Məhkəmə qərarları › İş №e-2-2(113)-25/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-25/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-25/2023 15.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 358417,14 ABŞ dolları əsas borcun, 807,76 ABŞ dolları faiz borcunun, 164752,06 ABŞ dolları cərimənin, 92192,56 ABŞ dolları əsas borca illik 5 faizlə hesablanmış borcun, cəmi 616169,52 ABŞ dolları kredit borcunun, eləcə də iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cəmi 558076.81 ABŞ dollarının, bundan 358417.14 ABŞ dolları əsas borcun, 140023.23 ABŞ dolları faizin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 59636.44 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 358417,14 ABŞ dolları əsas borcun, 807,76 ABŞ dolları faiz borcunun, 164752,06 ABŞ dolları cərimənin, 92192,56 ABŞ dolları əsas borca illik 5 faizlə hesablanmış borcun, cəmi 616169,52 ABŞ dolları kredit borcunun, eləcə də iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 9 faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması üçün kredit xətti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 nömrəli Protokoluna əsasən, “X3 (CDB)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, “X3 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC “X3 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. Kredit xətti müqaviləsinin 3.4.2-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə cavabdehin kredit xətti müqaviləsi üzrə cəmi borcu 616169,52 ABŞ dolları təşkil edir. Bundan 358417.14 ABŞ dolları əsas, 807,76 ABŞ dolları faiz, kredit xətti müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92192,56 ABŞ dolları faiz borcu təşkil edir. Kredit xətti müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********681 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı tərəfindən cavabdehə kredit verilməmişdir, bunu təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda ekspert rəyi də sübut kimi qəbul edilməməlidir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsindən görünür ki, “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 12 ay müddətinə illik 9 faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması üçün kredit xətti açılmışdır. 41 ədəd sifarişdən və nağd pulun mədaxili üçün elandan görünür ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ümumilikdə 461641,32 ABŞ dolları məbləğində pul verilmişdir. xx.xx.2023-cü il tarixli **********282 saylı Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsinə əsasən 358417.14 ABŞ dolları əsas borc, 807,76 ABŞ dolları faiz borcu, 164752,06 ABŞ dolları cərimə, kredit xətti müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92192,56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 616169,52 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 9/854 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları; 09 mart 2017-ci il tarixli, CBHK-0028-01 saylı kredit xətti müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin İddiaçı ASC-nə olan borcu 09 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 1.077.545,07 USD, əsas borc üzrə 1.077.006,56 USD, faiz borcu üzrə 538,51 USD, 26 fevral 2021-ci il tarixə (iddia tarixinə) 417.774,35 USD, əsas borc üzrə 406.922,03 USD, faiz borcu üzrə 0,00 USD, faiz borcu (illik 5%-lə) 10.852,32 USD müəyyən edilmiş, həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 48.504,89 AZN məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 48.504,89 AZN məbləğində ödəniş nəzərə alınmaqla 369.269,46 AZN (417.774,35 - 48.504,89) məbləğində, o cümlədən əsas borc üzrə 358.417,14 USD, faiz borcu üzrə 0,00 USD, faiz borcu (illik 5%-lə) 10.852,32 USD borc qalmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 12 ay müddətinə illik 9 faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması üçün kredit xətti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 nömrəli Protokoluna əsasən, “X3 (CDB)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, “X3 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. İddiaçı ASC “X3 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsinə əsasən 358417.14 ABŞ dolları əsas borc, 807,76 ABŞ dolları faiz borcu, 164752,06 ABŞ dolları cərimə, kredit xətti müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 92192,56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 616169,52 ABŞ dolları təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdeh X2 borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Məhkəmə həmçinin qeyd edir ki, kredit xətti müqaviləsi üzrə qalıq borc məbləği ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğundan məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 9/854 nömrəli ekspert rəyinə əsasən "xxxx" MMC-nin İddiaçı ASC-nə olan borcu 09 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 1.077.545,07 USD, əsas borc üzrə 1.077.006,56 USD, faiz borcu üzrə 538,51 USD, 26 fevral 2021-ci il tarixə (iddia tarixinə) 417.774,35 USD, əsas borc üzrə 406.922,03 USD, faiz borcu üzrə 0,00 USD, faiz borcu (illik 5%-lə) 10.852,32 USD müəyyən edilmiş, həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 48.504,89 AZN məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 48.504,89 AZN məbləğində ödəniş nəzərə alınmaqla 369.269,46 AZN (417.774,35 - 48.504,89) məbləğində, o cümlədən əsas borc üzrə 358.417,14 USD, faiz borcu üzrə 0,00 USD, faiz borcu (illik 5%-lə) 10.852,32 USD borc qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin borc məbləğləri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya olan 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsi üzrə 358417.14 ABŞ dolları məbləğində əsas kredit borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmunundan görünür ki, iddiaçı kredit xətti müqaviləsinə əsasən faiz borcu üzrə 807,76 ABŞ dolları məbləğində borc hesablamışdır. Ekspert rəyində isə 09 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 538,51 ABŞ dolları müəyyən edilmiş, cavabdeh tərəfindən xx.xx.2018-ci il il tarixdə 12784,48 ABŞ dolları ödəniş edilmiş, həmin ödəniş məbləğinin 1346,26 ABŞ dolları məbləği faiz borcuna silinmiş, cavabdehin xx.xx.2018-ci il tarixə müqavilə üzrə faiz borcu qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, cavabdehdən 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsi üzrə öhdəliklərini faiz borcuna münasibətdə tam icra etdiyindən hazırda həmin borcun qaytarılması öhdəliyinı daşımır və iddia qeyd edilən müqavilə üzrə faiz borcuna münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında müqavilədən irəli gəlsə də, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləği əsas götürülməklə hesablanmalıdır. Odur ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 17000 ABŞ dolları dəbbə pulu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən tələb olunan faiz borcu ilə bağlı aşağıdakıları qeyd edir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun tutulması hissəsində iddia tələbi əsaslıdır. Belə ki, göstərilən əsasa əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 9/854 nömrəli ekspert rəyi ilə 26 fevral 2021-ci il tarixə (iddia tarixinə) 10852,32 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verilmiş və həmin ərizəyə əsasən sözügedən əsasla xx.xx.2023-cü tarixinədək olan dövr üzrə faiz borcu tələb edilmişdir. 26 fevral 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vaxt 26 ayı əhatə edir. Bu halda kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üzrə faiz borcu 49680,84 ABŞ dolları (358417.14 x 5% / 12 x 26 ay = 38828,52 + 10852,32 = 49680,84) təşkil etdiyindən məhkəmə hesab edir ki, 09 mart 2017-ci il tarixli CBHK-0028-01 nömrəli Kredit xətti müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən hesablanmış faiz borcuna görə 49680,84 ABŞ dolları iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 358417,14 ABŞ dolları əsas borc, 17000 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 49680,84 ABŞ dolları faiz borcu, cəmi 425097,98 ABŞ dolları kredit borcu ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 68,99 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20,7 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 9,3 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 34,5 manat məbləği cavabdehdən, 15,5 manat məbləği isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 358417,14 ABŞ dolları əsas borc, 17000 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 49680,84 ABŞ dolları faiz borcu, cəmi 425097,98 ABŞ dolları kredit borcu ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 20,70 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 9,3 manat məbləği Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş məhkəm ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 34,5 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 15,5 manat məbləği Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar