Məhkəmə qərarları › İş №e-2-2(113)-2498/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2498/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2498/2020 02.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə göstərilmiş xidmətə görə 5.702,54 manat məbləğində əsas borc və 1.377,46 ƏDV daxil olmaqla cəmi 7.080,00 manat borcun və 30 manat dövlət rüsumu, cəmi 7.110,00 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC müxtəlif tipli texnika və avadanlıqların icarəsi ilə məşğul olan sahibkarlıq subyektidir. Şirkət ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, ERS-2018-013 saylı müqaviləyə əsasən müxtəlif tipli texnikaların Cavabdeh MMC-yə icarəyə verilməsi razılaşdırılmışdır. Xidmət haqqı müqaviləyə edilmiş əlavələrə görə müəyyən edilmişdir. Sonuncu ödənişin edildiyi xx.xx.2020-ci il tarixindən indiyədək Cavabdeh MMC müxtəlif bəhanələrlə xidmətin göstərilməsi qarşılığında yığılmış icarə haqqı borcunu indiyədək ödəməmişdir. Beləliklə, Cavabdeh MMC-nin hal-hazırda İddiaçı MMC-yə texnikaların icarəsi üzrə 5.702,54 manat məbləğində əsas borc və 1377.46 ƏDV olmaqla cəmi 7.080 manat məbləğində borcu yaranmışdır (maliyyə arayışı ərizəyə əlavə olunur). Tərəflərindən dəfələrlə şifahi, e-mail və telefon vasitəsi ilə edilmiş xəbərdarlığa baxmayaraq, indiyədək yaranmış borcun ödənilməsi təmin edilməmiş, nəticədə müqavilə üzrə icarə haqqını ödəmək öhdəliyini uzun müddətdir ki, pozmuşdur. Bununla əlaqədar Cavabdeh MMC-yə ödənişin edilməsi üçün 7 iş günü müddət təyin edilməklə rəsmi olaraq pretenziya məktubu da göndərilmişdir. Həmin pretenziya məktubu cavabdehin Bəxtiyar adlı əməkdaşı tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi olaraq alınmışdır (kuryer poçt qəbzi ərizəyə əlavə olunur). Həmin məktuba hazırkı iddia ərizəsi tərtib edilən tarixədək cavab verilməmiş və cavabdeh tərəfindən verilən 7 günlük möhlət müddəti ərzində (xx xxxxxxxx 2020 möhlətin tamamı olmuşdur) heç bir ödəniş edilməmişdir, məsələnin işgüzar qaydada danışıqlar yolu ilə ilə həll edilməsi üçün heç bir addım atılmamışdır. Verilmiş möhlət bitdikdən sonra yaranmış kommersiya mübahisəsinə dair iddia ərizəsi tərtib edilmiş və rəsmi olaraq bir nüsxəsi cavabdehə göndərilmişdir. Cavabdeh Quliyev soyadlı nümayəndəsi iddia ərizəsini“ 09 Sentyabr ayının 2020-ci il tarixdə rəsmi olaraq qəbul etmişdir(qəbz əlavə olunmuşdur). Beləliklə, cavabdehdən yaranmış borcun məhkəmə vasitəsilə tələb edilməsi qərarına gəlmişlər. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “xxxx” ASC-də olan AZ98TCZB******************** saylı hesablaşma hesabına hazırki mübahisə yekunlaşana qədər iddia tələbi həcmində, yəni 7.110 manat həcmində həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh “xxxx” ASC-də AZ98TCZB******************** nömrəli hesablaşma hesabında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 7.080 manat həcmində həbs qoyulmuşdur. Sonradan iddiaçı iddianın təmini tədbiri barədə ikinci ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “xxxx” ASC-də olan AZ56PAHA40040AZNHC********** saylı hesablaşma hesabına hazırkı mübahisə yekunlaşana qədər iddia tələbi həcmində həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh “xxxx” ASC-də ASC-də AZ56PAHA40040AZNHC********** nömrəli hesablaşma hesabında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 7.080 manat həcmində həbs qoyulmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış xx xxxxxxxx 2019cu il tarixli, ERS-2019-013 saylı icarə müqaviləsinə əsasən icarəyə verən, texniki göstəriciləri bu müqaviləyə əlavədə müfəssəl qeyd olunan və icarəyə verilən zaman özününü qanuni istifadəsində olan avadanlığı bu icarə müqaviləsində göstərilən müddət və şərtlərlə müvafiq olaraq icarəçiyə icarəyə verməyi və icarəçi öz növbəsində həmin avadanlıqları bu müqavilədə göstərilən tarixdən etibarən icarəyə verəndən icarəyə götürməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti xx xxxxxxxx 2019-cu il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əsasən icarəçi icarəyə götürdüyü əlavələrdə qeyd edilmiş avadanlığa görə hər bir təqvim ayı üçün icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. xx xxxx 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin İddiaçıə xx xxxxxx 2019-cu il tarixə olan borcu cəmi 7.080,00 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli, ERS 074.2020 saylı pretenziya məktubu ünvanlanaraq 7.080 manat məbləğində borcun pretenziya məktubunun rəsmi qaydada alındığı tarixdən 7 iş günü ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxxxx 2019-cu il tarixli ERS-2019-013 saylı icarə müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavələrdə göstərilmiş texnikanı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqlarını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilələr üzrə İddiaçı MMC-yə olan borcu 7.080,00 manat təşkil edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş avadanlığa görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 7.080 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 7.080 manat məbləğində icarə haqqı borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 7.080 manat (yeddi min səksən manat) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar