Məhkəmə qərarları › İş №e-2-2(113)-2510/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2510/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2510/2024 01.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMNB0036-14/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixə ödənilməmiş 61.540,75 manat əsas borc, 2.302,02 manat faiz borcu, 3.077,0375 manat dəbbə borcu, ümumilikdə 66.919,80 manat borc, iddia qaldırılması üçün 291 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh2 MMC və Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı qismində cavabdehə məxsus olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı frontal yükləyici avtomobil açıq hərracda satışı yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMN- 00036-14/21A saylı “Əsas Kredit Müqaviləsi”nə əsasən müəyyən olunur ki, bank cavabdehə 72 (yetmiş iki) ay müddətinə, maksimal faiz dərəcəsi 35 (otuz beş) % olmaqla xx.xx.2027-ci il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 500 000 (beş yüz min) AZN məbləğində kredit verə bilər. Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMN-B0036-14/21A saylı “Əlavə Kredit Müqaviləsi”nə əsasən bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 19 (on doqquz) faiz ödəmək şərti ilə 90 000 (doxsan min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı biznes məqsədi olmuşdur. Həmin kreditin təminatı qismində iddiaçıyla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMMGA-00036-14/21A saylı ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XUG0050GVMCB06616 ban nömrəli, sarı rəngli avtomobildir. Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMNZ-00036- 14/21 saylı “Zaminlik Müqaviləsi”nə əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, SMN-00036-14/21A nömrəli “Əsas Kredit Müqavilə”si üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Əcəmi ” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMN-B0036-14/21A saylı kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh ümumilikdə 3.299.04 manat ödəməyi öz öhdəsinə götürmüşdür.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə kredit müqaviləsinin bağlandığını, borcun çox hissəsinin ödənildiyini, lakin ödəniş qəbzlərinin məhkəməyə təqdim edilməsinin qeyri-mümkün olduğunu qeyd etmiş və borcun çox hesablandığını bildirərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Digər cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, digər cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, digər cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, SMN-00036-14/21A saylı “Əsas Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 72 (yetmiş iki) ay müddətinə, maksimal faiz dərəcəsi 35 (otuz beş) % olmaqla xx.xx.2027-ci il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 500 000 (beş yüz min) manat məbləğində kredit verə bilər.

11. Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, SMN- B0036-14/21A saylı “Əlavə Kredit Müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 19 (on doqquz) faiz ödəmək şərti ilə 90 000 (doxsan min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.

12. Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMNZ-00036- 14/21 saylı “Zaminlik Müqaviləsi”nə əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, SMN-00036-14/21A nömrəli “Əsas Kredit Müqavilə”si üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

13. Eyni zamanda, Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMMGA-00036-14/21A saylı ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XUG0050GVMCB06616 ban nömrəli, sarı rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir.

14. Müqavilələr tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

18. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

19. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

20. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.

21. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-nin əsas borc üzrə 61.540,75 manat, faiz borcu üzrə 2.302,02 manat, cərimə borcu üzrə 3.077,0375 manat olmaqla, cəmi 66.919,8075 manat təşkil edir.

22. Cavabdeh tərəf isə müəyyən ödənişlər etdiyini bildirsə də, qəbzləri saxlamadıqlarını və ona görə də, məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir.

23. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 61.540,75 manat, faiz borcu üzrə 2.302,02 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 3.077,03 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

27. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

28. İşdə olan Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMMGA-00036-14/21A saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Cavabdeh2 MMC-yə məxsus olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XUG0050GVMCB06616 ban nömrəli, sarı rəngli avtomobil təşkil edir.

29. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən ipoteka qoyan tərəfindən əsas öhdəliyin və ya onun bir hissəsinin ödənilməsi 90 təqvim günü gecikdirildiyi və ya kredit müqaviləsinin şərtləri pozulduğu təqdirdə və ya bu müqavilədə və qanunvericiliklə müəyyən olunmuş digər hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosesinin başlanması haqqında ipoteka qoyana bildiriş göndərə bilər. Əsas öhdəlik bildiriş ipoteka qoyana təqdim edildiyi gündən 21 təqvim günü müddətində ipoteka qoyan tərəfindən icra olunmadığı təqdirdə ipoteka predmetinə tutma yönəldilir və ipoteka predmeti aşağıdakı üsullarla satılır: a) açıq bazarda: b) hərracda.

30. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən tutma X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı frontal yükləyici avtomobilə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.

31. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq əvəzi olaraq 291 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 291 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.

33. Məhkəmə həmçinin qeyd edir ki, bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik məbləğində pul da Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

34. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 61.540 (altmış bir min beş yüz qırx) manat, 75 (yetmiş beş) qəpik, faiz borcu üzrə 2.302 (iki min üç yüz iki) manat, 02 (iki) qəpik, cərimə borcu üzrə 3.077 (üç min yetmiş yeddi) manat, 03 (üç) qəpik olmaqla, cəmi 66.919 (altmış altı min doqquz yüz on doqquz) manat, 80 (səksən) qəpik məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 291 (bir yüz iyirmi iki) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən tutma X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı frontal yükləyici avtomobilə yönəldilərək açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar