Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2484/2021 07.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 152F9 nömrəli, 20 avqust 2007-ci il tarixli kredit müqaviləsi üzrə 03 fevral 2021-ci il tarixinə cavabdehin ləğv prosesində olan iddiaçı qarşısında əsas borc üzrə 9650 manat, faiz borcu üzrə 5890.52 manat faiz, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 6097 manat olmaqla cəmi borc üzrə 21637.52 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 152F9 nömrəli, 20 avqust 2007-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 12 ay müddətinə 24 %-lə 10 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 152F9 nömrəli, 20 avqust 2007-ci il tarixli kredit müqaviləsinə 03 fevral 2021-ci il tarixinə cavabdehin iddiaçı qarşısında əsas borc üzrə 9650 manat, faiz borcu üzrə 5890.52 manat faiz, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 6097 manat olmaqla, cəmi borc üzrə 21637.52 manat borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən iddiaçı müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu iddiaçının ləğvedicisi təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış təminatsız kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ümumiyyətlə hər hansı ödəniş aparılmamış, bundan əlavə kredit vəsaitinin cavabdehə təhvil verildiyini təsdiq edən sənədi təqdim edə bilməməsinin səbəbi “Saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması haqqında” 24.06.2013-cü il tarixli akt əsasında saxlama vaxtı keçmiş, elmitarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirdiyinə görə məhv edilməsi üçün ayrılmış sənədlərlə birlikdə məhv edilməsidir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. 20 avqust 2007-ci il tarixli 152 F9 nömrəli Təminatsız kredit müqaviləsinin 2-ci bəndinə əsasən iddiaçı cavabdehə ticarət məqsədilə 10000 manat məbləğində kreditin ayrılmasını öhdəsinə götürür. Borc alan (cavabdeh) bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən kredit vəsaitinin hərəkəti borc verən tərəfindən borc alan üçün açılan ssuda hesabı ilə təmin edilir. Kredit vəsaiti bu müqavilə qüvvəyə mindiyi tarixdən 10 gündən gec olmayaraq borc verən tərəfindən borc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal borc alana məlumat verilir. Kredit vəsaitindən istifadə müddətinin axımı borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü gün başlanır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 24 %-lə hesablanır. Həmin müqavilənin 13-cü bəndinə əsasən borc verən bu müqavilənin 5-ci bəndi ilə müəyyən edilmiş müddətdə krediti borc alanın ssuda hesabına köçürməyi öhdəsinə götürür. Borc verən borc alanın ssuda hesabına kredit vəsaitinin köçürülməsi barədə dərhal borc alana məlumat verməyi öhdəsinə götürür. Borc verən borc alan tərəfindən kreditin və kredit üzrə hesablanmış faizlərin ödənilməsinin uçotunu aparır. Borc verən borc alanın tələbi ilə onun öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə və ya qismən yerinə yetirilməsi barədə sənədi təqdim etməlidir. Həmin müqavilənin 16.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir. Müqavilə tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 09.02.2021-ci il tarixli **********080 saylı arayışa əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan əsas borc – 9650 manat, faiz borcu 5890 manat, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış illik 5 faiz olmaqla – 6097 manat, ümumilikdə 21637,52 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş 18.08.2019-cu ildən 22.06.2021-ci ilə qədər olan dövr üçün hesabdan çıxarışa əsasən cavabdehə 3-5272169-6 saylı hesab nömrəsi 10.02.2017-ci il tarixdə açılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 01.01.2012-ci ildən 10.02.2017-ci ilə qədər olan dövr üçün hesabdan çıxarışa əsasən cavabdehə 3-20278-1 saylı hesab nömrəsi 30.11.2011-ci il tarixdə açılmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 09 fevral 2021-ci il tarixli **********077 saylı xəbərdarlıq məktubuna əsasən cavabdehdən kredit müqaviləsi üzrə yaranmış cəmi 21637,52 manat pulun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 20 avqust 2007-ci il tarixli 152 F9 nömrəli Təminatsız kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 2-ci bəndinə əsasən iddiaçı cavabdehə ticarət məqsədilə 10000 manat məbləğində kreditin ayrılmasını, borc alan (cavabdeh) isə həmin müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində kreditin cavabdehə ayrılmasına baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə hər hansı ödənişin aparılmadığını göstərsə də, cavabdeh müqavilə şərtlərinə əsasən borc alan üçün ssuda hesabının açıldığını, kredit vəsaitinin həmin müqavilə qüvvəyə mindiyi tarixdən (müqavilənin 16.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minmişdir) 10 gündən gec olmayaraq borc verən tərəfindən borc alanın ssuda hesabına köçürüldüyünü, bu barədə dərhal borc alana məlumat verilməsini təsdiq edən sənədləri Məhkəməyə təqdim edə bilməmiş, iddiaçının nümayəndəsi bunun səbəbinin isə “Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında” Təlimata əsasən “Saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması haqqında” 24.06.2013-cü il tarixli akt əsasında həmin sənədlərin saxlama vaxtı keçmiş, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirdiyinə görə məhv edilməsi üçün ayrılmış sənədlərlə birlikdə məhv edilmiş olması ilə əlaqədar olduğunu bildirmişdir. Məhkəmə iddiaçının bu dəlilinə cavab olaraq bildirir ki, adıçəkilən Təlimatın 2.5-ci bəndinə əsasən iş və sənədlərin saxlanma müddəti onların kargüzarlıq müddəti qurtardığı ildən sonrakı il yanvarın 1-dən hesablanır. Məsələn, 2000-ci ildə kargüzarlıq müddəti qurtarmış işlərin saxlanma müddəti 2001-ci il yanvarın 1-dən hesablanır. Müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlərin saxlama müddəti müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra hesablanır. Bundan əlavə, Təminatsız kredit müqaviləsindən görünür ki, həmin müqavilə iddiaçının 9 saylı filialı ilə cavabdeh arasında bağlanmış, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş “Saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması haqqında” 24.06.2013-cü il tarixli aktda isə məhv edilməsi üçün seçilmiş və yalnız 1, 2, 3 və 4 saylı filiallarda saxlanılan sənədlərin siyahısı öz əksini tapmışdır. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı). Nəticə: Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, verilmiş iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2484/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2484/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver