Məhkəmə qərarları › İş №e-2-2(113)-2499/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2499/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2499/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbrəova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 064/05-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 064/05-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan 17.025,18 manat əsas, 3.410,12 manat faiz, 3.415,44 manat dəbbə pulu olmaqla, cəmi borcu 23.850,74 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 210 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zaminlər - Cavabdeh1 və Cavabdeh3) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 064/05- 21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 23% olmaqla, 24 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, MKOS № 064/05-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 17.025,18 manat əsas, 3.410,12 manat faiz, 3.415,44 manat cərimə borcu olmaqla, cəmi borcu 23.850,74 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsələr də cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 064/05-21 saylıkredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 46 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində borcalanın kredit borcunu artırmaq hüququ vardır, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalanın bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. 2.7-ci bəndə əsasən zamin borcalan tərəfindən öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qərarı/qətnaməsi tam icra olunub başa çatanədək hesablanan faiz borcunun banka ödənilməsini təmin etməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə (iddia ərizəsinə əlavə) verərək, TuranBank ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 064/05-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 17.339,96 manat əsas, 4.419,36 manat faiz, 3.415,44 manat cərimə borcu olmaqla, cəmi borcu 25.174,76 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 210 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zaminlər - Cavabdeh1 və Cavabdeh3) birgə qaydada tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ididdiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında əsas borcu ödəməyə hazır olduğunu, lakin faiz və cərimə məbləği ilə razı olmadını bildirdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, MKOS 064/05-21 saylı kredit müqaviləsinə əsasən bank 20.000 manat məbləğində krediti illik 23%-lə 24 ay müddətinə borc alanın mülkiyyətinə vermiş, borc alan isə həmin kreditdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, dövriyyə vəsaitinin artırılması məqsədi ilə istifadə etməyi və onu müqavilədə göstərilən müddətdə və qaydada hesablanmış faizləri ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, dövriyyə vəsaitinin artırılması məqsədilə verilir. 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 23% olmaqla cərimə faizi ödəyir. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. 3.4.1 və 3.4.3-cü bəndlərinə görə kredit və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək və bankın tələbi əsasında dəbbə pulunu və vurulmuş zərəri ödəmək borcalanın vəzifəsidir. 6.4 və 6.5-ci bəndinə görə bu müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minir və borc alan tərəfindən əsas borcu, faizlər, cərimə və dəbbə pulu banka tam həcmdə ödənildikdən sonra müqavilə öz qüvvəsini itirir. Kredit müqaviləsi hər iki tərəfin imzası və borc verənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (bank) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında 12 avqust 2021-ci il tarixli, MKOS 064/05-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilələrə görə zamin, borc alanın 12 avqust 2021-ci il tarixli, MKOS 064/05-21 nömrəli kredit müqaviləsinə əsasən Bankdan 24 ay müddətinə, illik 23% olmaqla aldığı 20.000 manat məbləğində kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. 2.1-ci bəndinə əsasən borcalanın bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borcu, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilədə və ya kredit müqaviləsində nəzərdə tutulan hallardan biri və ya bir neçəsi baş verdikdə bank borcun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə bilər. 3.1.1-ci bəndinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, bank zamindən verilmiş kreditin və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Müqavilələr bankın, borc alanın və zaminlərin imzaları və bankın möhürü ilə təsdiq edilmişdir. 12 avqust 2021-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 20.000 manat, faizin məbləği 5.139,16 manat, cəmi ödəniləcək məbləğ 25.139,16 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli kredit alan və kredit verən tərəfindən imzalanmışdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il taixli sonuncu maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 saylı kredit müqaviləsi üzrə 17.339,96 manat məbləğində əsas, 4.419,36 manat məbləğində faiz, 3.415,44 manat dəbbə pulu məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli, 9/6183 saylı ekspert rəyinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 nömrəli krеditi müqaviləsi üzrə xx.xx.2022-cü il tarixə ödənilməli əsas borcu 17.339,96 manat, faiz borcu 796,75 manat, xx.xx.2023-cü il tarixə ödənilməli əsas borcu 17.339,96 manat, faiz borcu 4.419,36 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubuna əsasən yaranmış borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 20.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh2 kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyi tarixə (xx.xx.2022-ci il tarixə) əsas borcunun 17.339,96 manat və faiz borcunun 796,75 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC Cavabdeh2 xəbərdarlıq məktubu göndərməklə mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar olaraq borcun ən qısa müddət ərzində ödənilməsini tələb etmiş və borc 10 gün müddətində (yəni xx.xx.2022-ci il tarixədək) ödənilmədiyi təqdirdə tərəflər arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv ediləcəyi bildirmişdir. İşin yuxarıda göstərilən halları dəlalət edir ki, cavabdeh bank tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində mübahisəli kredit müqaviləsi üzrə gecikdirilmiş borcu ödəmədiyindən həmin müqaviləyə xx.xx.2022-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, hazırkı halda iddiaçı bank tərəfindən verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən xx.xx.2022-ci il tarixdən (poçt zərflərinin çatdırılma tarixi xx.xx.2022-ci il və borcun ödənilməsi üçün 10 gün müddət müəyyən olduğundan bank tərəfindən verilmiş borcun ödənilməsi üçün verilmiş müddət xx.xx.2022-ci il tarixdə bitmişdir) kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, iddiaçı yalnız xx.xx.2022-cin il tarixədək, yəni müqavilə ləğv edildiyi tarixədək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Belə olan halda Cavabdeh2 ekpert rəyi ilə mübahisəli kredit müqaviləsi üzrə əsas borcun 17.339,96 manat və kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyi tarixə (xx.xx.2022-ci il tarixə) faiz borcunun 796,75 manat məbləğində təşkil etməsi müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, iddiaçının xeyrinə mübahisəli müqavilə üzrə 17.339,96 manat məbləğində əsas borc, faiz borcunun tutulması hissəsində isə iddia qismən təmin edilməli, iddiaçının xeyrinə mübahisəli müqavilə üzrə 796,75 manat məbləğində faiz borcu tutulmalıdır. İddiaçı ASC kredit müqaviləsi üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 hesablanmış 3.415,44 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 900 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında 12 avqust 2021-ci il tarixli, MKOS 064/05-21 zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 kredit alan Cavabdeh2 xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə zaminlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 210 (200 manat mediasiya+10 manat poçt xərci) manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizə də nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 165,52 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 100 manat pul vəsaitinin 80 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 17.339,96 manat məbləğində əsas borc, 796,75 manat məbləğində faiz borcu və 900 manat məbləğində dəbbə pulu, cəmi 19.036,71 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia rədd edilsin İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 80 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar