Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-249/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, kredit müqaviləsinin ləğvi və müqavilədən imtina, zaminlik, dəbbə pulunun azaldılması, texniki overdraft) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi (qanuni təmsilçisi) Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, DC00340462-02 saylı kredit müqaviləsinə əsasən 9427,45 manat əsas borc, 159,42 manat faiz borcu, 43,71 manat cərimə borcu olmaqla cəmi 9630,58 manat, 40030AZNHK********** saylı kredit müqaviləsinə əsasən 171,45 manat əsas borc, 51,52 manat cərimə borcu olmaqla cəmi 222,97 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 2.1. iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04629LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. 2.2. Ümumi şərtlər toplusu çərçivəsində iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli DC00340462-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 20000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Qeyd edilən öhdəliyin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********729 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.3. Bundan başqa, 40030AZNHK********** saylı debet kartına əsasən texniki overdraft əməliyyatı üzrə 171,45 manat əsas borc, 51,52 cərimə borcu mövcuddur. 2.4. İddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və öhdəliklərin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421.2, 442, 443.1, 448.1 və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda bildirdilər ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-nin bank hesabına 10000 manat köçürmə edilmiş, həmin məbləğ kredit müqaviləsi üzrə borca yönəldilmişdir. Lakin sonradan cavabdeh 171,45 manat pul vəsaitini çıxartmışdır ki, texniki overdraft baş vermiş, kart hesabı mənfiyə düşmüşdür.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdeh, həmçinin Cavabdeh2 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Cavabdeh1 DC00340462-02 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcuna etiraz etmədiyini qeyd etdi və eyni zamanda göstərdi ki, səhhəti ilə bağlı bir müddət ölkə xaricində olmuşdur. Həmçinin borclu hüquqi şəxslər vaxtında ödəniş etmədiyindən kredit müqaviləsi üzrə gecikmələr yaranmışdır. xx.xx.2022ci il tarixdə həmin şirkətlərdən biri 10000 manat köçürmə etmiş, bu zaman iddiaçı 5-6 ayın ödənişini əvvəlcədən həmin məbləğə yönəltmişdir. İddiaçının 10000 manat məbləği kreditə yönəltməsi və daha sonra biznes kartını mənfiyə salması anlaşılan deyil. Belə ki, həmin 171 manat 10000 manatdan çıxarılmışdır. Belə olan halda qalıq məbləğ kreditə yönəldilməli idi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə OnGTC-04629LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusu imzalanmışdır. Ümumi şərtlər toplusu çərçivəsində bank tərəfindən borcalana tərəflər arasında imzalanmış xx.xx.2022ci il tarixli DC00340462-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə əməliyyat xərclərinin ödənilməsi məqsədilə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 20000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmçinin adıçəkilən kredit müqaviləsi üzrə Cavabdeh1 17 iyun 2022-ci il tarixli DG**********729 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC kredit məbləğini təşkil edən 20000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-nin bank hesabına 10000 manat məbləğində pul vəsaiti köçmüş, həmin vəsait kredit məbləğinə yönəldilmiş, hesabda -171,45 manat həcmində texniki overdraft yaramışdır.
11. İddiaçı DC00340462-02 saylı kredit müqaviləsinə əsasən 9427,45 manat əsas borc, 159,42 manat faiz borcunun, 40030AZNHK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 171,45 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
12. Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Cavabdeh1 iddiaya əsas və faiz borcu hissəsində etiraz etmir.
13. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
14. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
16. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
17. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
18. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfdən borcalan Cavabdeh2 MMC-dən əsas borc tam olaraq ilk dəfə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin xx.xx.2023-cü il tarixdə X1 Sistemi vasitəsilə çatdırılması ilə tələb edilmişdir.
19. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
20. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).
21. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
22. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə iddia ərizəsi yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
23. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. Borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, tərəflər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişlər.
25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4870/2023 nömrəli qərardadı əsasında aparılmış 02 may 2024-cü il tarixli 9/9151 nömrəli ekspert rəyinə əsasən, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olmuş, həmin ödəniş nəzərə alındıqdan sonra cavabdehin həmin tarixə əsas borcu 9869,91 manat, faiz borcu isə -46,58 manat olmuş, müqavilənin ləğvi tarixinə (xx.xx.2023) əsas borc 9869,91 manat, faiz borcu isə 1132,6 manat təşkil etmişdir.
26. Məhkəmənin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması ilə bağlı qanunvericiliyin tələbinə və yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən DC00340462-02 saylı kredit müqaviləsi üzrə 9427,45 manat əsas, 159,42 manat faiz borcu tutulmalıdır.
27. Məhkəmə texniki overdraft əməliyyatı üzrə tələb edilən borc ilə bağlı isə qeyd edir ki, Cavabdeh2 MMC-yə məxsus çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 10000 məbləğində pul bank hesabına köçürülmüş, həmin məbləğdən silinmələrdən sonra 11,34 manat qalıq qalmış, daha sonra xx.xx.2022-ci il tarixdə saat 19:01-də 100, 20:36-da 79 manat pul bankomat vasitəsilə çıxarılmış, 3,79 manat nağdlaşdırma komissiyası tutulmuş, -171,45 manat balans qalmışdır.
28. Cavabdeh isə həmin məbləğin çıxarılmasını mübahisələndirməmiş, lakin nağdlaşdırmanı 10000 manat puldan etdiyini bildirmişdir.
29. Lakin Cavabdeh2 MMC tərəfindənxx.xx.2021-ci il tarixdə təsdiqlənmiş OnGTC- 04629LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusunun 2.14-cü bəndinə əsasən, Vİ hissəsinin 2.14-cü bəndinə əsasən, kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq.
30. Belə olan halda, məhkəmə həmin məbləğində tutulması hissəsində iddianın əsaslı sayır.
31. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
33. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Məhkəmə xx.xx.2022-ci il tarixli DG**********729 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh1 tərəfindən yalnız DC00340462-02 saylı kredit müqaviləsinin təminat altına alındığınız nəzərə alaraq texniki overdraft əməliyyatı üzrə 171,45 manat məbləğində də pulun sonuncudan tutulması hissəsində iddianı əsaslı saymır.
35. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, 20 iyun 2022-ci il tarixli DC00340462-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9427,45 manat əsas, 159,42 manat faiz borcu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada, 40030AZNHK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 171,45 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
36. İddiaçı 20 iyun 2022-ci il tarixli DC00340462-02 saylı kredit müqaviləsi üzrə 43,71 manat, texniki overdraft əməliyyatı üzrə 51,52 manat məbləğində cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
37. 20 iyun 2022-ci il tarixli DC00340462-02 maliyyələşdirmə üçün ərizədən görünür ki, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 32% razılaşdırılmışdır.
38. OnGTC-04629LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusunun 2.14-cü bəndinə əsasən, kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
40. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
41. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
42. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamış, lakin məhkəmə icraatının gedişində cavabdeh tərəf əsas və faiz borcu hissəsində iddianı qismən etiraf etmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.
43. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cərimə məbləği 20 iyun 2022-ci il tarixli DC00340462-02 maliyyələşdirmə üçün ərizə üzrə 43,71 və 0030AZNHK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 8 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
44. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 20 iyun 2022-ci il tarixli DC00340462-02 saylı kredit müqaviləsi üzrə 43,71 manat pul cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada, 0030AZNHK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 8 manat Cavabdeh2 MMC-dən (bax §31-34) tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
45. İddiaçı 200 manat mediasiya xərcinin də cavabdehlərdən tutulmasını xahiş edir.
46. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/9/2023-01434 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdeh iştirak etməmiş və mediasiya xərci olaraq 200 manat iddiaçı tərəfindən ödənilmişdir.
47. “Mediasiya haqqında” Azərbaycan Respublikası 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
48. Məhkəmə qeyd edir ki, cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir.
49. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 02 may 2024cü il tarixli 9/9151 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
54. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §42) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.
55. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 20 iyun 2022-ci il tarixdə bağlanmış DC00340462-02 saylı kredit müqaviləsi (maliyyələşdirmə üzrə ərizə) üzrə 9427 (doqquz min dörd yüz iyirmi yeddi) manat 45 (qırx beş) qəpik əsas borc, 159 (bir yüz əlli doqquz) manat 42 (qırx iki) qəpik faiz borcu, 43 (qırx üç) manat 71 (yetmiş bir) qəpik cərimə borcu olmaqla ümumilikdə 9630 (doqquz min altı yüz otuz) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 40030AZNHK********** saylı kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 171 (bir yüz yetmiş bir) manat 45 (qırx beş) qəpik əsas borc, 8 (səkkiz) manat cərimə borcu olmaqla 179 (bir yüz yetmiş doqquz) manat 45 (qırx beş) qəpik məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 100 (bir yüz) manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Nərmin Əhmədova