Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2490/2022 12.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İlk iş üzrə iddiaçının, birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlk iş üzrə cavabdehin, birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk iş üzrə İddiaçı Cavabdeh qarşı cavabdehdən 1349 manat real zərər (200 manat istifadə etdiyi elektrik enerji haqqı ilə birlikdə), 300 manat əldən çıxmış fayda, cəmi 1649 manatın, işgüzar nüfuzu ləkələyən hərəkətlərə yol verdiyinə, habelə müəssisə və arvadı barədə əsassız – yalan məlumatları ərizə şəklində yaymaqla, dövlət orqanına göndərdiyinə görə 2970 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi və cavabdehə məxsus havalandırma (vintilyasiya) borusu, elektrik dönər sobası, qaz plitəsi, fərdi elektrik sayğacı və bəzi qab-qaşıqların sahədən götürülməsi barədə iddia ərizəsinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydaya görə 28800 manat və mənəvi zərərə görə 10000 manat məbləğində olmaqla, ümumilikdə 44055 manat məbləğində pulun ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı cavabdehdən 1349 manat real zərər, 200 manat istifadə etdiyi elektrik enerji haqqı məbləği və 300 manat əldən çıxmış fayda, cəmi 1849 manat tutularaq, müəssisəyə ödənilməsi barədə, işgüzar nüfuzu ləkələyən hərəkətlərə yol verdiyinə, habelə müəssisə və arvadı barədə əsassız – yalan məlumatları ərizə şəklində yaymaqla, dövlət orqanına göndərdiyinə görə 2970 manat mənəvi ziyanın tutulması və cavabdehə məxsus havalandırma borusu, dönər sobası və digər avadanlıqların sahədən götürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 1349 manat real zərər (200 manat istifadə etdiyi elektrik enerji haqqı ilə birlikdə), 300 manat əldən çıxmış fayda, cəmi 1649 manatın, işgüzar nüfuzu ləkələyən hərəkətlərə yol verdiyinə, habelə müəssisə və arvadı barədə əsassız – yalan məlumatları ərizə şəklində yaymaqla, dövlət orqanına göndərdiyinə görə 2970 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi və cavabdehə məxsus havalandırma (vintilyasiya) borusu, elektrik dönər sobası, qaz plitəsi, fərdi elektrik sayğacı və bəzi qab-qaşıqların sahədən götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3822/2022 saylı qərardadı ilə Cavabdeh İddiaçınə qarşı zərərin əvəzinin ödənilməsi barədə e-2-2(113)- 3822/2022 saylı iş, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi, həmçinin işgüzar nüfuzun ləkələnməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair e-2-2(113)- 2490/2022 saylı işlər bir icraatda birləşdirilmişdir (bundan sonra birləşdirilmiş iş). İlk iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 aprel 2021-ci il tarixdə İddiaçı qanuni təmsilçisi olaraq, sahibkar Cavabdeh ilə “icarə müqaviləsi” bağlanmışdır. “İcarə müqaviləsi” bağlamaq və onunla əlaqədar bütün danışıqları etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 tərəfindən aparılmışdır. Müqaviləyə əsasən Yasamal rayonu, Azərbaycan prospekti 10 ünvanda yerləşən istifadəsində olan qeyri-yaşayış sahəsinin 5 (beş) kv.metr hissəsini “dönər” satışı məqsədilə cavabdehə icarəyə verməyi razılaşmışlar. Bir il müddətinə bağlanılan “icarə müqaviləsi”nin 1.3-cü bəndinə əsasən tərəflər razılaşmışlar ki, icarəyə götürdüyü gündən Vergi Məcəlləsinə uyğun qaydada fəaliyyət göstərməklə, icarə haqqı ödəniləcək. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh icarəyə götürdüyü sahəni müqavilə şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadə etməyi, icarə müddətində xırda təmir işlərini öz hesabına yerinə yetirməyi öhdəsinə götürüb. Müqavilənin 3.3 və 3.4-cü bəndlərinə görə cavabdeh yanğın, texniki təhlükəsizlik qaydalarına əməl etməklə, kommunal-məişət xidmətləri üzrə xərcləri vaxtında ödəməyi öhdəlik götürmüşdür. Eyni zamanda etibarnamə üzrə nümayəndəsi X4 cavabdehə əlavə olaraq izah etmişdir ki, dönər aparatından istifadə edərkən tüstü, qoxu və sair texniki şərtlərə əməl etsin. Əks təqdirdə binada yaşayan qonşuların şikayəti olduğu halda, Dövlət orqanları tərəfindən tədbirlər görülməklə yanaşı, ərazidə yaşayan sakinlərlə problemlər yaşanacaqdır. Cavabdehə dövlətin müəyyən etdiyi qaydalara əməl etməklə vergilərin ödənilməsi, qida təhlükəsizliyi qaydalarına riayət etmək, habelə elektrik enerjisindən istifadə zamanı baş sayğacdan sonra özünün istifadə etdiyi elektrikə görə öz hesabına sayğac quraşdırmaq ona təklif olunmuşdur. Cavabdeh müqavilədən irəli gələn şərtlərə, yəni texniki təhlükəsizlik qaydalarına, dönər aparatından çıxan tüstü və qoxunun ventilyasiya borusuna ötürülməsi məqsədilə heç bir tədbir görməmiş, nəticədə iyun ayının dördündə binanın 2-ci mərtəbəsində yaşayan vətəndaş A.Əliyeva müəssisəyə ərizə ilə müraciət edərək, tüstü və qoxunun onun mənzilinə dolduğunu bildirməklə tədbir görülməsini Müəssisədən xahiş etmişdir. Bununla əlaqədar Müəssisənin xx.xx.2021-ci il tarixli əmri verilmişdir. Əmrin məzmunu cavabdehə izah olunmuşdur. Eyni zamanda məlum olmuşdur ki, müqavilə üzrə öhdəlik götürməsinə baxmayaraq, cavabdeh vergi ödəmir və Vergi orqanına heç bir hesabat vermir. Bu hərəkətlər nəticəsində Vergi orqanının yoxlama aparıb, tədbir görmək hüququ reallaşır. Qeyd olunanlardan əlavə cavabdehin özü iyun ayında istifadə etdiyi elektrik enerjisinin 200 manat hissəsini heç bir səbəb göstərmədən ödəməmişdir. Bu səbəbdən iyul ayının 1-2 tarixlərdə şahidlərin iştirakı ilə nümayəndəsi tərəfindən cavabdeh xəbərdar olunmuşdur ki, istifadə etdiyi elektrik enerji haqqını ödəmədiyi halda, "xxxx" ASC-nin elektrik nəzarətçisinin qeyri-yaşayış sahəsinin elektrik sayğacını xətdən ayırmaq hüququ yaranır. Şahidlərin, yəni həmin vaxt obyektdə işləyən digər şəxslərin iştirakı ilə nümayəndəsi Röya Rəcəbli cavabdehi şifahi qaydada xəbərdar etmişdir ki, əgər istifadə etdiyi elektrik enerji haqqını ödəməzsə, onda onunla bağlanmış “icarə müqaviləsi” ləğv ediləcəkdir. Qeyd olunanlara baxmayaraq, cavabdeh iyul ayında növbəti dəfə sayğac üzrə istifadə etdiyi elektrik enerji haqqını ödəməmişdir. Sayğac üzrə yaranmış elektrik enerji haqqını cavabdeh ödəmədiyi üçün, həmçinin həmin vaxt etibarnamə üzrə nümayəndəsi Röya Rəcəbli işi ilə əlaqədar “işğaldan azad edilmiş ərazilər”də olduğundan, elektrik nəzarətçisi obyektə gedən elektrik xəttini ümumi xətdən ayırmışdır. Borc barədə müəssisənin nümayəndəsi elektrik nəzarətçi tərəfindən telefon vasitəsilə məlumatlandırılıb, lakin uzaqda olduğu üçün müdaxilə edə bilməmişdir. Nəticədə 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixə qədər obyektə elektrik enerjisinin verilişi dayandırılmışdır. Elektrik enerji olmadığı səbəbindən 31 iyul 2021-ci il tarixdən obyektdə bütün işlər eyni zamanda cavabdeh tərəfindən işin görülməsi dayandırılmışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində, yəni istifadə etdiyi elektrik enerji haqqını tam ödəmədiyi səbəbindən, obyektə elektrik verilişi dayandırıldığı üçün, soyuducu və digər avadanlıqlar işləmədiyi səbəbindən Müəssisəyə 1149 manat maddi ziyan dəymişdir. Cavabdehin istifadə etdiyi elektrik enerjidən istifadəyə görə yaranmış 200 manat borc iddiaçı tərəfindən ödənilmişdir. Nəticədə Müəssisəyə real olaraq 1349 manat maddi ziyan dəymişdir. Cavabdeh qeyd olunan hərəkətlərdən əlavə öz təqsirli hərəkətlərini başqa formada davam etməyə başlamışdır. Cavabdeh etibarnamə əsasında sərbəst vaxtlarında Müəssisəni danışıqlarda təmsil etmiş nümayəndəsi R.Rəcəblinin işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həqiqətə uyğun olmayan yalan məlumatlar yazmaqla, Müəssisənin və müəssisə rəhbərinin işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Cavabdehə müqavilə şərtlərinə uyğun olaraq 1-2 iyul 2021-ci il tarixdə şahidlərin iştirakı ilə xəbərdarlıq edilmişdir ki, istifadə etdiyi elektrik enerji haqqını təkrar olaraq birdə ödəmədiyi halda, onunla bağlanmış “icarə müqaviləsi” dərhal ləğv ediləcəkdir. Qeyri-yaşayış sahəsinin yalnız 5 kv.metr hissəsi olan pəncərə qabağı sahəyə dönər aparatı quraşdırmaqla, fəaliyyət göstərməyi onunla müqavilə bağlamışdır. Digər sahələr cavabdehin istifadəsinə verilməmişdir. Digər sahədən özü komersiya məqsədilə istifadə etmişdir. Dönər aparatının havalandırma xəttini cavabdeh quraşdırmadığı üçün ərazidə yaşayan sakinlər iydən şikayətlənmişlər. Mövcud olmuş sayğacdan sonra cavabdehin özü tərəfindən istifadə olunan elektrik enerjinin məbləğini müəyyən etmək üçün ümumi sayğacdan sonra – ayrıca daxili sayğac quraşdırmaqla istifadə etdiyi elektrik enerjinin həcmini müəyyən etməklə, ona uyğun ödəniş etməsi cavabdehə ilk gündən təklif edilmişdir. Buna baxmayaraq cavabdeh istifadə etdiyi elektrik haqlarını qəsdən ödəməkdən yayınmaqla, onun təqsirli hərəkətləri nəticəsində obyekt elektrik enerji sistemindən ayrılmışdır. İstifadə etdiyi elektrik xidməti haqqı kimi 280 manatı cavabdeh əvəzindən ödəmək məcburiyyətində olmuşdur. Üç gün müddətində elektrik olmadığı səbəbindən istehsal və satış məqsədilə alınan mallar xarab olaraq, müəssisəyə real zərər dəymişdir. Cavabdehə pretenziya məktubu göndərilmişdir. Cavabdehin hərəkətləri nəticəsində müəsissəyə 1449 manat pul maddi ziyan və 300 manat əldən çıxmış fayda qaydasında zərər dəymişdir. İlk iş üzrə iddiaçının, birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iş üzrə iddianı müdafiə edərək, ilk iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iş üzrə iddianın təmin edilməsini, birləşdirilmiş iş üzrə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Birləşdirilmiş iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehlə "Şəhriyar” Xidmət Müəssisəsinin direktoru X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 5 kv.m hissəsi bir il müddətinə Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilə üzrə aylıq icarə haqqı 100 manat qöstərilsə də, faktiki olaraq iddiaçıdan həmin yerə görə hər kv.m 100 manat, yəni 500 manat pul alırdılar. Həmin ərazi tam təmirsiz olduğundan Cavabdeh icarə müqaviləsi bağladıqdan sonra həmin sahəni təmir etdirmişdir. Belə ki, Cavabdeh icarəyə götürdüyü yerdə dönərxana açmaq istəmiş və bu səbəbdən də tüstü və digər qoxuların təmizlənməsi üçün 8 metr uzunluğu olan havalandırma xətti (dəyəri 1500 manat) va elektrik xətti (800 manat) çəkdirmişdir. Eyni zamanda icarəyə verənin həyat yoldaşı Röya Rəcəbli ilə belə razılaşmışlar ki, şərik olsunlar və nahar vaxtı qazan yeməkləri versinlər. Cavabdeh bunun üçün lazım olan bütün qab-qacaq, çəngəl, bıçaq, qaşıq, boşqab 2 növdə, mopöa qabları, salat qablarının hamısını almışdır. X8 Cavabdeh aldadaraq onun aldığı qab-qacaqda özü yemək paylamağa başlamışdır. Hazırda da həmin əşyalar ondadır. Cavabdeh əşyalara 800 manat xərci çıxmışdır. Bundan əlavə, Cavabdeh dönər aparatının altına qoymaq üçün paslanmayan dəmirdən iş masası düzəltdirmiş və buna görə də əlavə 500 manat pul xərcləmişdir. İcarəyə verənin həyat yoldaşı Röya Rəcəbli özünün işlətdiyi şirniyyat sexinə lazım olduğu üçün Cavabdeh xahiş etmişdir ki, onun üçün də elektrik mikseri, qaz peçi va tavalar alsın. Cavabdeh də onun sözünə tam arxayın olub dediklərini almış və sadalanan avadanlıqlara ümumilikdə 300 manat pul xərcləmişdir. Bütün bu təmir işlərini bitirib işə başlamaq istəyəndə Cavabdeh məlum olmuşdur ki, icarəyə verənin "Azərenerji"yə 250 manat və "Azərsu"ya isə 200 manat borcu var və onlar razılaşmışlar ki, Cavabdeh həmin pulu icarə haqqından hissə-hissə çıxmaq şərti ilə onların yerinə ödədiyi pulu geri qaytarsın. Cavabdeh tərəfindən 500 manat dəyərində dönər aparatı alınmış, reklam üçün 300 manat, bukletlərə görə isə 105 manat pul ödənilmişdir. Cavabdeh bildirdiyinə görə iyul ayında işıq pulu obyekt üçün 577 manat təşkil etmişdir. Qeyd olunan işıq pulu məbləğinə Röya Rəcəblinin icarəyə verdiyi 4 obyektin hamsının ödənişi daxil idi. Arxada dərzi, yanlarda Antikvar va Said, siqaret dükanı, bir də özü işlətdiyi şirniyyat sexi və yeməkxana yerləşir. Cavabdeh öz dönərxanasına gələn elektrik enerjisinin miqdarını bilmək üçün ayrıca elektrik sayğacı qoymuşdur. Sayğacda nə qədər məbləğ qeyd olunsa Cavabdeh də həmin məbləği ödəmişdir. X8 işıq pulunun çox gəldiyini görüb pulu ödəməkdən imtina etmişdir. Röya Rəcəbli bildirmişdir ki, “Sən burda bizim hesabımıza pul qazanırsan, biz səndən yemək alırıq, odur ki işıq pulunun hamısını sən ödəməlisən”. Cavabdeh isə öz sayğacında nə yazıbsa onu artıqlaması ilə ödəmişdir. Röya Rəcəbli işıq pulunu ödəmədiyi üçün xx.xx.2021-ci il tarixdə işıqlar kəsilmişdir. Cavabdeh də işıqsız qaldığı üçün fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Röya Rəcəbli 3 gündən sonra işıq pulunu ödəmiş və Cavabdeh işıq pulunu ödəməməyi səbəbindən iş yerinə daxil olmağa icazə verməmiş və qapıları bağlamışdır. Cavabdeh də dönərxananın açarı olmadığından iş yerinə daxil ola bilməmişdir. Belə ki, Cavabdehlə İddiaçı direktoru X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2 nömrəli müqavilə üzrə icarə müddəti bir il nəzərdə tutulub, həmin müqvilənin 4.3-cü bəndinə əsasən tərəflərdən hər hansı biri müqaviləni ləğv etmək istərsə, digər tərəfi bir ay qabaqcadan xəbərdar etməlidir. Hazırki vəziyyətdə isə X5 Abdullayevi qabaqcadan (yazılı şəkildə) xəbərdar etmədən qapıları bağlamış və özbaşına olaraq Cavabdeh məxsus avadanlığı sökmüş və bununla da o, müqavilə şərtlərini birtərəfli qaydada pozaraq ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Maddi zərər ondan ibarət olmuşdur ki, Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsini istifadəyə yararlı vəziyyətə gətirmək üçün 4350 manat xərc (havalandırma xətti 1500 manat + elektrik xətti 800 manat, qab-qacaq 800 manat, paslanmayan dəmirdən iş masası 500 manat, elektrik mikseri, qaz peçi va tavalara 300 manat, "Azərenerjiyə" 250 manat və "Azərsu"ya isə 200 manat, dönər aparatı 500 manat, reklama 300 manat, bukletlərə isə 105 manat) beləliklə 5255 manat xərc çəkmişdir. Cavabdeh çəkdiyi xərclərin 70 faizini borc almış və halhazırda da icarəyə verənin qanunsuz hərəkətləri səbəbindən həmin borcu qaytara bilməmişdir. Buna görə də Cavabdeh həm çəkdiyi xərcdən, həm də əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Belə ki, Cavabdeh fəaliyyət göstərdiyi dövrdə gün ərzində qab yuyana 5 manat, kuryerə 15 manat, dönərçiyə 25 manat, son 1 ayı 30 manat vermişdir. Ümumilikdə isə Cavabdeh gün ərzində 70-80 manat arasında gəlir əldə etmişdir. Bunu Cavabdeh işçisi olan Fərhad da təsdiq edə bilər. Təzəlikcə işləyirdi deyə bütün gəliri işçilərə və xərclərə gedirdi və ümid edirdi ki, işlədikcə gəliri artacaqdır. Bununla da, bir il ərzində çəkdiyi xərci çıxaracaq, hətta qazanc da əldə edəcəkdir. Lakin edilən qanunsuzluq nəticəsində gəlirindən məhrum olmuşdur. Beləliklə Cavabdeh əldən çıxmış faydaya görə 28.800 manat və mənəvi zərərə görə 10.000 manat məbləğində olmaqla, ümumilikdə 44.055 manat məbləğində zərər dəymişdir. Tərəflər arasında ilkin mediasiya sessiyası keçirilmiş və tərəflər sonrakı prosesi davam etdirmək niyyətində olmamışlar. Bununla əlaqədar olaraq mediator tərəfindən arayış tərtib olunmuşdur. Mediasiya xərci kimi 200 manat ödənilmişdir. İlk iş üzrə cavabdehin, birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında birləşdirilmiş iş üzrə iddianı müdafiə edərək, birləşdirilmiş iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və birləşdirilmiş iş üzrə iddianın təmin edilməsini, ilk iş üzrə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, İddiaçı direktoru həyat yoldaşı olduğu üçün gəlib, tez tez obyekti yoxlayırmış. Cavabdeh icarəçi idi, sonradan aralarında bəzi problemlər oldu. İddiaçıya 2-ci mərtəbədə olan qonşu iyə görə şikayət etmişdi və bundan sonra əmr yazıb, cavabdehi xəbərdar etmişlər. Cavabdehə mövcud problemlerin aradan qaldırılması yolunu izah etmişdir. Daha sonra Cavabdeh yenə də işıq pulunu ödəmədiyi üçün "xxxx" ASC işığı kəsmişdi, 3 gün işıq olmadığı üçün, soyuducuda olan mallar xarab olub və buna görə zərər dəymişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, həmin obyektdə icarəçidir. Orda işıq bir ana xəttin üstündə olduğu üçün işıq sönəndə dondurması xarab olduğu üçün 500 manat ziyan dəyib. İşıq borcu təxminən 143 manat idi, ödənildikdən sonra işıq bərpa olundu. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il tarixli 2 saylı icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 10 ünvanda yerləşən sahənin 5 kv.metr hissəsini Cavabdeh dönər satış üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verməyi, Cavabdeh isə icarəyə götürdüyü ticarət sahəsini qəbul etməyi, onu Vergi Məcəlləsi çərçivəsində fəaliyyət göstərməyi, bu müqavilə ilə müəyyən edilən qaydada icarə haqqını İddiaçınə ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli 2 saylı aktdan görünür ki, Cavabdeh elektrik təcizatına görə ödənişi tam ödəmədiyinə qörə müəssisəyə gələn elektrik xətti 3 (üç) günlük (31 iyul - 2 avgust) söndürülmüşdür və müəssisəyə aşağıda qöstərilən ziyan dəymişdir. Şirniyyat sexində soyuducularda xarab olan mallar: Kərə yağı 11 kq 154 manat, Marqarin 10 kq 80 manat, toyuq əti 12 kq 90 manat, toyuq farşı 3 kq 10 manat, mal əti 8 kq 112 manat, mal ətinin farşı 3 kq 30 manat, tərəvəz 6 kq 20 manat, yumurta 150 ədəd 25 manat, tomat və qatıq 4 balon 28 manat, dondurma çeşidi 270 ədəd 300 manat, Dərzi sexi də üç gün işləməyib və dəyən ziyan 300 manat, ümümi məbləğ 1149 manat. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iş üzrə iddia qismən təmin olunmalı, birləşdirilmiş iş üzrə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 2 saylı icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 10 ünvanda yerləşən sahənin 5 kv.metr hissəsini Cavabdeh dönər satış üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verməyi, Cavabdeh isə icarəyə götürdüyü ticarət sahəsini qəbul etməyi, onu Vergi Məcəlləsi çərçivəsində fəaliyyət göstərməyi, bu müqavilə ilə müəyyən edilən qaydada icarə haqqını İddiaçınə ödəməyi öhdələrinə götürmüşlər. İlk iş üzrə iddia tələbinin cavabdehə məxsus havalandırma (vintilyasiya) borusu, elektrik dönər sobası, qaz plitəsi, fərdi elektrik sayğacı və bəzi qab-qaşıqların sahədən götürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizələrinin məzmunlarından, habelə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarından müəyyən olunur ki, həmin əşyalar Cavabdeh məxsus olmaqla İddiaçınə məxsus sahədə qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin əşyalar Cavabdeh tərəfindən İddiaçınə məxsus sahədən götürülməklə iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə ilk iş üzrə maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, şirniyyat sexində soyuducularda olan mallar yararsız hala düşməsi məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 2 saylı akt isə birtərəfli qaydada tərtib olunmaqla təsdiq edildiyindən, həmin sənəd iddia tələbinin əsası kimi istinad olunmalı mötəbər sübut hesab oluna bilməz. Eyni zamanda həmin malların soyuducuda olmasını, habelə onların dəyərini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı Cavabdeh tərəfindən İddiaçınə zərərin vurulması müəyyən olunmadığından ilk iş üzrə iddia həmin hissədə təmin edilə bilməz. Hər iki iş üzrə iddia tələblərinin əldən çıxmış faydaya görə tələb olunan məbləğlərə münasibətdə məhkəmə qeyd edir ki, bu məbləğləri, o cümlədən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu tərəflər məhkəməyə təqdim edə bilməmişlər. Buna görə də məhkəmə hesab edir ki, hər iki iş üzrə iddia tələbləri əldən çıxmış faydaya aid hissələrdə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hər iki iş üzrə iddia tələblərinin mənəvi zərər tələbi eyni faktlara, yəni maddi ziyanın vurulmasına və əldən çıxmış faydaya əsaslandığından və bu faktlar məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbləri mənəvi ziyan hissəsində də əsassız olduğundan təmin oluna bilməz. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, tərəflər onlara vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişlər. İş materiallarından göründüyü kimi, hazırda tərəflər onlara vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsələr də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilk iş üzrə iddia qismən təmin olunmalı, Cavabdeh məxsus havalandırma (vintilyasiya) borusu, elektrik dönər sobası, qaz plitəsi, fərdi elektrik sayğacı və qabqaşıqlar sahədən götürülməli, ilk iş üzrə iddia qalan hissədə və birləşdirilmiş iş üzrə iddia rədd edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlk iş üzrə iddianın qismən təmin edilməsini nəzərə alaraq ilk iş üzrə ödənilmiş 87,49 manat məbləğində dövlət rüsumunun 43,75 manat məbləği Cavabdeh tutularaq İddiaçınə ödənilməli, qalan məbləğ İddiaçınə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iş üzrə iddia qismən təmin edilsin. Cavabdeh məxsus havalandırma (vintilyasiya) borusu, elektrik dönər sobası, qaz plitəsi, fərdi elektrik sayğacı və qab-qaşıqlar sahədən götürülsün. İlk iş üzrə iddia qalan hissədə rədd edilsin. İlk iş üzrə ödənilmiş 87,49 manat dövlət rüsumunun 43,75 manat məbləği Cavabdeh tutularaq İddiaçınə ödənilsin, qalan məbləğ İddiaçınə aid edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydaya görə 28800 manat və mənəvi zərərə görə 10000 manat məbləğində olmaqla, ümumilikdə 44055 manat məbləğində pulun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2490/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2490/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver