Məhkəmə qərarları › İş №e-2-2(113)-248/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-248/2022

23.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-248/2022 23.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs X8 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) hesabatın ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 303,3 kv.m qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair 29.04.2021-ci il tarixli 132 nömrəli qiymətləndirmə hesabatının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 38 saylı Notariat Ofisinin Xətai rayon Məhkəməsinin 03.02.2021-ci il tarxili 8İ-649 reyestr №-li icra qeydinə əsasən İddiaçı ASC-nin tələbi ilə ipoteka qoyan X9 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 303,3 kv.m qeyri-yaşayış sahəsinə 60.001,83 manat əsas borc və 3925,75 manat faiz borcu, cəmi 63.937,23 manat borc üzrə tutma yönəldilmişdir. İcra qeydi üzrə icra icraatını həyata keçirən Nərimanov rayon İcra Şöbəsi ipoteka predmetləri olan daşınmaz əmlakların qiymətləndirilməsi barədə bu fəaliyyətlə məşğul olan cavabdehə sifariş vermiş və cavabdeh tərəfindən həmin sifariş əsasında 29.04.2021-ci il tarixli 132 №-li qiymətləndirmə rəyi verilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə görə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” AR Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” AR Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə görə hərracın təşkilatçısına sifariş “İcra haqqında” Qanuna müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. “İcra haqqında” Qanunun 61.2-ci maddəsində görə ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Cavabdehin tərtib etdiyi rəydə qeyri-yaşayış sahəsinin (zirzəminin) likvid qiyməti 570.000 manat məbləğində müəyyən edilmişdir. Əmlakın ilkin satış qiymətinin real qiymətindən əhəmiyyətli dərəcədə yüksək göstərilməsi tələbkar ipoteka saxlayan kimi bankın hüquqlarını pozur. Həmin əmlak Nərimanov rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və likvid qiyməti 102.000 manat müəyyən edilmişdir ki, bu da cavabdehin təyin etdiyi likvid qiymətin real qiymətlə müqayisədə həddən artıq yüksək olduğunu təsdiq edir. Bakı Kommersiya Məhkəməsinin 15.11.2021-ci il tarixl e-2-2(113)-4590/2021 saylı qərardadı ilə X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi X6 izahatında Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 29.04.2021-ci il tarixli 132 №-li qiymətləndirmə hesabatı ilə razı olduğunu bildirdi və hesabatın ləğv edilməməsini xahiş etdi. İş üzrə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı 10.11.2017-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsi tam (xüsusi) mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır. İddiaçı ASC (ipoteka saxlayan), X6 (borc alan) və X12 (ipoteka qoyan) arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli, 040QYASH79544801 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 20040-S128923/795448 saylı 21.01.2020-ci il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 222A-da ümumi sahəsi 303,3 kv.m-dən ibarət xüsusi mülkiyyətli zirzəmi olan qapı-1 qeyri-yaşayış sahəsidir. 9.1-ci bəndinə əsasən əsas öhdəliyin və ya onun bir hissəsinin icrasının bu müqavilənin 3-cü maddəsində qeyd edilmiş müddət ərzində 90 təqvim günü və daha çox müddətə gecikdirildikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. 9.3-cü bəndinə əsasən ipotekaya verilmiş əmlak hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi hüququ qanunda nəzərdə tutulmuş hallarda notariusun icra qeydi və ya məhkəmə qaydasında həyata keçirilir. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bakı şəhəri 38 saylı Notariat Ofisinin 03.02.2021-ci il tarixli 8İ-649 reyestr nömrəli icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan X9 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 222A ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 60.001,83 manat məbləğində əsas borc, 3925,75 manat məbləğində faiz borcu, 9,65 manat məbləğində cərimə olmaqla, cəmi 63.937,23 manat borc üzrə) tutma yönəldilmişdir. Həmin icra qeydi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmişdir. X10 (icraçı) və X6 (sifarişçi) arasında bağlanmış 15 may 2015-ci il tarixli mənzil tikintisi və satışına dair müqaviləyə əsasən sifarişçi həmin müqavildəə göstərilən şərtlərlə tam razılşaraq və onlaa qeyd-şərtsiz əmək edərək almaq üçün sifariş edir, icraçı isə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov 48 C ünvanında tikiləcək 6 mərtəbəli yaşaış binasının alt mərtəbəsində (zirzəmi 303,4 kv.m.) qeyri-yaşayış sahəsini tikib sifarişçiyə satır. Müqavilənin 5-ci bəndinə görə qeyri-yaşayışın bir kv.m. üçün qiymət 1650 manat, ümumi müqavilə qiyməti isə 501.000 manat təşkil edir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 29 aprel 2021-ci il tarixli, 132 saylı əmlakın qiymətləndirməsi barədə hesabata əsasən X9 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) likvid qiyməti 570.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli, LP-031/21 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 222A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 102.000 manat dəyərində müəyyən edilmişdir. “X11” MMC-nin 25 may 2021-ci il tarixli, 043/21 nömrəli qiymətləndimə hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 222A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 525.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 04 oktyabr 2021-ci il tarixli, ƏEM/O 82-933/21 nömrəli qiymətləndirmə hesabatına əsasən ünvan 2 ünvanının 04.10.2021-ci il tarixinə bazar dəyəri 200.000 manat, likvid dəyəri 150.000 manat məbləğində müəyyən edilmişdir. “AİD X1 Şirkəti” X4 07 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) 07.10.2021-ci il tarixinə bazar dəyəri 210.000 manat, likvid dəyəri 160.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 28 oktyabr 2021-ci il tarixli, 84/QYS/21 nömrəli hesabata əsasən ünvan 2 ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 213.000 manat, likvid dəyəri 170.000 manat məbləğində müəyyən edilmişdir. “İVC X5” MMC-nin 18 yanvar 2022-ci il tarixli, 3350/22 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsinin 18.01.2022-ci il tarixinə bazar dəyəri 380.000 manat, likvid dəyəri 292.600 manat məbləğində müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC, X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 arasında 21 yanvar 2021-ci il tarixli, 040QYASH79544801 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Raziyə Yusifova mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 222A ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsini X2 20040- S128923/795448 saylı 21.01.2020-ci il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri 38 saylı Notariat Ofisinin 03.02.2021-ci il tarixli 8İ-649 reyestr nömrəli icra qeydi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan X9 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 222A ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 60.001,83 manat əsas borc, 3925,75 manat faiz borc, 9,65 manat cərimə olmaqla, cəmi 63.937,23 manat borc üzrə) tutma yönəldilmişdir. İcra qeydi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra qeydinin icrasını təmin etmək məqsədilə Nərimanov rayon İcra şöbəsi tərəfindən verilmiş sifarişinə əsasən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən sözügedən ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 570.000 manat olaraq qiymətləndirilməklə qiymətləndirmə haqqında hesabat tərtib edilmişdir. İddiaçı ASC qeyd olunan qiymətləndirmə haqqında hesabat ilə razılaşmamış və həmin hesabatın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun: 7-ci maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə tərəfindən mübahisəli qiymətləndirmə hesabatında qiymətləndirilmiş obyektin likvid dəyərinin həqiqiliyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 28 oktyabr 2021-ci il tarixli, 84/QYS/21 nömrəli hesabata əsasən ünvan 2 ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 213.000 manat, likvid dəyəri 170.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin qiymətləndirmə hesabatına münasibətdə məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 hesabatla razılaşmayaraq hesabatın qeyriobyektiv olmasını və tam olmamasını əsas gətirərək daşınmaz əmlakın yenidən qiymətləndirilməsi barədə vəsatət vermiş və məhkəmə vəsatəti əsaslı hesab edərək e-2- 2(113)-248/2022 saylı 12.01.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını “İVC X5” MMCyə həvalə etmişdir. “İVC X5” MMC-nin 18 yanvar 2022-ci il tarixli, 3350/22 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsinin 18.01.2022-ci il tarixinə bazar dəyəri 380.000 manat, likvid dəyəri 292.600 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin “İVC X5” MMC-nin qiymətləndirmə rəyi ilə razılaşmaması üçün heç bir əsas mövcud deyil. Odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə mübahisəli daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin mübahisəli hesabatında müəyyən edilmiş likvid qiymətinin (570.000 manat) məhkəmə tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmiş likvid qiymətdən (292.000 manat) kəskin surətdə fərqləndiyini nəzərə alaraq belə qənaətə gəlir ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMCnin 29.04.2021-ci il tarixli 132 nömrəli qiymətləndirmə hesabatında müəyyən edilmiş ünvan 2 ünvanında ümumi sahəsi 303,3 kv.m olan qeyri-yaşayış sahəsinin likvid dəyəri həqiqəti əks etdirmir və həmin hesabatın ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM-nin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 303,3 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair 29.04.2021-ci il tarixli 132 nömrəli hesabatı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 303,3 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair 29.04.2021-ci il tarixli 132 nömrəli hesabatı ləğv edilsin. İddia verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar