Məhkəmə qərarları › İş №e-2-2(113)-2508/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2508/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2508/2020 08.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-ci il tarixli, A/15/1/A-19 saylı müqaviləyə əsasən 30940,43 (otuz min doqquz yüz qırx manat 43 qəpik) manat əsas borc və xx.xx.2020-ci il daxil olmaqla 329 gun üçün 100313.51 (yüz min üç yüz on üç manat 51 qəpik) manat dəbbə pulu, cəmi 131253.94 (yüz otuz bir min iki yüz əlli üç manat 94 qəpik) manat məbləğində borcun eyni zamanda 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında A/15/1/A-19 saylı inşaat materialları alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin Cavabdeh MMC xx.xx.2019-ci il tarixli A/15/1/A-19 saylı müqavilə üzrə 30940.43 (otuz min doqquz yüz qırx manat 43 qəpik) manat əsas borcunu ödəməmişdir. Cavabdeh MMC elektron qaimə-fakturalar üzrə malların qəbul edilməsinə və müvafiq qaydada hesab faktura ilə birgə malı qəbul etməyinə baxmayaraq İddiaçı MMC qarşısında olan öhdəliklərini icra etmir. Cavabdeh MMC ilə bağlanmış alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirilmiş 329 gün üçün 100313.51 (yüz min üç yüz on üç manat, 51 qəpik) manat məbləğində dəbbə pulu hesablanmışdır. Eyni zamanda Cavabdeh MMC ilə bağlanmış xx.xx.2019-ci il tarixli, A/15/1/A-19 saylı müqavilənin 6.2-ci bəndinə əsasən “Alıcının malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş məbləğin hər günü üçün 1 % dəbbə (cərimə) pulunu Alıcıdan tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia tələbini əsas borc hissəsində qəbul edərək, cərimə məbləği ilə razı olmadığını bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış A/15/1/A-19 saylı, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2” nda göstərilən mal-materialları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib, almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan X1, Elektron Qaimə-fakturaya uyğun olaraq müəyyən ediləcəkdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, malların qiymətləri hər çatdırma partiyasına uyğun tərtib olunmuş “X2” na Elektron Qaimə-fakturaya, Qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. Elektron qaimə fakturanın, qaimə-fakturanın alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə imzalanan qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı MMC müəssisəsi arasında qarşılıqlı öhdəliklərin həcmi 33440,43 manat təşkil edir. İddiaçı MMC-nin 108/20 nömrəli xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli A/15/1/A-19 saylı müqavilə üzrə 30940,43 manat əsas borcu və xx.xx.2020-ci il daxil olmaqla 329 gün üçün 100313,51 manat cərimə pulu, cəmi 131253,94 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında A/15/1/A-19 saylı, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı “X2” nda göstərilən mal-materialları alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə qarşılıqlı üzləşmə aktı imzalanmış və həmin tarixə Cavabdeh MMC-nin 33440,43 manat İddiaçı MMC-yə borcu olduğu razılaşdırılmışdır. Hazırda iddiaçı həmin borc məbləğindən 30940,43 (otuz min doqquz yüz qırx manat 43 qəpik) manatın cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi 30940,43 manat əsas borcu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-dən əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 100313,51 manat cərimənin 1000 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2019-ci il tarixli, A/15/1/A-19 saylı müqaviləyə əsasən 30940,43 (otuz min doqquz yüz qırx manat qırx üç qəpik) manat əsas borc və 1000 (min) manat dəbbə pulu olmaqla, cəmi 31940,43 (otuz bir min doqquz yüz qırx manat qırx üç qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-ci il tarixli, A/15/1/A-19 saylı müqaviləyə əsasən 30940,43 (otuz min doqquz yüz qırx manat qırx üç qəpik) manat əsas borc və 1000 (min) manat dəbbə pulu olmaqla, cəmi 31940,43 (otuz bir min doqquz yüz qırx manat qırx üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar