC arasında mülki müqavilə - konsessiya müqaviləsi olması faktını təkzib etmir. Belə olan halda iddiaçı ilə cavabdeh arasında olan alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin hər hansı hüquq və vəzifələri yaranmamışdır.

42. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

43. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 58 360,80 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

44. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

45. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/10-00145 nömrəli mediasiya arayışından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir.

46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

48. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

49. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

50. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 366 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin Cavabdeh 58360 (əlli səkkiz min üç yüz altmış) manat 80 (səksən) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 366 (üç yüz altmış altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar