Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2504/2020 01.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdən xx.xx.2018-ci il tarixli, A-315/İ1/2018 saylı müqaviləyə əsasən 5.877,77 manat məbləğində əsas borcun və xx.xx.2020-ci il daxil olmaqla 747 gün üçün 43.906,94 manat məbləğində dəbbə pulunun, cəmi 49.784,71 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə, İddiaçı MMC ilə Cavabdeh arasında A-315/İ1/2018 saylı inşaat materialları alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin Cavabdeh xx.xx.2018-ci il tarixli, saylı A-315/İ1/2018 saylı müqavilə üzrə 5.877,77 manat əsas borcunu ödəməmişdir. Cavabdeh elektron qaimə-fakturalar üzrə malların qəbul edilməsinə baxmayaraq İddiaçı MMC qarşısında olan öhdəlikləri icra etmir. Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirilmiş xx.xx.2020-ci il daxil olmaqla 747 gun üçün 43.906,94 manat məbləğində dəbbə pulu hesablanmışdır. Eyni zamanda Cavabdeh ilə bağlanmış xx.xx.2018-ci il tarixli, saylı A315/İ1/2018 saylı müqavilənin 6.2-ci bəndinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcınıb gecikdirilmiş məbləğin hər günü üçün 1 % məbləğində dəbbə (cərimə) pulunu alıcıdan tələb etmək hüququ vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx xxx 2018-ci il tarixli A- 315/İ1/2018 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”da göstərilən mal-materialı alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib, almağı və onun dəyərini ödəməyə öz üzərinə götürür. 2.1-ci bəndinə əsasən malların qiymətləri hər çatdırılma partiyasına uyğun tərtib olunmuş “X1”na elektron qaimə-fakturaya, qaimə-fakturaya alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. 2.3-cü bəndinə əsasən alıcı və satıcı arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda, elektron qaimə-fakturalarda, qaiməfakturalarda göstərilən qaydada və formada lakin malların təqdim edildiyi tarixdən ən geci 15 iş günü ərzində nağd və ya tərəflərin razılaşmasına əsasən bank ödənişi yolu ilə həyata keçirilməlidir. 6.2.-ci bəndinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcının gecikdirilmiş məbləğin hər günü üçün 1% dəbbə pulunu alıcıdan tələb etmək haqqı vardır. 6.3-cü bəndinə əsasən hazırkı müqavilədə nəzərdə tutulan müddətdə mal alıcıya tam həcmdə, yaxud qismən verilmədikdə, alıcı gecikdirmənin hər günü üçün satıcıdan gecikdirilmiş malın dəyərinin 1% dəbbə pulu tələb etmək haqqı vardır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxx 2018-ci il tarixli, A-315/İ1/2018 saylı müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən sifariş olunan PRYSMİAN-TTR BEYAZ KABLO inşaat materialının bir metrinin qiyməti 5.530 manat olmaqla 137 metrinin, 8.0 KVA GENERATOR-un birinin qiyməti 1.885,00 manat olmaqla 2 ədədinin, Tol-Bikrost XPP inşaat materialının birinin qiyməti 18.640 manat olmaqla 15 ədədinin, PRAYMER İCOPAL 21.5 L inşaat materialının birinin qiyməti 49,15 manat olmaqla 3 ədədinin, Magru Bazik d. 2,5 inşaat materialının bir kq-nin qiyməti 2,88 manat olmaqla 2,2 kq.-nin, Magru Bazik d. 3,2 inşaat materialının bir kq-nin qiyməti 2,88 manat olmaqla 7 kq.-nin satın-alınması razılaşdırılmışdır. Ödəniləcək ümumi məbləğ 5.877,77 manat müəyyən edilmişdir. Həmin əlavəyə əsasən əlavə təqdim edildiyi tarixdən 5 iş günü ərzində 100% ödənilmənin aparılması barədə razılıq əldə olunmuşdur. Razılaşdırma protokolu tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh-yə ƏDV daxil 5.877,76 manat dəyərində malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 036403 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh-yə göndərilmişdir. -xx.xx.2020-ci il tarixli 103/20 saylı maliyyə arayışına əsasən Cavabdeh -nin xx.xx.2018-ci il tarixli, A-315/İ1/2018 saylı müqaviləyə əsasən əsas borcu 5.877,77 manat və xx.xx.2020-ci il tarixi daxil olmaqla 747 gün üçün dəbbə pulu 43.906,94 manat, cəmi borcu 49.784,71 manat təşkil edir. -İddiaçı MMC tərəfindən Cavabdeh-yə xx.xx.2020-ci il tarixli, 94/20 saylı pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 49.784,71 manat borc məbləğinin pretenziya məktubunun aldıqdan sonra 7 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəmə və digər orqanlara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxx 2018-ci il tarixli A-315/İ1/2018 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh–nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 5.877,77 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin bir hissəsini– 5.877,77 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh-dən 5.877,77 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 5.877 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,01 % hesablanmış 43.906,94 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh-dən ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh-dən 5877,77 manat (beş min səkkiz yüz yetmiş yeddi manat yetmiş yeddi qəpik) məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, cəmi 6.377,77 manat (altı min üç yüz yetmiş yeddi manat yetmiş yeddi qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2504/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2504/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver